Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-682/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Qusar rayonu Düztahir kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,759 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən xx.xx.2021-ci il tarixdə saat 01:00-da Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Aydınbəyov küçəsindəki adsız dükanın qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisinə ayrı-ayrılıqda təmiz çəkisi 0,189 qram və 0,570 qram olmaqla, ümumi təmiz çəkisi 0,759 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin qablaşdırılmış iki ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin aludəçisi olsa da, hərdənbir imkanı olanda, rastına düşəndə onlardan özü üçün istifadə edirmiş, lakin onların satışı ilə heç vaxt məşğul olmamışdır, son vaxtlar isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etməyi tərgitmişdir. xx.xx.2021 -ci il tarixdə, gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Yeni Ramanı qəsəbəsi ərazisində təsadüfən, üzdən tanıdığı, əvəllər də bir neçə dəfə narkotik vasitə aldığı, adını, ünvanını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxslə rastlaşaraq həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə istəmiş, həmin şəxs də ondan 35 manat pul alaraq əvəzində cibindən çıxardığı iki ədəd içərisində «kakos» adlanan narkotik vasitə «heroin» olan sellofan bükümləri ona verərək oradan uzaqlaşmışdır. O, həmin bükümləri gödəkçəsinin cibinə qoyaraq evinə getmək üçün piyada yola tərəf hərəkət etməyə başlayaraq oradan bir qədər aralaşdıqda yolda saat təxminən 01 radələrində Yeni Ramana qəsəbəsindəki Aydınbəyov küçəsində yerləşən adsız dükanın qarşısında onu polis əməkdaşları saxlayaraq ondan şübhələndiklərini və bununla əlaqədar onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. Vəziyyətin nə yerdə olduğunu başa düşərək etiraz etməmiş və polislərlə birlikdə Polis Şöbəsinə getmiş, orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçimin iştirak edibetməməsinə dair münasibəti aydınlaşdırılmış, düşünmüş ki, onsuzda şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki qara rəngli gödəkçənsinin sol yan cibindən içərisində narkotik vasitə «heroin» olan iki ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq, həmin bükümlərin içərisindəki kütlələrin «kakos» adlanan narkotik vasitə «heroin» olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdırlar. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir Ki, son vaxtlar xidməti apardıqları inzibati ərazidə mənzil oğurluqlarının sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşı Şahid2la birlikdə xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparırlarmış, saat 01 radələrində qəsəbənin Aydınbəyov küçəsində yerləşən adsız dükanın qarşısında diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı onun qəsəbə sakini olmadığı, Xəzər rayonu ərazisində yaşadığı məlum olduqda, saxlanıldığı ərazidə gecə vaxtı nə etməsinə dair suallarına cavab verə bilmədiyindən və danışdıqca sanki üzərində olan nə isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Şöbəsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 12-ci PŞ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Rauf Allahverdiyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor-kriminalist dəvət olunmuşlar, sonuncuların iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə salaraq oradan iki ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan şəffaf sellofandan hazırlanmış bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində «kakos» adlanan narkotik vasitə «heroin»in olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılmazdan bir qədər əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını və digər dəqiq anket məlumatlarını bilmədiyi şəxsdən 35 manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2021 -ci il tarixdə, saat 02:00da başlayaraq saat 02:15-də bitmişdir. şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmiş, həmin maddələrin narkotik vasitə olan “Kakos” olduğunu, onu 07 noyabr 2021-ci il tarixdə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində üzdən tanıdığ, adını bilmədiyi şəxsdən ümumilikdə 35 manata istifadə üçün alaraq üzərində saxladığını bildirmişdi ( i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2021-ci il tarixli, 6/4952 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 02 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,189 qram və 0,570 qram olmaqla ümumi təmiz çəkisi 0,759 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir (i.v. 35-39). “Maddi sübut kimi tanıma haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,759 qram çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin cinayət işi üzrə sübuti əhəmiyyət kəsb etdiyindən və cinayətin birbaşa predmeti olduğundan maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumi təmiz çəkisi 0,659 qram qalıq qalmış kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.68). “Videogörüntüyə baxış keçirilməsi haqqında” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, CD- də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “Təqsirləndirilən şəxs” adlı “X5 FİLE (.MOV)” tipli 1,05 GB həcmli 06 dəqiqə 24 saniyyə müddətli videogörüntüdə xidməti otaqda masa arxasında bir nəfər polis leytenantı rütbəli şəxsin ayaq üstə dayanması, daha sonra otağa üç nəfər, ikisi polis, biri isə mülki geyimli şəxslərin daxil olması əks olunur, polis leytenantı rütbəli şəxs çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X1 olmasını bildirərək, otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis geyimində olan şəxslər özlərini təqdim edərək Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid1 olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra təhqiqatçı saxlanılan şəxsə müraciət edərək ona saxlanılmasının səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 58-ci saniyyəsində Təqsirləndirilən şəxs əlini əynindəki qara rəngli gödəkçənin sol yan cibinə salaraq oradan iki ədəd şəffaf sellofan bükümləri çıxarıb qarşısındakı masanın üzərinə qoyur, təhqiqatçı həmin bükümü açaraq iərisindəki qəhvəyi rəngli toz şəkilli kütləni kameraya nümayiş edir və saxlanılan şəxsdən həmin kütlənin nə olmasına, onu nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir, Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərək bildirir ki, həmin kütlə “kakos” adlanan narkotik vasitəni heroindir, öz istifadəsi üçün Ramanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 35 manata şəxsi istifadəsi üçün almışdır, özü artıq bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Bundan sonra təhqiqatçı polis nəfərlərindən xahiş edir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Bundan sonra təhqiqatçı təqdim olunan bükümlərin maddi sübut əhəmiyyəti kəsb etmələrini bildirərək onların götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 02 ədəd sellofan bükümləri həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapşdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edilir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir (i.v.83). “Maddi sübut kimi tanınma haqqında” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsünü özündə əks etdirən CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (i.v.84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 iyun 2022-ci il tarixli, 3476 nömrəli rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan "asılılıq sindromu" - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 101-102). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 noyabr 2021-ci il tarixdə, saat 01:00-dan tutulmuş hesab edilmişdir (i.v. 15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 09 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.61-63). “Qətimkan tədbiri seçilməsi haqqında” 09 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 64). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.72-73). “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə, saat 13:00 radələrində Xəzər rayonu, Albalııq qəsəbəsində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir (i.v.77). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.94-96). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.97). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 1(008)-682/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 22 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi) nəzərə alır və sadalanan halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdən 09 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixədən tutularaq saxlanıldığı 02 gün müddət, məhkəmə istintaqı zamanı 20 sentyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 22 gün müddət, cəmi 25 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 20 gün gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,659 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-682/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-682/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver