Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-693/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Biçənək kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbə Ərazi Dairəsi, Saray qəsəbəsi, Təzə Məhəllədə qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı vasitəsi ilə sonuncunun həyat yoldaşı Şahid əlillik təqaüdünü bərpa etdirmək adı ilə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsindəki nömrəsiz fərdi yaşayış evində 2023-cü ilin mart ayı ərzində hissə-hissə olmaqla hər dəfəsində 500 manat, dörd dəfəyə ümumilikdə 2000 manat, həmin ilin aprel ayı ərzində Sabunçu rayonu Pirşağı qəsəbəsində sonuncunun yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında ilkin olaraq 1000 manat, sonra isə həmin ünvanda 200 manat pul alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 3200 manat pulunu ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Asiflə qohumdurlar. O, 2016-cı ildən 2020-ci ilədək olan müddətdə böyrək xəstəliyi ilə əlaqədar təqaüd alırmış, 2020-ci ildən Sosial Müdafiə Nazirliyi tərəfindən yoxlanışa göndərilmiş və yoxlanışda xəstəliyi təsdiq olunmadığı üçün təqaüdü dayandırılmışdır. 2023-cü ilin yanvar ayında o, Asifin Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən evinə qonaq getmişdir. Həmin ərəfələrdə də maddi vəziyyəti pis olmuş, söhbət əsnasında Asif ona bildirmişdir ki, onun həyat yoldaşı Mətanətin aldığı əlillik ilə bağlı təqaüdü dayandırılmışdır və ondan təqaüd alıb-almadığını soruşmuşdur. O da təqaüd almadığı təqdirdə yalandan Asifə demişdir ki, onun təqaüdü əvvəlcə dayandırılmış, guya Sosial Müdafiə Nazirliyində olan tanışı vasitəsi ilə təqaüdünü bərpa etdirmiş, hazırda da təqaüd alır. Asif də ondan xahiş etmişdir ki, həyat yoldaşı Mətanətin də təqaüd ala bilməsi üçün əlilliyini bərpa etdirsin. O da Asifə yalandan demişdir ki, köməklik edər. Sonradan da inandırıcı olması üçün Asiflə mütəmadi olaraq əlaqə saxlayıb sonuncuya narahat olmamasını, guya Sosial Müdafiə Nazirliyində işləyən tanışı ilə danışdığını və Mətanətin təqaüdünü bərpa etdirəcəyini demişdir. 2023-cü ilin mart ayında maddi vəziyyəti pis olduğundan Asiflə əlaqə saxlamış, sonuncu ilə danışdıqdan sonra yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən evinə getmiş, Asifə bildirmişdir ki, guya o, Sosial Müdafiə Nazirliyində işləyən tanışı ilə danışmışdır və Mətanətin əlillik təqaüdünü düzəldə biləcəkdir. O, Asifdən təqaüdün bərpa edilməsi üçün də 3000 manat pul istəmişdir. Asif də etiraz etməmiş, lakin 3000 manat pulunun olmadığını, həmin pulu mart ayı ərzində hissəhissə verə biləcəyini bildirmişdir. O da etiraz etməmiş, elə həmin gün Asifdən yaşadıqları evdə 500 manat pul almışdır. Bundan təxminən 4-5 gün keçmişdir ki, o, yenə də Asifin evinə gedib ondan Mətanət xanımın təqaüdünün bərpa edilməsi üçün 500 manat pul almışdır. Bundan sonra Asiflə yenidən 2023-cü ilin mart ayında onun yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsindəki evində hər dəfəsində 500 manat olmaqla iki dəfə ümumilikdə 1000 manat pul almış, 2023-cü ilin aprel ayının əvvəllərində də eyni məqsədlə Asifdən onun yaşadığı evin yaxınlığında Sabunçu rayonu Pirşağı qəsəbəsində ikilikdə ilkin olaraq 1000 manat, sonra isə 3000 manatdan əlavə xərc kimi 200 manat pul almışdır. Asifdən aldığı ümumilikdə 3200 manat pulu öz ehtiyaclarına xərcləmiş və ona söz vermişdir ki, 2023-cü ilin aprel ayının 15-dən sonra Mətanətin əlillik təqaüdü bərpa ediləcəkdir. Sonradan Asif onunla dəfələrlə əlaqə saxlamış, ona müxtəlif bəhalər gətirmişdir. Həmin pulu hazırda maddi imkanı zəif olduğundan qaytara bilmir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Aralarında da həmişə yaxşı münasibətləri olmuşdur. 2013-cü ildən 2021-ci ilədək müddətdə həyat yoldaşı Mətanət İİ qrup əlil kimi təqaüd almışdır. O, 2021-ci ilin avqust ayında Sosial Müdafiə Nazirliyi tərəfindən yoxlanışa göndərilmiş və əlilliyi dayandırılmışdır. Həmin vaxtdan da təqaüd almamışdır. 2023-cü ilin yanvar ayında qohumu Samiq onların evinə qonaq gəlmişdir. O bilmişdir ki, Samiq də əlilliyə görə təqaüd alır. Samiqdən aldığı təqaüdünün dayandırılıb-dayandırılmaması barədə soruşduqda o, bildirmişdir ki, təqaüdü əvvəlcə dayandırılmış, sonra isə tanışı vasitəsilə əlilliyini bərpa etdirmiş, hazırda da təqaüd alır. O, Samiqdən xahiş etmişdir ki, əgər mümkündürsə ona da kömək etsin və həyat yoldaşı Mətanətin əlilliyi bərpa olunaraq yenidən pensiya alsın. Samiq də kömək edəcəyinə söz vermiş, 2023-cü ilin mart ayında Samiqlə danışıqlarına əsasən onların evinə gəlmiş və bildirmişdir ki, Sosial Müdafiə Nazirliyində işləyən tanışı ilə danışmışdır və həyat yoldaşı Mətanətin əlilliyini bərpa etdirə bilər. Bunun üçün isə Samiq Sosial Müdafiə Nazirliyində işləyən tanışının 3000 manat pul istədiyini bildirmişdir. O da Samiqə 3000 manat pulunun olmadığını bildirmiş, təklif etmişdir ki, 3000 manat pulu hissəhissə ödəsin. Həyat yoldaşı Mətanətin əlilliyinin bərpa edilməsi məqsədi ilə 2023-cü ilin mart ayında yaşadıqları Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evlərində Samiqə ilkin olaraq 500 manat pul vermiş, Samiq pulu aldıqdan sonra çıxıb getmişdir. Bundan təxminən 4-5 gün sonra Samiq yenidən onların evinə gəlmiş və bildirmişdir ki, guya həyat yoldaşı Mətanətə əlillik düzəldən şəxs əlavə olaraq 500 manat da pul istəyir. O da etiraz etməyərək Samiqə yaşadıqları ünvanda 500 manat pul vermişdir. Bundan sonra mart ayının sonunadək Samiq iki dəfə onların evinə gələrək guya Mətanətə əlillik düzəldən şəxsin əlavə olaraq da pul istədiyini bildirmiş, bu məqsədlə də o, iki dəfə həyat yoldaşı Mətanətin yanında Samiqə 500 manat olmaqla ilkin verdikləri puldan əlavə 1000 manat da pul vermişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Samiqlə yaşadıqları evin yaxınlığında Sabunçu rayonu Pirşağı qəsəbəsində görüşüb ona eyni məqsədlə 1000 manat, sonra isə 200 manat pul vermişdir. Samiq Mətanətin təqaüdünün 2023-cü ilin aprel ayının 15-dən bərpa olunacağına söz versə də verdiyi vədə əməl etməmiş və 2023-cü ilin aprel ayından da müxtəlif bəhanələr gətirməklə ondan yayınmışdır. Hazırda da Samiq aldığı 3200 manat puldan 100-200 manat qaytarmış, qalan məbləği qaytarmamış və həyat yoldaşı Mətanətin əlilliyini bərpa etdirməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.48-49); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi və götürmə haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın yaxınlığına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.08-11); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.27); İttiham elan etmək üçün şəxsin şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncu müəyyən edildiyi təqdirdə tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.56); Axtarışda olan şəxsin tutulması barədə 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nizami rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.62); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.102-104); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir (i.v.105-106); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə–min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.), Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-693/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-693/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver