Məhkəmə qərarları › İş №1(008)-707/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-707/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-707/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X5, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı küçəsi ev 27, mənzil 4 ünvanında qeydiyyatda olmaqla ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,582 qram narkotik vasitə olan heroini, xeyli miqdarda təmiz çəkisi 0, 339 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 may 2024-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,056 qram, 0,205 qram, 3 ədəd bükümdə olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,582 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,203 qram, 0,136 qram, 02 ədəd bükümdə olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,339 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə heroin istifadə etmişdir. Narkotik vasitə heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 13 may 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində olarkən əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsə 60 manat pul verib ondan özünün qəbul etməyi üçün ümumi sellofan bükümdə narkotik vasitə heroin almışdır. Həmin şəxsin ona verdiyi bütöv sellofan bükümü açıb içinə baxmadan sonradan qəbul etmək üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 14 may 2024-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Zabrat dairəsinin yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə heroin olmasını polis əməkdaşlarına bildirmişdir. O əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroini özü üçün qəbul etmək məqsədi ilə əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 60 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Bükümün içərisindən çıxan heroinin ona məxsus olmuş, lakin iki büküm psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Həmin maddəni video çəkilişdən qabaq polis əməkdaşları ona verərək bir yerdə təqdim edilməsini bildirmiş və bu səbəbdən də üç dəfə video çəkiliş aparılmışdır. Bu səbəbdən də məhkəmədən qeyd edilən halı nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin əməkdaşı Şahid1 bildirmişdir ki, hazırda Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə, narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün bölmə rəisinin adına 13 may 2024-cü il tarixdə raport yazmışdır. Bölmə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə, narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 13 may 2024-cü il tarixdə qərar verilməklə bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid2 ilə birlikdə 14 may 2024-cü il tarixdə saat 01:40 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat dairəsinin yaxınlığında psixotrop maddə, narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşımasında şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsinə tərəflərindən psixotrop maddə, narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşımasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bütöv sellofan bükümü təqdim etmişdir. X11 Əliyevin təqdim etdiyi bir ədəd bütöv sellofan bükümü açaraq içərisinə baxdıqda həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan iki ədəd ağ kağıza bükülmüş bükümün, içərisində narkotik vasitə heroinə bənzər maddə olan üç ədəd şəffaf sellofana bükülmüş bükümün, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümün və bir ədəd narkotik vasitə metadona bənzər qəhvəyi rəngli dərman həbinin olmasını müəyyən edib bu barədə X14 sorğu etdikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan maddələri özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri Balaxanı qəsəbəsində adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 60 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində psixotrop maddə və narkotik vasitələr olan bükümlər onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin əməkdaşı Malıyev X4 Arif Yurif oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Əliyev X1 sonra Sabunçu rayon Pl-nin 15-ci PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman 14 may 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Əliyev X3 şəkildə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan iki ədəd ağ kağıza bükülmüş bükülü, içərisində narkotik vasitə heroin olan üç ədəd şəffaf sellofana bükülmüş bükülü, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükülü və bir ədəd narkotik vasitə metadon dərman həbi aşkar olunaraq götürülmüşdür. O, həmin narkotik vasitəni 13 may 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 may 2024-cü il tarixli, 3-16-16/2-6/2711 saylı rəyindən görünür ki, dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,056 qram, 0,205 qram, ümumi tmiz çəkisi 0,582 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,203 qram və 0,136 qram, ümumi təmiz çəkisi 0,339 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd konvalyutdakı üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həbdir və həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram-dır (üzərində qeyd olunmuş göstəriciyə əsasən). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir(i.v.41-45). Əlavə məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2024-cü il tarixli 3-16-16/2-6/2928 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” möhür əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər və 2 (iki) ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir(i.v.128-131). Məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2024-cü il tarixli, 4589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinnensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.132-133). “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, narkotik vasitə və psixotrop maddənin mənbəyi ilə bağlı araşdırma materialları ayrılaraq araşdırılması üçün göndərilmiş, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,339 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 0,219 qram), 0,582 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,402 qram), 0,072 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertiza tədqiqatından sonra qalıq 0,052 qram) və bir ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həb cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilərək Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert rəyləri, şahid ifadələri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” diskin maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı xeyli miqdardan az miqdarda 0,072 qram narkotik vasitə qurudulmuş və bir ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli 0,04 qram həb cinayət təqibi yaratmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd olunmaqla Təqsirləndirilən şəxs AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün cinayət işindən material ayrılaraq Sabunçu RPİnin 15-ci PB-nə göndərilmişdir (i.v.142-149). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təmiz çəkisi 0,339 qram iki büküm psixotrop maddə metamfetamin ona məxsus olmadığnı, ona psixoloji təzyiqlər göstərildiyindən və daha artıq maddə ilə nəzərdə tutulmuş ittiham irəli sürüləcəyi ilə hədələndiyindən psixotrop maddə metamfetamin də ona məxsus olması ilə bağlı etirafedici ifadələrə imza etdiyini, narkotik vasitələrin istifadəçisi olsa da, özünü ona verilmiş ittihamın psixotrop maddə metamfetaminə aid hissədə təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Məhkəmənin sualına cavabında isə psixoloji təzyiqin hansı dövrədək davam etməsi, niyə ibtidai araşdırmanın davam etdiyi və ondan sonrakı dövrlərdə iki büküm psixotrop maddə metamfetamin ona məxsus olmamasına etiraz etməməsi ilə bağlı hər hansı ağlabatan dəlil gətirməmiş, bunu sözlərlə ifadərək edərək əsaslandıra bilməmişdir. Əksinə ibtidai istintaq zamanı və cinayət işinin materialları ilə tanış etma haqqında xx.xx.2024-cü il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi hər hansı etiraz, vəsatət və əlavə təqdim etməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Əliyev X3 şəkildə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində iki ədəd ağ kağıza bükülmüş bükülü, üç ədəd şəffaf sellofana bükülmüş bükülü, bir ədəd qızılı rəngli kağıza bükülmüş bükülü və bir ədəd dərman həbi təqdim edərək həmin bükümlərin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Video diskdə Təqsirləndirilən şəxs hər hansı formada etiraz etməmiş, hər hansısa bükümün ona aid olmaması ilə bağlı fikirlər səsləndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuş, 0,339 qram psixotrop maddə metamfetamin də ona məxsus olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 01:40-dan tutulmuş hesab edilmişdir (i.v.17). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılmış saat 16:00-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə qərar elan edilmişdir(i.v.90-94). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.118-119). Əşyanın maddi sübut hesab edilməsi və məsul şəxs saxlanışa verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,339 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 0,219 qram), 0,582 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,402 qram), 0,072 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertiza tədqiqatından sonra qalıq 0,052 qram) və bir ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həb cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir(i.v. 152-153). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növ müxtəlifliyini(psixotrop maddə metamfetamin və narkotik vasitə heroin), onların çəkisini(0,339 qram+0,582 qram=0.921 qram) nəzərə almaqla təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(14 may 2024-cü il tarixdə saat 01:40-dan 15 may 2024-cü il tarix saat 16:00-dək 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır) (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin narkotik vasitə qurudulmuş marixuana konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək (saatlarla hesablanma nəzərə alınmaqla) şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,402 qram heroin, 0,219 qram metamfetamin, 0.052 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 306 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar