Məhkəmə qərarları › İş №1(008)-698/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-698/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-698/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,266 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 mart 2023-cü il tarixdə saat 14:30-da Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Abşeron küçəsində saxlanılaraq 42-ci PB-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüş rəngli kağız bükülüdə 0,266 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilrək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda heç bir yerdə rəsmi olaraq işləməsə də fərdi əməklə, yəni fəhləliklə məşğul olub maddi ehtiyaclarını ödəyir. 10 il olar ki, narkotik vasitə olan heroini istifadə edir. Hazırda üzərindən aşkar edilrək götürülmüş heroini 15 mart 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat ödəməklə almışdır. Necə almışdırsa elə də saxlamışdır ki, bir yerdə qalsın istifadə etsin. Həmin narkotik vasitə hesab edilən heroini üzərində gəzdirmiş, həmin gün saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsindən keçən zaman iki nəfər polis əməkdaşları onu saxlamış və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu 42-ci PB-nə dəvət etmişlər. Polis bölməsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış və baxış aparılacağı deyilmişdir. Ərizə yazaraq müdafiəçinin şəxsi axtarış və baxışda iştirak etməyinə etiraz etmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə video çəkiliş olunmaqla aparılmış, üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüş rəngli kağız bükülünü təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyulmuş, qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 10(on) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Sabunçu RPİ-nin 42-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumat barədə 15 mart 2023-cü il tarixdə tərəfindən 42-ci bölmənin rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək rəhbərliyi altında Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 mart 2023-cü il tarixdə saat 14:30 dəqiqədə Təqsirləndirilən şəxs Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən nömrəsiz evin qarşısında olması müəyyən edilmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə gəlmişdir. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, bölməyə gətirilən zaman nəzarətdə olduğundan üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı maddə, əşya və predmet atmağa imkanı olmamışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülü tünd qəhvəyi rəngli bərk maddəni çıxarıb təqdim edərək masanın üzərində qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq o, həmin maddənin narkotik vasitə “kakos” olmasını, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Lakin, onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.17); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülü tünd qəhvəyi rəngli bərk maddəni təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs gümüşü rəngli kağıza bükülü olan maddənin narkotik vasitə olan “kakos” olmasını, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını qeyd etmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarş keçirilmiş və onun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. (i.v.28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1583 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°241” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs götürülmüş maddələrin olduğu bükülü; saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi: iki imza, Tərtib etdi: T.Quliyevimza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,266 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.42-45); Diskə baxış keçirilməsi barədə 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında 01 ədəd fayl mövcüddur. Həmin fayl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə Sabunçu RPİ-nin 42-ci PB-nə ezam edilmiş təhqiqatçı, polis kapitanı X1, Bakı şəhəri, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu görünür. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülü maddəni çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd gümüşü rəngli kağız büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən tünd qəhvəyi rəngli bərk maddə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan narkotik vasitə aşkar olunan şəxsin özü olduğunu bildirmişdir(i.v.55); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.80-82); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1; 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.88-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 2084 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opiodidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.91-92); Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-497/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək cəzasının çəkilməmiş 07 ay 19 gün hissəsi 06 ay azaldılmış, cəzasını çəkib qurtardığına görə cəza çəkdiyi 16 saylı Cəzaçəkmə müəssisəsindən azad edilmişdir (i.v.103-104); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,266 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,216 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntünün qeyd olunduğu 01 ədəd CD disk maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.105-111); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 15 mart 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,266 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,216 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar