Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-691/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,252 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinədək daşımış, xx.xx.2023-cü il tarixdə, saat 12:40-da özünü şübhəli apardığı üçün həmin ərazidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən çıxartdığı bir ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram və 0,084 qram olmaqla ümumi təmiz çəkisi 0,252 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin qablaşdırılmış bir ədəd şəffaf sellofan və bir ədəd gümüşü rəngli kağız bükümlər, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi üçün xüsusi olaraq hazırlanmış, daxilində narkotik vasitə heroin izləri müəyyən edilən kağız borucuq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 7 aydır ki, narkotik asılılığından qurtulmaq üçün müalicə qəbul edir, Respublika Narkoloji Mərkəzində X1 iştirakçısıdır. Hələ narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyi vaxtdan üzərində iki büküm psixotrop maddə metamfetamin qalmışdır. Həmin psixotrop maddəni yaşadığı ərazidə yerdən tapmışdır. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində icarəyə götürüb idarə etdiyi “VAZ 2107” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilinə minib evə getmək istəyərkən onu ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları saxlayaraq şübhələndiklərini və bununla əlaqədar onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. O,etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmişdir, orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, düşünmüş ki, onsuzda şəxsi axtarış zamanı üzərində olan psixotrop maddə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən içərisində iki büküm pisxotrop maddə «metamfetamin» və onun çəkilməsində istifadə etdiyi kağız borucuq olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümlərn içərisindəki kütlələrin «patı və şüşə» adlanan psixotrop maddə «metamfetamin» olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş bükümlər və kağız borucuq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, özü də həmin protokolun doğruluğunu digər iştirakçılar kimi imzalamaqla təsdiq etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əlahiddə X3 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar patrul yoldaşı Şahid2 ilə birlikdə 14 mart 2023-cü ıl tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi «Savalan» yaşayış massivi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini apararkən saat 12:40 radələrində diqqətlərini orada dayanmış «VAZ 2107» markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər əvvəllər tanımadıqları şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etməsi, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı onun danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə həmin şəxsin avtomobilinə əyləşərək yaxınlıqdakı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Rəşad İsmayılov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs üzərində «Şüşə və ya patı» adlanan psixotrop maddə olmasını etiraf edərək əlini əynindəki idman gödəkçəsinin sağ yan cibinə salaraq oradan bir ədəd “Winchester” markalı siqaret qutusunu, siqaret qutusunun içərisindən isə biri şəffaf sellofan, digəri isə gümüşü rəngli kağızdan olmaqla iki ədəd bükümləri və bir ədəd kağızdan hazırlanmış borucuğu çıxarıb təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərlərində ağ rəngli krsitalşəkilli kütlələrin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin şəxsin üzərindən aşkar olunmuş bükümlər qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Daha sonra saxlanılan şəxsin avtomobilinə də baxış keçirilmiş, lakin avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əlahiddə X3 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, odlu silahın, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 mart 2023-cü il tarixli qərara əsasən Sabunçu RPİnin 14-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, üzərinə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli “winchseter” sözü yazılmış siqaret qutusunu, avtomobil açarı və alışqanı, boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Redmi 10” markalı mobil telefonu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərsindən 02 ədəd büküm və 01 ədəd narkotik vasitə istifadə etmək üçün bükülmüş kağızı təqdim etmişdir. Həmin bükümlərdən 01 ədədi şəffaf selefona bükülmüş içərsində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər “patı” kimi təqdim etdiyi vasitə, digər ikinci 01 ədəd gümüşü rəngli kağız bükümün içərsində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bu narkotik maddəni 3-4 ay əvvəl toy məclisində yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik maddəyə bənzər narkotik vasitə hesab edilən maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür ( i.v. 23-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli, 6/1560 nömrəli rəyindən görünür ki, tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd siqaret qutusunun içərisinə yerləşdirilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram və 0,084 qram olmaqla ümumi təmiz çəkisi 0,252 qram olan ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin»-dir, borucuq formasına salınmış kağız predmetin daxilində narkotik vasitə «heroin»-in izləri müəyyən edilmiş, heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır (i.v. 34-38). “Maddi sübut kimi tanıma haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.51). “Maddi sübut kimi tanıma haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübuti əhəmiyyəti olan 0,252 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və narkotik vasitələrin istifadəsi üçün xüsusi olaraq hazırlanmış kağız borucuq maddi sübut kimi tanınmış, qalıq qalmış 0,152 qram metamfetaminin və narkotik vasitələrin istifadəsi üçün xüsusi olaraq hazırlanmış kağız borucuğun saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilməsi qərara alınmışdır (i.v.81). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 aprel 2023-cü il tarixli, 1942 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 94-95). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 mart 2023-cü il tarixdə, saat 12:40-dan tutulmuş hesab edilmişdir (i.v. 14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.73-74). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.75-76). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 avqust 2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2006-cı il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.85-86). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla (Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, saat 12:40-da tutulmuş, 15 mart 2023-cü il tarixdə, saat 12:45-dən saat 13:40-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı və narkotik vasitələrin istifadəsi üçün xüsusi olaraq hazırlanmış kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,152 qram metamfetamin və narkotik vasitələrin istifadəsi üçün xüsusi olaraq hazırlanmış kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(008)-691/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-691/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver