Məhkəmə qərarları › İş №1(008)-687/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-687/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-687/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə, saat 10:30 radələrində etibarnamə ilə idarə etdiyi «Ford Transit» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolu ilə Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə əməl etməli olduğu halda və Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km surətdən çox olmayan surətlə hərəkət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolunun su kanalının yaxınlığında avtomobilin idarə etməsini itirib hərəkət etdiyi zolaqdan əks hərəkət zolağına çıxıb qarşıdan öz yolu ilə hərəkətdə olan X5 idarə etdiyi «Ford Transit yük soyuducu» markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vuraraq toqquşması nəticəsində «Ford Transit yük soyuducu» markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 baş-beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki ağciyərin kontuzisiyası və əzilmiş yaraları, hemopnevmotoraks, hər iki körpücük sümüklərinin iki tərəfli qabırğaların çoxsaylı, sol said, sol bud və sağ baldır sümüklərinin yerini dəyişən sınıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla X5 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, «Ford Transit» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə “BC” kateqoriyalı sürücülük vəsiqəsində idarə edir. 13 mart 2023-cü il tarixdə, saat 10:30 radələrində etibarnamə ilə idarə etdiyi «Ford Transit» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolu ilə Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobil qəfildən sola və sağa manevr hərəkət etdiyi üçün həmin avtomobillə toqquşmamaq məqsədi ilə əyləci sıxdıqda idarə etdiyi avtomobili sol tərəfə istiqamətləndirsə də, avtomobilin arxa hissəsi sürüşmüş, o, idarəetməni itirərək hərəkətdə olduğu zolaqdan çıxaraq qarşı zolaqda hərəkətdə olan «Ford Transit yük soyuducu» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşmuşdur. O, dərhal idarə etdiyi avtomobili saxlayaraq, avtomobildən enmiş, toqquşduğu avtomobilə yaxınlaşıb sürücüyə köməklik göstərməyə çalışmış, hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Təxminən bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş, hadisə zamanı xəsarət almış sürücünü müayinə etdikdən sonra onun öldüyünü bildirmişlər. Hadisə zamanı spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, X7 onun əridir və onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6856 saylı bağ evində yaşamışdır. 13 mart 2023-cü il tarixdə, saat 11 radələrində ona məlum olmuşdur ki, əri X7 13 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüşdür və onun meyiti müayinə olunması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəmə tibbi ekspertiza şöbəsinə yerləşdirilmişdir. O, bu barədə məlumat aldıqdan dərhal sonra Bakı şəhəri Sabunçu rayon Məhkəmə tibbi ekspertiza şöbəsinə gəlmişdir. Məhkəmə tibbi ekspertiza şöbəsində olarkən ona sonradan məlum olmuşdur ki, anket məlumatlarını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi «Ford Transit yük soyuducu» markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini vuraraq toqquşması nəticəsində əri Aqil Rəhmanov idarə etdiyi avtomobildə xəsarət alaraq ölmüşdür. Cinayət işinin 23-cü vərəqəsində olan 13 mart 2023-cü il tarixli, 1/1107 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 03 aprel 2023-cü il tarixli, 3-13-16/2-39495/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AC 375489 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 44-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X9 Sabunçu Rayon Şöbəsinin 05 aprel 2023-cü il tarixli, 76 saylı ekspert rəyindən görünür ki, X1 meyitində baş-beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, hər iki ağciyərin kontuzisiyası və əzilmiş yaraları, hemopnevmotoraks, hər iki körpücük sümüklərinin iki tərəfli qabırğaların çoxsaylı, sol said, sol bud və sağ baldır sümüklərinin yerini dəyişən sınıqları olmuşdur. Xəsarətlər həyatidir, A.A.Rəhmanovun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 75-76-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 08 iyun 2023-cü il tarixli, 8/1465 saylı rəyindən görünür ki, Ford Transit markalı 90-KN- 696 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Ford Transit markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texiniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin 77-80-ci vərəqəsində olan 09 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 13 mart 2023-cü il tarixdə X5 iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 105-106-cı vərəqəsində olan 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs şikayət və tələbin olmaması, dəymiş ziyanı ödəməsi və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 13 mart 2023-cü il tarixdə X5 iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsinin videogörüntülərinin özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 13 mart 2023-cü il tarixdə X5 iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar