Məhkəmə qərarları › İş №1(008)-69/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-69/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-69/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 234.1-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəzadan cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmaqla məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,266 qram olan psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 0,215 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 21 avqust 2024-cü il tarixdə saat 03:00 radələrində ünvan 2 ünvanın həyətində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan cins şalvarının sağ cibindən xeyli miqdarda satış məqsədi olmadan əldə edib daşımaqla saxlamış bir ədəd kağıza bükülmüş halda təmiz çəkisi 0,266 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd kağıza bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında onun saxlanma vaxtı gecə saat 3 olaraq göstərilmiş olsa da, o daha tez tutulmuş, həmin saatda saxlanılmamışdır. Hadisə avqust ayının 20-dən 21-nə keçən gecə, ünvan 4 ünvanda həyətdə və anası ilə birlikdə yaşadığı evdə baş vermişdir. Həmin gün dostu Xəlilli Orxanın yanından qayıdarkən məhləsində həyətdə əyləşmək istəyərkən mülki geyimdə olan polislər özlərini təqdim etmədən ona yaxınlaşmaq istəmişlər, lakin həmin şəxslərin yaxınlaşmaq tərzlərindən qorxaraq oradan qaçmışdır. Daha sonra məlum olmuşdur ki, polis əməkdaşları evlərinə icazəsiz daxil olmuş, valideyni evdə olarkən evlərində aparatla axtarış etmişlər. Evdə olan şəxs isə üzdən tanıdığı və yaşayış yerini bildiyi 1 nəfər mülki geyimdə silahlı şəxs olmuşdur. Evə daxil olanda anasının qonaq otağında əyləşdiyini, evdə isə tam saya bilmədiyi üçün təxminən 7 nəfərə qədər insan olduğunu və həmin şəxslərin ondan “səndə olanlar hanı. Səndə nə var?” deyə soruşduqlarını, qarşılıq olaraq isə heç nə deyə bilmədiyini və hər hansısa bir şey demədiyi halda onu döydüklərini narkotik maddənin onda olmağını və onun satışı ilə məşğul olmağını boynuna almağını istədiklərini bildirmişdir. Polis bölməsində ondan 495 qram, yəni külli miqdarda marixuananın və heroinin ondan aşkarlanmasına dair sənədə imza çəkməsini istəmiş olsalar da, buna etiraz etmiş, onu döydükləri anda üzərində olan ******* mobil nömrəli telefon olmuşdur. Döyülən zaman ondan mobil telefonunu və 175 manat məbləğində pulunu almışlar. Bundan başqa bildirmişdir ki, onu polis bölməsində olarkən də döymüşlər, döyülməsi barədə hər hansısa bir quruma şikayət etməmiş, video çəkiliş aparılan zaman vəkili yanında olmamışdır. Həmçinin çəkilişdən öncə cins şalvarının cibinə narkotik vasitəni, sanki çəkiliş zamanı onun üzərindən çıxırmış kimi göstərmək üçün yerləşdirmişlər. Polislər əvvəllər məhkumluğunun olmasını, qeydiyyatda olmasını və yaşayış yerini bildiklərini və ona qarşı münasibətdə qərəzli olmuşlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq isə yaşadığı ərazidə olan kameralar vasitəsilə videogörüntülər əldə etməyə çalışmış olsa da, ya kameraların işləmədiyini, ya da əldə etməyin mümkün olmadığını ona bildirmişlər. İttiham aktında onu şübhəli şəxs kimi saxlamış olduqları, baxış keçirmək istədikləri və üzərində narkotik maddə varsa, təqdim etməyini istədikləri qeyd olunsa da belə bir şeyin baş vermədiyini bildirmişdir. Tanımadığı şəxslər onu çağırmış, həmin şəxslərin sayı çox olmuş, hava qaranlıq olduğundan və özü də həyəcanlı olduğundan tam sayını xatırlamasa da, təqribən 11 nəfər olduqlarına görə ehtiyat etmiş və özünü müdafiə üçün evə qaçmışdır. Anası ilə birlikdə yaşadığı evə icazəsiz daxil olmuş şəxslərdən xəbərsiz olaraq qapını döymüş və bu zaman qapını tanımıdığı bir şəxs açmış və əlindəki silahı ona doğru yönəltmişdir. 21 avqust tarixində “** XC ***” dövlət qeydiyyat nişanlı maşına sağında və solunda bir nəfər əyləşmiş və onu polis bölməsinə gətirmişlər. Polis idarəsində ona cins şalvarının sağ yan cibindən bir büküm şəxsi istehlak miqdarında narkotik vasitə aşkarlandığı yazılmış, ancaq o “şey” onun üstündə olmamış, videoçəkiliş zamanı da məcburiyyətdən ona nə deyilibsə onu etmişdir. Bundan başqa polis idarəsində olarkən atmış olduğu imzaları da məcburi atmışdır. Əgər üzərində narkotik vasitə olmuş olsaydı belə evə qaçdığı müddətdə onu üzərindən atmaq üçün kifayət qədər vaxtı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bir müddət olar ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qəbul edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamendən istifadə edir. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 20 avqust 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində olarkən anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsə 40 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsin ona verdiyi bükümləri sonradan qəbul etmək üçün əynində olan şalvarının sağ cibinə qoymuşdur. 21 avqust 2024-cü il tarixdə saat 03:00 radələrində ünvan 5 ünvanın yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PŞnə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 13-cü PŞ-nin xidməti otaqlarının birində polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olmasını polis əməkdaşlarına bildirmişdir. O əynində olan cins şalvarının sağ cibində saxladığı bir ədəd kağız bükümdə olan narkotik vasitə heroin və bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini təqdim edərək bildirmişdir ki, həmin bükümlərin birində narkotik vasitə heroin, digərinin içərisində olan maddə isə psixotrop maddə metamfetamindir, həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə adını, dəqiq anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 40 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşlan tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 avqust 2024-cü tarixdə saat 03 radələrində həmkarı Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə bərabər ünvan 6 ünvanın həyətində xidmətdə olduqları zaman əvvəllər tanımadığı bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmiş, bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs onlar tərəfindən verilən suallardan yayınaraq suallarına qeyri-dəqiq cavab verməklə onun narkotik təsiri altında olmasına dair onlarda şübhə yarandığından həmin şəxsi ərazi üzrə Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və onun üzərindən narkotik vasitəyə bənzər maddə, metamfetamin və kakos aşkar olunmuşdur. Şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 məxsus, “Range Rover” markalı avtomobillə şəxsi tuduqdan sonra onu bölməyə gətirdiklərini əlavə edərək Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.103-105); Məhkəmə istintaqı zamanımüdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, gecə saat 12-ni keçəndən sonra birdən işıqlar sönmüş və qapı döyülmüşdür. İşıqları gecə vaxtı borca görə kəsməyəcəklərini düşünmüş və qapını baxmadan açmışdır. Bir nəfər polis geyimində olmaqla, üç nəfər şəxs içəri daxil olmuş və oğlunun harda olduğunu soruşmuşlar. O isə evdə olmadığını, günorta işə getdiyini demişdir. Kamran evə gələnə kimi gözləmiş, arada balkona çıxmışlar. Saat gecə 3-ə işləyən zaman, qapı döyülmüş, polis qapını açmış, Kamran gəlmiş və aşağıda polis olmayan sarı paltarda bir nəfər onun oğlunu qova-qova gəlmiş, Kamranın əlini qandalladıqlarını görmüşdür. Kamranın arxasınca gələnlə birlikdə evdə 4 nəfər olmuşdur. Padyezdə qapının ağzında Kamranın başını yerə vurmuşlar, əlində silah olan birisi silahın arxasıyla Kamranın başından vurmuşdur. O isə oğlunun başından travması olduğunu və Kamranı vurmamaqlarını demişdir. Oğlundan nəyi isə verməyini istəmiş, Kamran isə onda elə bir şey olmadığını demişdir. Əgər yerini bildiyi bir şeysə, oğlundan özünün verməyini təklif etmiş, Kamran isə onluq bir məsələ olmadığını demişdir. Hər nə qədər oğlunun elə bir şeyi evə gətirməyəcəyini söyləmiş olsa da, onu dinləməmişlər və oğlunu sürükləyərək, vurararaq liftə aparmışlar, hətta onlardan biri liftin qarşısında dizi ilə oğlunun qarnından vurmuşdur. Oğlunun zərərli vərdişi olduğunu, narkotikdən istifadə etdiyini bilməmişdir. Oğlu Kamranın niyə məhkəmədə olduğu haqqında məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ cibindən bir ədəd ağ kağız bükümü təqdim etmiş, bükümün içərisindən 02 ədəd ağ kağız bükülü aşkar edilmişdir. Həmin 02 ədəd bükülülər açılan zaman onlardan birinin içərisində toz halında, tünd qəhvəyi rəngli maddə və digər bükülüdə isə ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisindən heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.25-26); Məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2024-cü il tarixli 6/4269 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v.34-38); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin təhqiqatçısı özünü təqdim edir, sonra 13-cü polis şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ cibindən bir ədəd ağ kağızı təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Təhqiqatçı ağ kağız bükümə baxdıqda bükümün içərisində iki kağız bükülü aşkar olunur. Kağız bükümlərə baxış keçirildikdə birinin içərisində toz halında qəhvəyi rəngli maddənin, digərinin isə ağ rəngdə kristal formalı maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin psixotrop maddə metamfetamin, digərinin narkotik vasitə heroin olmasını, öz istifadəsi üçün 20 avqust 2024-cü il tarixdə Suraxanı rayonu ərazisində əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə telefonunu bilmədiyi şəxsdən əldə etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır (i.v.53); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında “vəsatətin müdafiə olunmasından imtina edilməsi” barədə 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.75-77); “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.78); “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi” haqqında 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş 0,266 qram psixotrop maddə metamfetamin, 0,215 qram narkotik vasitə heroin maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,216 qram psixotrop maddə metamfetamin, 0,165 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v.91); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 234.1, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır.(i.v.87-88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.95-96); Sübutların qiymətləndirilməsi haqqında 24 oktyabr 2024-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,266 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 0,216 qram) və 0,215 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,165 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 21 avqust 2024-cü il tarixdə Savubçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş keçirilən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2024-cü il tarixli 6/4269 saylı rəyi və Təqsirləndirilən şəxs barəsində olan olan məhkəmənarkoloji ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 6206 nömrəli rəyi, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıdığı narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarına təqdim etməsi özünü müdafiəedici xarakterli xüsusat kimi qiymətləndirilmişdir (i.v.110-116); Bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 21 avqust 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması, məhkəmə iclaslarında vermiş olduğu birbirindən fərqlənən detallar barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq evdə təxminən 7 nəfərə yaxın adam olduğunu bildirsə də anası evdə cəmi 4 nəfərin olduğunu bildirmişdir. Bundan başqa, Kamran əlində silah olan polisin silahı hər iki əli ilə tutaraq ona doğrultduğunu, daha sonra silahı yığışdıraraq əlinin yan tərəfə ilə boğazına vurduğunu və onu vurarkən əlində silah olmadığını dediyi halda, anası polisin silahın arxası ilə Kamranın başından vurduğunu bildirmişdir. Kamrandan onun necə döyüldüyü, hansı nahiyələrindən vurulduğu dəfələrlə soruşulduğu halda əsasən polislərdən birinin əlinin kənarı ilə onun boğazından vurduğunu, eyni hərəkətin digər polislər tərəfindən də təkrarlandığını, şiddətli döyülmədiyinə və az zaman keçdiyinə görə MSY-nə aparılarkən xəsarəti hələ əmələ gəlmədiyini bildirdiyi halda, anası oğlunun başını qapının ağzında yerə vurduqlarını və liftin önündə adamlardan birinin Kamranın qarnından dizi ilə vurduğunu bildirmişdir, halbuki Kamran bu halların heç birini deməmişdi. Həmçinin Kamran polislərin o evə gələnədək aparatla evdə axtarış apardıqlarını və məlumatın ona anası tərəfindən deyildiyini bildirdiyi halda əlavə şahid qismində dindirilmiş anası polislərin evdə Kamranı gözlədikləri müddətdə eyvana çıxdıqlarını, onunla söhbət etdiklərini bildirsə də evdə aparatla axtarış aparmaları barədə heç bir məlumat verməmişdir. Eyni bir hadisənin şahidi olmuş 2 şəxsin bir-birindən bu cür kəskin fərqlənən ifadə vermələri verilən ifadələrin həqiqiliyinə çox ciddi şübhələr doğurur. Bundan başqa, təqsirləndirilən şəxs o döyüldüyü zaman qonşuların o cür səs-küyü eşitməməsinin mümkün olmadığını bildirdiyinə və şahid olduqlarına görə məhkəmə qonşulardan kiminsə şahid kimi dəvət olunmasını təklif etmiş, Təqsirləndirilən şəxs isə hər hansı qonşusunun şahid qismində dəvət olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ittiham tərəfinin şahidlərinin ifadələri arasında hər hansı ziddiyət olmamasını, Təqsirləndirilən şəxs isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və Təqsirləndirilən şəxsun yalan ifadə verməyə görə məsuliyyət daşımamasını, eləcə də əlavə şahid qismində dindirilmiş X1 təqsirləndirilən şəxsin evdən tutulub aparılması ilə bağlı ifadəsində Təqsirləndirilən şəxsun verdiyi ifadə ilə ziddiyyətli məqamları, həmçinin X1 Təqsirləndirilən şəxsun anası olmasını, oğlunun məsuliyyətdən azad edilməsi üçün yuxarıda göstərilən məzmunda ifadə verə biləcəyini nəzərə alaraq digər şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin Təqsirləndirilən şəxs onun polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü və bu barədə müdafiəçiəsinə məlumat vermək üçün imkanının olduğunu bildirdiyi halda, müdafiəçiyə məlumat vermədiyini bildirmişdir. Bundan başqa, şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi, azadlıqda olduğu və kifayət qədər vaxtı olduğu halda heç bir orqana ona fiziki və ya psixoloji şiddət göstərilməsi ilə bağlı müraciət etməmiş və ya məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Nakotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,215 qram olan narkotik vasitə heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,266 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əlavə olaraq, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət (şəxs 21 avqust 2024-cü il tarixdə, saat 03:00-dan tutulmuş hesab edilmiş, 22 avqust 2024-cü il tarixdə, saat 14:30-dan 15:10-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığının mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin və metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən saatlarla müddətin hesablanması nəzərə alınmaqla 21 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,266 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,216 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,215 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,165 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı sərf etdiyi 29 iş saatına görə 174 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar