Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-684/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X5, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Füzuli küçəsi, ev 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 avqust 2019-cu il tarixdən başlayaraq 11 oktyabr 2009-cu il tarixdə anadan olmuş X2 və 08 aprel 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 160,00 manat, ümumilikdə cəmi 320,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(011)-7027/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 3(008)-3565/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 8 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 24 sentyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 24 dekabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 6807,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri digəri ilə uzlaşan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən hazıradək yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq ev tikinti-təmiri işəlri ilə məşğul olaraq gündəlik gəliri orta hesabla 20,00 manat müqabilində təşkil edir. 2007-ci ilin sentyabr ayının 6-da Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 11 oktyabr 2009- cu il tarixdə Dinara adlı və 08 aprel 2011-ci il tarixdə Leyla adlı iki qız övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu 2017-ci ilin iyul ayında iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ilin qış aylarında ondan boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 06 avqust 2019-cu il tarixdən başlayaraq 11 oktyabr 2009-cu il təvəllüdlü Dinara Hüseynovanın və 08 aprel 2011-ci il təvəllüdlü Leyla Hüseynovanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər bir uşağa görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdə alimentin ödənilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsini maddi imkansızlığı səbəbindən icra edə bilməmiş və onun əməlində qərəz olmamışdır. Bununla yanaşı, o, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə olan aliment borcundan 4000 manat məbləğində ödəniş etmişdir. Qalan 2807 manatı hazırda ödəmək imkanı yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, 2019-cu ilin qış aylarında Təqsirləndirilən şəxs boşanmaq və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikah ləğv olunaraq 06 avqust 2019-cu il tarixdən başlayaraq 11 oktyabr 2009-cu il təvəllüdlü Dinara Hüseynovanın və 08 aprel 2011-ci il təvəllüdlü Leyla Hüseynovanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər bir uşağa məbləğdə alimentin ona ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. İcra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İcra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdınlması barədə qərar qəbul edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 3(008)-3565/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 8 gün müddətə həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona 4000 manat ödəniş etmişdir. Lakin aliment borcu tam ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Vahid qızı ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2019cu il tarixli, 2(011)-7027/2019 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs iki uşağın saxlanması üçün hər ay cəmi 320,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır, icra sənədi 19 dekabr 2019-cu il tarixdə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəlmiş və 19 dekabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir, icraata başlamaq haqqında qərar bildirişlə bərabər borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmişdir. Məcburi icra tədbirləri kimi borcluya məxsus əmlakların olubolmaması barədə “Elektron İnformasiya” Sistemi vasitəsilə sorğu edilmiş və borclunun adına heç bir əmlak və qiymətli kağızlar aşkar edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(008)-14/2021 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdınlmışdır. Borclu şöbəyə gələrək 27 fevral 2020-ci il və 26 avqust 2020-ci il tarixlərdə tərəfimizdən izahatı alınmışdır. Borclu izahatında işsizliyi ilə əlaqədar aliment pulunu ödəmədiyini qeyd etmişdir. 26 avqust 2020-ci il tarixdə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 26 avqust 2020-ci il tarixli, 3(008)-1802/ 2020 saylı qəran ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir, icra sənədinin icrası ilə bağlı borclunun yaşadığı və qeydiyyatda olduğu ünvana 12 noyabr 2020-ci il və 18 dekabr 2019-cu il tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. X4 şöbəyə ərizə ilə müraciət edərək borclu barəsində materialların istintaq idarəsinə göndərilməsini xahiş etmiş, icra sənədinin icrası ilə əlaqədar 09 avqust 2019-cu il tarixdə borclunun ünvanına xəbərdarlıq göndərilmiş və 23 avqust 2021-ci il tarixdə borclu şöbəyə gələrək izahatı alınaraq barəsində inzibati protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 3(008)-3565/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. 03 dekabr 2021-ci il tarixdə borclunun yaşadığı ünvanına baxış keçirilmiş və borcluya məxsus hər hansı bir qiymətli əşya aşkar edilməmiş və bu barədə həmin tarixdə akt tərtib olunmuşdur. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 22 dekabr 2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləğin tam şəkildə ödənilməsini və borclunun cinayət məsuliyyətinə cəlb olunması barədə tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb edilməsinə, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq tam icra etməmiş və 24 dekabr 2021-ci il tarixədək 6807,00 manat məbəlğində aliment borcu yaranmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının CM- nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 Vahid qızının ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(011)-7027/2019 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 07 sentyabr 2007-ci il tarixli, 1369 saylı akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, 11 oktyabr 2009-cu il təvəllüdlü X6 və 08 aprel 2011-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün anaları Zərərçəkmiş şəxs yanında qalmaları və onların saxlanılmaları üçün 06 avqust 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qəgt edilmişdir (i.v.10-13). Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 06 dekabr 2019-cu il tarixli, 2(011)-7027/2019 saylı icra vərəqəsindən görünür ki, icra vərəqəsi 06 dekabr 2019-cu il tarixdə verilmişdir (i.v.14). “İcraata başlamaq haqqında” 19 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 06 dekabr 2019-cu il tarixli, 2(011)- 7027/2019 saylı icra vərəqəsinə iş üzrə icraata başlanılmışdır (i.v 15). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(008)-14/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.25-26). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 3(008)- 1802/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v.35-37). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 3(008)- 3565/2021 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (i.v.48). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs iş materiallarında olan 06 iyul 2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında bildirmişdir ki, “Alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bu vaxta qədər tam ödəməməsinin səbəbi iki azyaşlı uşağını onunla görüşməyə icazə verməməsi olmuş, o da bu səbəbdən aliment borcunu ödəməkdən yayınmışdır” (i.v.80-83). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi bu xüsusat onun məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmasının bariz nümunəsidir. Belə ki, Zərərçəkmiş şəxs uşaqlarının ataları ilə görüşməsinə icazə verməməsi özüözlüyündə dövlət adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq üçün əsas olmamaqla uşaqların atası olaraq Təqsirləndirilən şəxs uşaqları ilə görüşmək üçün görüş günlərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə ərizə ilə müraciət etməsi üçün əsasdır ki, hazırda iş materialları ilə belə bir ərizə ilə onun məhkəməyə müraciət etməsi halı da müəyyən edilməmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli, 12/ƏN-203 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.77). “Qətimkan tədbiri seçmək haqqında” 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.103-104). Məhkəmə baxışı zamanı təqdim edilmiş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs aliment məbləğindən 4000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), vurulmuş ziyanı qismən, yarıdan çox hissəsini ödəməsini (AR CM 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmaması, həmçinin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməməsi, onun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılaraq bir sıra hüquqlarına məhdudiyyət qoyulmaqla islah olunmasının mümkün olması, onun hər ay aliment borcundan ödənişlər etməsinin təmin edilməsi üçün fərdi əməklə məşğul olmasının mümkünlüyü diqqətə alınmaqla onun cəmiyyətdən tam təcrid edilməməsinin xeyirlərinə aliment ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşaqlarının da mənafeyinə xidmət etməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-684/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-684/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver