Məhkəmə qərarları › İş №1(008)-688/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-688/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-688/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1970-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 07 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivi, 4 ünvanının yaxınlığında küçədə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs özünə məxsus xırdabuynuzlu malqaranı otarmağa apararkən Zərərçəkmiş şəxs evinin qarşısında əkilmiş ağacları qoparması səbəbindən baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs istintaqa məlum olmayan ağac parçası ilə bir neçə dəfə qəsdən vuraraq sonuncuya təpə nahiyyəsinin və sağ əlin İİİ-İV barmaqlararası sahəsinin əzilmiş yaraları, sol əlin V barmağının əsas falanqasının yerini az dəyişən sınığı, sol said nahiyyəsinin dərialtı hematoması kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. O, aldığı təqaüdlə dolana bilmədiyi üçün əlavə gəlir əldə etmək məqsədilə Əhalinin Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən ona verilmiş 21 baş xırdabuynuzlu heyvanları saxlamış və həmin qoyun-quzuları yaşadığı evin həyətində, ətrafda olan otlaq sahələrində otarmışdır. O, heyvanlarını otarmaq üçün Misirxanın evinin qarşısından aparan zaman hər dəfəsində isə Misirxan və onun ailə üzvləri onu sonuncunun evinin qarşısında əkilmiş ağacları otarmaqda şərləmişlər. 06 aprel 2022-ci il tarixdə, saat 07 radələrində o, özünə məxsus xırda buynuzlu heyvanlarını otarmağa aparkən yenidən Misirxanın evinin qarşısında keçən yoldan keçəndə Misirxan çölə çıxıb, onunla mübahisə etməyə başlamış və əlindəki bel ilə qoyunlarını vurub oradan çıxıb getməyini demişdir. O, isə Misirxana sakitləşməsini desə də sonuncu ona məhəl qoymamışdır. Buna görə də o, əsəbləşib əlindəki ağacla Misirxanın əlindəki beli vurmuş və bu zaman onun əlinə xəsarət yetirmişdir. Lakin o, Misirxanın başına vurmamış və başına xəsarət yetirməmişdir. Misirxan mənimlə mübahisə edən zaman hadisə yerində olan dəmirə başı dəydiyindən başı sadəcə cızılmışdır. O, törətdiyi əməldən peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı ev onun yaşadığı evin yaxınlığında yerləşir. Təxminən 2 ildir ki, onunla Təqsirləndirilən şəxs arasında narazılıqlar yaranmışdır. Təqsirləndirilən şəxs özünə məxsus xırdabuynuzlu heyvanları otarmağa apararkən onun evinin qarşısında əkdiyi ağacları otartmaqla yararsız hala salmışdır. Buna görə də o, dəfələrlə Təqsirləndirilən şəxs narazılığını bildirsə də sonuncu ona məhəl qoymamış və bu səbəbdən də narazılıqları böyümüşdür. 06 aprel 2022-ci il tarixdə, saat 07 radələrində o, yaşadığı evdən çıxıb piyada küçə ilə iş yerinə tərəf gedərkən bu dəfə də Təqsirləndirilən şəxs öz xırdabuynuzlu heyvanlarını onun evinin qarşısında əkdiyi ağacları otardığını görüb sonuncuya iradını bildirmişdir. Buna görə də onunla Təqsirləndirilən şəxs arasında narazılıq yaranmış və sonuncu əlindəki çomaqla üzərinə hücum çəkib onun baş nahiyəsindən və sol əl nahiyəsindən vurmuşdur. O, aldığı xəsarətlərə görə baş nahiyəsindən qan axmışdır. Buna görə də Təqsirləndirilən şəxs onu vurmağı dayandırmış və oradan çıxıb getmişdir. O, da bu barədə DİN-nin 102 Zəng Xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında, özünə məxsus xırdabuynuzlu heyvanları otarmağa apararkən sonuncunun evinin qarşısında əkilmiş ağacları yararsız hala salmasına görə narazılıq yaranmışdır. 06 aprel 2022-ci il tarixdə, saat 08 radələrində yaşadığı evdə olarkən ona Misirxanın oğlu zəng edib, Təqsirləndirilən şəxs Misirxanı ağacla vuraraq döyüb ona xəsarətlər yetirməsini demişdir. Bundan sonra o, Misirxanın yanına getdikdə İsa həmin günü saat 07 radələrində ona məxsus evin qarşısındakı ağacları qoyunları ilə otardığına görə iradını bildirəndə İsa əlindəki ağacla Misirxanın baş və sol qol nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisənin birbaşa şahidi olmamışdır. 06 aprel 2022-ci il tarixdə, saat 08 radələrində yaşadığı evdə olarkən ona Misirxanın oğlu zəng edib, Təqsirləndirilən şəxs Misirxanı ağacla vuraraq döyüb ona xəsarətlər yetirməsini demişdir. Bundan sonra o, Misirxanın yanına getdikdə İsa həmin günü saat 07 radələrində ona məxsus evin qarşısındakı ağacları qoyunları ilə otardığına görə iradını bildirəndə İsa əlindəki ağacla Misirxanın baş və sol qol nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsidən görünür ki,o da digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının qarşısıdır (i.v.3-4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 624 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyyəsinin və sağ əlin İİİ-İV barmaqlararası sahəsinin əzilmiş yaraları, sol əlin V barmağının əsas falanqasının yerini az dəyişən sınığı, sol said nahiyyəsinin dərialtı hematoması-sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06 aprel 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v. 23-25). 09 iyul 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da zərərçəkmiş şəxsin onun qoyunlarını vurmağa başladıqdan sonra ona sakitləşməsini deməsini, zərərçəkmiş şəxsin buna məhəl qoymadığını, bu səbəbdən əsəbləşərək əlindəki ağacla zərərçəkmiş şəxsin əlində olan beli vurduğunu, sonra isə onun baş nahiyyəsinə ağacla vurduğunu bildirmişdir (i.v.96-98). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxs onun qoyunlarını vurduğundan, sonra isə onun özünü vurmağa cəhd etdiyindən əlində olan ağacla zərərçəkmiş şəxsin əlinə vurduğunu, lakin baş nahiyyəsinə ümumiyyətlə vurmadığını, zərərçəkmiş şəxsin başının hadisə yerində olan dəmirə dəydiyini bildirərək başının sadəcə cızıldığını göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin xüsusatları özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, həmin ifadələrində zərərçəkmiş şəxsin əlindəki bel ilə onun qoyunlarını vurduğunu, bu zaman özünün əsəbləşərək zərərçəkmiş şəxsin əlindəki beli vurduğunu, sonra isə əlindəki ağacla onun baş nahiyyəsinə vurduğunu, daha sonra hadisə yerindən çıxıb getdiyini bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs özü də Təqsirləndirilən şəxs əlindəki ağacla onun əlinə və baş nahiyyəsinə vurduğunu, aldığı xəsarətlərə görə başından qan axdığını bildirmiş və zərərçəkmiş şəxsin göstərilən xəsarətləri alması ilə bağlı Şahid1, Şahid3 və Şahid2 məlumat verməsi şahid qismində tanınmış həmin şəxslərin ifadələri də öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarında olan hadisədən sonra çəkilmiş zərərçəkmiş şəxsin fotoşəkillərindən görünür ki, zərərçəkmiş şəxs başından xəsarət almış və onun baş nahiyyəsindən üzünə doğru qan axmışdır ki, bu da təqsirləndirilən şəxsin “zərərçəkmiş şəxsin başının hadisə yerində olan dəmirə dəyərək sadəcə cızılması” na dair göstərdiyi xüsusatın həqiqəti əks etdirməməsinə dəlalət edir. Bundan savayı, hazırki iş üzrə ən vacib sübut növü hesab edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 624 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxsin başında aşkar edilmiş xəsarətlər əzilmiş yaralar hesab olunmuş və həmin rəylə də təqsirləndirilən şəxsin ifadəsindəki xüsusat təkzib etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış ldigər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona AR CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi barədə” 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.92). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 108). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının (08 mart 2005-ci il təvəllüdlü X2 və 18 oktyabr 2007-ci il təvəllüdlü X3) olmasını (AR CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir və həmin cəzanın çəkilməsi ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı (CM- 52-1), Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar