Məhkəmə qərarları › İş №1(008)-684/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-684/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-684/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,349 qram, 0,304 qram, 0,191 qram, 0,204 qram, 0,202 qram, ümimi təmiz çəkisi 1,250 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və 26 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində özünü şübhəli apardığına görə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirildikdən sonra orada onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,349 qram, 0.304 qram, 0,191 qram, 0,204 qram, 0,202 qram, ümimi təmiz çəkisi 1,250 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitə heroindən çəkməklə istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 50 manata gündəlik tələbatına və normasına uyğun olaraq 05 ədəd kağız bükümdə narkotik vasitə heroin alıb üzərində saxlamış və düşünmüşdür ki, münasib bir yerdə həmin heroindən istifadə etsin. Pulu oluğundan heroini 05 bükümdə almışdır ki, bir neçə gün ərzində həmin heroinlərdən istifadə edər. Həmin bükümlər heroini aldığı şəxsin özü tərəfindən 05 ədəd kağız bükümə ayrılmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər ona yaxınlaşmış, onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt o polis əməkdaşlarının verdiyi suallara cavab verməmiş, yayınıb qaçmaq istəmişdir, çünki üzərində öz istifadəsi üçün narkotik vasitə heroin olmuşdur, lakin polis əməkdaşları onu saxlayıb Sabunçu RPİ-nin 14cü PB-nə dəvət etmişlər, PB-nə gəldikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra onun üzərinə şəxsi-axtarış keçiriləcəyi elan edilmişdir, bu zaman öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində olan qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda və varsa təqdim etməyi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia" markalı mobil telefonu və şalvarının sağ yan cibindən 05 ədəd xırda kağız bükümdə narkotik vasitə “kakos” adlanan heroini təqdim etmişdir. Sorğu-sual zamanı o təqdim etdiyi 05 ədəd bükümlərdə olan maddənin “kakos” deyilən narkotik vasitə olduğunu, həmin narkotiki Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 50 manata alaraq öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Belə ki, o həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 50 manata alıb üzərində saxladığını bildirmişdir. Üzərinə axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddə ekspertizaya göndəriləcəyi elan edilərək zərfə qoyulmuş və üzəri möhürlənmişdir. O, tərtib edilmiş sənədlərin doğruluğunu öz imzası ilə iştirakçılarla birlikdə təsdiq etmişdir. O, həmin narkotik vasitəni xırda bükümlərə bölünmüş vəziyyətdə almışdır və özü bükümlərə ayırmamışdır, narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız arada özü heroindən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış və baxış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı tərəfindən yoxlanış keçirilməmişdir. O, başqa hər hansı yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. İlkin ifadəsində 05 ədəd bükümü şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etməyini səhvən bildirmişdir. Bükümləri şalvarının sol yox, sağ yan cibindən çıxarıb təqdim etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 26 yanvar 2023-cü il tarixdə iş yoldaşı 14-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə inzibati ərazidə olarkən saat 18:00 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görərək onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək onlara yayınmağa çalışmışdır. Həmçinin həmin şəxsin nəsə gizlətməyə çalışması onlar da şübhələr yaratmışdır. O, onlara cavablar verərkən nədənsə narahat olduğunu, tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görüb, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bu barədə raportla rəisə məruzə etdikdən sonra araşdırmanın aparılması 14-cü PB-nin təhqiqatçısına tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi qismində Bakı şəhəri saylı Vəkil Bürosunun vəkili dəvət edilmişdir. Bundan sonra onun üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində olan qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda və varsa təqdim etməyi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd "Nokia” markalı mobil telefonu və şalvarının sağ yan cibindən 05 ədəd xırda kağız bükümlərdə narkotik vasitə “kakos” adlanan heroini təqdim etmişdir. Sorğu-sual zamanı o, təqdim etdiyi 05 ədəd bükümlərdə olan maddənin “kakos” deyilən narkotik vasitə olduğunu, həmin narkotiki xx.xx.2023-cü il tarixdə Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 50 manata alaraq öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Üzərinə axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddə ekspertizaya göndəriləcəyi elan edilərək zərfə qoyulmuş və üzəri möhürlənmişdir. Tərtib edilmiş sənədlərin doğruluğunu öz imzası ilə iştirakçılarla birlikdə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. 05 ədəd bükümün Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində olması barədə ifadəsində göstərdikləri həqiqəti əks etdirmir, 05 ədəd büküm Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində aşkar edilmişdir. Şahid qismində dindirilmiş Sabunçu RPİ 14-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.174-176); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.15); şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli şalvarının sağ yan cibindən beş ədəd şəffaf sellofanda tünd rəngli madəni və şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq beş ədəd şəffaf sellofanda tünd rəngli maddənin narkotik vasitə “Kakos” deyilən maddə olduğunu, həmin maddəni bu gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadə üçün üzərində saxladığını, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Götürülmüş maddələr və bir ədəd mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 6/497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,349 qr., 0,304 qr., 0,191 qr., 0,204 qr., 0,202 qr., ümumi təmiz çəkisi 1,250 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (i.v.34-38); DVD diskinə baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xidməti otaqda Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin təhqiqatçısı özünü təqdim edir. Bundan sonra otaqda olan mülki geyimdə olan şəxs özünü Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 kimi, mülki geyimdə olan saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. Təhqiqatçı 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini bildirir və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və 05 ədəd xırda sellofan bükümlərdə narkotik vasitə “kakos” adlanan heroini təqdim edir. Sorğu-sual zamanı o təqdim etdiyi 05 ədəd bükümlərdə olan maddənin “kakos” deyilən narkotik vasitə olduğunu, həmin narkotiki Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 50 manata alaraq öz istifadəsi üçün üzərində daşıdığını bildirir. Belə ki, o həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 50 manata alıb üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı aşkar edilmiş maddə ekspertizaya göndəriləcəyi elan edilərək zərfə qoyulur və üzəri möhürlənir. İştirakçılar tərəfindən imzalarla təsdiq edilir (i.v.49-50); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı var (i.v.66-69); vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.74-76); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v.77-78); Maddi sübut kimi tanıma haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,250 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 1, 150 qram hissəsi Sabunçu RPİ-nin saxlancına verilmişdir (i.v.85-86); Mobil telefona baxış keçirilməsi haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefon “Nokia 1110” markalı mobil telefondur və telefonda ***-***- **-** saylı abonent nömrəsi vardır, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair hər hansı mesaj mətinləri və sair materiallar, o cümlədən iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (i.v.90); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 541 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (i.v.103-104); sübutların qiymətləndirilməsi haqqında 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD diski cinayət işi üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.108-112); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-1000/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır (i.v.142-146); Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham edilmişdir (i.v.198-199); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır (i.v.213-214); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1,250 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4) həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, narkotik vasitənin miqdarı və bükümlərin sayını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,250 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,150 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,250 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,150 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar