Məhkəmə qərarları › İş №1(008)-712/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-712/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-712/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə İsmayıllı rayonunun Sulut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, tikinti işləri ilə bağlı fərdi sahibkar kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 5-ci mikrorayon,ev 14/1, mənzil 39/108-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Nortich" MMC ilə onun arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli, 1923 nömrəli “Subpodrat” müqaviləsinə əsasən işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra tikinti quraşdırma işlərinin aparıldığı sahəyə buraxmaq, kondisioner və ventilyasiya avadanlıqlarının quraşdırılması işlərinin aparıldığı sahədə daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərin uyğun tədbirlər - məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması və sair işləri görmək, işlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək, işçilər tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına,tikintidə təklükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək, həmin norma və qaydaların tələblərini əməl etmək, əməyin mühafizəsi və tikintidə texniki təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, ventilyasiya avadanlıqlarının quraşdırılması zamanı texniki göstəricilərinə görə işlərin təhlükəsiz icrasına uyğun olan avadanlıqlardan və texniki ləvazimatlardan istifadə etmək vəzifələri həvalə edilməsinə baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "xxxx" yaşayış massivində inşa edilən ictimai iaşə obyektinin dördüncü mərtəbəsində soyutma və ventilyasiya sistemlərinin quraşdırılması zamanı peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçməmiş, bilik səviyyəsi yoxlanılmamış X5 tikinti işlərinə cəlb etdiyinə, həmçinin təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün müvafiq tədbirlər görmədiyinə, yəni insanların daxil olması mümkün olan, avadanlıqların, liftlərin pilləkən qəfəslərinin quraşdırılması üçün nəzərdə tutulmuş mərtəbələr arasındakı boşluqların bütöv örtüklə bağlanmasını və ya məhəccərlənməsini təmin etməyərək İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalan”nın 1.19, 1.20, 1.30, 2.27 bəndlərinin və "xxxx" MMC-nin direktoru Şahid2 ilə bağladığı xx.xx.2023-cü il tarixli, 1923 nömrəli müqavilənin tələblərini pozmuş və nəticədə onun ehtiyatsızlığından X7 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 4552 saylı bağ sahəsində yerləşən, “X24” yaşayış massivinə aid ictimai iaşə obyektinin dördüncü mərtəbəsinin dəhlizində havalandırma sistemlərinin quraşdırılması üçün nəzərdə tutulmuş, qarşısında qoruyucu məhəccər olmayan şaxtanın divarları arasında bərkidilmiş taxta dirəyin üstünə oturarkən həmin taxta dirəyin bərkidildiyi yerdən qopması nəticəsində şaxtadan yıxılıb birinci mərtəbənin beton döşəməsinin üstünə düşərək ölümünə səbəb olan və ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlaməltərinə malik - baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızıma, sol təpə-gicgah və ənsə sümüklərinin açıq, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sol tərəfli hemotoraks (sol plevra boşluğuna sərbəst qanın yığılması), sol ağciyərin kontuziyası, sol körpücük sümüyünün, sol tərəfli çoxsaylı qabırğaların yerini dəyişən qapalı sınıqları,döş qəfəsinin yumşaq toxumalarına qansızma, başın, sifətin, boyunun, gövdənin,yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqları kimi xəsarətlər alıb hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir kondisioner və kondisioner sistemlərinin quraşdırılması işi ilə məşğul olur. VÖEN əsasında fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur, yəni müxtəlif fiziki və hüquqi şəxslərin soyutma sistemləri quraşdırması ilə bağlı verdikləri sifarişləri yerinə yetirilməsi xidmətini göstərmişdir. Həmin işləri yerinə yetirmək üçün müxtəlif usta və fəhlələrlə əmək müqaviləsi bağlayıb onları briqadanın tərkibində işə cəlb etmişdir. Özü usta olduğu üçün ustaların işinə rəhbərliyi və nəzarəti özü həyat keçirmişdir. 10 avqust 2023-cü il tarixdə "xxxx" MMC ilə xidmət müqaviləsi bağlamışdır. Aralarındakı həmin müqaviləyə əsasən "xxxx" istirahət mərkəzinə aid olan ictimai iaşə obyektində soyutma sistemlərinin quraşdırılması işini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Kondisioner sistemlərinin quraşdırılması üçün lazım olan avadanlıqları "xxxx" özü vermişdir. İşləri öz briqadası ilə birlikdə, yəni işlərə əmək müqaviləsi əsasında cəlb etdiyi digər usta və fəhlələrlə birlikdə yerinə yetirmişdir. Şahid1, X11, X8 və X7 onunla birlikdə həmin obyektdə soyutma sistemlərinin quraşdırılmasında işləyən usta və fəhlələr olmuşdur. "xxxx" ilə arasında müqavilə bağladığı vaxtdan "xxxx" istirahət mərkəzinə aid olan ictimai iaşə obyektində soyutma sistemlərinin quraşdırılması işini davam etdirmişdir. Adətən hər gün təxminən səhər saat 10 radələrində işə gedib saat 16 radələrinədək qeyd etdiyi obyektə gedib orada işləri görmüşdür. 29 aprel 2024-cü il tarixdə övladının səhhətində problem yarandığı üçün işə getməmişdir. Saat 11:30 radələrində qohumu Müşfiq ona zəng etmiş və bildirmişdir ki, onlarla birlikdə usta işləyən X7 yıxılıb ölmüşdür. Obyektə gəldikdən sonra görmüşdür ki, artıq hüquq mühafizə orqanlarının əməkdaşları oradadır. Hadisə barədə işçilər ona məlumat verib bildirmişdir ki, Bəhram obyektin 4-cü mərtəbəsində dəhlizə açılan şaxtanın divarları arasına bərkidilmiş taxta parçasının üstünə oturmuş, həmin taxta parçası yerindən çıxmış və Bəhram arxası üstə şaxtadan yıxılıb 1-ci mərtəbədə olan beton döşəmənin üstünə düşmüş və ölmüşdür. İşlərin görülməsi zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsini özü və onunla birlikdə orada işləyən usta və fəhlələr daşımışdır. Bununla bağlı işlərə cəlb etdiyi usta və fəhlələrlə aralarında əmək müqavilələri bağlanmışdır. Həmin əmək müqavilələrinə əsasən texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsini özü və ustalar daşımışdır. Ustaların işləri yerinə yetirməsinə və texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə isə özü nəzarət etmişdir. Adlarını göstərdiyi işçiləri işlərin yerinə yetirilməsinə özü cəlb etmişdir. İşçilərdən bir neçəsi ilə aralarında əmək müqaviləsi bağlamış, yəni onlara gördükləri işə görə əmək haqqı vermişdir. Özü də fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstərmişdir. X1, X13 və onların yanında fəhlə kimi işləyən İlham adlı şəxslə aralarında əmək müqaviləsi bağlamamışdır. Digər işçilərlə isə aralarında əmək müqaviləsi bağlanmışdır. Ümumi olaraq özü işçilərə bir neçə dəfə təhlükəsizlik qaydalarına riayət edilməsini tapşırmışdır və bu barədə onları şifahi olaraq təlimatlandırmışdır. Lakin, hadisə baş verən gün işə getmədiyinə görə onları təlimatlandırmamışdır. İşləri görmək üçün işçilərə təhlükəsizlik kəməri, dəbilqə, əlcək, işçi çəkməsi və xüsusi geyim forması vermişdir. Lakin, xx.xx.2024-cü il tarxidə hadisədən əvvəl işçilər işləri görərkən dəbilqə, işçi çəkməsi və xüsusi geyim formasından istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə ustaların işləri görmələrinə heç kəs nəzarət etməmişdir. X7 təxminən 2 ay əvvəl onunla işləməyə başlamışdır. Bəhramla əmək müqaviləsi bağlamağı nəzərdə tutsa da, işlərə başı qarışdığı üçün X7 ilə əmək müqaviləsi bağlaya bilməmişdir. "xxxx" ilə aralarında 10 avqust 2023-cü il tarixdə “Xidmət müqaviləsi” bağladıqdan sonra əlavə olaraq 20 sentyabr 2023cü il tarixdə “Subpodrat” müqaviləsi bağlanmışdır. Həmin müqavilədə “Tikinti meydançasını mühafizə etmək, işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra tikinti quraşdırma işlərinin aparıldığı sahəyə buraxmaq, kondisioner və ventilyasiya avadanlıqlarının quraşdırılması işlərinin aparıldığı sahədə daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərinə uyğun tədbirlər - məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması və sair işləri görmək, işlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək, işçilər tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına, tikintidə təklükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək, həmin norma və qaydaların tələblərini əməl etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq, əməyin mühafizəsi və tikintidə texniki təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq, ventilyasiya avadanlıqlarının quraşdırılması zamanı texniki göstəricilərinə görə işlərin təhlükəsiz icrasına uyğun olan avadanlıqlardan və texniki ləvazimatlardan istifadə etmək” vəzifələri ona həvalə edilmişdir. Hadisə iş vaxtı olmamış, fasilə vaxtı baş vermişdir. Bəhram özbaşına gedib həmin taxtanın üstündə oturmuş və oradan yerə yıxılmışdır, buna görə də o, özünü hadisənin baş verməsində təqsirli bilmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki,yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, mərhum X7 onun doğma oğlu olmuşdur. Bəhram xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Özü və arvadı Sahibə Cangirova, oğlu Bəhram Cangirovla qeyd etdiyi ünvanda eyni evdə yaşamışdır. Bəhram əsgərlikdən qayıtdıqdan sonra onunla birlikdə bir müddət mal-qara saxlamağa köməklik etmişdir. Sonradan isə kondisioner ustası kimi fəaliyyət göstərməyə başlamışdır. Hadisə baş verən günə kimi kondisioner ustası kimi fəaliyyət göstərmişdir. Bəhramın son iş yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən, “X17 MMC”də inşa edilmiş ictimai iaşə obyekti olmuşdur. Belə ki, Bəhram həmin yerdə də kondisoner quraşdırılması işlərini görmüşdür. Hadisənin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində həmişəki kimi öz işlərini görüb evə qayıdarkən yolda Bəhramın telefon nömrəsindən onun mobil telefon nömrəsinə zəng gəlmiş, telefonu açanda danışan şəxsin Bəhram olmadığını bilmişdir. Həmin şəxs özünü Bəhramın iş yoldaşı kimi təqdim edərək Bəhramın iş yerində hündür yerdən yıxıldığını ona demişdir. Təcili olaraq qardaşı Tehran, baldızı oğlu Asif, digər qardaşı oğlu Cavidlə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda təcili tibbi yardım maşınının və hüquq mühafizə orqanı əməkdaşlarının hadisə yerində olmasını görmüşdür. Həmin vaxt orada tanımadığı polis əməkdaşı ona bildirmişdir ki, oğlu Bəhram iş vaxtı kondisoner borularının şaxtasından dördüncü mərtəbədən 1-ci mərtəbəyə yıxılaraq vəfat etmişdir. Həmin vaxt hadisə yerində hüquq mühafizə orqanı əməkdaşları müvafiq sənədləşmə işləri aparıb və mərhum oğlu Bəhramın meyitini ekspertizaya təhvil vermişlər.Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Müşfiq adlı dostu qohumu Rəşid adlı ustanın yanında fəhlə kimi işləmişdir. 2023-cü ilin sonlarında onunla aralarında olan söhbət zamanı o, onu qohumu Rəşidin yanında usta kimi işləməyə dəvət etmişdir. O da razılaşmışdır. Belə ki, 2023-cü ilin dekabr ayında Müşfiqin qohumu Təqsirləndirilən şəxs ilə aralarında əmək müqaviləsi bağlanmışdır. Rəşid havalandırma sistemlərinin quraşdırılması işi ilə məşğul olmuşdur. Onunla müqavilə bağladıqdan sonra Rəşidlə birlikdə onun iş götürdüyü müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Rəşid ona verilən sifariş əsasında müxtəlif obyektlərdə və ya evlərdə havalandırma sistemlərinin çəkilməsi işi ilə məşğul olmuşdur və onu da özü və briqadası ilə birlikdə işləməyə aparmışdır. Təmir işini briqada şəkilində 6-7 nəfər olaraq işləmişlər. 2023-cü ilin dekabr ayının sonlarından etibarən briqada şəkilində "xxxx" istirahət mərkəzinin ərazisində həmin istirahət mərkəzinin ofisi olaraq fəaliyyət göstərməli olan obyektin havalandırma sistemlərinin quraşdırılması işinə başlamışlar. 29 aprel 2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "xxxx" istirahət mərkəzinin ərazisində yerləşən həmin obyektə gəlmişdir. Onunla birlikdə orada işləyən digər fəhlələr - Şıxəliyev Emil və Bağırzadə Emil, habelə Cangirov Bəhram və İlham ad soyadlı fəhlələr beşi birlikdə işə başlamışlar. İlk olaraq obyektin 4-cü mərtəbəsində işləməyə başlamışlar. Cangirov Bəhram və ondan başqa digər işçilər 1-ci mərtəbədə işləmək üçün aşağıya düşmüşlər. Özü və Bəhram isə 4-cü mərtəbədə qalmışdır. Bəhram 4-cü mərtəbədə zal hissəsində,tavanda quraşdırılmış havalandırma sistemindəki boruları qaynaq elədikdən sonra eşşəkcədən aşağıya düşmüşdür. Özü eşşəkcənin yanında dayanmışdır. Bəhram 4-cü mərtəbədə dəhlizdə yerləşən havalandırma sistemlərinin mərtəbələr arası quraşdırılması üçün nəzərdə tutulmuş şaxtanın qarşısına keçmişdir. Şaxtanın dəhlizə çıxan divarları arasında divarlara mismarla bərkidilmiş taxta dirəklərdən birinin, aşağıdan birinci dirəyin üstünə çöməltmə oturmuşdur. Həmin taxta parçasınının üstünə oturan kimi taxta parçası bərkidildiyi yerdən çıxmış və Bəhram Cangirov arxası üstə şaxtadan yıxılıb obyektin birinci mərtəbəsinə düşmüşdür. O, yıxılan zaman aralarında 2-3 metr məsafə olmuş və hadisə qəfil baş verdiyi üçün cəld hərəkət edib onu tuta bilməmişdir. Bəhram yıxılan kimi onun hara düşdüyünü görmək və ona kömək etmək üçün pilləkənlərlə birinci mərtəbəyə düşmüşdür. Birinci mərtəbəyə düşüb baxan zaman Bəhramın betonun üstündə uzanmış və huşsuz halda olduğunu görmüşdür. Hadisə yerinə orada işləyən digər işçilər də gəlmişdir. Təcili tibbi yardm çağırılmış, təcili tibbi yardım heyətinin həkimləri gəlib bildirmişlər ki, Bəhram artıq ölmüşdür. Ümumi olaraq Təqsirləndirilən şəxs ona və digər işçilərə bir neçə dəfə təhlükəsizlik qaydalarına riayət edilməsini tapşırmışdır və bu barədə onları şifahi olaraq təlimatlandırmışdır. Lakin, həmin gün işə başlamazdan əvvəl Rəşid işə gəlmədiyi üçün onları təlimatlandıran olmamışdır.İşləri görərkən istifadə etmələri üçün təhlükəsizlik kəməri, dəbilqə, əlcək, işçi çəkməsi və xüsusi geyim forması bir müddət əvvəl Rəşidə verilmişdir. Lakin, xx.xx.2024-cü il tarxidə hadisədən əvvəl işləri görərkən dəbilqə, işçi çəkməsi və xüsusi geyim formasından istifadə etməmişlər. Onlara nəzarəti ustaları Təqsirləndirilən şəxs həyata keçirmiş, lakin, xx.xx.2024-cü il tarixdə onların işləri görmələrinə heç kəs nəzarət etməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx"xxxx"xxxx" obyektlərdə və evlərdə soyutma, yəni kondisioner sistemlərinin quraşdırılmasının təmin edilməsi işi ilə məşğul olur, yəni "xxxx" obyektlərdə və evlərdə kondisioner sistemlərinin quraşdırılması barədə sifarişləri qəbul edib bu barədə müqavilə bağlayır, işlərin faktiki olaraq yerinə yetirilməsini isə ayrı-ayrı fiziki şəxslərə həvalə edir, quraşdırılacaq soyutma sistemlərinə aid avadanlıqları verir. Belə ki, “Sea-Breeze” istirahət mərkəzində yerləşən ictimai iaşə obyektində soyutma sistemlərinin quraşdırılması işinin "xxxx" tərəfindən yerinə yetiriləcəyi barədə “X17” MMC ilə 8 avqust 2023-cü il tarixli müqavilə bağlamışdır. Rəhbərlik etdiyi MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi üçün soyutma sistemlərinin quraşdırılması işini yerinə yetirməsindən ötrü sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs - Təqsirləndirilən şəxs ilə xidmət müqaviləsi bağlamış və soyutma sistemlərinin quraşdırılması işini həmin şəxsə həvalə etmişdir. Soyutma sistemlərini quraşdıran usta və fəhlələri işə Təqsirləndirilən şəxs cəlb etmişdir. Özü digər usta və fəhlələri şəxsən tanımamışdır. Rəşid usta və fəhlələrlə işi özü təşkil etmiş və onların işləri yerinə yetirməsinə də özü nəzarət etmişdir. Belə ki, 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs özü işə cəlb etdiyi müxtəlif usta və fəhlələrlə birlikdə "xxxx" istirahət mərkəzinin ərazisində yerləşən ictimai iaşə obyektində soyutma sistemlərinin quraşdırılması işi ilə məşğul olmuşdur. 29 aprel 2024-cü il tarixdə saat 11:30 radələrində X6 ona zəng edərək bildirmişdir ki, götürdüyü "xxxx" istirahət mərkəzinin ərazisində yerləşən soyutma sistemlərinin quraşdırılması işlərini gördükləri ictimai iaşə obyektində işləyən ustalardan biri— X7 obyektin 4-cü mərtəbəsində yerləşən şaxtadan 1-ci mərtəbəsində beton döşəmənin üstünə yıxılaraq ölmüşdür. İş zamanı əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi birbaşa olaraq "xxxx" ilə xidmət müqaviləsi bağlayan, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs aid olmuşdur. Belə ki, "xxxx" "xxxx" construction MMC ilə 8 avqust 2023-cü il tarixdə xidmət müqaviləsi bağlamış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən “X17” MMC-nin verdiyi tapşırıqları yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1.2-ci maddəsində "xxxx" MMC-nin tapşırıqların icrasına üçüncü şəxsləri cəlb etmək hüququnun olması təsbit edilmişdir. Belə ki, "xxxx" MMC müqavilənin 3.1.2-ci maddəsində nəzərdə tutulduğu kimi, tapşırıqların yerinə yetirilməsinə üçüncü şəxsləri cəlb etmək hüququnun olmasından istifadə edərək “X17" MMC-nin verdiyi sifarişi faktiki olaraq yerinə yetirməsi üçün, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs ilə 10 avqust 2023-cü il tarixdə xidmət müqaviləsi bağlayaraq həmin işlərin yerinə yetirilməsini ona tapşırmışdır. Həmin müqavilədə "xxxx" MMC sifarişçi, Təqsirləndirilən şəxs isə icraçı olaraq göstərilmişdir. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10 avqust 2023-cü il tarixli xidmət müqaviləsinin 2.1.1-ci maddəsində icraçının vəzifəsi olaraq göstərilmişdir ki, icraçı kondisioner və ventilyasiya avadanlıqlarının quraşdırılmasını həyata keçirməlidir. Həmin müqavilənin 4.2-ci maddəsində göstərilmişdir ki, bir tərəf digər tərəfin razılığı olmadan öz üzərinə düşən öhdəliklərin icrasını hər hansı üçüncü tərəfə həvalə edə bilməz. Müqaviləyə görə Təqsirləndirilən şəxs kondisioner və ventilyasiya avadanlıqlarının quraşdırılmasını başqa şəxsə tapşıra bilməyəcəyini bildirmişdir. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında xidmət müqaviləsi bağlanarkən o, usta və fəhlələrlə onun arasında bağlanmış əmək müqavilələrini də ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə həmin işçilər arasında bağlanmış müqavilələrin 4.9-cu bəndindən 4.15-ci bəndinədək olan hissədə əməyin mühafizəsinin təmin edilməsi vəzifəsi işəgötürən qismində Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməli olduğu göstərilmişdir. Odur ki, işlərin görülməsi zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsini Təqsirləndirilən şəxs yerinə yetirməli olmuşdur. Hadisənin baş verdiyi ictimai iaşə obyektində işlərin görülməsi barədə yalnız X14 ilə sifarişçi qismində xidmət müqaviləsi bağlamışdır. Digər usta və fəhlələrlə isə yalnız Rəşid özü əmək müqaviləsi bağlamışdır. "xxxx" MMC-nin direktoru olaraq “X17” MMC ilə xidmət müqaviləsi bağlayıb həmin müqaviləyə əsasən “Sea-Breeze” yaşayış massivində yerləşən ictimai iaşə obyektində soyutma sistemlərinin quraşdırılması işini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin, "xxxx" MMC sifariş əsasında ventilyasiya avadanlıqlarının quraşdırılmasını təmin etsə də, həmin avadanlıqların quraşdırılmasını birbaşa öz tabeçiliyində olan işçilər tərəfindən həyata keçirmir. "xxxx" sifarişçinin göstərdiyi obyekti ventilyasiya avadanlıqları ilə təmin edir və həmin avadanlıqların quraşdırılması işini üçüncü şəxsə, yəni subpodratçıya tapşıraraq quraşdırma işəri ilə bağlı bütün öhdəliyin həmin subpotratçıya ötürülməsi barədə onunla müqavilə bağlayır. Belə ki, "xxxx" ilə “X17” MMC arasında bağlanmış 8 avqust 2023-cü il tarixli müqavilənin 3.1.2-ci maddəsinə əsasən sifarişçiyə əvvəlcədən məlumat verməklə üçüncü şəxs olaraq Təqsirləndirilən şəxs işlərin icrasına cəlb etmişdir. İşlərin Təqsirləndirilən şəxs tərəfindən icra ediləcəyi ilə bağlı Təqsirləndirilən şəxsla əvvəlcə aralarında 10 avqust 2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Lakin, ventilyasiya avadanlıqlarının quraşdırılması işlərinə nəzarət etmək üçün onun rəhbərlik etdiyi MMC-də SƏTƏM üzrə mütəxəssis olmadığından quraşdırma işləri görərkən həmin işlərə Təqsirləndirilən şəxs özü tərəfindən nəzarət edilməli olmuşdur. Buna görə də ventilyasiya sistemlərinin quraşdırılması işlərini görərkən bütün nəzarətin və öhdəliyin Təqsirləndirilən şəxs tapşırılması ilə bağlı onunla aralarında əlavə olaraq 20 sentyabr 2023-cü il tarixdə subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.6-cı bəndində göstərilmişdir ki, işçilər tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına, tikintidə təklükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək, həmin norma və qaydaların tələblərini əməl etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq vəzifəsi icraçı qismində Təqsirləndirilən şəxs həvalə edilmişdir. Odur ki, hesab edir ki, “9 iyun 1980-cı ildə təsdiq edilmiş İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2-ci bəndində göstərilmiş norma və qaydalara riayət olunması tələbi onun deyil, Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməli olmuşdur. Təqsirləndirilən şəxsla aralarında 20 sentyabr 2023-cü il tarixdə bağlanmış “subpodrat müqaviləsi”ni araşdırmanın ilkin mərhələsində istintaqa təqdim etdiyini zənn etmişdir. Lakin, müqaviləni faktiki olaraq istintaqa təqdim etməmişdir. Hazırda həmin müqaviləni istintaqa təqdim edir. "xxxx" ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli “subpodrat müqaviləsinin” 1.3-cü bəndində göstərilmişdir ki, “İşçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra tikinti quraşdırma işlərinin aparıldığı sahəyə buraxmaq” vəzifəsi icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Bundan başqa həmin müqavilənin 1.5-ci bəndində göstərilmişdir ki, “İşlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək” vəzifəsi də icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Hesab edir ki, “9 iyun 1980-cı ildə təsdiq edilmiş İİİ-4- 80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.19 və 1.20-ci bəndlərinin tələbləri mənim deyil, Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməli olmuşdur. "xxxx" ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli “subpodrat müqaviləsinin” 1.8-ci bəndində göstərilmişdir ki, “Ventilyasiya avadanlıqlarının quraşdırılması zamanı texniki göstəricilərinə görə işlərin təhlükəsiz icrasına uyğun olan avadanlıqlardan və texniki ləvazimatlardan istifadə etmək” vəzifəsi icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Hesab etmişdir ki, “9 iyun 1980-cı ildə təsdiq edilmiş İİİ- 4-80 ‘Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.30-cu maddəsinin tələbi onun deyil, Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməli olmuşdur. "xxxx" ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli “subpodrat müqaviləsinin" 1.2-ci bəndində göstərilmişdir ki, “işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək” vəzifəsi icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Hesab edir ki, “9 iyun 1980-cı ildə təsdiq edilmiş İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 2.1 -ci maddəsinin tələbi onun deyil, Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməli olmuşdur. "xxxx" ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli “subpodrat müqaviləsinin” 1.4-cü bəndində göstərilmişdir ki, “Kondisioner və ventilyasiya avadanlıqlarının quraşdırılması işlərinin aparıldığı sahədə daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərinə uyğun tədbirlər (məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması və sair işləri) görmək” vəzifəsi icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Hesab edir ki, “9 iyun 1980-cı ildə təsdiq edilmiş İİİ-4- 80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 2.27-ci maddəsinin tələbi onun deyil, Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməli olmuşdur(i.v.128-132); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 4552 saylı bağ sahəsində yerləşən, “X23” yaşayış massivinə aid ictimai iaşə obyektinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.4-9); Meyitə baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X3 meyitinə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir(i.v.10-13); 08 avqust 2023-cü il tarixli 001-23 nömrəli xidmət müqaviləsindən görünür ki, X17 MMC ilə Nortich MMC arasında 01 il müddətinə xidmət müqaviləsi bağlanmışdır(i.v.25-27); 10 avqust 2023-cü il tarixli 0823 saylı xidmət müqaviləsindən görünür ki, fərdi sahibkar Təqsirləndirilən şəxs ilə Nortich MMC arasında Sea Breeze ofis binası üçün kondisoner və ventilyasiya avadanlıqlarının quraşdırılması ilə bağlı xidmət müqaviləsi bağlanmışdır(i.v.28-30); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 92 nömrəli rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Sol təpə-gicgah və ənsə sümüklərinin açıq, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma. Sol tərəfli hemotoraks (sol plevra boşluğuna sərbəst qanın yığılması). Sol ağciyərin kontuziyası. Sol körpücük sümüyünün, sol tərəfli çoxsaylı qabırğaların yerini dəyişən qapalı sınıqları. Döş qəfəsinin yumşaq toxumalarına qansızma. Başın, sifətin, boyunun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqları. Xəsarətlər həyatidir, B.Ə.Cangirovun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə hündürlükdən bərk örtüyə malik səth üzərinə yıxılması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X2 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq, boyun fəqərələrinin qapalı qəlpəli sınıqları ilə əlaqədar baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək qrupu) fenotiazin.pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir(i.v.72-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.100); 7 Saylı MKS və İsmayıllı rayon İHB-nin Sulut kənd İƏD üzrə nümayəndiliyi tərəfindən verilmiş xasiyyətnamələrdən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə müsbət xarakterizə olunur, himayəsində xx.xx.2014 və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (i.v.105-107); 20 sentyabr 2023-cü il tarixli 1923 saylı subpodrat müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Nortich MMC arasında subpodrat müqaviləsi bağlanmışdır(i.v.133- 138); Təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/5995 nömrəli rəyindən görünür ki, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim və təlimatiandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçilər tikinti işlərinə cəlb edildiklərinə və təhlükəsiz iş şəraitinin (şaxta boşluğunun DÜST 12.4.059-89 "Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu inventar çəpərlər. Ümumi texniki şərtlər"-ə cavab verən qoruyucu örtüklə bağlanmasının) təmin edilməsi üçün müvafiq tədbirlər görülmədiyinə görə llİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” “Tikinti Norma və Qaydaları”nın 1.19, 1.20, 1.30, 2.27 bəndlərinin və "xxxx" MMC-nin direktoru Şahid2 ilə fərdi sahibkar Təqsirləndirilən şəxs arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixi, 1923 nömrəli “Subpodrat Müqaviləsi”nin 2, 3, 4, 5, 6, 7, 8-ci bəndlərinin tələbləri fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxsin özü tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilmir(i.v.151-158); “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.193); Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmiş, yəni maddi yardım göstərilmişdir, nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsin təqsiri üzündən hadisənin baş verdiyini, həmçinin hadisənin işlərin icrası zamanı deyil, fasilə zamanı baş verdiyini göstərmişdir ki, məhkəmə onun bu məzmunda ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs Xəqani oğlu "xxxx" yaşayış massivində yerləşən ictimai iaşə obyektində soyutma və ventilyasiya sistemlərinin quraşdırılması işlərini görməyə başlayarkən iş icraçısı olaraq ona həvalə edilmiş vəzifənin icrası ilə bağlı işlərin görüldüyü yerdə olan şaxtanın qarşısına qoruyucu məhəccərlərin vurulmasını təmin etməmiş, eləcə də peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçiləri tikinti işlərinə cəlb etmişdir.Onun həmin tələbləri pozması hadisənin baş verməsinin səbəbləri olmuşdur. Belə olan halda hadisənin işlərin icrası zamanı və ya fasilə zamanı baş verməsi cinayət məsuliyyətindən azad etmək üçün əsas hesab edilə bilməz. Göstərilən hallar şahidlərin ifadələri, məhkəmə-təhlükəsizlik ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş müxtəlif müqavilələrdən ibarət sənədlər ilə də öz təsdiqini tapmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspetiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.2ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını(CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60.1), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 100(yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar