Məhkəmə qərarları › İş №1(008)-682/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-682/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-682/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə18 mart 2022-ci il tarixdə, saat 05 radələrində mühafizəçi işlədiyi Bakı şəhəri Sabunçu rayonu Zabrat-Kürdəxanı şossesində yerləşən "xxxx" ASC-yə məxsus tikilməkdə olan binanın qarşısındakı bir ədədinin dəyəri 25 manat olan 175 ədəd dəmir dirəkləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə 4375 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2021 -ci ilin dekabr ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Kürdəxanı şosesində yerləşən "xxxx" 1 ASC-nə məxsus yeni tikilməkdə olan yaşayış binasında mühafizəçi işləmişdir. Məlumat üçün göstərmişdir ki, qolundan cərrahi əməliyyat olunması üçün onun pula ehtiyacı olmuş və buna görə də, maddi cəhətdən çətinlik çəkdiyindən işlədiyi yerdə dəmir dirəkləri satmaq qərarına gəlmişdir. Bu məqsədlə 17 mart 2022-ci il tarixdə, saat 23 radələrində Seyid kimi tanıdığı şəxsə zəng edib işlədiyi yerdə 175 (yüz yetmiş beş) ədəd dirək olduğunu və həmin dirəkləri satmaq istədiyini bildirmişdir. Həmin zaman Seyid ona həmin dirəyi hansı qiymətə satacağını soruşduqda o, Seyidə həmin dirəklərin birini 10 manata satmaq istədiyini bildirmişdir. Seyid onunla razılaşmış və o, dirəklərin olduğu ünvanı Seyidə bildirdikdə Seyid ona qeyd etdiyi ünvana yük avtomobili göndərəcəyini bildirmişdir. 18 mart 2022-ci il tarixdə, təxminən saat 05 radələrində iş yerində olan zaman Seyid yük avtomobilini onun işlədiyi yerə göndərmişdir. O, həmin 175 (yüz yetmiş beş) ədəd dirəkləri Seyidin göndərdiyi yük avtomobilini idarə edən Ağasəlim və onun yanında olan Asim adlı şəxslərə vermişdir. Asim adlı şəxs həmin 175 (yüz yetmiş beş) ədəd dəmir dirəkləri yük avtomobilinin yük yerinə yığaraq onun işlədiyi yerdən çıxıb getmişlər. Təxminən 1 saat sonra Seyid onun işlədiyi yerə gəlmiş və ona 1540 (min beş yüz qırx) manat pul vermişdir. 18 mart 2022-ci il tarixdə, səhər saatlarında həmin tikintiyə rəhbərlik edən Zərərçəkmiş şəxs iş yerinə gəlmiş və əraziyə baxış keçirəndə həmin dirəklərin yerində olmadığını gördükdə bu barədə ondan soruşmuşdur. O, Zərərçəkmiş şəxs həmin dirəklərin kim tərəfindən götürülməsindən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-nin 102 xidmətinə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları bütün işçiləri polis bölməsinə dəvət etmişlər. Hazırda oğurlanmış əmlaklar hamısı zərərçəkmiş şəxsə qaytarıldığından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin təchizat şöbəsini müdiri vəzifəsində çalışır və cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində "xxxx" ASC-ni təmsil edir və orada 2004-cü ildən bəri tutduğu vəzifədə çalışır. 2018-ci ildən işlədiyi şirkət tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesində 10 mərtəbəli bina tikilir və halhazırda həmin tikili yarımçıq vəziyyətdədir. 18 mart 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən tikilməkdə olan binanın qarşısında olan dəmir dirəklərin olmadığını müəyyən etmişdir. O, orada mühafizəçi işləyən Təqsirləndirilən şəxs dirəklərin harada olmasını soruşduqda, Nemət bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, binanın ətrafını axtarmış və həmin dirəklərin tapa bilmədiyindən həmin dirəklərin oğurlandığını başa düşmüşdür. Bundan sonra o, DİN-in 102 Xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hüquqi şəxsə həmin dirəklər qaytarıldığından onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 mart 2022-ci il tarixdə ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmişdir. Zəng edən şəxs adının Nemət olduğunu, Zabrat-Kürdəxanı şossesində yerləşən tikintidə işlədiyini, ona məxsus "Qazel" markah, **- BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən mobil telefon nömrəsini götürdüyünü, tikintidə istifadə edilməyən 175 ədəd dəmir dirəkləri satmaq istədiyini bildirmişdi. O, dəmirləri hansı qiymətə satdığını soruşduqda dəmirin 1 ədədini 10 manata satdığını bildirmişdir. O, Nemət adlı şəxslə razılaşmış və tanışı Asimin nömrəsini Nemətə verərək Asimin yük avtomobili ilə birlikdə ona bildirdiyi ünvana gələcəyini bildirmişdir. O, Asimə zəng vuraraq Nemətin ona dediyi ünvanı Asimə bildirərək həmin ünvandan dəmirləri götürməyini xahiş etmişdir. Asim də hal-hazırda avtomobili olmadığını, lakin avtomobil tapıb qeyd edilən ünvana gedəcəyini bildirərək onunla razılaşmışdır. Təxminən saat 06 radələrində Nemət ona zəng vuraraq verdiyi malların pulunu istəmişdir. O da Asimlə Sabunçu rayonu, Zabrat qəsəbəsində görüşmüş və dəmir dirəklərə baxdıqdan sonra Nemətin işlədiyi yerə getmiş və Nemətə 1540 manat pulun olduğunu bildirərək həmin pulu Nemətə vermişdir. Bundan sonra o, yenidən Zabrat dairəsinə gələrək Asim və yanında olan sonradan tanıdığı Ağasəlim adlı şəxslə Abşeron rayonu, Hökməli qəsəbəsinə getmiş və həmin dirəkləri tanışı Məzahir adlı şəxsə 2156 manata satmışdır. Asimə zəhmət haqqı olaraq 50 manat, Ağasəlimə isə 70 manat pul vermişdir. 18 mart 2022-ci il tarixdə istifadə etdiyi mobil nömrəsinə zəng gəlmiş və onu bolis bölməsinə dəvət etmişlər. Polis bölməsində aldığı dəmir dirəklərin oğurluq yolu ilə əldə edildiyini öyrənmişdir. Həmçinin, o, göstərmişdir ki, Təqsirləndirilən şəxs dəmir dirəkləri satarkən dirəklərin oğurluq yolu ilə əldə etdiyini ona bildirməmişdir. Nemət dirəklərin tikintidə istifadə edilmədiyini və buna görə də, dirəkləri satmaq lazım olduğunu bildirmişdir. Şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-kürdəxanı şossesində yerləşən "xxxx" ASC-yə məxsus yeni inşa edilməkdə olan binanın alt hissəsidir (i.v.6-12). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 may 2022-ci il tarixli, 9/3670 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş nümunə əsasında qərarda göstərilən 175 ədəd uzunluğu 3 metr, açıldıqda isə 6 metr olan, yivli dəmir dirəyin istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 4375 (175x25) manat müəyyən edilir (i.v.104-106). “Maddi sübut kimi tanıma haqqında” 26 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dəmir materialından olan 175 ədəd dirək əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanc üçün "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs verilmişdir (i.v.107-108). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, material üzrə keçirilmiş müvafiq ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 19 mart 2022-ci il tarixdə, saat 19:40-da tutulmuşdur (i.v. 35). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə egtməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 20 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 25 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2000-ci il tarixdə AR CM-nin 129-cu maddəsinin 1-ci hissəsi məsuliyyətə cəlb edilmiş, AR CPM-nin 7-1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v.112-113). AZE 12034683 və AZE 12034733 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2016-cı il təvəllüdlü (X1) və 04 mart 2013-cü il təvəllüdlü (X2) uşaqları var (i.v.120-121). Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, hüquqi şəxsə dəymiş ziyan ödənilmiş, hüquqi şəxsin nümayəndəsi kimi o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət bir günə dörd gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut 175 ədəd dirək hökm qanuni qüvvəyə mindikdərn sonra hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən hüquqi şəxsə təhvil verilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 11 ay 26 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 175 ədəd dirək hökm qanuni qüvvəyə mindikdərn sonra hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən hüquqi şəxsə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar