Məhkəmə qərarları › İş №1(008)-686/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-686/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-686/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qıznın və onun qanuni nümayəndəsi X1, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4 saylı tam orta məktəbin yaxınlığında, ara küçədə tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun boğazından əlləri ilə tutub üz nahiyəsindən əli ilə bir neçə dəfə zərbə vuraraq ona sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvasıətraf və boyun nahiyələrinin qançıları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən bir ildir ki, Zərərçəkmiş şəxs tanıyır. 31 may 2023-cü il tarixdə, saat 18 radələrində iki ədəd “GO” markalı tərkibində spirt olan energetik içki qəbul edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin yaxınlığında dayanaraq Zərərçəkmiş şəxs dərsdən çıxmasını gözləmişdir. O, təxminən saat 18 radələrində Zərifənin dərsdən çıxdığını görərək ona yaxınlaşıb, hərəkətlərindən şübhələndiyini, başqa şəxslə münasibəti olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs ondan başqa heç kimlə danışmadığını bildirmiş, lakin, o, Zərifəyə inanmadığı üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərifə ondan getməsini tələb etmiş, o, Zərifənin hərəkətlərindən əsəbləşdiyi üçün onun boğazından tutmaq istəmiş, həmin vaxt, Zərifə yerə yıxılmışdır. O, əsəbləşdiyi üçün əli ilə bir neçə dəfə Zərifənin üz nahiyəsinə zərbə vurmuş, daha sonra oradan uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cu Mədən, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. 31 may 2023-cü il tarixdə saat 18 radələrində dərsdən çıxdığı zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4 saylı tam orta məktəbin yaxınlığında, ara küçədə ona yaxınlaşaraq digər oğlanla münasibəti olub-olmamasını soruşmuş, o, başqa şəxslə danışmadığını bildirsə də, Təqsirləndirilən şəxs ona inanmayaraq onunla mübahisə etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ondan uzaqlaşmasını xahiş etsə də, Cəfər onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmiş, onun boğazından tutmaq istədiyi zaman o, müvazinətini itirərək yerə yıxılmışdır. O, yerə yıxıldığı zaman Təqsirləndirilən şəxs əli ilə onun sifət nahiyəsinə bir neçə zərbə endirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 22-23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Sabunçu rayon şöbəsinin 03 iyun 2023-cü il tarixli, 1188 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvasıətraf və boyun nahiyələrinin qançıları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarının 54-cü vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən nəhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar