Məhkəmə qərarları › İş №1(008)-710/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-710/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-710/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumuluğu olmayan, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən fərdi evin qonaq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs bir neçə dəfə üz və baş nahiyələrindən, bir dəfə isə dizi ilə alın nahiyyəsindən vuraraq, ona burun sümüyünün yerdəyişən qəlpəli sınığı, alın-təpə nahiyəsinin hematoması, alt-üst dodaq nahiyəsinin qançırı, ənsə və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki övladı var. İlk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan aralarında mübahisə yaranmışdır. 25 avqust 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən fərdi evin qonaq otağında olduqları zaman tanışı olan qadın onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, Zərərçəkmiş şəxs həmin qadının ona zəng etməsinə etiraz etmişdir. O, zəng edən qadını tanımadığını bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs ona inanmayaraq ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən, aralarında mübahisə yaranmışdır. O, mübahisə zamanı Zərərçəkmiş şəxs sözlərindən qəzəblənərək qəsdən yumruqla onun üz və baş nahiyyələrinə bir neçə dəfə zərbələr vurmuş, nəticədə, Zərərçəkmiş şəxs zərbələrin təsirindən yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerdə olduğu zaman onu təhqir etməyə davam etmiş, o, dizi ilə onun alın nahiyyəsindən bir dəfə zərbə vurmuş, daha sonra yaşadığı evdən çıxmışdır. Aralarında baş vermiş mübahisə bir neçə dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kim olmamışdır. Törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki övladı var. İlk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan Təqsirləndirilən şəxs başqa qadınlarla münasibət qurduğu üçün aralarında mübahisə yaranmışdır. 25 avqust 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən fərdi evin qonaq otağında olduqları zaman Təqsirləndirilən şəxs tanışı olan qadın onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, həmin qadının Təqsirləndirilən şəxs zəng etməsinə etiraz etmişdir. Təqsirləndirilən şəxs həmin qaıdını tanımadığını bildirərək onunla mübahisə etmiş, mübahisə zamanı qəsdən yumruqla onun üz və baş nahiyyələrinə bir neçə dəfə zərbələr vurmuş, nəticədə, o, zərbələrin təsirindən yerə yıxılmış, yerdə olduğu zaman Təqsirləndirilən şəxs dizi ilə onun alın nahiyəsindən bir dəfə zərbə vurmuş, daha sonra yaşadığı evdən çıxmışdır. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra polis bölməsinə dəvət edilərək ərizə və izahatı alınmış, ekspert müayinəsindən keçirilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarının 19-21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 2135 nömrəli, 31 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişən qəlpəli sınığı, alın-təpə nahiyəsinin hematoması, alt-üst dodaq nahiyəsinin qançırı, ənsə və boyun nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın əsirindən törənmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 52-53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 04 sentyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya qərarına əsasən islah işləri cəzasından azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirlən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar