Məhkəmə qərarları › İş №1(008)-692/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-692/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-692/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 27,934 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “qurudulmuş marixuana”nı əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yaşayış massivinədək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 11:20-də saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən içərisində çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış 27,934 qram təmiz çəkidə narkotik vasitə “qurudulmuş marixuana” olan bir ədəd şəffaf sellofan torba aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. Narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən almış, 26 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşərək həmin şəxsdən öz istifadəsi üçün 20 manata bir bükümdə narkotik vasitə marixuana almışdır. Aldığı narkotik vasitə marixuananı istifadəsi üçün üzərində saxlamışdır. 27 yanvar 2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarının suallarından yayınmış, tələsdiyini bildirməklə getməyə çalışdığından polis əməkdaşları ondan şübhələnmişlər və getməsinin qarşısını alaraq Sabunçu RPİ-nin 14-cü PB-nə getməyi təklif etmişlər. Bundan sonra o, məcbur olub polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmiş, bölməyə çatdıqdan sonra araşdırma aparılması təhqiqatçıya tapşırılmış, təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, tutulmağı ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabına vəkillə təmin edilərək hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və həm buna, həm də vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşularaq olduğu halda təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən şəffaf sellofanın içərisində olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları bükümü açaraq içərisinə baxış keçirmişlər, baxış keçirdikdən sonra bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 26 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində üzdən tanıdığı, adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuana qablaşdırılmış, qablaşmanın üzəri özü və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da özü və polis əməkdaşları tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan narkotik vasitə marixuanadan heç kimə verməmiş və satışını həyata keçirməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir, əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iş yoldaşı, baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Çiləgər yaşayış massivi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar. Saat 11:20 radələrində həmin ərazidə diqqətlərini özünü şübhəli aparan bir nəfər orta yaşlı kişi cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək ona yaxınlaşmışlar və özlərini təqdim edərək ondan həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olubolmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, sorğu-sual zamanı həmin şəxsin əvvəllər məhkum olması məlum olduqda və danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı, narkotik təsiri altında olması hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 14cü PB-nin inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində «nəşə» adlanan narkotik vasitə olmasını etiraf edərək əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibinə salaraq oradan bir ədəd içərisində tünd yaşıl rəngli bitki mənşəli kütlə olan şəffaf sellofan torbanı çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni tərəflərindən saxlanılmamışdan təxminən bir gün əvvəl Suraxanı rayonu ərazisindən üzdən tanıdığı, lakin dəqiq anketi məlumatlarını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan torba qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.91-93); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:20 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən şəffaf rəngli sellofan bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 26 yanvar 2023-cü il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manata almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükülü açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər qurudulmuş ot kütləsi aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofanda olan narkotik maddə hesab edilən qurudulmuş ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Kent” markalı siqarət cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(i.v.23-24): məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 7/119 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut” yazılar və imzalar olan sarı rəngli kağız paketdə 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi-27,934 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə «qurudulmuş marixuana»dır (i.v.30-32); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmuş, cinayət işi üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v. 51-52); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.64-66); qətimkan tədbiri seçilməsi haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v. 68-70); CD diskə baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub- olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən şəffaf sellofanın içərisində olan bir ədəd bükümü çıxarıb təqdim edir. Bükümə baxış keçirilən zaman bükümdə yaşıl rəngli ot kütləsinin olduğu aşkar edilir(i.v.76); Maddi sübut kimi tanıma haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-də şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitə “qurudulmuş marixuana”nın aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd CD cinayət işi üzrə maddi sübut kimi tanınmışdır(i.v.77); Maddi sübut kimi tanıma haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 27,934 qram olan narkotik vasitə “qurudulmuş marixuana” cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin bir başqa predmeti olduğundan maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumilikdə təmiz çəkisi 27,914 qram qalıq qalmış kustar üsulla hazırlanmış narkotik vasitə “qurudulmuş marixuana” saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası bir ilə endirilmişdir. xx.xx.2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə şərti sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır; Bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya haqqında» Qərarın 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzası 06 ay müddətinə azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v.81-82; 99-99/5; 99/6-99/10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 2444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.109-110); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 28 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 27,934 qram olan psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm məhkəmə istintaqı zamanı təqsirini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 19 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 27 yanvar 2023-cü il tarixdə yenidən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01(bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 27,914 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 72(yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar