Məhkəmə qərarları › İş №1(008)-688/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-688/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-688/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvələr məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi döngə 2 ev 30 mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olmuş və o, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saat 23-30-da nəqliyyat vasitəsini idarə etmək hüquq verən AD seriyalı 216370 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Daimler Chrysler E 320 CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində Zabrat şossesi ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı; 1.3 üfiqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıron qoşa bütöv ağ üfiqi nişanlama xətti) kəsib keçmək qadağandır kimi tələblərə əməl etməli olduğu olduğu halda və Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1–ci bəndinin tələblərini nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km surətdən çox olmayan surətlə hərəkət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi «Saliton» mağazasının yaxınlığında yolu soldan sağa doğru keçmək istəyən piyada X6 avtomaşının qabaq sol tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Sübhan Əliyevə baş-beyinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızıma, alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış-qəlpəli sınığı, burun, hər iki almacıq, hər iki əng, sol baldır sümüklərinin yerini dəyişən, qapalı sınıqları, ağız bucağı və sol əl nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla X4 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə səbəb olmuş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, əməkdaşlarının gəlməsini gözləməli, zərərçəkən Sübhan Əliyevə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «təcili tibbi yardım» maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda isə səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, sonra isə hadisə yerinə qayıtmalı olduğu halda bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ildən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Hazırda etibarnamə ilə özünə məxsus olan «Daimler Chrysler E 320 CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 13 mart 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə idarə etdiyi «Daimler Chrysler E 320 CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Zabrat şossesi ilə Maştağa qəsəbəsi istiqamətində yolun birinci hərəkət zolağı ilə “Saliton” mağazasının yaxınlığında saatda 60-70 km surətlə idarə edərkən hərəkət etdiyi istiqamətdə qarşıda yolun sol tərəfində qoşa xəttin üstündə dayanmış olan piyada oğlan yolun sol tərəfindən sağa doğru keçmək istəyərkən idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə həmin piyadanı vurmuşdur. Zərbədən piyada yerə yıxılmışdır. O idarə etdiyi avtomobili irəlidə saxlayıb avtomobillə vurduğu həmin piyadaya köməklik göstərmək üçün avtomobildən düşmək istəyərkən avtomobillə vurduğu piyadanın ətrafına çoxlu camaatın yığışmasını, yığışan adamların piyadanın qohum və tanışlarının olmasından ehtiyat edərək onların qəzəbinə və şiddətinə məruz qalacağından qorxaraq idarə etdiyi avtomobillə hadisə yerini tərk edərək yaşadığı evə gəlmişdir. Yaşadığı evdə olarkən tutduğu əməldən peşman olub polisə gedib təslim olmaq qərarına gəlmiş və bu məqsədlə hadisədən bir neçə saat sonra 14 mart 2023-cü il tarixdə saat 05-06 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə hadisəni törətdiyi «Daimler Chrysler E 320 CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək törədiyi yol nəqliyyat hadisəsini könüllü olaraq etiraf etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamış və hadisə zamanı hər hansı bir spirtli içki qəbul etməmişdir. 13 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş X4 ailəsinə tərəfindən zəruri olan mənəvi və maddi köməklik göstərilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X7 ifadəsində göstərdi ki, X9 onun oğludur və Sübhan Əliyev onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi M.Ələkbərov küçəsi ev 7-də yaşamışdır. 14 mart 2023-cü il tarixdə saat 00:30 radələrində ona məlum olmuşdur ki, oğlu X9 13 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Zabrat şossesi «Saliton» mağazasının yaxınlığında olan yolda baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüşdür və onun meyidi müayinə olunması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəmə tibbi ekspertiza şöbəsinə yerləşdirilmişdir. O bu barədə məlumat aldıqdan dərhal sonra Bakı şəhəri Sabunçu rayon Məhkəmə tibbi ekspertiza şöbəsinə gəlmişdir. Ona sonradan məlum olmuşdur ki, anket məlumatlarını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «Daimler Chrysler E 320 CDİ» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada X6 vurması nəticəsində Sübhan Əliyev hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş vermiş hadisə ilə bağlı olaraq təqsirkar sürücü Təqsirləndirilən şəxs tərəfindən zəruri olan maddi və mənəvi köməklik göstərilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 mart 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat şossesinə hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 06-14); şəxsin könüllü gəlməsi haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gələrək hadisə barədə məlumat vermişdir. (i.v.15); xx.xx.2023-cü il tarixli 1/1125 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. (i.v.17); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD 216370 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.21); xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAİMLER CHRYSLER E320 CDİ minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 xüsusi mülkiyyətindədir (i.v.23); Etibarnamədən görünür ki, X10 “DAİMLER CHRYSLER E320 CDİ minik” markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı idarə etmək, bağışlamaq, sərəncam vermək səlahiyyətlərinixx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir(i.v.24); Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (i.v.33); Zərərçəkmiş şəxsin qardaşı X11 17 saylı Notariat ofisində təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur.(i.v.44); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v.45-46); vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək dərhal MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.62-64); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.65); hüquqi varis qismində tanınmaq haqqında qərardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə ölmüş oğlu X4 hüquqi varisi qismində tanınmışdır (i.v.75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.83); DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-39490/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 216370 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(i.v.84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X19 Sabunçu Rayon Şöbəsinin 05 aprel 2023-cü il tarixli, 78 saylı rəyindən görünür ki, X4 meyitində baş-beyinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış-qəlpəli sınığı, burun, hər iki almacıq, hər iki əng, sol baldır sümüklərinin yerini dəyişən, qapalı sınıqları, ağız bucağı və sol əl nahiyələrinin əzilmiş yaraları olmuşdur. Xəsarətlər həyatidir, S.A.Əliyevin ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış-qəlpəli sınığı ilə əlaqədar başbeyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 8-10 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 1,5%o, sidikdə 1,4%o qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur türşüsü törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v.85-89); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, avtomobilin xarici zədələri “Samsung” markalı mobil telefon vasitəsi ilə şəkilləri çəkilərək protokola əlavə edilmişdir.(i.v 90-93); məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 07 iyun 2023-cü il tarixli 8/1466 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daimler Chrysler E 320 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat surətdən artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.108-111); sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 14 mart 2023-cü il tarixli 78 saylı rəyi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 07 iyun 2023-cü il tarixli 8/1466 №-li rəyi übut növü kimi qiyməttləndirilmişdir.(i.v.114-117); zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barışıq ərizəsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən bu məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 15-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını(CM-59.1.10), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini(CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60.1), CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasının 02(iki) günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli(CM-68.1.1-1), ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli(CM- 66.2, 66.4), məhkəməyədək icraat dövründə 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır(CM-69.3). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:- şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar