Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-683/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə Suraxanı RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə məhkəmənin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə, saat 03:10 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan qapısının açıq olmasından istifadə etməklə avtomobilə daxil olub, sükanın alt hissəsindən naqilləri birləşdirməklə mühərriki işə salaraq avtomobili hərəkətə gətirib idarə etməklə oradan uzaqlaşaraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o müxtəlif yerlərdə işləyərək qazanc əldə etmişdir. Avtomobillərə marağı olduğundan, eyni zamanda, avtomobil əldə etməyə maddi imkanı olmadığı üçün əvvəllər də avtomobil qaçırmağa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 03:10 radələrinədək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən kafelərdən birində spirtli içki qəbul edərək kafedən çıxmış, avtomobil idarə etmək istədiyi üçün talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib sürmək istəmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısından keçərkən “VAZ-2106” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, həmin avtomobilə yaxınlaşaraq qapılarının açıq olub-olmadığını yoxlamışdır. “VAZ-2106” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının açıq olduğunu görərək həmin qapıdan avtomobilin içərisinə daxil olaraq sükan arxasına keçmiş, avtomobillərin elektrik sistemindən anlayışı olduğu üçün sükanın alt hissəsində olan naqilləri birləşdirərək avtomobilin mühərrikini işə salmışdır. Bundan sonra, avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmış, bir qədər irəlilədikdən sonra Sabirabad rayonunda yaşayan anasının yanına getməyi, oradan qayıtdığı zaman avtomobili qaçırdığı yerə geri qaytarmağı planlaşdırmışdır. “VAZ-2106” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığında yerləşən kafenin qarşısından keçdiyi zaman təqribən 10 ay əvvəl tanış olduğu Şahid görmüş, Fuadla aralarında dostluq münasibəti olduğundan, pulu olmadığı dövrdə Fuadın ona qonaqlıqlar verdiyini nəzərə alaraq avtomobili kənara çəkərək saxlamış, avtomobildən düşərək Fuada görüşmüşdür. Fuada Sabirabad rayonuna getdiyini bildirərək ona birlikdə rayona getməyi təklif etmiş, Fuad onun təklifi ilə razılaşmışdır. Avtomobilə əyləşdikdən sonra Fuad ondan avtomobilin kimə məxsus olduğunu soruşmuş, o, Fuada idarə etdiyi avtomobilin dostuna məxsus olduğunu bildirmişdir. 14 sentyabr 2022-ci il tarixdə, saat 08 Sabirabad rayonu, Poladtoğayı kəndinə çatdıqları zaman avtomobilin benzini qurtarmış, avtomobili yolun kənarında saxlayaraq yoldan avtomobil keçməsini gözləmişlər. Bir müddət sonra yol kənarında bir avtomobil saxlamış, avtomobildən enən şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, “VAZ-2106” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılmasında şübhəli olduqlarını bildirərək Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları onları avtomobillə birlikdə Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-yə gətirmişlər. Bölmədə törətdiyi əməli səmimi etiraf edərək izahat vermiş, daha sonra isə onu Sabunçu RPİ-nin İŞ-yə gətirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində yerləşən fərdi evdə iş yoldaşları ilə birlikdə kirayə yaşayır. “VAZ-2106” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Qeyd olunan avtomobili idarə etdiyi müddətdə heç bir cəriməsi və ya yol nəqliyyat hadisəsi olmamışdır. O, hər dəfə avtomobili yaşadığı ünvanın qarşısında saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvanın qarşısında saxlayaraq qapılarını bağlayıb evə getmiş, növbəti gün, yəni, 14 sentyabr 2022-ci il tarixdə, saat 08:45 radələrində işə getmək üçün evdən çıxmış, lakin, avtomobilin evin qarşısında saxladığı yerdə olmadığını görmüşdür. Bundan sonra, o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək avtomobilinin qaçırılması ilə bağlı məlumat vermiş, bir müddət sonra polis əməkdaşları olduğu ünvana gələrək hadisə yerinə baxış keçirmiş, buna dair protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən kafelərin birində oturub spirtli içki qəbul etmiş, təxminən saat 03:30 radələrində Təqsirləndirilən şəxs oturduğu kafenin qarşısına gələrək onu səsləmiş, o, kafedən çıxaraq Əli ilə görüşmüş, Əli də onun kimi sərxoş vəziyyətdə olmuşdur. Əli onu yoldan keçərkən gördüyünü, Sabirabad rayonuna getdiyini bildirmiş, Əlidən hansı avtomobillə getdiyini soruşduqda, o, dostundan müvəqqəti idarə etmək üçün “VAZ-2106” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, həmin avtomobillə rayona gedəcəyini bildirmişdir. Bundan sonra Əli kafenin yanında saxladığı həmin avtomobili göstərərək onu da, rayona dəvət etmiş, o, Əlinin təklifi ilə razılaşmışdır. O, qeyd olunan avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, sərxoş vəziyyətdə olduğu üçün Əlinin, qeyd olunan avtomobili necə işə saldığına fikir verməmişdir. Onlar Qaradağ-Ələt yolu ilə Hacıqabul istiqamətində hərəkət etmiş, Hacıqabul rayonundan isə Şirvan istiqamətində hərəkət edərək Sabirabad rayonuna getməyi düşünmüşlər. Əli ona 1-2 gün qalıb sonra qayıdacaqlarını bildirmiş, Əli ilə razılaşmışdır. Sabirabad rayonu, Poladtoğayı kəndində çatdıqları zaman avtomobilin benzini bitmiş, onlar yol kənarında duraraq başqa avtomobillərin yoldan keçməsini gözləmişlər. xx.xx.2022-ci il tarixdə, saat 08:00 radələrində yol kənarında bir avtomobil saxlamış, avtomobildən enən şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, “VAZ-2106” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılmasında şübhəli olduqlarını bildirərək Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları onları avtomobillə birlikdə Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nə gətirmişlər. Cinayət işinin 38-ci vərəqəsində olan 17 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-85-ci vərəqəsində olan 19 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 89-91-ci vərəqəsində olan 19 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Kənan Kərimlinin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan 19 sentyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 210-cu vərəqəsində olan 23 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Vaz-2106” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin 219-221-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-683/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-683/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver