Məhkəmə qərarları › İş №1(008)-689/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-689/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-689/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və digər Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “ünvan 1 ünvanında yaşayan, barəsində ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə aralarında əvvəlcədən mövcud olan ailə-məişət münaqişəsi zəminində formalaşmış gərgin şəxsi münasibətlər nəticəsində, səbəbli şəkildə baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə baş və bel nahiyələrindən vurmaqla ona ənsə nahiyəsinin dərialtı hematoması və sol sağrı nahiyəsinin qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs1 döyərkən anasını qorumağa çalışan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs2 kənara itələyib masanın üzərindən götürdüyü stakanı qəsdən onun istiqamətində atmış, atdığı stəkanın divara dəyərək sınması nəticəsində kənarlara səpələnmiş sınmış parçaları azyaşlı Onurun baş nahiyəsinə dəyərək sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o öz ailə üzvlərindən heç kimə heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs1 onun arvadı, Zərərçəkmiş şəxs2 isə doğma övladıdır. Lətifə ilə 2006-cı ildə ailə həyatı qurmuşlar, 2010-cu ildən birlikdə Bakı şəhərində yaşayırlar. Birgə həyatlarından iki azyaşlı övladları var. Evliliklərinin ilk illərində mehriban dolansalar da, son dövürlərdə yola getmirlər, səbəbi isə Lətifənin ona və qohumlarına qarşı hörmətsiz rəftar etməsi, səbəbsiz yerə onu qısqanaraq ailədə münaqişə yaratması, özbaşınalıq etməsi və onu saymaması olmuşdur. 11 fevral 2023-cü il tarixdə, gecə saatlarında işdən yorğun vəziyyətdə evə gəldikdə Lətifə yenə də ona qarşı hörmətsiz rəftar edərək onunla mübahisə etmiş, o, əsəbləşərək hətta divara bir yumruq zərbəsi vurmuş ki, hirsi soysun, lakin həmin vaxt nə azyaşlı oğlu Onura, nə də ki, arvadı Lətifəyə heç bir xəsarət yetirməmişdir, bayıra çıxıb siqaretini çəkib qayıdıb yerində yatmışdır. Həmin gecə ailə üzvləri heç bir yerə getməmişlər, öz evlərində gecələmişlər. Sabahısı gün səhər tezdən işi ilə bağlı Qubadlı rayonuna getmiş, təxminən iki gündən sonra evə qayıtmış, evdə olarkən ünvanına çox sayda polis əməkdaşları gəlmişlər və onu tutub 12ci Polis Bölməsinə aparmışlar, Polisdən sərbəst buraxılıb evə gəldikdə isə görmüş ki, Lətifə uşaqları da, evin bütün məişət əşyalarını da yığışdıraraq evdən çıxıb gedib. Hazırda onların məhkəmədə nikahlarının pozulmasına dair mülki işə baxılır, bu barədə müvafiq iddia ilə Şərur Rayon Məhkəməsinə hələ Lətifənin ondan polisə verdiyi şikayət ərizəsindən əvvəl müraciət etmişdir. Lətifə də nikahın pozulmasına dair iddiadan imtina etməsi üçün ona qarşı bu cür şər və böhtanlar atmaqla, barəsində polisə yalandan şikayətlər verməklə təziq göstərməyə çalışır. O, nə Zərərçəkmiş şəxs1, nə də ki, oğlu Zərərçəkmiş şəxs2 heç bir bədən xəsarəti yetirməmişdir. O, sadəcə bir ədəd stəkanı əsəbindən divara çırpmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla xx.xx.2006-cı il tarixdə ailə həyatı qurmuşlar, üç il Türkiyyədə yaşadıqdan sonra 2009-cu ildə Bakı şəhərinə köçmüşlər, altı il müddətində kirayələrdə yaşadıqdan sonra Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa Şəhərciyi” yaşayış massivində torpaq sahəsi alaraq üzərində fərdi ev tikdirib orada yaşamağa başlamışlar, birgə həyatlarından iki övladları var. Əri Rahib spirtli içkilər aludəçisi olduğundan hər dəfə sərxoş vəziyyətdə evə gələrək onunla səbəbsiz yerə mütamadi münaqişələr yaradır, ona xəyanət edir, döyür, lakin ailəsini dağıtmamaq üçün bu vaxtdadək Rahibin şiddətlərinə dözmüşdür. xx.xx.2023-cü il tarixdə, gecə saatlarında Rahib yenə də sərxoş vəziyyətdə evə gələrək onunla heç bir səbəb olmadan mübahisə edərək onu azyaşlı övladlarının gözü qarşısında döyməyə başlamışdır. Səs-küyə uşaqları yuxudan ayılaraq atalarına onu döyməməsi üçün yalvarmağa başlamışlar. Qızı psixoloji problemlər yaşadığından kənarda oturaraq ağlamağa başlamışdır. Oğlu Onur isə onu qucaqlayaraq dayanmışdı. Bu zaman Rahib stolun üzərində olan bir ədəd böyük ağ fincanı götürərək ona tərəf atanda fincan qapının küncünə dəyib sındı ə qırıntıları Onurun başına tökülərək onu yaraladı. Lakin həmin vaxt Rahibin məqsədi Onuru deyil, onu vurmaq olmuşdur. Hadisə günü Rahib onu əl və ayaq zərbələri ilə döyərək baş və bel nahiyələrinə xəsarətlər yetirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 hadisə günü Rahibin gecə saat 01 radələrində evə gəldiyini, evin küçədən olan giriş qapısından girdiyi andan etibarən onun saçından tutaraq döyərək evə apardığını, ona niyə hələ də evdən çıxıb getmədiyini bildirdiyini, evdə dava-dalaş davam edərkən yatmış uşaqlarının səs-küyə ayıldıqlarını, Rahibin oğlu Onuru vurmaq niyyətinin olmadığını, Rahibin stəkanı Onura deyil, ona doğru atdığını, stəkanın təsadüfən qapıya dəyərək sındığını və qırıntılarının Onurun başına töküldüyünü, müstəntiqə də bu formada ifadə verdiyini, istintaq zamanı həmin epizodla bağlı ifadəsinin düzgün yazılmadığını bildirrmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, valideynlərinin münasibətləri pozulub, səbəb isə atası Rahibin anaları Lətifəyə və onlara, yəni öz övladlarına qarşı hörmətsiz, kobud və biganə rəftar etməsi, evə hər gün içkili gəlməsidir. Atası günlərlə evə gəlmir, çox vaxt içkili vəziyətdə evə gələrək anası ilə münaqişə yaradır, onu döyür, onları yaşadıqları evdən çıxarmaq istəyir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, gecə saatlarında atası yenə də sərxoş vəziyyətdə gələrək heç bir səbəb olmadan öz uydurma bəhanələri ilə anası ilə münaqişə yaratmış və anasından onları da götürüb evdən çıxıb getməsini tələb etməyə başlamışdır. Əvvəl bacısı Leyla anasını qorumaq üçün atasının hərəkətlərinin qarşısını almaq istəsə də gücü çatmamış, atası onu kənara itələyərək anasını əl və ayaq zərbələri ilə, əlinə keçən məişət əşyaları ilə vurmağı davam etmiş, o, anasını qorumağa çalışmış, anasını qucaqlayıb dayanmışdır. Həmin vaxt atası stəkanı götürərək onun anasına doğru atmış, stəkan qapıya dəyərək sınmış, stəkanın sınmış parçaları onun başına dəymişdir, başından qan açılmışdır. Hadisə günü o, baş nahiyyəsindən, anası isə baş, sifət və bədəninin digər nahiyələrindən xəsarət almışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Zərərçəkmiş şəxs2 atasının stəkanı ona doğru deyil, anasına doğru atdığını, stəkanın qapıya dəyərək sınması və sınmış parçalarının onun başına tökülməsi nəticəsində xəsarət aldığını, atasının onu vurmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma anası, Təqsirləndirilən şəxs isə doğma atasıdır. Təxminən bir neçə ildir ki, valideynlərinin münasibətləri pozulmuş, səbəb isə atası Rahibin anaları Lətifəyə və onlara, yəni öz övladlarına qarşı hörmətsiz, kobud və biganə rəftar etməsi, başqa qadınla qeyri-rəsmi münasibətdə olmasıdır. Belə ki, atası günlərlə evə gəlmir, başqa qadınla yaşayır, atası çox vaxt içkili vəziyətdə evə gələrək anası ilə münaqişə yaradır, onu döyür. Hadisə günü atası sərxoş vəziyyətdə gələrək heç bir səbəb olmadan öz uydurma bəhanələri ilə anası ilə münaqişə yaratmış və anasından onları da götürüb evdən çıxıb getməsini tələb etməyə başlamışdır. Əvvəl o, anasını qorumaq üçün atasının hərəkətlərinin qarşısını almaq istəsə də gücü çatmamış, atası anasını əl və ayaq zərbələri ilə, əlinə keçən məişət əşyaları ilə vurmağa davam etmişdir. O, qorxusundan kənara çəkilsə də, ondan yaşca kiçik olan qardaşı anasını qorumağa çalışmış, həmin vaxt atası masanın üzərindən götürdüyü stəkanı anasına doğru atmış, stəkan qapıya dəyərək sınmış və sınmış parçaları Onurun başına dəymişdir, Onurun başından qan açılmışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şahid1 atası Rahibin hadisə vaxtı nə onu, nə də Onuru vurmadığını, stəkanı anasına doğru atdığını və məqsədinin həmin stəkanla anasına xəsarət yetirmək olduğunu, təsadüfən stəkanın qapıya dəyərək sınması nəticəsində sınmış parçalarının qardaşının başına töküldüyünü bildrmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşı qızıdır, Lətifə xx.xx.2006-cı il tarixdə Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları Leyla və Onur dünyaya gəlmişlər. Bir neçə illər ərzində kirayələrdə pis şəraitdə yaşasalar da. sonradan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa Şəhərciyi” yaşayış massivi ərazisində özlərinə ev tikdirmişlər. Qardaşı qızı Lətifə illərdir əri tərəfindən şidətə məruz qalsa da, dəfələrlə döyülüb təhqir olunsa da tərbiyəsinə qısılaraq heç vaxt heç kimə dərdini bildirməmiş, öz yaşadıqlarını gizlətmişdir. O, özü bu barədə sonuncu hadisədən sonra xəbər tutmuşdur. 11 fevral 2023-cü il tarixdə, axşam saatlarında Lətifənin telefon zəngi əsasında ünvanlarına getdikdə Lətifənin baş və bel nahiyələrindən, azyaşlı oğlunun isə baş nahiyəsindən xəsarət almalarını müəyyən etmişdir. Hadisə barədə hadisəni törətmiş Rahibin qohumlarına məlumat versələr də onlar bu məsələyə yardımçı olmamışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Əhmədova X1 Onura yoxsa Lətifəyə istiqamətləndirdiyini bilmədiyini, Rahibin qəsdən Onuru vurmadığını düşündüyünü, Lətifəgilə gələndə Onurun başında xəsarət olduğunu gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 fevral 2023-cü tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2 ünvanında yerləşən bir mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evidir (i.v.7-9). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 15 fevral 2023-cü il tarixli, 299 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir, xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma zamanı törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.30-31). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 15 fevral 2023-cü il tarixli, 300 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ənsə nahiyəsinin dərialtı hematoması və sol sağrı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir, xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma zamanı törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.32-33). “Maddi sübut kimi tanıma haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edimiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanması qərara alınmışdır (i.v.108). “CD” Diskdə qeydə alınmış səs yazılarından görünür ki, Şahid1 atası ilə danışarkən ona Onurun başını yardığını bildirdikdə Təqsirləndirilən şəxs əslində Onuru vurmaq istəmədiyini, stəkanı anası Lətifəyə tərəf atdığını, stəkanın divara dəyərək sınması nəticəsində Onurun xəsarət aldığını bildirmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən “Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs1 döyərkən anasını qorumağa çalışan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması” öz təsdiqini tapmadığından həmin epizod ittihamdan xaric edilməli, onun “xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurması” zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin epizoda münasibətdə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs1 döyərkən anasını qorumağa çalışan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması”na dair epizodun xaric edilməsi ilı bağlı gəldiyi qənaəti əsaslandırmağı zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı oğlu Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını, əsəbləşərək stolun üzərində olan stəkanı divara çırpan zaman stəkanın şüşə parçalarının təsadüfən Onura dəydiyini bildirmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxs və azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs oğlu Onuru vurmaq niyyətinin olmadığını və Onuru qəsdən vurmadığını, təqsirləndirilən şəxsin stəkanı Onura tərəf deyil, ona tərəf, onu vurmaq niyyəti ilə atdığını, lakin stəkanın qapının küncünə dəyərək parçalandığını və sınmış parçalarının Onurun başına dəydiyini və nəticədə Onurun da xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı atası Təqsirləndirilən şəxs onu vurmaq niyyətinin olmadığını, stolun üzərindən götürdüyü stəkanı ona xəsarət yetirmək üçün deyil, anasına xəsarət yetirmək üçün anasına doğru atdığını, o da anasının yanında olduğundan stəkan qapının küncünə dəyib sınarkən parçalarının onun başına dəydiyini və nəticədə xəsarət aldığını, atasının ona qəsdən xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid1 da hadisə vaxtı atasının yalnız anasına qəsdən xəsarət yetirdiyini, atasının Onura xəsarət yetirmək niyyətinin olmadığını və Onura qəsdən xəsarət yetirmədiyini, anasına doğru atdığı stəkanın sınaraq parçalarının Onurun başına tökülməsi nəticəsində Onurun da başından xəsarət aldığını bildirmişdir. “CD” Diskdə qeydə alınmış səs yazılarından görünür ki, Şahid1 atası ilə danışarkən ona Onurun başını yardığını bildirdikdə Təqsirləndirilən şəxs əslində Onuru vurmaq istəmədiyini, stəkanı anası Lətifəyə tərəf atdığını, stəkanın divara dəyərək sınması nəticəsində Onurun xəsarət aldığını bildirmişdir. İş materiallarından görünür ki, istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması qənaətinə gələrkən istinad etdiyi sübutlar zərərçəkmiş şəxsin özünün, anası Zərərçəkmiş şəxs1, bacısı Şahid1 ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi və iş materiallarında olan diskdəki danışıq olmuşdur. Halbuki, məhkəmə iclasında həm Zərərçəkmiş şəxs2, həm də şahidllər Zərərçəkmiş şəxs1 və Şahid1 istintaq zamanı verdikləri ifadələrin həmin epizoda dair hissədə təhrif edildiyini, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını, arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirmək məqsədi ilə ona doğru atdığı stəkanın qapının küncünə dəyməsi nəticəsində sınaraq parçalarının anasının yanında dayanmış Zərərçəkmiş şəxs2 başına dəyməsi nəticəsində Zərərçəkmiş şəxs2 xəsarət aldığını bildirmişlər ki, məhkəmə həmin epizodla bağlı zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin uzlaşaraq ifadələr aralarında hər hansı ziddiyyətin olmadığını, iş materiallarında bunun əksini təsdiq edə biləcək hər hansı şahid ifadəsinin və ya digər mötəbər sübutun olmadığını nəzərə alaraq Zərərçəkmiş şəxs2, şahidlər Zərərçəkmiş şəxs1 və Şahid1 məhkəmə istintaqı zamanı verilmiş ifadələrini həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Bununla yanaşı, müstəntiq iş materiallarında olan diskə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmasını təsdiq edən sübut kimi istinad edərək həmin diskdə Təqsirləndirilən şəxs qızı Şahid1 telefon danışığı zamanı oğlu Zərərçəkmiş şəxs2 qəsdən stəkan ataraq xəsarət yetirməsini etiraf etməsinin əks olunduğunu göstərsə də, həmin diskə məhkəmə istintaqı zamanı baxış keçirilən zaman Təqsirləndirilən şəxs oğlu Onuru qəsdən vurmadığını və Lətifəyə doğru stəkanı atarkən stəkanın sınması nəticəsində Onurun xəsarət aldığını, Onuru vurmaq istəmədiyini bildirməsi müəyyən edilmişdir ki, bu da müstəntiqin işin faktiki hallarını təhrif edərək şəxsə əsassız ittiham elan etməsinin göstəricisidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 15 fevral 2023-cü il tarixli, 299 saylı rəyinə gəlincə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi zərərçəkmiş şəxsdə yüngül dərəcəli bədən xəsarətlərinin olmasını təsdiq edən sübut növüdür və ekspert rəyindən göstərilmiş xəsarətlərin Zərərçəkmiş şəxs2 aşkar olunması və onun hadisə günü xəsarət alması işin mübahisəsiz halıdır. Lakin, həmin xəsarətlərin qəsdən yetirilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından həmin ekspert rəyi şəxsə AR CM-nin 128-ci maddəsi ilə ittiham elan edilməsi üçün yetərli hesab oluna bilməz. Göründüyü kimi, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən zərər vurması öz təsdiqini tapmamışdır. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə işin hallarını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən “Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs1 döyərkən anasını qorumağa çalışan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması”nın təsdiqini tapmadığı və bununla da həmin epizodun ittihamdan xaric edilməli olması qənaətinə gəlir. Bununla yanaşı, Təqsirləndirilən şəxs “xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi, S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurması” zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmadığını və ona xəsarət yetirmədiyini göstərərək Zərərçəkmiş şəxs1 ondan boşanmaq istəməməsi səbəbindən ona şər atdığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilinə münasibətdə qeyd edir ki, əgər həqiqətən də zərərçəkmiş şəxsin niyyəti ona şər atmaq, ona pislik etmək olsa idi, o, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını, ümumiyyətlə Onuru vurmaq niyyətinin olmadığını bildirməz və ittiham aktında göstərilənləri təsdiq etməklə kifayətlənərdi. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs bütün təfərrüatları ilə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi şəraiti, xəsarətlərin yetirildiyi mexanizmi bildirmiş və onun ifadəsində göstərdiyi nüanslar şahidlər Zərərçəkmiş şəxs2 və Şahid1 ifadəsindəki xüsusatlarla da tam uzlaşmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirmədiyini bildirsə də, onun həmin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və müvafiq ekspert rəyi ilə təkzib edilmişdir ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurması sübuta yetirildiyindən onun əməli düzgün olaraq AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2023-cü il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlnaması rədd edilmişdir (i.v. 69- 70). “Axtarışda olan şəxsin tutulması haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə, saat 12:30 radələrində Binəqədi rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.77). “Şübhəli şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.100-101). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını (AR CM 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində birgə yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa Şəhərciyi” yaşayış massivi S.Rəhimov küçəsində yerləşən nömrəsiz fərdi evdə xx.xx.2013-cü il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs2 kənara itələyib masanın üzərindən götürdüyü stakanı qəsdən onun istiqamətində ataraq atdığı stəkanın divara dəyərək sınması nəticəsində kənarlara səpələnmiş sınmış parçaları azyaşlı Onurun baş nahiyəsinə dəyərək sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurması”na dair epizod xaric edilməli, Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, istintaq zamanı tutularaq saxlandığı müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin edilmiş islah işləri cəzasından çıxılmaqla üzərində müəyyən müddətə islah işləri cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% pul dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15% pul tutulmaqla 11 ay 26 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar