Məhkəmə qərarları › İş №1(008)-685/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-685/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-685/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 101 üvamnda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 49,800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 18 mart 2023-cü il tarixdə, saat 16:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar massivi, ev-101 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirilib həmin bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli pencəyin sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik təmiz çəkisi 49,800 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis bölməsində təzyiqlərə məruz qaldığından və qorxduğundan üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini, həmin narkotik vasitəni 500 manata satacağını bildirmişdir. Onun narkotiklərin satışı ilə məşğul olmasını təsdiq edən heç bir sübut yoxdur. O, uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. Bundan öncə də ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və o zaman da onun narkotik vasitələrin satışı ilə məşğul olmadığı məhkəmə istintaqı zamanı aşkar olunmuşdur. O, Bakı İstintaq Təcridxanasında olarkən bir nəfər məhkumla tanış olmuş və həmin məhkum Fazil adlı qardaşının narkotik vasitələrin satışı ilə məşğul olduğunu ona bildirərək əlaqə nömrəsi də vermişdir. O, istifadəsi üçün narkotik vasitə əldə etmək üçün həmin şəxslə əlaqə saxlayaraq arada bir narkotik vasitə alaraq istifadə edirmiş. Sonuncu dəfə saxlanılandan bir gün öncə Fazildən narkotik vasitə marixuana almışdır. O, həmin nakotik vasitəni satmaq üçün deyil, özünün istifadəsi üçün almışdır. Telefonunda olan yazışamalardan da onun alıcı kimi mesajlar yazması görünməkdədir. Xahiş edir ki, onun əməlinə düzgün hüquqi qiymət verilsin. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs polis bölməsində psixolji təzyiqlərə məruz qaldığını, döyülməsə də, bir iki dəfə polis əməkdaşlarının ona şillə vurduqlarını, xəsarətlərinin olmadığını, saxlanılan zaman üzərində tərəzi olmadığını, tərəzinin polis bölməsində ona verilərək təqdim etməsinin bildirildiyini, sadəcə istifadə məqsədi ilə üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 18 mart 2023-cü il tarixdə onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Sabunçu rayonu Maştağa qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, üzərində saxlanması və satışı ilə məşğul olurmuş, ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu təşkil edilmişdir. O həmin qrupa rəhbərlik etmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Əkbərov X1 rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi, ev-101 ünvanın yaxılığmda keçədə piyada gəzərkən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmişdir. Polis bölməsində videoçəkilişlə xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır, bu hərəkət aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyin sağ yan cibindən 01 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxardıb masanın üstünə qoyaraq bildirmişdir ki, həmin bükümdəki narkotik vasitə qurudulmuş marixuanadır və o bir bükümü 350 manata İran İslam Respublikası vətəndaşı Fazil adlı şəxsin vasitəsi ilə 350 manata alıb 500 manata müxtəlif şəxslərə satacaqmış. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və müəyyən edilmişdirki, spesifik iyə malik olan, ot kimi maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən qara rəngli “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm və elektron tərəzi zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında iştirak edən şahid Bədəlov vasif Sabir oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, 18 mart 2023-cü il tarixdə, saat 16:15 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi, ev-101 ünvanının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb 14 -cü polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli pencəyin sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik təmiz çəkisi 49,800 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, əynində olan həmin pencəyin sol yan cibindən 01 ədəd üzük, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** və ***-***- **-** simkart nömrələri olan “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (i.v. 33-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 19 mart 2023-cü il tarixli, 7/409 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « vət.Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə və 1 ədəd elektron tərəzi» yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 49,800 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 1 ədəd 12x7sm ölçüdə gümüşü-qara rəngli elektron tərəzinin üzərində bitki mənzəli narkotik vasitələrin hissəcikləri yoxdur (i.v.41-44). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış zamanı götürülmüş 01 ədəd qara rəngli içərisində ***-***-**-** və ***-***-**-** nömrələr olan “Honor” markalı mobil telefon aparatına baxış keçirilmiş və mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (i.v.84). Məhkəmə-narkoloji ekspertizasının 28 mart 2023-cü il tarixli, 1694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların vı kannbioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intiksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.114-115). “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 49,800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd tərəzi maddi sübut kimi tanınmış, həmin qurudulmuş marixuanain tədqiqatdan sonra 49,750 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.131). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən imzalanmış komputer vasitəsi ilə yazılmış ifadələrdə təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə 350 manata alaraq 500 manata satacağını bildirməsi göstərilsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istintaq zamanı psixoloji təzyiqlərə məruz qaldığından üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirdiyini, buna dair iş materiallarında heç bir sübutun olmadığını, ona əvvəllər də narkotik vasitələrin satışı ilə əlaqədar ittiham irəli sürüldüyün, lakin məhkəmə istintaqı zamanı həmin halın öz təsdiqini tapmadığını, uzun illərdir narkotik vasitələrdən istifadə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məlumdur ki, təqsirləndirilən şəxsin ifadəsi digər sübutlarla təsdiq olunduğu təqdirdə təqsirləndirilən şəxsin etirafedici ifadəsi ittihamın əsasını təşkil edə bilər. Belə ki, AR CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarında olan Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixli izahatından (i.v.36-37), şübhəli şəxsin dindirilməsinə dair 19 mart 2023-cü il tarixli protokoldakı ifadəsindən (i.v.47-49), o cümlədən, təqsirləndirilən şəxsin dindirilməsinə dair 20 mart 2023cü il tarixli protokoldakı ifadəsindən görünür ki, onun ifadələri ilkin izahatından kopyalamaqla sözbəsöz eyni yazılmış, hətta ona ilkin izahatında ünvanlanmış suallar da növbəti dindirmə protokollarına eynilə köçürülmüşdür. Çox maraqlıdır ki, təqsirləndirilən şəxs ifadəsində “üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini” göstərməsinə baxmayaraq nə təhqiqatçı, nə də müstəntiq tərəfindən ona indiyədək narkotik vasitələri satıb-satmaması, satmışdırsa kimlərə satması, əldə etdiyi narkotik vasitəni satacağı şəxsin kimliyi barədə hər hansı sual ünvanlanmadan formal olaraq ifadələr biri digərini təkrarlamış və iş üçün əhəmiyyət kəsb edən, obyektiv həqiqətin müəyyən edilməsi üçün verilməsi zəruri olan suallar təqsirləndirilən şəxsə verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla (nəzərə alınsa ki, təqsirləndirilən şəxsin üzərində saxlayaraq daşıdığı narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. İstintaq orqanınn istinad etdiyi şahid ifadələrinə gəlincə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə zamanı narkotik vasitəni satmaq məqsədi ilə əldə edərək üzərində gəzdirdiyini bildirməsinə (nəzərə alınsa ki, təqsirləndirilən şəxs məhkəmə iclasında həmin sözləri təzyiq altında dediyini bildirmiş və məhkəmə araşdırması nəticəsində onun məhkəmə istintaqı verdiyi ifadəsi inandırıcı hesab edilmişdir) əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq şahid ifadələrinin şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. İstintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi digər sübut növü məhkəmə-kimyəvi ekspertizasının rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi işin mübahisəsiz halıdır (təqsirləndirilən şəxs özü də bunu təsdiq edir) və həmin rəy təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını təsdiq etməklə həmin narkotik vasitənin hansı məqsədlə əldə edilərək saxlanılmasını müəyyən edən sübut növü kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş tərəzi ilə bağlı isə məhkəmə qeyd edir ki, narkotik istifadə edən şəxsin üzərində tərəzinin olması birmənalı şəkildə onun narkotik vasitəni satmaq məqsədi ilə tərəzini üzərində gəzdirməsinin göstəricisi kimi qiymətləndirilə bilməz. Belə ki, təcrübədə çoxsaylı işlər üzrə narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edən şəxslərin də üzərində tərəzi gəzdirməsi, narkotik vasitəni alarkən onun çəkisinə əmin olaraq ödənişi etmələri üçün narkotik vasitəni həmin tərəzidən istifadə etməklə çəkmək məqsədi ilə üzərində gəzdirməsi halları müəyyən edilmişdir ki, bu da elektron tərəzidən yalnız narkotik vasitəni satan və satmağı planlaşdıran şəxslərin deyil, eyni zamanda şəxsi istifdəsi üçün əldə edən şəxslərin də elektron tərəzidən istifadə etmələrinin real və mümkün olması qənaətinə gəlməyə imkan verir. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 19 mart 2023-cü il tarixli, 7/409 saylı rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə və 1 ədəd elektron tərəzi» yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 49,800 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 1 ədəd 12x7sm ölçüdə gümüşü-qara rəngli elektron tərəzinin üzərində bitki mənzəli narkotik vasitələrin hissəcikləri yoxdur. Həmçinin, iş materiallarında olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış zamanı götürülmüş 01 ədəd qara rəngli içərisində ***-***-**-** və ***-***-**-** nömrələr olan “Honor” markalı mobil telefon aparatına baxış keçirilmiş və mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan bir müddət sonra müstəntiq tərəfindən məhkəməyə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrə daxil olan və həmin nömrələrdən göndərilən SMS yazışmaların mətni təqdim edilmiş və həmin SMS yazışmalarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına, satış məqsədi ilə narkotik vasitə əldə edərək saxlamasına dəlalət edən hər hansı SMS aşkar edilməmişdir. Həmin SMS-lərdə iş üçün əhəmiyyət kəsb edən yazışmalar: Təqsirləndirilən şəxs istifadə olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən göndərilmiş “Qaw mende qalan bir dene 5dik. Onu da pul elə verim sanada. Men sonra kimden dilanicem.əlimdə heç ne yoxdur”. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən ***-***-**-** mobil nömrəsinə yazdığı “Qaqaw gor alindira b”. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** nömrəsinə ***-***-**-** nömrəsindən göndərilmiş “Qaqaw gor alindira bilsen xeber elersende.ikisinide goturerdim vererdim sene. İnan pis gundeyem evde”. Göründüyü kimi təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrdə aşkar edilmiş yazışmalardan onun narkotik vasitəsinin satışı ilə məşğul olan şəxs olması deyil, əksinə həmin vasitələrin alıcısı və istifadəçisi olması (konkret nəyin alıcısı olması yazışmalardan aşkar görünmür), digər şəxslər tərəfindən ona nəyisə almasının təklif olunması aşkar görünməkdədi. Göründüyü kimi müstəntiq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** mobil nömrələrə daxil olan və həmin nömrələrdən göndərilən SMS yazışmaların mətninin təqdim edilməsi ilə bağlı məhkəmə qərarının icrasını gözləmədən, təqdim olunan yazışmaları tədqiq etməklə onlara hüquqi qiymət vermədən sadəcə təqsirləndirilən şəxsin özünün həmin narkotik vasitəni satmaq üçün aldığını bildirməsini əsas götürməklə cinayət işini tələsik formada məhkəməyə təqdim etmiş, lakin təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların mötəbər sübutlarla təsdiq edilməli olmasına dair qanunvericinin tələblərini görməzdən gəlmişdir. Bununla yanaşı, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 mart 2023-cü il tarixli, 1694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intiksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxsin hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, onda narkotik vasitələr və psixotrop maddələrin birgə qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur ki, bu hal özü də (kannabioidlərdən istifadə etməsi də diqqətə alınmaqla) təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin etirafedici ifadəsini, şahid ifadələrini və yuxarıda sadalanan iş materiallarını Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham üzrə təqsirliliyinin sübuta yetilməsi üçün kifayət olması qənaətinə gəlib onu CM-in 234.2-ci maddəsi ilə təqsirli bilsə də, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitənin satılmasını təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. İbtidai araşdırma zamanı toplanmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 49,800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımışdır. Lakin, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə təqsirləndirilən şəxsin bir sözü ilə ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər və yalnız təqsirləndirilən şəxsin özünün şəxsi axtarış zamanı dediyi cümləni qeyd etməklə kifayətlənmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər, bükümlərin sayının çoxluğu və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün əldə etməsi, kiminləsə sövdələşərək həmin narkotik vasitəni həmin şəxsə satacağına dair hər hansı sübut olmamış və bu hallar sadəcə ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin üzərindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə, saat 16:15-dən tutulmuş hesab edilmişdir (i.v.24). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-70). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.71-72). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 1988-ci il tarixli hökmünə əsasən AR CM-nin 102-ci maddəsinin 1-ci hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 avqust 1992-ci il tarixdə Amnistiya Qərarına əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 1993-cü il tarixli hökmünə əsasən AR CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 yanvar 2001-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə əməli AR CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmiş, cəzası 07 il endirilmiş və cəzasını çəkmiş hesab edilərək azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 201-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməsinin narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır (i.v.85-87). Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-273/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.88-101). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 07 iyul 2023 cü il tarixli, 3-16-xx/xx/21230/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(101)-273/2021 saylı hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti bitdiyindən narkomaniyadan məcburi müalicə ləğv olunmadan cəzadan 25.11 2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə iclas zalından həbsə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 49,750 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar