Məhkəmə qərarları › İş №1(008)-68/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-68/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-68/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində, 35-ci dalanın sonunda yerləşən, tarix və mədəniyyət abidələri kimi siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüş “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” tarix və mədəniyyət abidələri kimi 2008-ci ildən dövlət mühafizəsinə götürülmüşdür. Bağında olan “tarixi qəbirlər”in ailəsinin əzizləri “qədim yaşayış yerləri”nin isə ailəsinin nəslinə məxsus olduğunu qeyd etmiş və 06 oktyabr 2024-cü il tarixdə Sabunçu rayon Ləhiş bağlar massivinin 35-ci dalanın sonunda yerləşən bağlarında mühafizə olunan əzizlərinin qəbirlərini ziyarət edərkən tarixi əraziyə aidiyyəti olmayan X5 yarımçıq tikilidə saxladığı itləri qəbirlərin üstündə gəzdirdiyi məlum olmuşdur. Bundan əlavə, X5 qəbirlər olan əraziyə yük maşını salaraq, ərazini bərbad hala saldığının şahidi olmuşdur. Bu hərəkətləri ona irad bildirdikdə, Nəcəfov Kamilin onu “maşeynik”, “paranoy”, “xəstə” adlandıraraq şərəf və ləyaqətini alçaltmaqda davam etdiyini qeyd etmişdir. Həmçinin o bu qanuna zidd hərəkəti bağda tanımadığı 5-6 nəfərin görə və eşidəcəyi formada etmişdir. Bu hərəkətlərin hamsının video çəkilişdə qeydə alındığını Nəcəfov Kamilin şərəf və ləyaqətini alçaltdığını qəsdən etdiyini, onsuzda video çəkilişin əlindən alınacağını bildirdiyini qeyd etmişdir. AR CM-nin 148-ci maddəsinə əsasən, şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formada həyata keçirilə bilər: şifahi, yazılı, bədən hərəkətləri və s. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyüşlərlə, haqqında alçaldıcı ifadələr işlətməklə və s. törədilə bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təhqir cinayətini ifadə edərkən, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Cinayətin motivi müxtəlif ola bilər: intiqam və sair. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən: Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. AR Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür.Göstərilənlərə əsasən X5 AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməsi və onun bir ilədək müddətə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında şikayəti ilə eyni məzmunda çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi X2 xüsusi ittiham qaydasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə vermiş olduğu şikayət ərizəsinin əsassız olduğunu qeyd edərək ifadəsini onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında olan işlərin icraata qəbul olunması üçün mötəbər sübutlar olmalıdır. “Maşeynik deyilən” videoda isə şikayət edən şəxsin Kamildən arxada dayandığını, arxadan çıxaraq “kamaz” markalı maşına yaxınlaşdığını bildirmiş, “paranoya” məsələsində də ancaq Kamilin göründüyünü, o sözün kimə deyildiyinin görünmədiyini, Kamilin özünün də öncəki iclasda qeyd etdiyi kimi ən azından yaşına görə hörmət edib o sözləri deməyəcəyini, əlavə olaraq da Kamil bəyin o xarakterdə bir insan olmadığını bildirmişdir. X9 özü də bu sözləri deməsi ilə bağlı hər hansısa bir etiraf etməmişdir. X2 xüsusi ittiham qaydasında şikayət verməyin adəti olduğunu qeyd edərək analoji işlə bağlı şikayət vermiş olduğunu bildirmiş və həmin işin Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədli tərəfindən icraata götürülməkdən imtina edildiyini qeyd etmişdir. Bütün bu əsasları nəzərə alaraq məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X7 bildirmişdir ki, həmin ərazidə nə bir qəbir daşı nə də əncir ağacları yoxdur. O hər zaman Gözəlov Fəxrəddinə bir ağsaqqal olaraq hörmət etmiş, onu söyüb təhqir etməmişdir. Buna görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 293.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1 -ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM- nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi elektron məhkəmə sisteminə yerləşdirdiyi Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 fevral 2024-cü il tarixli, 5-18-4/2-172/2024 saylı məktubunda və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-606/2024 saylı qərarında baxılan iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayətin verilməsi yeri qeyd olunmamışdır. Bundan başqa X4 şikayətdə digər şəxslərin gözü qarşısında X7 tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi qeyd olunmamış və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən təqdim olunmuş CD disklə tanış olarkən X7 olduğu iddia edilən şəxsin işlətdiyi ifadələrin konkret olaraq kimə ünvanlanması bəlli deyil. Belə ki, “maşennik” ifadəsi işlədilərkən X1 Kamil Oqtay oğlunun arxasında və bir qədər aralıdadır və X7 həmin ifadəni üzü video çəkən şəxsə qarşı dayanaraq ifadə edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndindən görünür ki, CM-nin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. “Paranoya” ifadəsi işlənilən zaman isə videoda yalnız X7 görünür və onun həmin sözü kimə dediyini dəqiq müəyyənləşdirmək mümkün deyildir. X1 Kamil Oqtay oğlunun “paranoya” ifadəsini işlətdiyi zaman onunla danışan şəxsin özü olduğunu iddia edərək məhkəmə ekspertizasının təyin edilməsini və həmin videoda danışan şəxsin səsindən kimliyinin müəyyən olunmasını məhkəmədən şifahi şəkildə xahiş etmişdir. Həmin videoda “paranoya” ifadəsi işlədilən zaman X7 ilə danışan şəxsin xüsusi ittihamçının iddia etdiyi kimi onun özü, yəni X4 olduğu ekspert rəyi ilə müəyyən olunsa belə təhqirin kütlə içərisində, yəni ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi sübut olunmadığı müddətdə səsin sahibinin kim olduğunun müəyyən edilməsi iş üçün heç bir əhəmiyyət kəsb etmir və lüzumsuz araşdırmadan başqa bir şey deyildir. Buna görə də, xüsusi ittihamçının ətrafda onun təhqir olunduğunu eşidən bir neçə şəxsin olduğunu bildirməsi nəzərə alınmaqla ona məhkəmə tərəfindən kifayət qədər zaman verilmiş və iddia edilən hadisəyə şahidlik etmiş şəxslərin şahid qismində məhkəməyə cəlb olunması üçün lazımi qaydada şərait yaradılmışdır. Lakin, məhkəməyə heç bir şahid təqdim olunmamış və X4 hadisəni görən şəxslərin şahid kimi iştirak edəcəkləri halda X7 tərəfindən onların həyatı üçün təhlükə olacağından qorxduqlarından məhkəmədə şahid qismində iştirak etməkdən imtina etdiklərini bildirmişdir. Eyni zamanda oğlunun hadisə zamanı orda olduğunu, elə videoları da onun çəkdiyini və onun şahid kimi çıxış edə biləcəyini bildirmişdir. Lakin, X2 oğlu ilk gündən bütün məhkəmə iclaslarında iştirak etdiyindən onun şahid qismində dindirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. CPM-nin 293.3.4-cü bəndinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmalı olduğu halda qeyd olunmamış və yalnız video yazı şikayətə əlavə olunmuşdur. Lakin, video yazı özlüyündə X5 əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olmasının sübuta yetirilməsində yetərli olmamışdır. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa və bu hərəkətlər kütlə içərisində, yəni ən az 2 nəfər şəxsin görə, eşidə və qavraya biləcəyi yerdə ifadə olunmursa CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar