Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-711/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan dünyamalı oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 saylı Vəkil Bürosunun vəkili olmaqla mənimlə bağlanmış müqaviləyə əsasən Məmmədov Eldar Vəkil oğlunun hüquqlarını müdafiə edirəm. Təmsil etdiyim Məmmədov Eldar Vəkil oğluna qarşı, iddiaçı, hazırkı iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 əmlak tələbinə dair e- 2(001)-6484/2024 saylı mülki iş hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elnarə Vəliyevanın icraatındadır. İş üzrə ekspertiza təyin edildiyindən icraat dayandırılmışdır. İddiaçı X4 həmin mülki işlə bağlı təqdim etidiyimiz sübutların həqiqiliyini şübhə altına almaq üçün müxtəlif yollara əl atmış, o cümlədən 25 Noyabr 2024 cü il tarixdə saat 22:50 dəqiqədə qardaşı X5 ilə birlikdə cavabdeh Eldar Məmmədovla torpaq sahəsinin alqı-satqısını həyata keçirmiş X9 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək evin həyətində X15 və onun arvadı X10 ilə təhdidedici söhbətlər aparmış, həmin şəxslərə qarşı hədə-qorxu gəlib onları ələ almağa, həqiqəti danmağa və həqiqətə uyğun olmayan izahatlar verməyə çalışmışlar. Bu məqsədlə onlar gecə saatlarında X11 və ailə üzvlərini narahat etmiş, ona hədə qorxu gəlmiş məhkəməyə təqdim olunmuş sübutlarla bağlı yəni Rza ilə cavabdeh Eldar Məmmədov arasında olan torpaq alqı-satqısı ilə bağlı suallar vermiş, həmin sənədləri saxta adlandırmış, saxta sənədlərlə bağlı onu prokurorluğa verəcəyi və 3-5 il müddətinə tutduracağı ilə hədələmişdir. Bu baş tutmadıqda isə ona pul təklif edərək ələ almağa çalışmışdır. Söhbət əsnasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4, aşağıdakı formada cavabdeh Eldar Məmmədovun vəkili kimi məni cinayətdə ittiham etməklə mənə böhtan atmış, yəni yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları yaymış və mənim şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir : “saxta sənəd düzəltdirib, vəkili də göstərə bilərəm sizə, onun vəkili də necə deyim- saxta işlərlə məşğul olandır, saxta sənəd düzəldir, necə dənə cinayət işi də olub, Sizin xəbəriniz yoxdur....” Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 məni, CM-nin 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulan, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə cinayət əməlini törətməkdə ittiham etməklə mənə böhtan atmış, yəni yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan məlumatları ictimaiyyətdə, yəni 2 nəfərdən çox şəxslərin eşidib dinləyə biləcəyi şəraitdə yaymış, sonradan həmin səs yazısı, aparılan araşdırmalarla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən dinlənilmiş, bununla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 147.1 -ci maddəsində nəzərdə tutulan, bundan əlavə şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaqla və heç bir əsası olmayan iftiralarla təhqir etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 göstərilən cinayət əməllərini törətməsi şikayətə əlavə edilən disk yazısı ilə tam təsdiq edilir. Özüm haqqımda qısa olaraq məlumat vermək istəyirəm. Mən 17 yaşımdan məhkəmə iclas katibi vəzifəsindən əmək fəaliyyətinə başlayaraq hakim, məhkəmə sədri vəzifələrinə, hazırda isə vəkillik peşəsinə qədər yüksəlmişəm. Əmək fəaliyyətimin 49 ili tamam olur. Belə ki, mən 2016-cı ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm və bu dövr ərzində vəkil peşəsinə dair fəaliyyətimi daim vicdanla, yüksək məsuliyyət və peşəkarlıqla, həmçinin peşə etikasına sadiq qalaraq həyata keçirmişəm, işlədiyim dövrdə hüquq ictimaiyyəti arasında kifayət qədər yüksək nüfuza sahib olmuşam, dəfələrlə yaxşı işimə görə təltif olunmuşam.Sonuncu dəfə Azərbaycan Respublikası Vəkillər X3 02 dekabr 2024-cü il tarixli Qərarı ilə mənə təşəkkür elan edilmişdir. Beləliklə, Nərgiz İbrahimovanın hərəkətləri nəticəsində mənim nüfuzuma xələl gətirilmiş, həmçinin mənə mənəvi zərər vurulmuşdur. Odur ki, cavabdeh Nərgiz İbrahimovadan yazılı şəkildə “Hörmətli, ilham müəllim törətdiyim hərəkətlər nəticəsində sizin şərəf və ləyaqətinizin alçalmasına və mənəvi sarsıntı keçirərək iztirab çəkməyinizə səbəb olduğum üçün sizdən üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın”, kimi ifadə olunmuş qaydada üzr istəməsinə, cavabdeh tərəfindən verilmiş məlumatların təkzib olunmasına, cavabdeh İbrahimova Nərgizin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsində mülki iddianın təmin edilərək mənə vurulmuş mənəvi ziyan hesabına 30.000 (otuz min) manat və ödənilmiş dövlət rüsumu 180 (yüz səksən) manat pulun cavabdeh X1 alınaraq mənə ödənilməsini barədə mülki iddia sənədlər məhkəməyə təqdim olunur. xx.xx.1989-cu il təvəllüdlü, Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 yaşayan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib, CM-nin 147.1 -ci maddəsi ilə 3 ay müddətinə, CM-nin 148-ci maddəsi ilə 6 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edəsiniz. CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi xahiş olunmuşdur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X12 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, İbrahimova Nərgiz elektron məhkəmə informasiya sisteminə ərizə yerləşdirmişdir ki, guya o səs yazısında vəkil dedikdə onu nəzərdə tutmamışdır. Halbuki mülki iş üzrə etiraz qeydləri tərəfindən yerləşdirildikdən sonra xanım Hacıyev Rzanın evinə getmiş, onunla söhbət edən zaman onun saxta sənəd düzəltməsini qeyd etmişdir. Səs-yazısında vəkil dedikdə məhz onu nəzərdə tutmuşdur. O, hesab edir ki, İbrahimova Nərgiz şikayətində qeyd etdiyi fikirləri bildirməklə ona həm böhtan atmış, həm də onu təhqir etmişdir. Ona görə şikayətində X2 həm CM-nin 147.1, həm də 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Hesab edir ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 bildirmişdir ki, o, Binəqədi Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair mülki iddia tələbi ilə müraciət etmişdir. Həmin mülki iş üzrə məhkəmə proseslərində özü şəxsən iştirak etməmiş, onun vəkili onu təmsil etmişdir. Vəkili ona torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsinin qarşı tərəfin təqdim etdiyini bildirmişdir. Həmin alğı-satqı müqaviləsində o, müqavilə tərəfi olaraq Hacıyev Rza adlı şəxsin qeyd edildiyini görmüşdür. Bundan sonra qardaşı ilə birlikdə həmin şəxsin evinə getmişdir. Onunla danışan zaman arvadı orada olmamışdır. O, Rzanın özü ilə danışmışdır. Oraya getməkdə məqsədi həmin sənədin saxta olması ilə bağlı Rzanın məlumatı olub-olmadığını aydınlaşdırmaq olmuşdur. Orada vəkil dedikdə Nuriyev İlhamı nəzərdə tutmamışdır. Ümumi olaraq vəkil demişdir. Ortada bir müqavilə olduğundan, onun hüquqşünas və ya hansısa vəkil tərəfindən hazırlandığını düşündüyündən və bununla bağlı Hacıyev Rzanın məlumatlı olub-olmamasını aydınlaşdırmaq üçün, ondan bununla bağlı söz almaq üçün o ifadələri işlətmişdir. Bu məqsədlə də orada aparılan danışaqların səs yazısını qeydə almışdır. Bundan sonra saxta sənədlərlə bağlı Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin səs yazısını da şikayətinə əlavə etmişdir. Onun kimisə təhqir etmək, şəxsiyyətini alçatmaq niyyəti olmamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 vəkili Müdafiəçi1 bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 293.3.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Sözügedən maddədə qeyd olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Hazırkı iş üzrə verilən şikayətdə isə şikayət vermiş şəxsin doğulduğu il, yaşayış yeri və vəzifəsi göstərilməmişdir. Şikayətdə göstərilən ünvan şikayət verən şəxsin yaşayış yeri deyil, 19 saylı Vəkil Bürosunun ünvanıdır. Göründüyü kimi, şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir və ona görə də icraata qəbul edilə bilməz. Belə ki, CPM-in 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1 -293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, şikayət edən şəxs X2 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmiş və cinayət əməli kimi “saxta sənəd düzəltdirib, vəkili də göstərə bilərəm sizə, onun vəkili də necə deyim saxta işlərlə məşğul olandır, saxta sənəd düzəldir, neçə dənə də cinayət işi olub” səs yazısına istinad etmişdir. İstinad olunan bu səs yazısı ilə CM-in 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi kimi qeyd olunsa da, şikayətdə CM-in 148-ci maddəsi ilə cinayətin necə, harada və nə vaxt törədilməsi barədə məlumatlar və sübutlar göstərilməmişdir. Halbuki, CPM-in 293.3.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Bundan əlavə, şikayət edən şəxsin istinad etdiyi ifadələrdən də görünür ki, həmin səs yazısında X14 Nuriyevin adını çəkməmiş və onu nəzərdə tutmamışdır. Həmin iş üzrə keçirlən mediasiya prosesində Məmmədov Eldarın vəkili başqa şəxs olmuşdur. Məmmədov Eldarın vəkili yalnız Niriyev İlham olmamışdır. Bu da o deməkdir ki, şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyildir. O halda şikayət icraata qəbul edilir ki, şikayət verilmiş əməldə cinayət əlamətləri olsun (əməl açıq şəkildə sübuta yetirilmiş olsun). Hazırkı işdə isə belə bir şikayət verilən əməldə cinayət əlamətinin olması sübuta yetirilmir. Göründüyü kimi, X4 hər hansı formada X8 CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham etməmiş və ona qarşı CM-in 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətini törətmək niyyəti və göstərilən cinayəti subyektiv cəhətdən səciyyələndirən birbaşa qəsdinin olmasını təsdiq edən sübutlar xüsusi ittiham qaydasında şikayətə əlavə edilməmişdir. Bundan əlavə, şikayətdən görünür ki, şikayət edən şəxs həmçinin sözügedən səs yazısına prokurorluq və polis əməkdaşları tərəfindən dinlənilməsini də ona qarşı böhtan, yəni yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayılmaqla işgüzar nüfuzunu alçaldılması kimi hesab etmişdir. Halbuki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014- cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Səs yazısı Binəqədi rayon prokurorluğuna araşdırılmaq üçün təqdim edilmişdir və bu halda Nərgiz İbrahimovanın bu hərəkətinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 301.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilməmişdir. Belə ki, şikayətdə qnunvericiliyin tələbinə uyğun olaraq şikayət vermiş şəxs haqqında məlumatlar doğulduğu il, yaşayış yeri göstərilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə CM-nin 148-ci maddəsinin törədilməsinə istinad olunsa da barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxsin məhz hansı hərəkətləri ilə, hansı ifadələri ilə həmin əməli törətməsi qeyd edilməmiş və bunu təsdiq edən sübutları təqdim edilməmişdir. Bu isə şəxsə qarşı irəli sürülmüş ittihamın aydın, dəqiq olmamasına dəlalət edir. Məhkəmə baxışı zamanı xüsusi ittiham üzrə şikayətə yalnız məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmənin həmin ittihamın məzmunu müəyyənləşdirmək kimi bir səlahiyyəti yoxdur. Bundan başqa X12 şikayətdə digər şəxslərin yanında X4 tərəfindən böhtan xarakterli ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3-cü maddəsinin tələblərinə uyğun formada tərtib edilməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən sübut olaraq əlavə edilmiş CD diskdə qeydə alınan səs-yazısına baxış zamanı xüsusi ittiham qaydasında şikayət verən şəxsin istinad etdiyi məlumatların məhz vəkil X12 barəsində deyilməsi müəyyən edilməmişdir. Həmin səs yazısında konkret olaraq hər hansı şəxsin adı çəkilməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili tərəfindən təqdim edilmiş medasiya arayışından görünür ki, Məmmədov Eldarın mediasiya zamanı vəkili başqa şəxs olmuşdur. İbrahimova Nərgiz də məhkəmə iclasında bildirmişdir ki, o vəkil dedikdə Nuriyev İlhamı nəzərdə tutmamışdır, həmin şəxsi ümumiyyətlə tanımamış, Məmmədov Eldarın vəkilinin kim olmasını bilməmiş, özü məhkəmə proseslərində iştirak etməmişdir. Səs yazısında qeyd etdiyi vəkil ifadəsini ümumi olaraq işlətmiş, Hacıyev Rzanın sənədin saxta olması barədə məlumatlı olub-olmamasını müəyyənləşdirmək, ondan söz almaq üçün bunu etmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətində Hacıyev Rza ilə onun arvadının Hacıyeva İlahənin yanında onun barəsində böhtan xarakterli məlumatların yayılmasına istinad edilmişdir. Halbuki cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda Hacıyev Rza izahatında həyat yoldaşının orada olmasını bildirməmişdir. Eyni zamanda İbrahimova Nərgiz də məhkəmə iclasında bildirmişdir ki, o, Hacıyev Rzanın yaşadığı evə gedib onunla söhbət edən zaman Rzanın həyat yoldaşı orada olmamışdır. Bununla da, X6 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-711/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-711/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver