Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-68/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı və X8, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sürücülərə nəzarətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.M.Aslanov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə saat 08:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze“ markalı, 77DJ219 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin, yəni yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkanverməyən dar sahələrini keçmək növbəliliyini göstərən 2.4 “Yol verin” üstünlük yol nişanının tələblərinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməmiş, mövcud şəraitdə M.Fətəliyev küçəsi ilə Sülh küçəsinin kəsişməsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə hərəkətdə olan Şahid2 idarə etdiyi “Hyundai Santafe” markalı, 10VU700 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla qabaq sağ hissəsi ilə sonuncu avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, toqquşma səbəbindən idarəetməni itirən “Hyundai Santafe” markalı, 10VU700 dövlət qeydiyyat nişanlı avtomobil səkidə əyləşmiş vəziyyətdə olan piyada X6 avtomobilinin qabaq hissəsilə ehtiyatsızlıqdan vuraraq ona sol tərəfli Vİ qabırğanın və İV-V bel fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sol ağciyərin kontuziyası, sol bazu və sol said sümüklərinin yerini dəyişən açıq sınıqları, sol aşağı ətrafın budun orta 1/3-dən və sağ aşağı ətrafın baldırın yuxarı 1/3-dən cərrahi yolla amputasiyası, (sol bud-baldır və sağ baldır nahiyələrinin toxuma və sümük defekti ilə müşayiət olunan geniş ölçülü əzilmişcırılmış yaralan, həmin səviyyədə sol bud və hər iki baldır sümüklərinin çoxqəlpəli açıq sınıqları), sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, burun nahiyəsinin qançırı və əzilmiş səthi yarası, bel və sağrı nahiyələrinin, sol bazu və sol said nahiyələrinin, hər iki budun qançırları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs X4 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünə məxsus “Chevrolet Cruze” markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 03 may 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə təxminən saatda 20 km surətlə hərəkətdə olan zaman həmin küçənin Sülh küçəsi ilə kəsişməsində “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına yaxın məsafədə olmadığı üçün hərəkətə davam etmiş və həmin vaxt Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi ilə hərəkətdə olan “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsinə dəyməklə toqquşma baş vermişdir. Zərbənin təsirindən toqquşduğu həmin “Hyundai Santafe” markalı avtomobil idarəetməni itirib yolun kənarında əyləşmiş vəziyyətdə olan qadını vurmuşdur. Hadisədən sonra avtomobildən düşərək yaralı qadına köməklik etmişdir. Həmin qadının ayaq hissəsində xəsarətlər olduğunu görmüşdür. Hadisə nəticəsində heç bir ciddi xəsarət almasa da başı idarə etdiyi avtomobilin sol yan “stoykasına” dəydiyindən ağrılar olmuş, başının ağrısı və hadisənin sarsıdıcı təsiri altında ifadə vermişdir. Başındakı ağrılarla bağlı ona məhkəmə-tibbi ekspertizasından keçməyi təklif edilsə də başının ağrısının keçəcəyini düşündüyündən ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə vaxtı sağ tərəfdən Sülh küçəsi ilə hərəkətdə olan “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı markalı avtomobili yol ayrıcına yaxın məsafədə görməmişdir. Hadisə 03 may 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə Sülh küçəsinin kəsişməsində baş vermişdir. Hadisə zamanı avtomobilini təxminən 20 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisə zamanı Hyundai Santafe markalı avtomobilin neçə km/saat sürətlə hərəkət etməsi barədə dəqiq məlumatı yoxdur. Lakin, özü nəqliyyatda hadisələr üzrə inspektor vəzifəsində çalışdığı üçün deyə bilər ki, hadəsənin baş vermə şəkli və Hyundai Santafe markalı avtomobilin kənar məsafədən hadisə yerinə çatma tezliyinə görə sürətinin 90-100 km/saat olduğu qənaətindədir. Hadisə vaxtı sağ tərəfdən Sülh küçəsi ilə hərəkətdə olan “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı markalı avtomobil yolayrıcına yaxın məsafədə olmadığı üçün hərəkətə davam etmiş və «2.4» yol ver nişanının tələblərini pozmamışdır. Həmin avtomobilin Sülh küçəsi ilə hərəkətini yaxın məsafədə olmadığı üçün görməmiş, əgər görsəydi hadisənin qarşısını almaq üçün çalışardı. Hesab edir ki, hadisə Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətli gəlməsi ilə bağlı onu görməməsi səbəbindən baş vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, X9 onun anasıdır. Mərhum anası X10 Rayon icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində təmizlikçi kimi işləmişdir. Anası Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığındakı əraziyə təhkim olunmuş, yəni qeyd edilən ərazidə M.Fətəliyev küçəsi ilə Sülh küçəsinin kəsişməsi olan ərazinin təmizlik işlərinə təhkim edilmişdir. Anası səhər saat 06-dan günorta saat 15-ədək işdə olmuşdur. 03 may 2023-cü il tarixdə özü işdə olduğu zaman atası onun mobil telefonuna zəng edərək anası Xuramanı avtomobil vurduğunu və anasının aldığı xəsarətlərdən X14 yerləşdirildiyini bildirmişdir. O da işdən çıxıb dərhal X14 yollanmışdır. Xəstəxanaya çatdıqda anasının əməliyyat olunduğunu bildirmişlər. Anası əməliyyatdan çıxdıqdan sonra həmin gün yəni, 03 may 2023-cü il tarixdə təxminən günorta saatlarında anasının vəfat etdiyi məlum olmuşdur. Sonradan hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, 03 may 2023-cü il tarixdə saat 08:30 radələrində sonradan adlarını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-DJ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə hərəkətdə olarkən, M.Fətəliyev küçəsi ilə Sülh küçəsinin kəsişməsində sürücü Şahid2 idarə etdiyi “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra “Hyundai Santafe” markalı avtomobil idarəetməni itirib anası Xuramanı vurmuşdur. Həmin vaxt anası Xuraman işi ilə bağlı olaraq qeyd edilən ərazidə təmizlik işləri gördükdən sonra səkidə əyləşmiş, həmin “Hyundai Santafe” markalı avtomobil səkidə əyləşmiş vəziyyətdə anasını vurmuşdur. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində anası ağır bədən xəsarətləri almış, nəticədə aldığı xəsarətlərdən 3 saylı Sabunçu xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxs anasının dəfn xərclərini ödədiyindən, qəbirin götürülmə xərcələrinin ödənilməsində köməklik etdiyindən hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əsas şikayəti digər avtomaşını idarə edən şəxsdəndir, onlarla maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mənzil Kommunal Təsərrüfat idarəsinin Sabunçu rayon şöbəsində süpürgəçi işləyir. X7 iş yoldaşı olmuşdur, hadisə günü küçəni süpürüb birlikdə gəlmişlər, Xuraman səkinin kənarında oturmuş, təxminən aralarında 2 metr məsafə olmuşdur, həmin vaxt ağ və qara rəngli iki avtomobil toqquşmuş, qara rəngli avtomobil səkinin kənarında oturan Xuraman Həsənovaya dəymişdir, o və ətrafda olan şəxslər yaxınlaşıb kömək etməyə çalışmışlar, ona elə gəlir ki, ağ rəngli avtomobil sürətlə gələrək qara rəngli avtomobilin yoluna çıxmış, buna görə toqquşma baş vermişdir. Hadisədən sonra hadisə yerinə X16 Stansiyasının həkim briqadası çağrılmışdır. Tibbi yardım briqadası tərəfindən Xuraman Həsənova xəstəxanaya aparılmışdır. Sonradan məlum olmuşdur ki, X9 aldığı bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Hadisə zamanı hər iki avtomobilin sürücüsü orada olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ağ rəngli avtomobilin qara rəngli avtomobilə dəyməsini görmüşdür, yəqin ki, ağ rəngli avtomobil sürətlə gəlmişdirki, qara rəngli avtomobil saxlaya bilməmişdir. Hadisə vaxtı qara rəngli avtomobilin sürücüsünü görmüş, kök dolu kişi olmuşdur, təxminən 50 yaşları olardı. Şаhid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, özünə məxsus “Hyundai Santafe” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC" kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 03 may 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə iki zolaqlı yolun sol, yəni orta xəttə yaxın zolağı ilə təxminən saatda 50-55 km surətlə hərəkətdə olan zaman, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə təxminən 60 km/surətlə hərəkətdə olan Chevrolet Cruz markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu Sülh küçəsinin M.Fətəliyev küçəsi ilə kəsişməsində yol nişanının tələblərini pozaraq onun hərəkətini gözləmədən yola daxil olub qarşısına çıxması nəticəsində avtomobilləri arasında toqquşma baş vermişdir. Belə ki, onun avtomobilinin sol qabaq yan hissəsi ilə həmin Chevrolet Cruz markalı avtomobilin sağ qabaq hissəsi toqquşduqdan sonra zərbənin təsirindən idarəetməni itirdiyindən avtomobili sağa istiqamətlənərək yol kənarında əyləşmiş qadını vurmuşdur. Hadisədən sonra avtomobildən düşərək yaralı qadına köməklik etmiş, yerdə uzanıqlı vəziyyətdə olan piyada qadına baxdıqda həmin qadının ayaq hissəsində xəsarətlər olduğunu görmüşdür. Hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. Hadisə 03 may 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə Sülh küçəsinin kəsişməsində baş vermişdir. Hadisə zamanı avtomobilini təxminən 50-55 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisə zamanı “Chevrolet Cruz” markalı avtomobilin surəti təxminən 60-70 km/saat olmuşdur. Həmin avtomobil qəfildən qarşısına çıxdığından onun qarşısına çıxdığı anı görməmiş, ona görə də hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Chevrolet Cruz markalı avtomobillə toqquşmadan dərhal sonra əyləci işə salsa da avtomobil idarəetməni itirdiyi üçün hadisənin qarşısını alıb qadını vurmaqdan yayına bilməmişdir. Hadisə zamanı avtomobilində ondan başqa kənar şəxs olmamış, həmçinin həmin vaxt avtomobilində yük də olmamışdır. “Chevrolet Cruz” markalı avtomobildə başqa şəxslərin olub olmaması barədə məlumatı yoxdur. Hadisədən əvvəl avtomobili saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində başqa xəsarət alan şəxslər olmamışdır. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya güclü təsir edici maddələr qəbul etməmişdir (i.v.34-36); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 mart 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev və Sülh küçəsinin kəsişməsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 07-15); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 10 il müddətinə «B1, B» kateqoriyalı BB118257 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 24); xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir(i.v.19); 03 may 2023-cü il tarixli, 1/1498 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 25); İfadələrin hadisə yerində yoxlanması barədə 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsinin hadisə yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Şahid2 hadisənin baş verdiyi şəraiti əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.37-44); məhkəmə-tibbi ekspertizasının 23 may 2023-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, 1. X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sol tərəfli Vİ qabırğanın və İV-V bel fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sol ağciyərin kontuziyası, sol bazu və sol said sümüklərinin yerini dəyişən açıq sınıqları, sol aşağı ətrafın budun orta 1/3-dən və sağ aşağı ətrafın baldırın yuxarı 1/3-dən cərrahi yolla amputasiyası, (sol bud-baldır və sağ baldır nahiyələrinin toxuma və sümük defekti ilə müşayiət olunan geniş ölçülü əzilmiş-cırılmış yaraları, həmin səviyyədə sol bud və hər iki baldır sümüklərinin çoxqəlpəli açıq sınıqları), sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, burun nahiyəsinin qançırı və əzilmiş səthi yarası, bel və sağrı nahiyələrinin, sol bazu və sol said nahiyələrinin, hər iki budun qançırları. - Xəsarətlər həyati olub X.M.Həsənovanın xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 09:00) az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yolnəqiyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. 2.X2 ölümünə səbəb aldığı çoxsaylı xəsarətlərlə əlaqədar travmatik-hemorragik şok olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 13:30-da xəstəxanada baş vermişdir. 3.X2 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir(i.v.58- 63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 29 may 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 64); Diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə “VİD- 20230720-WA0114” və “VİD-20230720-WA0115” adlı, MP4 formatlı 02 ədəd videofayl vardır. Həmin videofayllar ardıcıllıqla açılaraq baxış keçirilən zaman 00:20 və 00:21 dəqiqəlik müddətdə davam edən videogörüntülərin olması müəyyən edildi. “VİD- 20230720-WA0114” adlı videofaylda olan görüntülərə baxış keçirilərkən müəyyən edilir ki, ağ rəngli “Chevrolet Cruz” markalı avtomobil iki zolaqlı yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə Sülh küçəsinin kəsişməsində sağ tərəfdən iki zolaqlı yolun sağ hərəkət zolağı ilə hərəkət edən qara rəngli “Hyundai Santafe” markalı avtomobilin hərəkət zolağına çıxır, bu zaman avtomobillər arasında toqquşma baş verir. İlk videofaylda əks olunan görüntülərin məntiqi davamı olaraq “VİD-20230720-WA0115” adlı videofaylda olan görüntülərdən görünür ki, qara rəngli “Hyundai Santafe” markalı avtomobil “Chevrolet Cruz” markalı avtomobillə toqquşduqdan sonra yolun hərəkət hissəsindən kənarda, yəni səkidə əyləşmiş vəziyyətdə olan piyada qadını vurur, piyada qadın zərbənin təsirindən yerdə uzanıqlı vəziyyətdə qalır. Bir qədər aralıda səkidə əyləşmiş vəziyyətdə olan piyada qadın hadisənin şahidi olduqdan sonra hadisənin baş verdiyi yerə gələrək xəsarət almış piyada qadına köməklik göstərməyə çalışır. Baxış zamanı videogörüntünün sonunda hadisə yerinə ətrafdan insanların axışması müəyyən edilir (i.v.78); məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyul 2023-cü il tarixli, 8/1853 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cruze markalı, 77DJ219 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hyundai Santafe markalı, 10VU700 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır(i.v.82-86); zərərçəkmiş şəxsin hüquqi varisi X1 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışmış, ona qarşı hər hansı tələbi, iddia və şikayəti yoxdur(i.v.87); məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 avqust 2023-cü il tarixli, 8/2286 nömrəli rəyindən görünür ki, mövcud şəraitdə Hyundai Santafe markalı, 10VU700 dövlət qeydiyyat nişanlı avtomobilin dayanma yolu 50km/saat hərəkət sürətində 31,8 metr, 55km/saat hərəkət sürətində isə 36,6 metrdir. Mövcud şəraitdə Hyundai Santafe markalı, 10VU700 dövlət qeydiyyat nişanlı avtomobilin tormoz yolu 50km/saat hərəkət sürətində 18 metr, 55km/saat hərəkət sürətində isə 21,3 metrdir. Mövcud şəraitdə 50-55km/saat sürətlə hərəkətdə olan Hyundai Santafe markalı avtomobilin 17,5 metr məsafədə dayandırılması mümkün deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə mövcud şəraitdə 50- 55km/saat sürətlə hərəkətdə olan Hyundai Santafe markalı avtomobilin 17,5 metr məsafədə və həmçinin toqquşmadan sonra piyadanı vurana kimi qət etdiyi 5-7 metr məsafədə sürətinin azaldılması mümkün deyildir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərində sürücüdən yaranmış təhlükə qarşısında nəqliyyat vasitəsinin dayandırılması üçün tədbir görülməsi tələb olunur. Yəni təhlükə yaranmamışdan əvvəl sürücüdən nəqliyyat vasitəsinin dayandırılması üçün tədbir görülməsi tələb olunmur. Mövcud şəraitdə Hyundai Santafe markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə Chevrolet Cruze markalı avtomobilin yol ayrıcına daxil olduğu andan yaranmış və həmin anda Hyundai Santafe markalı avtomobil toqquşma yerindən 200-300 metr məsafədə deyil, 17,5 metr məsafədə olmuşdur. Qeyd edilir ki, nəqliyyat vasitəsinin tormozlanmış vəziyyətdə hərəkəti zamanı hadisə yerində tormoz izi qalmaya da bilər. Yəni hadisə yerində tormoz izi qalmadan da nəqliyyat vasitəsinin tormozlanmış vəziyyətdə hərəkətdə olması mümkündür(i.v.113-117); Sübutların qiymətləndirilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, yol nıqliyyat hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir(i.v.120-129); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.152); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 3-16-16/2-8/3544-4/1905 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd optik diskdə qeydə alınmış videoyazılardakı görüntülərə görə Chevrolet Cruze markalı ** DJ *** dövlət qeydiyyat nişanlı və Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət surətlərini müəyyən etmək mümkün olmadı. 2,3. Təqdim edilmiş məlumatlara əsasən Chevrolet Cruze markalı 77DJ219 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4”Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 4,5. Təqdim edilmiş məlumatlara əsasən Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. 6. Qeyd olunan sual üzrə tədqiqat aparılması üçün ekspertiza təcrübəsində istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığından həmin sual üzrə tədqiqat aparmaq mümkün deyildir. 7.8. Mövcud şəraitdə Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz yolu 50 km/saat hərəkət surətində 18 metr, 55 km/saat hərəkət surətində isə 21,3 metrdir. Məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünün əks edildiyi bir ədəd diskə baxış keçirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 sürətlə gəlməsi səbəbindən onu görməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyul 2023-cü il tarixli, 8/1853 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Chevrolet Cruze markalı, 77DJ219 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hyundai Santafe markalı, 10VU700 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı əldə edilmiş məlumatlara, iş materiallarına əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təkrar kompleks videotexniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 3-16-16/2-8/3544-4/1905 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd optik diskdə qeydə alınmış videoyazılardakı görüntülərə görə Chevrolet Cruze markalı ** DJ *** dövlət qeydiyyat nişanlı və Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət surətlərini müəyyən etmək mümkün olmadı. 2,3. Təqdim edilmiş məlumatlara əsasən Chevrolet Cruze markalı 77DJ219 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1ci hissəsinin (2.4”Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 4,5. Təqdim edilmiş məlumatlara əsasən Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. 6. Qeyd olunan sual üzrə tədqiqat aparılması üçün ekspertiza təcrübəsində istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığından həmin sual üzrə tədqiqat aparmaq mümkün deyildir. 7.8. Mövcud şəraitdə Hyundai Santafe markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz yolu 50 km/saat hərəkət surətində 18 metr, 55 km/saat hərəkət surətində isə 21,3 metrdir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi toqquşma anını görməməsi səbəbindən Şahid1 ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-nin 227.1-ci maddəsinə əsasən şahidi cinayət təqibi üçün əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Məhkəmə həmçinin bununla bağlı qeyd edir ki, iş materiallarında olan video diskə baxış zamanı hadisənin baş verdiyi an Şahid1 yaxın məsafədə oturduğu, toqquşma zamanı oturduğu yerdən qalxaraq toqquşmanın baş verdiyi yerə tərəf getməsi müşahidə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə müdafiəçinin Şahid1 ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatətini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM- 59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 463 (dörd yüz altmış üç) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 463 (dörd yüz altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-68/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-68/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver