Məhkəmə qərarları › İş №1(008)-719/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-719/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-719/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 02 avqust 1995-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, şəhəri Sabunçu rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən həmin təcridxananın nəzarətçisi X3 qulluq mövqeyindən istifadə edərək təcridxanaya gizli yolla keçirdiyi və ona 2024-cü ilin iyun ayında ötürdüyü içərisinə öz adına olan 051 ******* №-li danışıq kartı yerləşdirdiyi «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefonunu və elektrik qidalandırıcını əldə edib özündə saxlamış, gəzdirmiş, həmin telefonla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 070 5571100, 070 8818344, ********** və 099 ******* nömrəli telefonlara zənglər və SMS-lər etməklə Niyaməddin Tağıyevlə, anası Şahid8 ilə, tanışı Şahid7 ilə və digər şəxslər ilə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 19-00 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 01 saylı rejim korpusun 57 saylı kamerasında «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olunmuş, həmin mobil telefon danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə həbsdə saxlanılan digər şəxsin çarpayısının üstündə olan döşəyinin altında aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Neftçala Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirildərək Neftçala Rayon Məhkəməsinin 04.11. 2023-cü il tarixli qərarı ilə həmin maddə ilə təqsirli bilinərək həbsə alınmış və xx.xx.2023-cü il tarixdən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılır. X17 Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 9 il müddətinə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 1 saylı rejim korpusunun 57-ci kamerasında hal şahidlərinin iştirakı ilə birlikdə daxil olaraq kamerada keçirilən axtarış-baxış tədbirləri zaman onunla bir kamerada həbsdə saxlanılan X9 yatdığı çarpayının üstündə olan döşəyin altından məhkumlar və həbsdə saxlanılan şəxslər üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan bir ədəd «Nokia» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonun daxilində "xxxx" danışıq kartı var idi. Fərid Dadaşov bildirmişdir ki, telefon ona məxsusdur, lakin həqiqətdə həmin mobil telefon aparatı özünə məxsusdur. Həmin mobil telefonu təxminən 15 gün əvvəl həbsdə saxlanıldığı korpusda nəzarətçi kimi xidmət aparan istintaq təcridxanasının nəzarətçisi X2 almış, ona isə həmin mobil telefonu azadlıqda olarkən bir məhəllədə yaşayan formada təmənna, yəni pul müqabilində bu telefonu ona verilməsi barədə söhbətləri olmamışdır. Həmin telefon vasitəsilə 070 ******* nömrəli telefona zənglər etməklə nəzarətçi Niyaməddin Tağıyevlə və Elvin ilə əlaqə saxlamış, Elvin ilə birlikdə Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmişdir, münasibətləri yaxın olmuşdur. Bildiyinə görə Elvin sabiq nəzarətçi Niyaməddin Tağıyevlə bir məhəllədə yaşayır. N.Tağıyev ilə onun həmin telefon barədə söhbəti olmamışdır, bu qəfildən oldu, N.Tağıyev kameranın nəfəslik pəncərəsini açaraq ona həmin balaca telefonu verərək Elvindən ona salam olduğunu bildirmişdir. N.Tağıyevi onların 3-cü mərtəbədə olan posta çıxan nəzarətçi kimi tanımış, sonuncu ilə əvvəllər heç bir əlaqəsi olmamışdır. O, bu telefonla dostu Ələddin ilə sonuncunun 099 ******* №-li telefonla, anası Şahid8 ilə 070 ******* və başqa nömrəsinə zənglər və SMS yazmaqla əlaqə saxlamış, söhbətləri ümumi xarakter daşımışdır. Həbsdə saxlanıldığı təcridxanada həbsdə saxlanılan təqsirləndirilən şəxslərə və cəza çəkən bütün məhkumlara hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısı elan edilmişdir. Bütün təqsirləndirilən şəxslər və məhkumlar bilir ki, mobil telefon həmin qadağan edilmiş əşyalardandır və onun saxlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 57-cı kamerada Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbsdə saxlanılan X10 həbsdə saxlanılan şəxslər üçün saxlaması və istifadəsi qadağan olunmuş mobil telefonun olması ilə əlaqədar həmin kamerada axtarış-baxış tədbirləri keçirilməsi üçün hal şahidi qisməndə iştirakı üçün iki nəfər dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri tərəfimizdən izah edilmişdir. Bundan sonra həmin kameraya qəfləti daxil olaraq keçirilmiş baxış-axtarış zamanı həbsdə saxlanılan Fərid Dadaşovun yatdığı çarpayının üstündə olan döşəyinin altında ona məxsus daxilində "xxxx" danışıq kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Şifahi sorğu zamanı Fərid Dadaşov bildirmişdir ki, telefon ona məxsusdur, telefonu və elektrik qidalandırıcını saxlanıldığı kamerada divarda kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən tapdığını və bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən təqsirləndirilən şəxs Fərid Dadaşov tərəfindən imzalanmışdır, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Tədbir zamanı iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İzahatı alınmış Fərid Dadaşov həmin telefondan istifadə etdiyini etiraf etmişdir. Bundan sonra həmin fakt üzrə əməliyyat tədbirləri davam etdirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonu istintaq təcridxanasına 01 saylı rejim korpusun 57-cı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs nəzarətçi X6 gizli yolla keçirərək ötürmüşdür, həmin kamerada həbsdə saxlanılan digər şəxslər isə, yəni Fərid Dadaşov, X8 və X13 həmin mobil telefondan istifadə etmişlər. Adları çəkilən həbsdə saxlanılan şəxslər və nəzarətçi Niyaməddin Tağıyev həmin faktı etiraf etmişlər, istintaq təcridxanasında saxlanılan bütün şəxslərə bildirilmişdir ki, məhkumlara qadağan olunmuş əşyalardan saxlamaqla istifadə etməsi qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, xidməti zərurətlə əlaqədar müəyyən üzürlü səbəblərdən iştirak edə bilmədiyi üçün istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş edimişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusun 57-cı kamerada Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbsdə saxlanılan X10 həbsdə saxlanılan şəxslər üçün saxlaması və istifadəsi qadağan olunmuş mobil telefonun olması ilə əlaqədar həmin kamerada axtarış-baxış tədbirləri keçirilməsi üçün hal şahidi qisməndə iştirakı üçün iki nəfər dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri tərəfimizdən izah edilmişdir. Bundan sonra həmin kameraya qəfləti daxil olaraq keçirilmiş baxış-axtarış zamanı həbsdə saxlanılan Fərid Dadaşovun yatdığı çarpayının üstündə olan döşəyinin altında ona məxsus daxilində "xxxx" danışıq kartı olan 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Fərid Dadaşov bildirmişdir ki, telefon ona məxsusdur, telefonu və elektrik qidalandırıcını saxlanıldığı kamerada divarda kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən tapdığını və bir neçə dəfə yaxınları ilə əlaqə saxlamışdır. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən təqsirləndirilən şəxs Fərid Dadaşov tərəfindən imzalanmışdır, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Tədbir zamanı iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İzahatı alınmış Fərid Dadaşov həmin telefondan istifadə etdiyini etiraf etmişdir. Bundan sonra həmin fakt üzrə əməliyyat tədbirləri davam etdirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonu istintaq təcridxanasına 01 saylı rejim korpusun 57-cı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs nəzarətçi X6 gizli yolla keçirərək ötürmüşdür, həmin kamerada həbsdə saxlanılan digər şəxslər isə, yəni Fərid Dadaşov, X8 və X13 həmin mobil telefondan istifadə etmişlər. Adları çəkilən həbsdə saxlanılan şəxslər və nəzarətçi Niyaməddin Tağıyev həmin faktı etiraf etmişlər, istintaq təcridxanasında saxlanılan bütün şəxslərə bildirilmişdir ki, məhkumlara qadağan olunmuş əşyalardan saxlamaqla istifadə edilməsi qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə hal şahidi qismində dəvət olunduğunu, saat 19:00 radələrində təcridxananın 1-ci rejim korpusunun 57 saylı kamerasında təcridxana əməkdaşları tərəfindən keçirilmiş axatrış zamanı həbsdə saxlanılan X9 yatdığı çarpayının üstündə olan döşəyinin altında daxilində "xxxx" danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparat və ona aid olan elektrik qidalandırıcının aşkar edilərək götürüldüyünü, həbsdə saxlanılan X9 həmin telefonla bir neçə dəfə yaxınları ilə əlaqə saxladığını bildirməsini göstərmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 X1 ifadəsinə oxşar məzmunu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10-12 ildir tanıyr,ona məlumdur ki, sonuncu narkotiklə əlaqədar həbs olunmuş və 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2024-cü ilin iyun ayında Kənan ona bir neçə dəfə yadında olmayan bir nömrədən zəng edərək söhbət etmişlər, Kənan bildirmişdir ki, telefon işlədir, söhbətləri ümumi xarakter daşımışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ikinci övladıdır, oğlu narkotiklə bağlı 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Oğlu Kənan həbsə alınandan sonra təxminən 8-9 ay Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmışdır. Hazırda oğlu Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Oğlu Kənan Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən sonuncu ilə bir neçə dəfə işlətdiyi 070 ******* nömrəli mobil teleflon vasitəsilə danışmış, söhbətləri ümumi xarakter daşımışdır. Ona telefon danışıqlarına dair məlumatlar kompyuter vasitəsilə müstəntiq tərəfindən təqdim edilmiş və mən görmüşdür ki, onların telefon danışıqları və SMS-lər qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.20243-cü il tarixli axtarış və götürmə protokoldan görünür ki, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat 19:00 radələrində təcridxananın 1-ci rejim korpusun 57 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən həmin kamerada saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən X9 yatdığı çarpayının üzərindəki döşəyinin altında daxilində danışıq kartı olan «Nokia» markalı mobil telefon və ona aid elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. (i.v.5). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş kompyuter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/803 №-li rəyi ilə müəyyən edilmişdir ki, aşkar edilmiş bir ədəd «Nokia» markalı «**********38973, **********85690» imei kodlu mobil telefon hal hazırda işlək vəziyyətdədir. Bir ədəd «Nokia» markalı «Mini Phone»modelli «**********89518, **********8951» imei kodlu mobil telefon hal hazırda qismən işlək vəziyyətdədir. Təqdim edilmiş «Nokia» markalı mobil telefonun “Bilgi/Gelen Kutusu” bölməsində 18 ədəd qəbul olunmuş mesaj və “Çağrı Kayıtı” bölməsində “cavabsız zəng” altı ədəd, “yığılan nömrə” səkkiz ədəd, “gələn zənglər” bir ədəd zəng qeydləri müəyyən olunmuşdur (i.v. 110-114). "xxxx" MMC-dən daxil olmuş məktubundan görünür ki, aşkar edilmiş mobil telefonda olan 051 ******* №-li danışıq kartı X3 adınadır (i.v.52). "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, 070 ******* №-li telefon X3 adınadır. ( i.v. 117-118). "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskdə olan və xidməti noutbuka köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs saxlandığı kamerada aşkar edilərək götürülmüş qeyd edilən mobil telefonda olan 051 ******* №- li telefon danışıq kartından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 26 dəfə 070 ******* nömrəli telefona zənglər etməklə X6 ilə, 7 dəfə 099 ******* nömrəli telefona zənglər etməklə Şahid7 ilə, 33 dəfə 070 ******* nömrəli və 1 dəfə 051 ******* nömrəli telefonla anası Şahid8 ilə olan danışıqları və SMS-ləri qeydiyyata alınmışdır. Həmim məlumatlardan görünür ki, 051 ******* nömrəli telefon Şahid8 adınadır. Məlumatlar məhkəmə qərarı əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək götürülmüşdür(i.v. 174-178). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 63 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Həbs yerlərinin Daxili intizam Qaydaları»nın 3 nömrəlii əlavəsinin çıxarışından görünür ki, mobil telefon həbs yerlərində olan şəxslər üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir(i.v. 35-36). Aşkar edilmiş 1 ədəd mobil telefon, daxilində danışıq kartları ilə birlikdə və elektrik qidalandırıcı, habelə «Bakcell», "xxxx" və "xxxx" MMC-dən kağız daşıyıcıda telefon danışıqlarına dair və «Azercell-Telekom MMC-nin diskdə olan məlumtlar maddi subut kimi tanınmış və işə əlavə edilmişdir(i.v.179). “Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 317-2.1-ci maddəsi ilə ittiham elan edilmiş və cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmiş, X3 barəsində AR CM-nin 317-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi ilə əlaqədar cinayət işi başqa icraata ayrılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, kamerada həbsdə saxlanılan digər şəxslər tərəfindən həmin mobil telefondan istifadə edənlər barəsində cinayət işi başqa icraata ayrılmış, iş üzrə şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, mobil operatorun diskdə və kağız daşıyıcısı formasında olan məlumatlar sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.180- 186). Tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuşdur: 1) Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1, 228.4-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 3) Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1- ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 il 07 ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3282 saylı «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuş; 4) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmış, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır(i.v.142, 143-169). Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq müəyyən edilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü 27 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-719/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR ƏN Pentensiar Xidmətinin 07 saylı Cəzaçəkmə müəssisəsindən AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasına etap edilmiş, məhkəmənin 1(008)-719/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və digər iş üzrə cəza çəkməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 -ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyindən, Təqsirləndirilən şəxs əməlində residiv mövcud deyildir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən-cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi-altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmış, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkməsini, törətdiyi əmələ görə maddənin sanksiyasında alternativ cəzanın olmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir(Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş). Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(digər iş üzrə cəza çəkməsi nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübutlar bir ədəd «Nokıa» markalı, modelli mobil telefon, danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, dəyəri olmadıqda isə məhv edilməli, "xxxx" MMC-nin diski cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs «04» ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı, 24 iyul 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş «9» (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq «9» (doqquz) il «02» (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı «02» noyabr 2023-cü il tarixdən hesablansın (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-383/2024 saylı, 24 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar bir ədəd «Nokıa» markalı mobil telefon, danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın, "xxxx" MMC-nin diski cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar