Məhkəmə qərarları › İş №1(008)-713/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-713/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-713/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay 22 gün əvvəl vaxtından əvvəl şərti olaraq həmin cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 1,821 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən “Ayxan” marketin qarşısına daşımış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində həmin yerdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 1,821 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildən artıqdır ki, “şüşə” kimi adlandırdığı psixotrop metamfetamindən çəkmək yolu ilə istifadə edir. Həmişə metamfetamini müxtəlif yerlərdə tanımadığı müxtəlif şəxslərdən alır. Həmin şəxslərin də əlaqə vasitəsi və anket məlumatları barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə saat 08-09 radələri aralığında Sabunçu rayonu Bakıxanov qəsəbəsində olarkən xarici görünüşündən psixotrop maddə istifadəçisinə oxşayan, əlamətlərini xatırlmadığı bir nəfəri görüb yaxınlaşaraq həmin şəxsdən şəxsi istifadəsi üçün metamfetamin istəmişdir. Həmin şəxs də metamfetamininin olduğunu və 15 manata ona sata biləcəyini bildirmişdir. Razlaşdıqdan sonra həmin şəxs harasa gedərək təxminən 10 dəqqiqədən sonra qayıdıb ona bir bükümdə metamfetamin vermiş, o da həmin metamfetamini alaraq əynində olan qara rəgli cins şalvarının sağ cibinə qoyaraq saxlamışdır ki, sonra qəbul etsin. O, razılaşdıqları kimi həmin şəxsə metamfetaminin müqabilində 15 manat pul vermişdir. Bundan sonra o, Sabunçu rayonu Zabrat qəsəbəsinə gəlmiş, xx.xx.2022-ci il tarixdə, saat 11:45 radələrində Zabrat qəsəbəsi Babək küçəsində yerləşən «Ayxan» marketin qarşısında olarkən mülkü geyimdə iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi tədim etmişlər. Polis əməkdaşları ondan şəxsiyyəti barədə məlumatlar soruşmuş, üzərində metamfetamin olduğudan o həyəcanlanmış, bu da polis əməkdaşlarında onun psixotrop maddələrdən və ya psixotrop maddələrdən istifadə etməsi ilə bağlı şübhələr yaratmışdır. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 15-ci PB-nə getməyi təklif etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmişdir. Bölmədə üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən ona üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, üzərində psixotrop maddə və ya psixotrop maddə olmadığını dediyi təqdirdə axtarış zamanı aşkar ediləcəyini başa düşdüyündən həmin vaxt əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə metamfetamini təqdim edərək bildirmişdir ki, bükümün içərisindəki maddə psixotrop maddə metamfetamindir, həmin metametamini 05 may 2022ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün almışdır. Ondan aşkar edilmiş bir bükümdə metamfetamin təhqiqatçı tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, zərf PB-nin 161 nömrəli möhürü ilə möhürlənmişdir. O və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları qablaşdırılmış zərf imzalanmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o özü və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPl-nin 15-ci PB-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və psixotrop maddələr əldə edib daşıması, satması barədə daxil olmuş məlumatların yoxlanılması, məlumat təsdiq olunduğu halda Təqsirləndirilən şəxs törətdiyi cinayətin ifşa olunaraq qarşısının alınması məqsədi ilə müvafiq əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edərək PB-nin rəisinə raportla məruzə etmişdir. Həmin qararı PB-nin rəisi təsdiq etdikdən sonra o və PB-nin polis sahə inspektoru polis baş leytenantı Şahid1 ibarət tərkibdə əməliyat qrupu yaradılaraq nəzərdə tutulan tədbirlər planına uyğun olaraq o və Şahid2 05 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamışlar. Həmin gün saat 11:45-də Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən «Ayxan» marketin yaxınlığında olarkən oraya daxil olan məlumatda Təqsirləndirilən şəxs təsvir edilmiş zahiri əlamətlərinə uyğun olan bir nəfər şəxsin gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq əvvəlcə özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Onlar saxladıqları şəxsə özünü təqdim etməsini təklif etmişlər. Saxladıqları şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs psixotrop maddə və ya psixotrop maddələri qanunsuz olaraq əldə etməsindən, üzərində saxlayıb daşımasından şübhələndiklərini bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə onu 15-ci PB-nə dəvət etmişlər. Sonuncu da heç bir etiraz bildirmədən onlarla birlikdə 15-ci PB-n getmişdir. Onlar Təqsirləndirilən şəxs PB-nin növbətçi hissəsinə təhvil verib bu barədə bölmə rəisinə raportla məruz etmişlər. Həmin raportla əlaqədar araşdırma aparalıması bölmənin təhqiqatçısı polis kapitanı Vasf Cəlalova həvalə edilmişdir. Sonra təhqiqatçı tərəfindən PBnin xidməti otağında onun, Şahid2 iştiraklarları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi təklif edilərkən sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf siqaret sellofanına bükülmüş xırda kristallik hissəciklər formasında olan maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini 05 may 2022-ci il tarixdə, saat təxminən 08-09 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı şəxsən özünün istifadə etməsi üçün 15 manata almış, bu məqsədlə də üzərində saxlayaq daşımışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzəri axtarılmış lakin sonuncudan saxlanılması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəfaf siqaret sellofanına bükülü vəziyyətdə olan psixotrop maddə metamfetaminə bənzər kristallik formalı maddə kağız zəfrə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, axtarış barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokola və möhürlənmiş zərfə imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müəkkili Şahid1 ifadəsində Şahid2 tərəfindən göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf siqaret sellofana bükülmüş xırda kristallik formada olan metamfetaminə bənzər psixotrop maddəni çıxararaq könüllü təhvil vermiş, həmin maddəni 05 may 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir (i.v. 29- 30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixi 6/2591 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,821 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamindir (i.v.41-43). “DVD diskə baxış keçirilməsi haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bir bükümdə təmiz çəkisi 1,821 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır. Bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir (i.v.57-58). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4245 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə, tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.107-108). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə ilkin çəkisi 1,821 qram olmuş psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 1,771 qram çəkidə psixotrop maddə olan metamfetaminin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, X1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v 112- 117). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 12:40-da tutulmuşdur (i.v.20). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.83-85). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 22 gün əvvəl vaxtından əvvəl şərti olaraq həmin cəzadan azad olunmuşdur (i.v.93-94). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 4(008)- 638/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun 05 may 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 05 may 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,771 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar