Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-683/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1987-ci il tarixdə Gürcüstan Respublikası, Marnueli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində ünvan 3 ünvanın blokundakı liftin içərisində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən sillə ilə bir dəfə qəsdən vurmaqla ona sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Gülnarə ilə 2 aya yaxındır tanış olmuş və aralarında münasibət yarandığı üçün qeyri-rəsmi olaraqn yaşamağa başlamışlar. Lakin, son günlər Gülnarənin ona qarşı soyuq münasibətini hiss etmişdir. Bu barədə Gülnarəyə demiş, lakin sonuncu etiraf etməmişdir. Bu da aralarında daha da narazılıqlara səbəb olmuşdur. Bu barədə Gülnarənin özü ilə söhbət etmək istəmişdir. Odur ki, xx.xx.2024-cü il tarixdə, səhərə yaxın saat 05 radələrində Gülnarənin yaşadığı ünvan 4 ünvana gəlmiş, qapını döydükdə, Gülnarə qapını açmışdır. O, evə keçmiş, bu zaman Gülnarəyə aralarında olan münasibətlərin soyuq olmasına səbəbin nə olmasını soruşmaq istədikdə, Gülnarə düşüb həyətdə sakit şəkildə söhbət etmələrini demişdir. Odur ki, birlikdə həyətə düşmək üçün evdən çıxmışlar. Onlar birlikdə liftə daxil olmuşlar. Liftdə Gülnarə onun ünvanına nəlayiq küçə söyüşləri ilə söyərək təhqir etdiyi üçün o, əsəbləşib bir dəfə Gülnarənin sifətindən sillə ilə vurmuşdur. Sonra lift birinci mərtəbəyə çatmış və o, liftən düşən zaman qarşısında dayanan Gülnarəni əliylə yavaşca yolunun üstündən çəkilməsi üçün kənara itələyib düşüb getmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 aya yaxındır tanış olmuş və aralarında münasibət yarandığı üçün qeyri-rəsmi münasibətdə yaşamağa başlamışlar. Lakin, o, son günlər xasiyyətlərinin düz gəlmədiyini görüb ayrılmaq qərarına gəlmişdir. Renat isə ayrılmaq istəməmiş, buna görə də tez tez yaşadığı evə gəlmişdir. O, isə Renata onu bir daha narahat etməməsini demişdir. Renat onu başqası ilə əlaqədə olmaqda günahlandırmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, səhərə yaxın saat 05 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüş və o, qapıya yaxınlaşanda Renatın olduğunu görmüşdür. Qapını açmış və Renat evə keçmişdir. Bu zaman Renat onunla sözlə mübahisə etməyə başlamış, o, evdə səs-küy salmamasını, düşüb həyətdə sakit şəkildə söhbət etmələrini demişdir. Odur ki, birlikdə həyətə düşmək üçün evdən çıxmışlar. Birlikdə liftə daxil olan zaman yenidən Renat onunla mübahisə etməyə başlamış və bu zaman gözləmədiyi anda Renat bir dəfə sillə ilə onun sifətinin sol nahiyəsindən zərbə vurmuşdur. Sonra liftin qapısı açılanda əli ilə onu itələyib çıxıb getmişdir. Renatın hərəkətlərindən artıq bezdiyi üçün bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Renat adlı şəxsin barəsində qanuni tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Hadisə onun yaşadığı ünvan 3 ünvanın blokundakı liftin içərisində baş vermiş, Renatın onu bir dəfə sillə ilə sifətindən vurması ani zaman kəsiyində baş vermişdir. Həmin vaxt liftdə Renatla ondan başqa heç kəs olmadığından, hadisəni heç kəs görməmişdir. Həmçinin baş vermiş mübahisə zamanı o, Renatı vurmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onu bir dəfə sillə ilə sifətindən vurduqdan sonra əli ilə itələyən zaman o, hər hansı xəsarət almamışdır. Renat onu yalnız sillə ilə sifətindən vurması nəticəsində sol göz və sol sifət nahiyələrindən xəsarət almışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 3 nömrəli evin blokunda yerləşən liftin içərisidir (i.v.10-11). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli, 1927 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs- sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dərialtı hematoması müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.17-18). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2005-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilməklə AR CM-nin 70-ci maddəsi ilə tətbiq edilməkıə həmin cəza 01 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza dəyişdirlərək üzərində qəti olaraq 01 il müddətə islah işləri cəzası saxlanılmışdır (i.v. 51-52). “Sübutların qiymətləndirilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələrinin, baxış keçirilməsinə dair protokolun, məhkəmə-tibbi ekspertizasının rəyinin sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 53-56). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Bakı Şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı sərf etdiyi 25 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 5 iş saatına, cəmi 30 iş saatına görə 6 manat hesablanmaqla 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-683/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-683/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver