Məhkəmə qərarları › İş №1(008)-712/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-712/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-712/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,202 ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 iyun 2025-ci il tarixdə, saat 03:10-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 1,202 ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir “şüşə” kimi tanıdığı psixotrop maddədən istifadə edir. O, 10 iyun 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün bir büküm “şüşə” psixotrop maddə metamfetamin alaraq həmin maddəni ehtiyac duyacağı halda istifadə etmək məqsədilə üzərində saxlamışdır. 11 iyun 2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etmiş, xidməti vəsiqəsini nümayiş etdirdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. Həmin vaxt üzərində heç bir sənəd olmadığını bildirdikdə, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmiş və polis əməkdaşı ilə birgə şöbəyə getmişdir. Polis Şöbəsinin inzibati binasındakı otaqlardan birində təhqiqatçı tərəfindən ona hüquqları izah edilmiş, vəkil dəvət olunmasını təmin etmişdir. Bundan sonra ona üzərində qanunla qadağan edilən hər hansı əşya və ya maddə olub-olmaması barədə sual verilmiş, o da səmimi şəkildə əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş maddəni çıxararaq təqdim etmişdir. Bundan sonra, üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılması, tutulması və üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı ona qarşı hər hansı zor tətbiq edilməmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışında iştirak etmədiyini, yalnız şəxsi istifadəsi üçün həmin maddəni qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 11 iyun 2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi inzibati ərazisində xidmət apararkən bir nəfər şəxsin onu görərək dayandığını və istiqamətini dəyişməyə cəhd etdiyini müşahidə etmişdir. Bu hal onunda şübhə yaratdığından o, həmin şəxsə yaxınlaşmış, özünü təqdim edərək xidməti vəsiqəsini göstərmiş və onu şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyə dəvət etmişdir. Şəxs üzərində heç bir sənədin olmadığını bildirmişdir. Həmin şəxslə söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması ehtimalını doğuran davranışlarını, həmçinin üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilən maddə və ya predmetlərin olması şübhəsini nəzərə alaraq onu çalışdığı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmiş, şəxs isə bu dəvətə etiraz etməmişdir. Şəxsin şöbəyə gətirilməsi müddətində o polis əməkdaşı tərəfindən fasiləsiz müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan müəyyən edildiyi kimi üzərindəki narkotik vasitəni kənarlaşdırmaq imkanı olmamışdır. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra şöbənin xidməti otaqlarından birində təhqiqatçı tərəfindən onun barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Bakı şəhəri 7 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra ona şəxsi axtarış aparılacağı izah edilmiş və bununla bağlı prosessual qərar elan olunmuşdur. Şəxsi axtarışın aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanması qanunla qadağan edilən hər hansı əşya, maddə və ya predmetin olub-olmaması barədə soruşulmuş, ona mövcud olanları təqdim etməsi təklif edilmişdir. Təklifə uyğun olaraq o, əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuş və həmin maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu, Bakı şəhəri, Sabunçu Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənmiş, bu barədə qanunvericiliyin tələblərinə uyğun protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan elan olunduqdan sonra tərəflər tərəfindən imzalanmışdır. Şəxsin saxlanılması, şöbəyə gətirilməsi, şəxsi axtarışın aparılması və götürmə prosesi zamanı ona qarşı heç bir fiziki və ya psixoloji təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v. 1). "Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 22- 23). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. (i.v.32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/2144 nömrəli, 11 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 159...” möhür əksi olan, "Təqsirləndirilən şəxs...” və s. əl yazıları, soyadlar, imzalar zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,202 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetamin qalıq çəkisi 1,102 qram təşkil edir. (i.v.33-34). “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah edildikdən sonra o, şalvarının sağ cibindən sellofana bükülmüş bir ədəd maddəni çıxararaq təqdim etmişdir. Həmin şəxs təqdim etdiyi maddənin “patı, şüşə” olduğunu, Balaxanı qəsəbəsində üzdən tanıdığı bir şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən maddə prosessual qaydalara uyğun olaraq qablaşdırılıb möhürlənmiş, ekspertizaya göndərilməsi barədə qeyd edilmişdir. Videogörüntü materiallarında şəxsin üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əks olunmuş hallar tam şəkildə təsdiqini tapmışdır. Qeyd edilən faktlar barədə müvafiq protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. (i.v.57-58). "Maddi sübut kimi tanıma haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,102 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v.75). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi X3-NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının 20 avqust 2025-ci il tarixli, 5129 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.105-106). Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v.108-115). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, X2 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.12). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 12 iyun 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X1 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.67-69). “Qətimkan tədbiri seçilməsi haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.70-72). “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.99-101). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2 və 6-cı bəndləri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya Qərarına əsasən azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə o, 7 ay 7 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixində cəza müddəti bitmişdir. Bundan başqa, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. xx.xx.2022-ci ildə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə o, 23 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti tam başa çatmışdır. (i.v. 118-120). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 11 iyun 2025-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək saatlarla hesablanmaqla 02 gün şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 iyun 2025-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət (saatlarla hesablanmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,102 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar