Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-682/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 (videokonfrans vasitəsi), müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 11 may 2025-ci il tarixdə, saat 04.29-dan 05.15-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 Qəhraman oğlunun işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 20-ci dalanda yerləşən fərdi həyət evində tikinti işlərinin aparılmasından istifadə edib fərdi həyət evinin yarımçıq hasarından yaşayış sahəsinə qanunsuz daxil olub, evin içərisində olan 01 ədəd 250 manat dəyərində “İnco” markalı laqonda, 01 ədəd 90 manat dəyərində 45 metr uzunluğunda cərəyan naqili uzadan, 660 manat dəyərində 100 metr uzunluğunda 4x6 ölçülü 3 fazalı elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Qəhraman oğluna ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 23 iyun 2025-ci il tarixdə, saat 03 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 20-ci dalanda yerləşən fərdi həyət evində tikinti işlərinin aparılmasından istifadə edib fərdi həyət evinin müvəqqəti quraşdırılmış qapısını sındıraraq evin həyətinə qanunsuz daxil olub, həyətdə yerləşən saxlanc yerində olan 01 ədəd 370 manat dəyərində perefarator, 01 ədəd 60 manat dəyərində drel, 01 ədəd 80 manat dəyərində laqonda, 200 manat dəyərində mis elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 710 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə müxtəlif cür tikinti işləri görərək öz dolanışığını təmin etmişdir. Son zamanlar iş tapa bilmədiyindən maddi çətinliklə üzləşmişdir. O həddə gəlib çatmışdır ki, yeməyə çörək və çəkməyə siqaret tapa bilməmişdir. Bu səbəbdən təmir-tikinti işləri aparılan həyətlərə daxil olaraq oradan müxtəlif növ təmir-tikinti alətləri oğurlayaraq Sabunçu rayonu, “Bit bazarı” adlanan ərazidə tanımadığı şəxslərə sataraq əldə olunan pul ilə özünə yemək, içki və siqaret almışdır. xx.xx.2025-ci il tarixdə saat 04.29-dan 05.15-dək olan müddət ərzində Sabunçu rayonu, Ləhic bağları, 20-ci dalanda yerləşən tikintisi davam edən bağ evinə yarımçıq hasarının arasındakı boş yerdən daxil olaraq mənzilin içərisindən 01 ədəd laqonda, cərəyan naqili uzadan və 01 top 3 fazalı elektrik naqilini oğurlayaraq “Bit bazarı” adlanan ərazidə tanımadığı şəxsə 30 manata sataraq özünə yemək, içmək və siqaret almışdır. O, ilkin ifadələrində həmin oğurluq cinayətini 13 may 2025-ci il tarixdə saat 02 radələrində etdiyini bildirmiş, lakin sonrakı ifadəsində oğurluq cinayətini 11 may 2025-ci il tarixdə törətdiyini qeyd etmişdir. Bu barədə o bildirmişdir ki, oğurluq cinayətini 13 may 2025-ci il tarixdə törətdiyini bilmiş, lakin iş materiallarına əlavə edilmiş və onun oğurluq etməyini özündə əks etdirən 01 ədəd CD diskə baxdıqdan sonra oğurluq cinayətini 11 may 2025-ci il tarixdə törətməyi yadına düşmüşdür. İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi zamanı onun oğurluq etdiyi mənzilə 11 may 2025-ci il tarixdə saat 04:30-dan həmin gün 05.15-dək olan müddət ərzində 3 dəfə daxil olmağı və oğurladığı əşyaları harasa aparmağı məlum olmuşdur. Bu barədə bildirmişdir ki, bəli, o, 11 may 2025-ci il tarixdə həmin mənzilə 3 dəfə daxil olmuşdur. Belə ki, oğurladığı əşyaları bir dəfə apara bilmədiyi üçün həmin mənzilə 3 dəfə daxil olaraq yaxınlıqda yaşadığı mənzilə aparıb yığmışdır. O, bundan başqa xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Sabunçu rayonu, Ləhic bağları, 20-ci dalanda yerləşən tikintisi davam edən bağ evinin həyətyanı sahəsinə müvəqqəti qoyulmuş jalüz qapını qıraraq həyətyanı sahədə olan və qapısı olmayan saxlanc yerindən 1 ədəd perefarator, 1 ədəd drel, 1 ədəd laqonda və 1 top miss elektrik naqilini oğurlayaraq “Bit bazarı” adlanan ərazidə tanımadığı şəxsə sataraq öz şəxsi mənfəəti üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ləhic bağları, 20-ci dalanda tikintisi davam edən bağ evi var. Mütamadi olaraq həyətdə təmir-tikinti aparan usta və fəhlələr olmuşdur. Həmin şəxslər təmir-tikinti üçün istifadə etdikləri material və alətlərini həyətin bir küncündə tikilmiş saxlanc yerində saxlamışdırlar. xx.xx.2025-ci il tarixdə usta ona zəng edərək, təmirtikinti işlərini aparmaq üçün istifadə etdikləri alətlərin saxlanc yerində olmadığını və oğurlanmasından şübhə etdiklərini bildirmişdirlər. O da, bağa gələrək, həmin saxlanc yerinə baxış keçirmiş və məlum olmuşdur ki, oradan 1 ədəd dəyəri 370 manat olan perefarator, 1 ədəd dəyəri 60 manat olan drel, 1 ədəd dəyəri 80 manat olan laqonda və 1 top dəyəri 200 manat olan miss elektrik naqilinin oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona, ümumilikdə 710 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 Qəhraman oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 Qəhraman oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özü fərdi əməklə, yəni fərdi tikilən evlərdə mühəndislik edir. Hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 20-ci dalanda yeni tikilmiş fərdi evlərin birində işləyir. İşlədiyi yerdə özünə məxsus tikinti alətləri və digər əşyaları var. xx.xx.2025-ci il tarixdə səhər saatlarında işə gələn zaman naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus olan 01 ədəd 250 manat dəyərində “İnco” markalı laqonda, 01 ədəd 90 manat dəyərində 45 metr uzunluğunda cərəyan naqili uzadan, 660 manat dəyərində 100 metr uzunluğunda 4x6 ölçülü 3 fazalı elektrik naqilinin oğurladığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 (min) manat maddi ziyan dəymişdir. Cinayət işinin 4-7-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, 42-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə ona məxsus olan və həmin tikintisi davam edən bağ evindən həyətdə yerləşən, qapısı olmayan saxlanc yerindən oğurluq olması barədə məlumat olunmuşdur. Hadisə yerinə baxış zamanı fərdi həyət evinin həyətyanı sahəsində yerləşən və oğurluq olunan saxlanc yerinə baxış zamanı bir ədəd şüşə butulkanın maddi sübut əhəmiyyət kəsb edən üzərindən əl-barmaq izləri götürülmüşdür. Ev sahibi Zərərçəkmiş şəxs1 həmin şüşə butulkanın ona məxsus olmadığını bildirmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 25-28-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nardaran qəsəbəsi, Ləhiş bağları 20-ci dalanda yerləşən fərdi yeni tikilmiş bağ evinə baxış keçirilmişdir. Bağ evi yeni tikilmişdir və tikinti davam edir. Evə daxil olduqda sağ tərəfdə təxminən 35 m2 olan otaqdan, elektrik naqili uzadan və laqonda, digər təxminən 6 m2 ölçülü otaqdan isə elektrik naqilinin oğurlandığı aşkar edilmişdir. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerində oğurluq etmiş naməlum şəxsin videogörüntüləri diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 69-cu vərəqində olan xx.xx.2025-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-101-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-308/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsdə olma müddətinin əvvəlinin 26 iyun 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-8381/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli, 3-13-49/2- 22976/2025 nömrəli məktubu vasitəsilə, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 20-ci dalan ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ev 3163-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədinin (“butulka” üzərindən götürülmüş) (ADİS-in məlumat bankına İmişli İHOSM-dən daxil olan) xx.xx.1967-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun (02 dəfə) və sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Abbasov X1 Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1 hissəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 4 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işinin 110-cu vərəqində olan “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Nayıbov, Azərbaycan Respublikası CPMnin 51, 85, 95 və 236-cı maddələrini rəhbər tutaraq tərtib edir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd diskə yazılmış videoçəkilişə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sabunçu RPİ-nin MSY-də baxış keçirtmişdir. Baxış zamanı 01 ədəd CD diski açarkən orada 03 ədəd fayl olduğu aşkar edilmişdir. Həmin diskdə olan “VİDEO-2025-05-27-09-16-58” adlı fayla baxış keçirilən zaman oğurluğun 11 may 2025-ci il tarixdə baş verdiyi aşkar edilmişdir. Həmin videogörüntünün 58-ci saniyəsində iş üzrə Təqsirləndirilən şəxs fərdi həyət evinin yarımçıq hasarından fərdi həyət evinin həyətyanı sahəsinə daxil olması, 04.31.20-ci saniyəsində həyətyanı sahəyə baxaraq nəsə axtarması, 04.31.40-cı saniyəsində fərdi həyət evinə daxil olması, 04.33.55-ci saniyəsində fərdi həyət evindən əlində ağ rəngli 1 top şunurla (uzatma kabeli) çıxması, 04.34.15-ci saniyəsində fərdi həyət evinin yarımçıq hasarından əlindəki ağ rəngli 1 top şunurla (uzatma kabeli) çıxması görüntüləri aşkar edilmişdir. Həmin diskdə olan “VİDEO-2025-05-27-09-26-56” adlı fayla baxış keçirilən zaman görüntünün 05.06.30cu saniyəsində iş üzrə Təqsirləndirilən şəxs fərdi həyət evinə daxil olması, 05.09.22-ci saniyəsində fərdi həyət evindən əlində bir laqonda ilə çıxması, 05.09.46-cı saniyəsində fərdi həyət evinin yarımçıq hasarından əlindəki bir ədəd laqonda çıxması görüntüləri aşkar edilmişdir. Həmin diskdə olan “VİDEO-2025-05-27-09-26-32” adlı fayla baxış keçirilən zaman görrüntünün 05.12.52-ci saniyəsində iş üzrə Təqsirləndirilən şəxs fərdi həyət evinin yarımçıq hasarından fərdi həyət evinin həyətyanı sahəsinə daxil olması, 05.13.06-cı saniyəsində fərdi həyət evinə daxil olması, 05.14.25-ci saniyəsində fərdi həyət evindən ağ rəngli 1 top şunurla çıxması, 05.14.45-ci saniyəsində fərdi həyət evinin yarımçıq hasarından əlindəki ağ rəngli 1 top şunurla çıxması görüntüləri aşkar edilmişdir. İş üzrə təqsirləndirilən şəxs həmin videogörütüdəki şəxsin özü olduğunu bildirərək 11 may 2025-ci il tarixdə etdiyi oğurluq cinayətinin görüntüləri olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin 116-120-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması gündüz vaxtı təbii işıqla keçirilmişdir. İfadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 20-ci dalana gedilmişdir. Orada Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə, saat 04.30-dan həmin gün 05.15-dək olan müddət ərzində fərdi həyət evindən 01 ədəd “İnco” markalı laqonda, 01 ədəd 45 metr uzunluğunda cərəyan naqili uzadan, 100 metr uzunluğunda 4x6 ölçülü 3 fazalı elektrik naqilini oğurladığı yeri əyani şəkildə göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 20-ci dalanda yerləşən fərdi həyət evinə qanunsuz daxil olub, evin həyətində olan saxlanc yerində olan 01 ədəd perefarator, 01 ədəd drel, 01 ədəd laqonda, mis elektrik naqillərini oğurladığı yeri əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı “SONY” fotoaparatı ilə fotoşəkillər çəkilmişdir. Protokol ucadan oxunuldu, iştirakçılar tərəfindən şikayət, ərizə daxil olmadı və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 121-126-cı vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə oğurluq etməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD diskin və 23 iyun 2025-ci il tarixdə oğurluq etməsini təsdiq edən hadisə yerindən götürülmüş əl-barmaq izlərinin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə oğurluq etməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk və 23 iyun 2025-ci il tarixdə oğurluq etməsini təsdiq edən hadisə yerindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə oğurluq etməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk və 23 iyun 2025-ci il tarixdə oğurluq etməsini təsdiq edən hadisə yerindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-682/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-682/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver