Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-680/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 döngə 1, ev 13-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,136 qram psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 14 iyun 2025-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq, qeyd olunan ünvanda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Saxlanıldığı zaman üzrərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin metamfetamini 20 manata almışdır, çəkisini dəqiq bilmir. Himayəsində 13 sentyabr 2008-ci il təvəllüdlü övladının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 14 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında raport hazırlanaraq məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün, yəni 14 iyun 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 19:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Özlərini ona təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində ağ rəngli kristal halında maddə olan 1 ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində ‘şüşə, patı’ olduğunu, onu istifadə etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm zərfə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra Əzimov X2 Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Bu barədə raport hazırlanaraq məruzə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində büküm olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən həmin zərf açılmış və içərisində 1 ədəd bükümdə ağ rəngli, kristal halında maddənin olduğu aşkar edilmişdir. Bundan sonra büküm yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. Qeyd olunanlar barədə ayrı-ayrılıqda videoçəkilişlər aparılmış, protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v.1). "Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 9-10). "Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.23). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm zərfə qablaşdırılmış vəziyyətdə təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən həmin zərf açılmış, zərfin içərisində sellofan bükümdə ağ rəngli, kristal halında maddənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin ‘şüşə, patı’ olduğunu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 20 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. (i.v.33-34). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. (i.v. 40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/2207 nömrəli, 15 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №100" dairəvi möhür əksi olan, "Saxlanılan şəxs:Təqsirləndirilən şəxs o. (imza)" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,136 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1.086 qramdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir (i.v. 40-42). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 16 iyun 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X3 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.69-71). “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 72- 73). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 99-103). “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X1 ekspert komissiyasının 3645 nömrəli, 18 iyun 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 117-118). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 2968 nömrəli, 04 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da, öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 121-122). "Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,086 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİnin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə və təqdim edilmiş əşyaya keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 125-131). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, xx.xx.2018-ci il tarixdə cəzasının başa çatması ilə azad edilmişdir. (i.v. 92-94). AZ-11№ 200058 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 sentyabr 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Məryəmxanım Əzimova adlı qızı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,136 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olması nəzərə alınmaqla yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə, tədqiqatdan sonra qalıq qalmış 1.086 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 iş saatına görə 11 manat hesablanmaqla 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-680/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-680/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver