Məhkəmə qərarları › İş №1(008)-709/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-709/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-709/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə, saat 23 radələrində oğlu X2 idarə etdiyi “Saipa” markalı, **-OE-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanının yaxınlığında hərəkətdə olarkən tıxaca görə yolda onlardan öndə dayanmış “Qazel” markalı, **-GZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onlara yol verməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan avtomobildən düşüb ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, kənar vətəndaşların gözü qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, sifət nahiyyəsindən bir neçə zərbə vuraraq, ona sol göz almasının ağlı qişasına qansızma və sol gözyuvasıətrafı-alın nahiyəsinin dərialtı hematoması ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş və bununla da Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23 radələrində oğlu Rəsulun idarə etdiyi “Saipa” markalı, **-OE-*** dövlət nömrə nişanlı avtomobillə Komsomol dairəsi yaxınlığında ara küçə ilə hərəkət edərkən yolda tıxaca düşmüşlər. Tıxaca səbəb isə qarşı yoldan gələn maşın olmuş və yol daraldığından onların qarşısında olan Qazel markalı avtomobilin sürücüsü həmin yoldan keçə bilməmişdir. Onun oğlu Rəsul avtomobilə siqnal verib qarşıda dayanmış Qazel markalı avtomobildən yol istəmiş, Qazel markalı avtomobil yol vermədiyi üçün o, avtomobildən düşüb Qazeldəki sürücüyə avtomobili sürməsini bildirmiş və Qazelin qarşısında dayanaraq ona keçməyə kömək etməyə çalışmışdır. Bu zaman Qazel markalı avtomobilin sürücü avtomobili sürməmiş və ona kobud cavab vermişdir. Bundan sonra o, əsəbləşərək Qazel markalı avtomobilin qapısını açaraq sürücünün yanındakı oturacaqda əyləşib bir dəfə sürücünün sifət nahiyyəsinə yumruqla vurmuşdur. Sonra oğlu idarə etdiyi avtomobildən enərək onu Qazel markalı avtomobildən endirmiş və onu zərərçəkmiş şəxslə orada barışdırmışdır. Avtomobildə olarkən hər hansı kənar şəxs onun Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs iş materiallarında olan təhqiqatçı tərəfindən komputer vasitəsi ilə yazılmış ifadələri oxumadığını, təhqiqatçıya da eyni ilə indi məhkəmə iclasında verdiyi məzmunda ifadə verdiyini, təhqiqatçının onun ifadəsini onun sözlərindən olduğu kimi yazdığını bildirdiyini və bu səbəbdən həmin ifadələri oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23 radələrində oğlu idarə etdiyi Qazel markalı avtomobillə Komsomol dairəsi yaxınlığında ara küçə ilə hərəkət edərkən yolda tıxac yaranmışdır. Yol dar olduğundan o idarə etdiyi Qazel markalı avtomobillə həmin yolu keçə bilməmişdir. Bu zaman arxada dayanan avtomobil ona siqnal vermiş, o isə əli ilə keçə bilmədiyini göstərmişdir. Bundan sonra həmin avtomobildən düşən Təqsirləndirilən şəxs ona keçmək üçün qarşıda dayanaraq əli ilə işarələr edərkən o, kobud formada keçə bilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun yanındakı oturacağa əyləşərək onun üz nahiyyəsinə yumruqla vurmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs oğlu gələrək atasını oradan aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisənin onun idarə etdiyi Qazel markalı avtomobildə baş verdiyini, onun avtomobildən yerə enmədiyini, hadisəni kənar heç bir şəxsin görmədiyini, avtomobillərin dayanmasına Təqsirləndirilən şəxs onunla dava etməsi deyil, ondan öncə yaranmış tıxacın səbəb olduğunu, təhqiqatçı tərəfindən ona təqdim edilmiş sənədləri oxumadan imza etdiyini, təhqiqatçıya da hazırda məhkəmə iclasında verdiyi məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi avtomobillə atası Təqsirləndirilən şəxsla evə gedərkən Komsomol dairəsi yaxınlığında ara küçə ilə hərəkət edərkən yolda tıxac yaranmışdır. Bu zaman qarşılarında dayanmış Qazel markalı avtomobil yol dar olduğundan yolu keçə bilməmiş, o isə həmin sürücüyə siqnal vermişdir. Sonra atası avtomobildən enərək Qazel markalı avtomobilin sürücüsünə yolu boşaltmasını deyərək Qazel markalı avtomobilin qarşısında dayanaraq ona kömək etməyə çalışdıqda Qazel markalı avtomobilin sürücüsü kobud formada atasına keçə bilmədiyini demiş və bu zaman atası Qazel markalı avtomobilin ön qapısını açaraq qabaq otuaracağında oturmuşdur. O, atasının əsəbi formada Qazel markalı avtomobilə əyləşdiyini gördükdən sonra həmin avtomobilə yaxınlaşaraq atasını həmin avtomobildən endirmişdir. Bu zaman o, anlamışdır ki, atası avtomobildə olarkən Qazel markalı avtomobilin sürücüsünün sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra onları barışdırmış və onlar atası ilə oradan ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun hazırda məhkəməyə dəvət olunduğu işdən və 17 iyul 2022-ci il tarixdə baş verən hadisədən xəbəri yoxdur. Onu təhqiqatçı telefon vasitəsi ilə polis bölməsinə dəvət edərək 17 iyul 2022-ci il tarixdə Komsomol dairəsi yaxınlığından keçib-keçmədiyini soruşmuş, o isə keçdiyini bildirmişdir. Bu zaman təhqiqatçı ona bir sənədi imzalamalı olduğunu bildirmiş, o da oxumadan həmin sənədi imzalamışdır. O, hər hansı davaya, kiminsə kimisə vurmasına şahid olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid həmin gün Komsomol dairəsi yaxınlığından keçərkən telefonla danışdığını, həmin ərazidən piyada olaraq keçdiyini, hər hansı davanın və ya insanların bir yerə toplaşmasının şahidi olmadığını, təhqiqatçının çağırışı ilə polis bölməsinə getdiyini, ona şahid qismində ifadə verməli olması barədə məlumat verilmədən sadəcə sənədə imza etməli olduğu bildirildiyini, hazırda məhkəmə iclasında olan şəxsi (təqsirləndirilən şəxsi) tanımadığını, əvvəllər heç vaxt görmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 3 ünvanının yaxınlığıdır, hadisə yerindən hər hansı əşya və ya predmet götürülməmişdir (i.v 10-11). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin “canlı şəxsin ekspertizası”na dair 1588 nömrəli, 21 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nəriş oğlunda sol göz almasının ağlı qişasına qansızma və sol gözyuvasıətrafı, alın nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 17 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v 24-25). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 05 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair hər hansı məlumat mövcud deyil ( i.v. 66). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 17 iyul 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 17 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında yaranmış tıxac zamanı yolda Təqsirləndirilən şəxs oğlu Rəsul Muradovun idarə etdiyi “Saipa” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildən öndə dayanmış “Qazel” markalı, **-GZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona yolu açmasını bildirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ona kobud cavab verməsinə cavab olaraq onun sifət nahiyyəsindən yumruqla zərbə endirmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 17 iyul 2022-ci il tarixdə baş vermiş hadisə Zərərçəkmiş şəxs idarə etdiyi Qazel markalı avtomobilin içərisində (salonunda) baş vermiş, həmin vaxt avtomobildə hər hansı kənar şəxs (şəxslər) olmamış, kənardan da hadisəni hər hansı kənar şəxs (şəxslərin) görməsi, hadisənin baş verməsi ilə əlaqədar hər hansı ictimai qaydanın pozulması müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23 radələrində oğlu Rəsulun idarə etdiyi “Saipa” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Komsomol dairəsi yaxınlığında ara küçə ilə hərəkət edərkən yolda yaranan tıxac zamanı onun oğlu Rəsul avtomobilə siqnal verib qarşıda dayanmış Qazel markalı avtomobildən yol istəmiş, Qazel markalı avtomobil yol vermədiyi üçün o, avtomobildən düşüb Qazeldəki sürücüyə avtomobili sürməsini bildirmiş və Qazelin qarşısında dayanaraq ona keçməyə kömək etməyə çalışmışdır. Bu zaman Qazel markalı avtomobilin sürücü avtomobili sürməmiş və ona kobud cavab vermişdir. Bundan sonra o, əsəbləşərək Qazel markalı avtomobilin qapısını açaraq sürücünün yanındakı oturacaqda əyləşib bir dəfə sürücünün sifət nahiyyəsinə yumruqla vurmuşdur. Göstərilən xüsusat, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz zərərçəkmiş şəxsin idarə etdiyi Qazel markalı avtomobildə bir dəfə sifət nahiyyəsindən vurması həm zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, həm şahid qismində dindirilmiş X2 ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş, tərəflərdən (təqsirləndirilən və zərərçəkmiş tərəf) hər hansı biri ilə qohumluq və tanışlıq münasibəti olmayan və iş üzrə yeganə birtərəf şahid hesab edilən Şahid isə ümumiyyətlə 17 iyul 2022-ci il tarixdə, saat təxminən 23 radələrində baş vermiş hadisədən xəbərinin olmadığını, hadisəyə şahid olmadığını, sadəcə təhqiqatçı tərəfindən bölməyə dəvət olunaraq müvafiq sənədə oxumadan imza etdiyini bildirmişdir ki, bu da həmin şahidin ifadəsinin iş üzrə hər hansı əhəmiyyət kəsb etməməsinə və iş üzrə sübut kimi qiymətləndirilməsinin mümkün olmamasına dəlalət edir. Məhkəmə xüsusilə onu vurğulamağı zəruri hesab edir ki, hadisə baş verən vaxt hadisə yeri olan Qazel markalı avtomobilin içərisində Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsdən başqa kənar şəxslər olmamış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması nə yolda hər hansı qaydanın pozulmasına (nəzərə alınsa ki, hadisədən öncə artıq yolda tıxac yaranmış və bütün avromobillər dayanmışdır), nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Məhkəmə qeyd edir ki, Əgər Təqsirləndirilən şəxs niyyəti təhqiqatçının irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi onun idarə etdiyi avtomobilin içərisində, digər şəxslərin görmədiyi şəraitdə deyil, məhz təhqiqatçının qurduğu ssenariye uyğun olaraq onu avtomobildən endirərək tıxac zamanı digər avtomobillərin sürücülərinin gözləri qarşısında vurardı ki, bu hal isə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisənin ictimai yerdə deyil, zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilin salonunda baş verməsi, hadisə vaxtı avtomobildə heç kəsin olmaması, həmin hadisəni birbaşa görən şəxsin müəyyən edilməməsi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, təhqiqatçı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, sadəcə özünün təxəyyülündə qurduğu hadisə mexanizminə uyğun ifadələri komputer vasitəsi ilə yazaraq cinayət prosesinin iştirakçılarına imzalatdırmaqla kifayətlənərək öz ehtimalları əsasında ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, sadəcə cinayət prosesinin iştirakçılarının ifadələrini “özünün lazım bildiyi” formada yazaraq həmin ifadələrə istinad etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, yekun protokolda Təqsirləndirilən şəxs ictimai yerdə, kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq etməklə, onun sifət nahiyyəsinə yumruqla vurmaqla ictimai qaydanı kobud şəkildə pozması qeyd olunduğu halda, ibtidai araşdırma orqanı dindirdiyi şahidlərin ifadələri ilə bu xüsusat öz təsdiqini tapmamaqla yanaşı, təhqiqatçı həmin kənar insanlardan bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Onun kənar şəxs adı ilə dindirdiyi Şahid isə ümumiyyətlə hadisənin şahidi olmadığını bildirmişdir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X3, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar