Məhkəmə qərarları › İş №1(008)-711/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-711/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-711/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Müdafiəçi küçəsi, nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evində, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onun sözünə məhəl qoymadığı üçün ictimai yer olan “Nur” uşaq evində kənar şəxslərin gözü qarşısında nikahdan kənar həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edib, əli ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrindən ardıcıl zərbələr endirərək, saçından yolub yerlə sürüyərək ona, ağrı simptomu ilə müşayiət olunan burun və kürək nahiyələrinin dərialtı hematomaları, sağ bazu, sol dirsək nahiyələrinin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Müdafiəçi küçəsi, nömrəsiz ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə iki il əvvəl tanış olaraq onunla qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs ondan əvvəlki nikahından üç övladı onunla birgə bir övladı var. Onlar ilk vaxtlar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Müdafiəçi küçəsi, nömrəsiz ünvanda yaşasalar da sonradan münasibətləri pozulduğu və aralarında mübahisələr yaşandığı üçün Zərərçəkmiş şəxs uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evində yaşamağa başlamışdır. 09 iyun 2023-cü il tarixdə, saat 09 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evinə gedərək Fidana uşaqlarının orada yaşamasını istəmədiyini bildirmiş, lakin, Fidan onun sözlərinə məhəl qoymamışdır. Bu səbəbdən, “Nur” uşaq evinin giriş hissəsində aralarında mübahisə yaranmış, mübahisə zamanı əli ilə Fidana müxtəlif bədən xəsarətləri yetirmişdir. Fidan qaçaraq içəri otağa girmək istəsə də, o, Fidanın saçından tutaraq yerə yıxmış, daha sonra orada olan işçilər onların mübahisəsinə müdaxilə edərək onları sakitləşdirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iki il əvvəl tanış olaraq onunla qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs əvvəlki nikahından üç övladı, Təqsirləndirilən şəxs isə bir övladı var. Onlar ilk vaxtlar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Müdafiəçi küçəsi, nömrəsiz ünvanda yaşasalar da sonradan münasibətləri pozulduğu və aralarında mübahisələr yaşandığı üçün o, uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə, saat 09 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evinə gələrək onunla mübahisə etməyə başlamış, uşaq evinin giriş hissəsində ona əli ilə müxtəlif bədən xəsarətləri yetirmişdir. O, qaçaraq içəri otağa girmək istəsə də, Kərim onun saçından tutaraq sürümüş, daha sonra orada olan şəxslər müdaxilə edərək Kərimi sakitləşdirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, “Nur” uşaq evində müdir müavin vəzifəsində çalışır. Zərərçəkmiş şəxs həyat yoldaşı ilə problemlər yaşadığı üçün həmin müəssisədə həm işləyir, həm də ki, övladları ilə birgə yaşayır. 09 iyun 2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs “Nur” uşaq evinə gələrək Fidanla görüşmək istədiyi demiş, o, Kərimə qapıda gözləməsini bildirmişdir. O, Fidana həyat yoldaşı Kərimin onu görmək istədiyini bildirmiş, lakin, Fidan onunla görüşmək istəmədiyini demişdir. Bundan sonra, o, rəhbərliyə bununla bağlı məlumat vermək üçün yuxarı mərtəbəyə qalxmış, həmin vaxt, müşahidə kameralarından Kərimin saçından tutaraq Fidanı sürüdüyünü, ona müxtəlif bədən xəsarətləri yetiridiyini görmüşlər. Onlar dərhal digər əməkdaşlarla birlikdə Fidangilin mübahisə etdiyi yerə gedərək onları aralaşdırmış, daha sonra, Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. İş materiallarının 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 12 iyun 2023-cü il tarixli, 1286 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan burun və kürək nahiyələrinin dərialtı hematomaları, sağ bazu, sol dirsək nahiyələrinin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmiş, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarının 56-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 29 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar