Məhkəmə qərarları › İş №1(008)-715/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-715/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-715/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, E.Yəhyayev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, E.Yəhyayev küçəsi, nömrəsiz fərdi yaşayış evində olan zaman ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sifətinə, ayağına, qoluna bir neçə dəfə vuraraq ona sağ göz almasının ağlı qişasına qansızma, sağgözyuvasıətrafı və sağ bud nahiyələrinin qançırı, sağ almacıq və sağ said nahiyələrinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2008-ci il tarixdə birgə nikah daxil olmuş, birgə nikahdan üç övladları var. İlk vaxtlar münasibətləri normal olmasına baxmayaraq, sonradan aralarında olan münasibət pozulmuş, məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, lakin, eyni evdə yaşamağa davam etmişlər. 31 avqust 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, E.Yəhyayev küçəsi, nömrəsiz fərdi yaşayış evində olan zaman Zərərçəkmiş şəxs spirtli içki qəbul etməsini ona irad tutduğu üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs sillə ilə vurmuşdur. Aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2008-ci il tarixdə birgə nikah daxil olmuş, birgə nikahdan üç övladları var. İlk vaxtlar münasibətləri normal olmasına baxmayaraq, sonradan aralarında olan münasibət pozulmuş, məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, lakin, eyni evdə yaşamağa davam etmişlər. 31 avqust 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, E.Yəhyayev küçəsi, nömrəsiz fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi üçün ona öz iradını bildirmiş, Təqsirləndirilən şəxs onun sözlərindən əsəbləşərək onunla mübahisə etmiş, əli ilə onun sifətinə, ayağına, qoluna bir neçə dəfə zərbə vurmuşdur. Aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kim olmamışdır. İş materiallarının 20-21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 2187 nömrəli, 05 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz almasının ağlı qişasına qansızma, sağgözyuvasıətrafı və sağ bud nahiyələrinin qançırı, sağ almacıq və sağ said nahiyələrinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət 58-60-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 13 sentyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edildiyindən hazırkı cinayət təqibinə tərəflərin barışması əsası ilə xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və sonuncunun şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar