Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-7/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Südeyib oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxx 2002-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkum olunmuş, Bakı şəh., Nərimanov rayonu, Tarzən H.Məmmədov küç., 9 saylı inzibati binada qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 dekabr 2017-ci ildən 24 iyun 2020-ci ilədək olan müddət ərzində Bakı şəh., Nərimanov, Yasamal, Nizami, Nəsimi, Binəqədi, Sabunçu və Xətai rayonları ərazisində özgənin əmlakını gizli olaraq ələ keçirdikdən sonra təkrarən 01 iyul 2020-ci il tarixdə, saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küç., 37 ünvanda yerləşən telefon satışı və təmiri mağazasının giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq mağazaya qanunsuz daxil olub 300 manat dəyərində bir ədəd «Samsung J4» markalı, 250 manat dəyərində bir ədəd «Sony» markalı, 400 manat dəyərində bir ədəd «iPhone» markalı, 200 manat dəyərində bir ədəd «Samsung J5» markalı, 150 manat dəyərində bir ədəd «Samsung 12» markalı və 350 manat dəyərində bir ədəd «Xiomi Redmi not 6 pro» markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1.650 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 iyul 2021-ci il tarixdə, saat 05:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küç., 51 ünvanda yerləşən telefon satışı və təmiri mağazasının giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq mağazaya qanunsuz daxil olub 250 manat dəyərində bir ədəd «Nokia 8800» markalı, hər birinin qiyməti 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd «iPhone 5S» markalı, 150 manat dəyərində bir ədəd «iPhone 6G» markalı, 150 manat dəyərində bir ədəd «X1 2» markalı, 100 manat dəyərində bir ədəd «Samsung J3» markalı, 600 manat dəyərində bir ədəd «Huawei P20» markalı, hər birinin qiyməti 150 manat olan 300 manat dəyərində iki ədəd «Samsung 15» markalı, 100 manat dəyərində bir ədəd «Sony Z» markalı, 50 manat dəyərində bir ədəd «Nokia 6.100» markalı mobil telefon aparatları, masanın siyirməsinin saxlanc yerində olan 10 manat dəyərində çiyinə asmaq üçün bir ədəd çanta və həmin çantasının içində olan 900 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2.810 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyun 2020-ci il tarixdə, saat 23:30 radələrində o, Bakı şəh., Səbail rayonu, Nizami küçəsində yerləşən «İnternet klub»-da əyləşib oyun oynayırdı. Həmin yerdə oturub vaxtın keçməsini gözləyirdi. Səhər üzü Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlib telefon mağazalarının birinə girib mağazadan mobil telefon və pul oğurlamaq qərarına gəlmişdir. 01 iyul 2020-ci il tarixdə o tək Bakı şəh., Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Avtovağzala» gəlib orada olan kafedə əyləşmişdir. Həmin kafe 24 saat işləyir. Kafedə çay içib vaxtın keçməsini gözləmiş və həmin günü saat 04:50 radələrində bir taksiyə əyləşərək sürücüyə onu Bakıxanov qəsəbəsinə aparmağı demişdir. Tanımadığı sürücü onu Bakıxanov qəsəbəsində yerləşən parkın qarşısına gətirmişdir. Sürücüyə danışdığı kimi 13 manat verib yola salmışdır. Bundan sonra münasib telefon mağazaları axtarmağa başlamışdır. Bu məqsədlə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində olan mobil telefon mağazasına yaxınlaşmışdır. Bakı şəh., Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində olan mobil telefon mağazasından 2019-cu ilin oktyabr ayında bir dəfə oğurluq məqsədilə girib mobil telefon və nağd pul oğurlamışdır. Ona görə də həmin mağazaya bələdçiliyi var idi. Mağazanın giriş qapısı olan şüşə qapıya yaxınlaşmış və şüşə qapının daxili qıfılına özündə olan vintaçanla fiziki güc verib açmışdır. O, mağazaya girən zaman mağazada video kamera olduğunu görmüş, lakin video kameranın qeydə almasına fikir verməmişdir. Bundan sonra o, mağazada olan vitrindən altı ədəd müxtəlif markalı mobil telefon olduğunu görüb götürmüş və əynində olan şalvarın cibinə qoyaraq mağazadan çıxmışdır. Bundan sonra yaxınlıqda olan mobil telefon mağazalarının birinə də girib oğurluq etməyi və Bakıxanov qəsəbəsindən çıxıb getməyi qərara almışdır. Bu məqsədlə o, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsinə gələn zaman mobil telefon mağazasını görmüş və həmin mağazadan oğurluq etməyi qərara almışdır. Mağazaya yaxınlaşmış, mağazanın giriş qapısı alüminium olduğunu görmüşdür. Həmin mağazanın giriş qapısına çatan zaman yaxınlıqda olan «Bravo» marketin qarşısında bir nəfər qadının yeri süpürdüyünü görmüşdür. Həmin qapıdan mobil telefon mağazasına girsə həmin qadın onu görə biləcəyini fikirləşmiş və buna görə mobil telefon mağazasının yan tərəfinə keçmişdir. Hamin vaxtı mağazanın yan tərəfində ikinci qapı olduğunu görmüşdür. Bundan sonra o, həmin mobil telefon mağazasına ikinci qapıdan girsə onu heç kim görə bilməyəcəyi barədə qərara gəlmişdir. Buna görədə o, ikinci şüşə qapıya yaxınlaşmış və üzərində olan vintaçanı şüşə qapının qıfılına salıb fiziki güc verib açmışdır. Mağazaya qapıdan daxil olmuş, mağazanın video kamerası olduğunu və onun hərəkətlərini qeydə aldığını görmüşdür. Mağazada olan vitirindən 11 ədəd müxtəlif markalı mobil telefon aparatını və bir ədəd əl çantasını götürmüş, həmin əl çantaya baxan zaman içərisində 900 manat pul olduğunu görüb götürürərək cibinə qoymuş və oğurladığı mobil telefonları həmin çantaya qoyub mağazadan çıxmışdır. Bundan sonra o, yoldan keçən bir taksi saxlatmış və əyləşərək Bakı şəh., Biləcəri qəsəbəsində yerləşən avtovağzala getmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əgdər oğlu ifadəsində göstərmişdir ki, 2013-cü ildən o, ünvan 1 ünvanda yerləşən mobil telefon aparatı satışı və təmiri mağazasını icarəyə götürüb işlətməyə başlamışdır. Həmin mağazada mobil telefon aparatının alışı, satışı və təmiri ilə məşğul olur. 08 oktyabr 2019cu il gecə saatlarında o. icarəyə götürdüyü mağazaya naməlum şəxs daxil olaraq bir neçə ədəd müxtəlif markalı mobil telefon aparatı və 700 manat pul oğurlamışdır. Bununla bağlı o, Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin «102» Xidməti-zəng mərkəzinə zəng vurub məlumat vermiş və Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bir müddətdən sonra polis əməkdaşları bir nəfər yetkinlik yaşına çatmayan oğlan uşağını icarəyə götürüb işlətdiyi mağazaya gətirmiş və həmin şəxs oğurladığı mobil telefon aparatlarının və pulun yerini göstərmişdir. Orada ona həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. 30 iyun 2020-ci il tarixdə, saat 09:30 radəlarində o, icarəyə götürdüyü mobil telefon aparatının satışı və təmiri mağazasını açıb işə başlamış və həmin günü saat 21:30 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhəri günü 01 iyul 2020-ci il tarixdə, saat 09:30 radələrində o, mağazaya gələn zaman mağazanın şüşədən olan qapısının aşağı hissəsində olan xarici qıfılının sındırıldığını görmüşdür. Mağazaya daxil olmuş, mağazada olan stolun rəfləri açıldığını və içəndə olan əşyalar dağınıq vəziyyətdə olduğunu, vitirində olan bir neçə mobil telefon aparatının yerində olmadağını bilmişdir. O, mağazaya oğru girib oğurluq etdiyini başa düşmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 30 iyun 2020-ci il tarixdə, saat 10:00 radələrində o, icarəyə götürdüyü mobil telefon aparatının satışı, təmiri mağazasını açıb işə başlamış və həmin günü saat 21:00 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhəri günü yəni, 01 iyul 2020-ci il tarixdə, saat 10:00 radələrində mağazaya gələn zaman görmüşdür ki, mobil telefon aparatının satışı və təmiri mağazasının giriş qapısını açıb içə daxil olmuş və mağazada əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mağazada olan ikinci qapıya baxan zaman qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra mağazaya oğru girib oğurluq etdiyini başa düşmüşdür. Mağazada quraşdırılmış təhlükəsizlik kamerasının video görüntüsünə baxan zaman 01 iyul 2020-ci il tarixdə, saat 05:30 radələrində oğurluq cinayətini bir nəfər cavan oğlan törətdiyini görmüşdür. O. mağazadan oğurlanmış əşyaların siyahısını çıxartdıqdan sonra Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin «102» Xidməti zəng mərkəzinə zəng vurub mobil telefon aparatı mağazasından oğurluq olması barədə məlumat vermişdir. Mağazadan bir ədəd 250 manat dəyərində «Nokia 8800» markalı mobil telefon aparatı, hər birinin qiyməti 100 manat dəyərində olan iki ədəd «iPhone 5S» markalı mobil telefon aparatı, bir ədəd 150 manat dəyərində «iPhone 6G» markalı mobil telefon aparatı, bir ədəd 150 manat dəyərində «X1 2» markalı mobil telefon aparatı, bir ədəd 100 manat dəyərində «Samsung 13» markalı mobil telefon aparatı, bir ədəd 600 manat dəyərində «Huawei P20» markalı mobil telefon aparatı, hər biri 150 mana dəyərində iki ədəd «Samsung J5» markalı mobil telefon aparatı, bir ədəd 100 manat dəyərind «Sony Z» markalı mobil telefon aparatı, bir ədəd 50 manat dəyərində «Nokia 6100» markalı mobil telefon aparatı, bir ədəd 10 manat dəyərində çiyinə asmaq üçün çanta və həmin çantasının içində olan 900 manat pul oğurlanmışdır. Oğurlanmış mobil telefon və pul ona məxsusdur və oğurlanmış mobil telefon aparatlarının üzərində aksesuar və ya mobil telefon nömrəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və xüsusi rütbəsi polis baş leytenantıdır. 01 iyul 2020-ci il tarixdə 13-cü Polis Bölməsində əməliyyat qrupunda idi. Həmin günü saat 12:30 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» Xidməti zəng mərkəzinə ünvan 2 ünvanda yerləşən mobil telefon aparatı mağazasından mobil telefon aparatı və nağd pul oğurlanması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar o, əməliyyat qrupunun tərkibində hadis yerinə getmişdir. Mağaza sahibi bildirmişdir ki, 01 iyul 2020-ci il tarixdə, saat 05:30 radələrində mağazadan 11 ədəd müxtəli markalı mobil telefon aparatı və 900 manat nağd pul oğurlanmışdır. Mağazada video müşahidə kamerasının olub-olmaması ilə maraqlanmış və mağazanın daxilində video müşahidə kamerası olduğu müəyyən olunmuşdur. Mağaza şahidindən həmin video görüntünü göstərməsini xahiş etmişdir. Mağaza sahibi etiraz etməyərək video görüntünü göstərmiş və hamin video görüntüyə baxan zaman müəyyən etmişdir ki, mağazanın giriş qapısını vintaçanla açaraq daxil olan və mağazadan oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs 2019-cu ildə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir neçə mobil telefon mağazasına qanunsuz daxil olaraq müxtəlif markalı mobil telefon aparatı və nağd pul oğurlamış, həmin cinayətlərlə bağlı Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir. Həmin video görüntüyə baxan kimi Təqsirləndirilən şəxs bədən quruluşundan, boyundan, hərəkətlərindən və saç düzümündən tanımışdır. Əməliyyat qrupunda olan təhqiqatçı tərəfindən mağazadan oğurluq olması barədə mağaza sahibindən ərizə almış və hadisə yerinə baxış keçirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin 1(103)268/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 1772.4-cü maddələri ilə təqsirli bilinib, 24 iyul 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəh., Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin hökm dəyişdirilmiş Təqsirləndirilən şəxs Bakı şəh., Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 29 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,137). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayt Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin 1(006) 99/2021 saylı, 05 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)268/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ilə dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində saxlanılmış «05» (beş) il müddətinə azadlıqdan məhrum etmə cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza il əhatə olunmaqla, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «05» (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı «24» iyul 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-7/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-7/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver