Məhkəmə qərarları › İş №1(008)-694/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-694/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-694/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 15 may 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində nömrəsiz evdə yaşayan yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, o qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Şahid1 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Şamil Qəhrəmanovun idarə etdiyi **-EA-*** dövlət nömrə nişanlı “Reno Tondor” markalı avtomobil ilə ünvan 1 ünvanının yaxınlığına gələrək həmin avtomobili kənarda saxladıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün avtomobildə gözləmiş, X8 Babayevlə birlikdə həmin avtombioldən enərək qeyd edilən ünvanda yerləşən, X1 məxsus fərdi yaşayış evinə yaxınlaşıb Şamil Qəhrəmanov evin hasarının yanında dayanmış, Şahid1 isə hasarın üzərindən aşmaqla qanunsuz olaraq həyətə daxil olduqdan sonra evin plastik pəncərəsini açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan 01 ədəd 700 manat qiymətində “LG” markalı televizoru, 01 ədəd 100 manat qiymətində “Gorenje” markalı blenderi, 01 ədəd 15 manat qiymətində, 2013-cü il istehsalı olan, “Sinbo” markalı “SSİ 2861” model, ağbənövşəyi rəngli ütünü, 01 ədəd 100 manat qiymətində elektrikli isidicini gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə, ümumilikdə zərərçəkmiş şəxs Şəbinə Təvəkkülovaya 915 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə, saat 22 radələrində qohumu Şamil ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Qarabağ” kafesində əyləşmişlər. Kafedə olduqları zaman Tural ona zəng edərək “hardasızsa yanınıza gəlmək istəyirəm” demişdir. O, Turala “Qarabağ” kafesində olduqlarını demişdir. Bundan sonra Tural onların yanına gəlmişdir. Biraz söhbət etdikdən sonra artıq saat 12-yə az qaldığı üçün obyektlər bağlandığına görə “Qarabağ” kafesindən çıxmışlar. Biraz gəzdikdən sonra Turalın yaşadığı məhəlləyə doğru getmişlər, Tural ona demişdir ki, atası xəstə olduğundan dərmanlar üçün pul lazımdır və bu səbəbdən evlərində olan televizoru satmaq istəyir. Sonra Tural ilə Şamil maşından enərək televizoru gətirməyə getmişlər, o isə maşının içində oturub Turalla Şamilin qayıtmasını gözləmişdir. Bir qədər sonra Turalgilin məhəlləsinin giriş hissəsində Şamilin əlində bir böyük qutu olduğunu görmüş və Şamil həmin qutunu avtomobilin arxa sərnişin oturacağına yükləmişdir. O, həmin televizorun Turalgilin özlərinin televizoru olmasını düşünmüşdür. Bir qədər sonra isə Tural əlində sellefon torba avtomobilin yanına gəlmişdir. Turaldan soruşmuşdur ki, “əlindəki sellofanın içərisində nə var?”. Tural cavab olaraq demişdir ki “evdə istifadə olunmayan blenderdi, bunu da satacam”. Bundan sonra Tural demişdir ki, “Bakıda televizor alan dükanlar gec açılır, gedək Sumqayıta”. Beləliklə üçü birlikdə Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərində Şamilgilin evində qalmış və qərara almışlar ki, “indi gec saatlardır, səhər açılanda gedib televizor alan dükan taparaq televizoru satarıq”. 12 fevral 2022-ci il tarixdə, saat 07 radələrində Sumqayıt şəhərində televizor alan dükan axtarmışlar, lakin tapa bilməmişlər. Bu səbəbdən Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında olduqları zaman orada da obyektlərin işləmədiyini görmüşlər. Tural üzərində “Lombard” sözləri yazılmış obyektin şüşəsində olan mobil nömrəyə zəng etmiş və televizor alan şəxsin verdiyi istiqamətlər üzrə onun yaşadığı məhəlləyə getmişlər. Tural həmin şəxsə demişdir ki, “televizoru 400 manata satıram”. Sonda Tural ilə televizor alan şəxs 380 manata razılaşmışlar. Tural televizor alan şəxsə demişdir ki, “narahat olma qardaş, öz evimin televizorudu”. Televizor alan şəxs Turaldan şəxsiyyət vəsiqəsi istəmiş, lakin Turalın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamil öz şəxsiyyət vəsiqəsini televizor alan şəxsə təqdim etmişdir. Bundan sonra Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olan bir kafedə üçü yəni, o, Tural və Şamil yemək yemişlər. Hesabı Tural ödəmişdir. Yemək yedikdən sonra Turalın yaşadığı evə getmişlər. Tural masanın üzərinə 200 manat pul qoymuş və demişdir ki, “kim nə qədər istəyir götürsün”. Bundan sonra Şamil və o hərəsi 100 manat pul götürmüşdür. Pulu götürdükdən sonra evlərinə gedərək yatmışlar. Təqsirləndirilən şəxs qismində ifadə verərkən Təqsirləndirilən şəxs özünü törədilmiş oğurluq əməlində təqsirli bilməsə də, digər təqsirləndirilən şəxs Şahid1 məhkəmə iclasında iştirakı təmin olunaraq dindirildikdən və məhkəmə iclasında onların üzləşdirilməsi həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs cinayət əməlində təqsirli olmasını etiraf edib Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evdən Anar və Şamillə birlikdə oğurluq etmişlər. Onlar üçü Turalgilin həyətində oğurluq barədə plan quraraq aralarında rol bölgüsü aparmışlar. Qurulmuş plana əsasən o, hasardan aşaraq evin içərisinə daxil olmalı, Şamil pəncərədən onun oğurladığı əşyaları qəbul edərək avtomobilə yükləməli, Anar isə ətrafı müşahidə edib onlara gələn kimsə olsa məlumat verməli idi. Onlar əşyaları maşına yüklədikdən sonra səhər həmin əşyaları sataraq əldə edilmiş məbləği aralarında bərabər şəkildə bölmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən evində daimi olaraq yaşamır. Evindən oğurluq baş verməsi ilə bağlı bildirmişdir ki, 13 fevral 2022-ci il tarixdə, saat 10 radələrində həmin evə nəzarət etmək üçün baxmağa getdikdə, evin plastik pəncərəsinin aralı olduğunu görmüşdür. Divarın yanında isə kimsə taburetka qoymuşdur. Bu mənzərə onda oğurluq olduğu ilə bağlı şübhə yaratmışdır. O, evin qapısını açaraq evə girmiş, evdə divara quraşdırılmış vəziyyətdə olan 700 manat qiymətində “LG” markalı televizorun, dəhlizdə siyirmədə olan 30 manat qiymətində “Sinbo” markalı ütünün, mətbəxdə olan 100 manat qiymətində “Gorenje” markalı blenderin, bundan qonaq otağında 01 ədəd 100 manat qiymətində elektrikli isidicisinin (radiator) yerində olmadığını görmüşdür və bu barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, hadisə baş verən gündən əvvəl o, həmin evə sonuncu dəfə 06 fevral 2022-ci il tarixdə getmişdir. Buna görə də oğurluğun konkret olaraq hansı tarixdə baş verdiyini bilmir. Hazırda ona dəymiş ziyan tam ödənilsə də, o, təqsirləndirilən şəxslə barışmır. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, əslində hadisənin görüntülərini o, qonşularının kamera görüntülərini izləyərək görmüşdür. Lakin, hazırda həmin görüntülər silindiyindən onu məhkəməyə təqdim edə bilmir. Həmin görüntülərdə iki nəfər şəxsin hasardan aşaraq evə daxil olması, bir nəfər şəxsin isə avtomobildə oturaraq onları gözləməsi müşahidə olunurdu. Avtomobilin dayandığı yeri və məsafəni nəzərə almaqla avtomobildə oturan şəxsin digər iki şəxsin hasardan atlayaraq həyətə daxil olmasını, əşyaları hasardan endirərək avtomobilə gətirmələrini görməməsi mümkün olan hal deyil. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən tanışı X4 adına olan “Lombard” vardır. Həmin “Lombard”ın giriş hissəsində qoyulmuş ***-***-**-** nömrəsi onun istifadəsindədir. Təqribən 2022-ci ilin fevral ayının ortalarında, səhər saatlarında bir nəfər tanımadığı şəxs ona zəng edərək özünə məxsus olan “LG” markalı televizoru satmaq istədiyini bildirmişdir. Onun həmin vaxt özünə də televizor lazım olduğu üçün həmin şəxsi yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsinə dəvət etmişdir. Bir müddət sonra “Reno” markalı **-EA-*** nömrəli avtomobil vasitəsi ilə üç nəfər şəxs onun yaşadığı məhəlləyə gəlmişdir. Onlardan biri avtomobildə oturmuş, adları ona sonradan məlum olan Tural və Şamil avtomobildən enərək ona yaxınlaşmışlar. Onlar söhbət edərkən, Tural televizorun özünə məxsus olduğunu, təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra baqajda olan televizoru ona göstərmişdir. O, Turala 320 manat pul verə biləcəyini bildirmiş, Tural ondan xahiş edərək 20 manat da artıq verməsini istəmişdir. Bundan sonra o, Turalla razılaşıb ona televizora görə 340 manat pul vermişdir. O, həmin vaxt Turaldan şəxsiyyət vəsiqəsi istədikdə Şamil adlı şəxs özünün şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Tural ona avtombilin baqajında olan blenderi də göstərib özünə məxsus olduğunu bildirmiş və həmin blenderi də satmaq istədiyini demişdir. Lakin, o, blenderə ehtiyacı olmadığını deyərək almaqdan imtina etmişdir. O, həmin televizoru bir müddət işlətdikdən sonra onu satmaq fikrinə düşmüş və Rac adlı tanışına zəng etmiş və televizoru satmaq istədiyini bildirdim. Daha sonra Racla görüşüb həmin “LG” markalı televizoru 400 manata Raca satmışdır. Sədrlik edənin sualına cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs Tural və Şamil ona televizoru satmağa gətirəndə görmüşdür, Anar onunla hər hansı söhbət aparmamış, maşının arxa oturacağında oturaraq Turalla Şamili gözləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 may 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (i.v. 1-3). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanıdır. Hadisə yerində müəyyən edilmişdir ki, oğurluq hadisəsi mətbəxin pəncərəsi açılaraq pəncərədən mənzilə daxil olmaqla törədilmişdir (i.v. 7-8). 15 fevral 2022-ci il tarixli Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı 12 fevral 2022-xi il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evdən Şamil və Anarla birlikdə oğurluq etdiklərini, onların bununla bağlı birlikdə plan qurduqlarını və hər kəsin rolunu böldüklərini, rol bölgüsünə əsasən Anar onlar Şamillə oğurluq edərkən ətrafı müşahidə edib onların rahatlıqla oğurluq etmələri üçün ətrafa nəzər yetirərək şərait yaratmalı idi (i.v.31-32). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun məhkəmə istintaqının sonunda özünün cinayəti etiraf etməsi, digər təqsirləndirilən şəxs Şahid1 ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün, digər təqsirləndirilən şəxs Şahid1, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə, saat 21:30-da tutulmuşdur (i.v.27). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azad edilmişdir (i.v.46-47). “Polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.48-49). Zərərçəkmiş şəxs 16 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş zərər tam şəkildə ödənilmişdir. Hazırda cinayət işi üzrə heç bir şikayət və tələbi yoxdur (i.v.50). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə” 31 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə tutulmuşdur (i.v.94). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 4(007)-306/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (i.v.117-124). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Bakı şəhəri Nizami RPİ İŞ-də 21 fevral 2020-ci il tarixdə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v.155). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il təvəllüdlü (X9) övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyşalı övladının olmasını (AR CM 59.1.4), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (AR CM 59.1.13.), təqsirləndirilən şəxsin birinci qrup əlil olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını (AR CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, həmçinin, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut-“Sinbo” markalı ütünün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət, cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün müddət ona təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-“Sinbo” markalı ütünün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri SABUNÇU Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar