Məhkəmə qərarları › İş №1(008)-722/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-722/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-722/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «Südçülük sovxozu» yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 2,563 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «Südçülük sovxozu» yaşayış massivində yerləşən nömrəsiz evin yaxınlığına qədər daşımış, 13 aprel 2022-ci il tarixində saat 22:00- da özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun barəsində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisindəki təmiz çəkisi 2,563 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə edir, son zamanlar psixotrop maddə metamfetamindən də falqada çəkirmiş. 12 aprel 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Südçülük sovxozunda imiş, orada üzdən tanıdığı, lakin şəxsi məlumatlarını bilmədiyi şəxslə görüşmüş və ona el arasında “patı” adlanan psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. Həmin şəxsdən özünün istifadəsi üçün 20 manat müqabilində 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə “patı”nı almış və əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evə yollanmışdır. Növbəti gün, 13 aprel 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində yaşadığı evin yaxınlığında küçə ilə piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını demişlər. Ondan özünü təqdim etməyini və şəxsiyyət vəsiqəsini göstərməyini istədikdə o, həyacanlanmışdır. Üzərində psixotrop maddə metamfetamin olduğuna görə özünü itirmiş, suallara tələsik cavab verib həmin polis əməkdaşlarından yayınmağa çalışmışdır. Belə olduqda həmin polis əməkdaşları onun narkotik maddələrin saxlanılmasında, daşınmasında şübhəli olduğunu bildirərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən xidməti otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmişdir. Daha sonra ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirələcəyi, şəxsi axtarışın videoçəkiliş ilə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, vəkil Müdafiəçi iştirakı olmadan videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməsi təklif olunmuşdur. Belə olduqda o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindəki, içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək otaqdakı masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin “patı” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və istifadəçisi olduğundan şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamini ifadəsində qeyd etdiyi kimi Südçülük sovxozunda üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını demişdir. Həmin maddə ekspertizaya təqdim olunması üçün 01 ədəd zərfdə qablaşdırılmış və möhürlənmişdir. O, hesab edir ki, onun üzərində aşkar edilmiş psixotrop maddənin miqdarı artıq göstərilmiş, əslində həmin maddənin çəkisi 2,563 qram deyil, 2,2 qram olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 aprel 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə inzibati ərazidə xidmətdə olarkən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evin qarşısında bir nəfər şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi onlarda şübhə yaratmışdır. Lakin həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələndikləri üçün onu saxlayaraq Sabunçu RPİ-nin 12-ci PŞnə dəvət etmişlər. Şöbədə həmin şəxsin 1973-cü ildə Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən polis bölməsinə gətirilmiş, oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki «patı» adlanan psixotrop maddədir, onu tutulmamışdan bir gün əvvəl, 12 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə vardırsa könüllü təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə təqdim etmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə patı olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundan üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata istifadə üçün alaraq üzərində saxladığını bildirmişdir ( i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli, 6/2114 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir bükümdə, təmiz çəkisi 2,563 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.36-38). “Maddi sübut kimi tanıma haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin kütləsi 2,563 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 2,513 qram olan psixotrop maddə metamfetamin məsul saxlanış üçün Sabunçu RPİnin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v.69). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 19 may 2022-ci il tarixli, 2607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.102-103). “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (i.v.127-130). “Axtarış aparılması haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılmış, axtarış zamanı mənzildə qanunla qadağan edilmiş hər hansı bir əşya, o cümlədən, narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir (i.v.143-145). “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, tədqiqatdan sonra qalıq qalmış 2,513 qram metamfetaminin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş 01 ədəd CD disk, məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli, 6/2114 saylı, məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli, 2607 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişdir ( i.v. 165-170). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarını mübahisələndirsə də, məhkəmə qeyd edir ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə” zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən “CD” diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman özünün təqdim etdiyi maddənin çəkisi tərəzi ilə çəkilmədən zərfə qoyularaq möhürlənmiş və həmin maddənin növünün və miqdarının müəyyən edilməsi üçün ekspertə göndərilmiş və yuxarıda göstərilən 14 aprel 2022-ci il tarixli, 6/2114 saylı rəydən görünür ki, ekspertiza tədqiqatı nəticəsində həmin maddənin psixotrop maddə olan metamfetamin, çəkisinin isə 2,563 qram olması müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxs psixotrop maddənin çəkisinin 2,563 qram deyil, 2,2 qram olmasını göstərsə də, nəyə əsasən belə qənaətdə olduğunu əsaslandıra bilmədiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilini əsassız hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin çəkisinin 2,2 qram olması onun əməlinin tövsifi üçün də hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 13 aprel 2022-ci il tarixdə, saat 22:50-dən tutulmuşdur (i.v. 14). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 4(008)-308/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v 65-68). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2006-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2008-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qərarı ilə cərimə cəzası islah işləri cəzası ilə əvəz edilmiş, AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edildiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v.74-75). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 avqust 2022-ci il tarixədək uzadılmışdır (i.v.136-139). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (xx.xx.2012-ci il təvəllüdlü X2) (AR CM-nin 59.1.4-cü maddəsi), bir yetkinlik yaşına çatmayan (xx.xx.2005-ci il təvəllüdlü X3) övladının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 2,513 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar