Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-722/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2025-ci il tarixdə saat 19:30-da tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi X3 küçəsində yerləşən «Həyat» ailəvi istirahət mərkəzindən çıxıb getməsi tələbini yerinə yetirməməsini cüzi səbəb kimi bəhanə edib, istirahət mərkəzində ictimai yerdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan həmin mərkəzin daxilində yumruqla Zərərçəkmiş şəxs çənəsindən və sol qolundan vurub, ona çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə ağız dəhlizinin selikli qişa səthinə qansızma, sol bazu nahiyələrinin qançırı, sol saidin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs məxsus 1.800 manat dəyərində “iphone 14" markalı mobil telefonu yerə çırpıb yararsız vəziyyətə salmaqla özgənin əmlakını zədələməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Həyat” restoranında musiqiçi kimi işləyir. Orada səhnədə olduğu zaman Zərərçəkmiş şəxs ora istirahətə gəlmişdir. Gəlib istirahət edən, ona yaxınlaşıb musiqi sifariş verən xanımlar olduğuna görə arada anlaşılmazlıq olmuşdur. Zərərçəkmiş şəxs buna görə etirazını bildirmiş və ona aqresiv yanaşmışdır. Onun səhnə vaxtı saat 7 tamamda bitmiş, bitən zaman o, səhnənin arxasına getmişdir. Zərərçəkmiş şəxsin arxasınca qaçdığını görmüş və məhəl qoymamışdır. Axırda nalayiq ifadələrə başlamış, o da özünü saxlaya bilməmiş və Rəhiməyə 1 dənə sillə vurmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, başqa xanımlar ona yaxınlaşıb mahnı sifariş etdiklərinə görə zərərçəkmiş ona aqressiv yanaşmışdır. Həmin telefon xanımda olmuşdur. Telefonu işlətmək üçün ona vermişdir və o da həmin vaxtı telefonu qaytarmışdır özünə. O, telefonu acıq eləyib özünə qaytarmışdır. O, telefonu ona istifadə etmək üçün vermişdir, sonra qaytaracaqdı. Əməlindən peşmandır. Hadisə Pirşağı qəsəbəsində yerləşən “Həyat” restoranında baş vermişdir. Onun səhnə vaxtı saat 7-də bitir, hadisə saat 8-in yarısı baş vermişdir. Xanımla əvvəllər münasibətdə olmuşlar, 1-2 ay olardı ki, münasibətləri soyuq olmuş, aralaşmışlar. Başqa xanım yaxınlaşıb mahnı sifariş verib xoş ünsiyyət göstəridiyinə görə Rəhimə əsəbləşmişdir. Ayrıldıqdan sonra salam sağolları olmuş, amma görüşməmişlər. Xanım məni qisqandığı üçün və spirtli içki qəbul etdiyindən əsəbləşmişdir. O, aparaturanı yığmış və təhvil verməyə səhnənin arxasına getmişdir. Zərərçəkmiş arxasınca qaça qaça gəlmiş, o, gəlib nalayiq ifadələr işlətmişdir, filankəslərin adlarını çəkmişdir. Rəhimə başqa bir xanımla münasibət qurmağını bilib, ona görə aqresiyası daha da artmışdır. Hadisə baş verən yerdə xadiməçilər və təmizləyənlər olur, onlarda öz otaqlarında idilər, heç kim yox idi. Biraz alçaldıcı ifadələr işlədəndən sonra o bunu qəbul edə bilməmiş və itələyib üzündə bir dəfə sillə vurmuşdur. Qeyd edilən telefon xanımın öz telefonu olmuş və özü qırmışdır, o vurandan sonra. O vurandan sonra zərərçəkmiş şəxsdə onu vurmuşdur, cırmaq atmışdır, amma o ekspertizaya getməmişdir. Onun vurduqdan sonra telefonu vermişdir ki, çıxıb getsin. Özü əsəbləşmiş və telefonu yerə çırpmışdır. Mübahisə ikisinin arasında getmişdir və 20-25 dəqiqə çəkmişdir. Sonradan bir nəfər yaxınlaşıb xanımı sakitləşdirmişdir, o da sonradan xanıma su da gətirib vermişdir.Zərərçəkmiş şəxslə barışmışdır. Mübahisəni birinci Rəhimə başlamışdır, o onun iş yerinə gəlmişdir. Mübahisə səhnənin arxasında olmuş və orada heç kim olmamışdır. Telefonu yerə özü çırpmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “Həyat” ailəvi istirahət mərkəzinə istirahət etmək üçün getmişdir. Nicat onu görüb salamlaşmaq üçün özü ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs ilə onların əvvəllər münasibəti olmuş, amma həmin ərəfədə ayrılma ərəfəsi olmuşdur. Salamlaşdıqdan sonra o yerinə qayıtmış və özünə içki sifariş etmiş, həmdə Nicatada göndərmişdir. O, “İphone 14” markalı mobil telefonu müvəqqəti istifadə etmək üçün ona vermişdir, həmin vaxtı telefonu da onda olmuşdur. Telefonu aylar öncə vermişdir və özünə telefon aldıqda qaytarmağını demişdir. Onlar ayrıldıqlarına görə düşünmüşdür ki, o, telefonu qaytarmaldır. Telefonu daha öncə istəməyinə baxmayaraq verməmiş, bugün sabah qaytararam demişdir. Amma həmin yerə telefon üçün getməmişdir. Sonra bir xanım Nicata yaxınlaşmış və o, həmin ərəfə biraz pis olmuş, aqresiv yanaşmışdır. O, amma həmin günü telefonun adını çəkməmişdir. Nicat səhnədən düşüb gedən zaman o da aqresiv olmuş, həmdə bəzi şeyləri səhv başa düşdüyündən Nicatla danışmaq istəmişdir. Həmin zaman Nicatın arxasınca getmişdir. O, Nicata səhv başa düşməməsini demiş və Nicat ona qarşı aqresiya göstərməyə, nalayiq söyüşlər işlətməyə, onun ailəsini təhqir eyməyə başlamışdır. O, Nicatı sakitləşdirməyə çalışmış, hətta qucaqlamış, amma onu itələmişdir. Bu zaman pis olduğundan ağlamış və sakitləşməyə çalışmışdır. Nicat əl qaldırmış, qoluna və çənəsinə yumruq vurmuşdur. Sonra o, bu barədə DİN 102 xidmətinə zəng edib məlumat vermişdir. Amma o, Nicatı bağışlamışdır, ona zərər gəlməyini istəmir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o həmin vaxtı aqresiya göstərmiş, nalayiq söyüş işlətməmişdir. Səhnədə olanda Nicatı digər xanıma qısqandığı üçün onun qolundan tutmuşdur. Nicat onu vuran zaman oranın işçiləri personal orada olmuşdur. Hadisə olan vaxtı içkili olmuş, amma çox içki qəbul etməmişdir. İlkin izahatını verən zaman içkili olmamışdır. Nicat səhnədə olanda qısqanclıq məsələsi olub bitmiş və sonra o yerinə qayıtmışdır. Oturandan sonra Nicat ona smslər yazıb getməyini tələb etmiş və təhqir etmişdir. Nicat elə bilmişdir ki, orada başqa xanımla onun haqqında danışır, ona görə ona smslər yazmağa başlamışdır. O da Nicata başa salmağa çalışmışdır ki, o xanımla heçnə danışmamışdır, xanım özü onun yanına gəlmişdir. Telefonu Nicat özü sındırmışdır. Telefonu geri qaytarmağını istəmişdir münasibət bitdiyinə görə. Həmin günü telefon istəməmişdir. Bir birləri ilə mübahisə etməkləri və Nicatın onu vurmağı ümumilikdə 20-30 dəqiqə çəkmişdir. Hadisə vaxtı səhnə bitdiyinə görə camaat çıxıb getmişdir. Təqsirləndirilən şəxsi bağışlamışdır, şikayəti və tələbi yoxdur. O, xanımı qısqanmışdır deyə səhnədə Nicatın qolundan tutub silkələmişdir, çünki, pis olmuşdur. Əvvəllər aralarında bir neçə dəfə münaqişə olub başqa yerlərdə. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır(i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 28 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Həyat” ailəvi istirahət mərkəzinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.09-11); Məhkəmə-tibbi ekspertiza və X2 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin 03 iyul 2025-ci il tarixli 1434 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs çənə nahiyəsinin dərialtı hematoması və həmin səviyyədə ağız dəhlizinin selikli qişa səthinə qansızma, sol bazu nahiyələrinin qançırı, sol saidin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, müddəti 28 iyun 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.19-20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.46); Axtarışda olan şəxsin tutulmasına dair 06 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir(i.v.59); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.78); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.94-97); Qətimkan tədbirinin seçilməsi haqqında 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.98-99); 12 sentyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.106-107); Cinayət işinin tövsif edilməsi haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir(i.v.109-110); xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, yazılanların nəzərə alınmasını və bu hadisə ilə bağlı ona qarşı işə xitam verilməsini xahiş etmişdir(i.v.133); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 28 iyun 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm məhkəməyədək icraat materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə 28 iyun 2025-ci il tarixdə saat 19:30-da tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi X3 küçəsində yerləşən «Həyat» ailəvi istirahət mərkəzində baş vermişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs uzun müddət qeyri rəsmi münasibətdə olmuş, hadisədən az əvvəl münasibətləri pozularaq ayrılmışlar. Hadisə günü zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səhnədə ifa etdiyi istirahət mərkəzinə gələrək digər bir qadının ona yaxınlaşması səbəbindən qısqanclıq hissi keçirərək səhnəyə yaxınlaşaraq Təqsirləndirilən şəxs qolundan tutub silkələmiş, aqressiya göstərmişdir. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin yuxarıda qeyd edilən ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə şəxsi münasibətlər zəminində, yəni zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi qısqanması səbəbindən başlamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifa etdiyi səhnəyə yaxınlaşaraq onun qolundan tutub silkələməsi, ona aqressiya nümayiş etdirməsinə baxmayaraq Təqsirləndirilən şəxs cəmiyyətə qarşı hörmətsizlik etməmiş, digər şəxslərin gözü qarşısında buna qarşılıq verməmiş, zərərçəkmiş şəxsin öz ifadəsində göstərdiyi kimi ona sms yazaraq getməsini bildirmişdir. Bu hal da, təqsirləndirilən şəxsin artıq baş vermiş mübahisəni sonlandırmaq istəməsinə dəlalət edən faktorlardan biridir. Həmçinin, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında mübahisənin sonlanmasına baxmayaraq, Təqsirləndirilən şəxs ifasını bitirdikdən sonra səhnəni tərk edərək getmək istəyərkən, yenidən zərərçəkmiş şəxs ona yaxınlaşaraq mübahisəni davam etdirmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərildiyi “ictimai yerdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq” kimi hərəkətlərə yol vermək niyyəti olmuş olsa idi, elə zərərçəkmiş şəxsin ona səhnədə digər şəxslərin gözü qarşısında yaxınlaşaraq qolundan tutub aqressiya göstərdiyi vaxt ona qarşılıq verərək hamının gözü qarşısında qərəzli hərəkətlər törədib xuliqanlıq etmiş olardı. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 28 iyun 2025-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə şəxsi münasibətlər zəminində baş vermiş, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən hərəkət kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, hazırki işdə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun ictimai qaydanı pozması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi qeyd olunduğu halda, yalnız zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs dindirilmiş, ətrafda olan digər şəxslərin kimliyi müəyyən edilərək dindirilməmişdir. İstintaq orqanının təqdim etdiyi sübutlarla ictimai qaydanın pozulmasının nədə ifadə olunduğu aydın olmamışdır.Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.1-ci maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Belə ki, ibtidai araşdırma orqanı verilmiş ittihamda hadisənin ictimai yerdə baş verməsinə istinad etmişdir. Hadisə ictimai yerdə baş versə də, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini zərərçəkmiş şəxsin qısqanclıq zəminində onu digər şəxslərin gözü qarşısında qolundan tutub silkələməsi, aqressiv davranması, təqsirləndirilən şəxsin mübahisəyə son qoymasına baxmayaraq sakitləşməyərək onun istirahət mərkəzindən çıxıb getdiyi vaxt arxasınca gələrək mübahisəni davam etməsi səbəbindən baş verməsi onun niyyətinin xuliqanlıq olması kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində hadisənin səhnədən çıxıb gedərkən səhnə arxasında baş verdiyini, hadisə zamanı kənar şəxslərin olmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs isə ifadəsində hadisənin səhnə arxasında baş verdiyini təsdiq etsə də, həmin vaxt istirahət mərkəzində işləyən şəxslərin orada olmasını bildirmişdir. Məhkəmə bu ziddiyyətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxs cinayət işinin 6-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixdə vermiş olduğu izahatında göstərmişdir ki, “hadisə baş verən zaman ətrafda heç kim yox idi”. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bu ziddiyətlə bağlı verilmiş suala cavab olaraq ilk öncə o susmuş, sonra bildirmişdir ki, kənar şəxslər olmasada işləyən personal olmuşdur. Halbuki, ittiham aktında hadisənin 28 iyun 2025-ci il tarixdə saat 19:30-da baş verdiyi göstərilmiş, hadisənin baş verməsindən cəmi 20 dəqiqə sonra, yəni 19:50-də Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi X3 küçəsində yerləşən «Həyat» ailəvi istirahət mərkəzinə baxış keçirilmiş, bu barədə protokl tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Lakin nə protokolda nə də fotoşəkillərdə hadisə yerində kənar şəxslərin olması göstərilməmiş, eləcə də ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü və təqsirləndirilən şəxsin ifadəsi ilə məhdudlaşdırmış, həmin “ətrafdakı şəxslərin”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, heç bir yeni sübut əldə edilmədən nədənsə 15 sentyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini təhlil edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-722/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-722/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver