Məhkəmə qərarları › İş №1(008)-724/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-724/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-724/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 Aprel küçəsində dalan adlanan ərazidə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu rəfiqəsi X1 avtomobilinə əyləşərək oradan uzaqlaşmaq istədikdə Təqsirləndirilən şəxs onun ardınca avtomobilin arxa oturacağına əyləşərək əlinin arxası ilə sifət nahiyəsindən bir dəfə vurmuş, hər ikisi avtomobildən düşdükdən sonra saçından tutaraq başını aşağı əyərək dizi ilə sifətindən və burnundan vurmaqla ona alt dodağın əzilmiş yarası, sağ qaş və sağ ayaq nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2017-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu nikahdan bir övladları var. Aysel ilə son zamanlar aralarında səbəbsiz yerə münaqişələr yaranmış, 2022-ci ilin aprel ayından ayrı yaşamağa başlamışlar. 24 iyul 2022-ci il tarixdə spirtli içki qəbul etmişdir. Həmin gün eşitmişdir ki, Aysel anası Zümrüdün evinə qonaq getmişdir. 25 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində Zümrüdün qapısına getmiş, Aysel öz rəfiqəsi Aysel Abdurəhmanovanın avtomobilinə oturub getməyə hazırlaşarkən avtomobilin arxa qapısını açıb salonda oturmuşdur. Bu zaman Aysel onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, əlinin arxası ilə Ayselin sifətindən vurmuşdur. Aysel Abdurəhmanova avtomobili idarə edib məhlədən çıxıb biraz getdikdən sonra avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Aysel yenidən onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, həmin vaxt o, əsəbiləşərək Ayselin saçından tutaraq onun sifətindən iki dəfə sillə ilə vurmuşdur. O, Ayseli dizi ilə vurmamışdır. Aysel hadisə zamanı ondan qaçmaq istəyərkən yıxılmış və sifətindəki xəsarətlər yıxılma nəticəsində yaranmışdır. O, Ayselin ağzının üstündən yıxıldıqdan sonra da iki dəfə şillə vursa da, ona yumruqla və ya dizi ilə vurmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir və bu səbəbdən aralarında tez-tez ailə daxili münaqişələr yaranırdı. Hüseyn onun ünvanına nalayiq ifadələr işlətdiyindən və aqresiv hərəkətlərinə görə 2022-ci ilin fevral ayından onunla ayrı yaşamağa bnaşlamışdır. 24 iyul 2022-ci il tarixdə, saat 19 radələrində anası Zümrüdün evinə qonaq getmiş, sonradan xalasının gəlini Aysel Abdurəhmanova da oraya qonaq gəlmişdir. 25 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində evdən çıxıb Ayselin avtomobilinə oturmuşlar, Aysel avtomobili geri verərkən Hüseyn arxa qapını açıb avtomobilə oturub təkidlə onlarla gedəcəyini demişdir. Həmin vaxt mənim qucağımda Ayselin 2 aylıq körpəsi də olmuşdur. Lakin Hüseyn buna məhəl qoymamış və maşında olarkən mənim sifətimə bərk zərbə ilə vurmuşdur. Aysel avtombili idarə edib məhlədən uzaqlaşmış, təxminən 200 metr aralaşdıqdan sonra avtomobilin təkəri boşaldığından Aysel avtomobili saxlamalı olmuşdur. Bu zaman onlar avtomobildən enmişlər və Hüseynlə aralarında mübahisə yaranmış, Hüseyn onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Aysel onun qucağından uşağı götürdükdən sonra Hüseyn onun saçından tutaraq başını aşağı əyərək dizi ilə burnundan və sifətindən vurmuş, həmin vaxt Aysel araya keçib onları aralaşdırarkən təsadüfən Hüseyn dirsəyi ilə Ayselin gözündən vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, o, həmin gün Hüseyndən qaçarkən yıxılmamış, onda aşkar edilmiş xəsarətlər Hüseyn tərəfindən yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə, saat 19 radələrində rəfiqəsi Ayselin anası Zümrüdün evinə qonaq getmişdir. 25 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində evdən çıxıb Aysellə birlikdə onun avtomobilinə oturmuşlar. Həmin vaxt Ayselin əri Hüseyn ona yaxınlaşmış, avtomobili geri verərkən Hüseyn arxa qapını açıb içəridə oturmuşdur. Hüseyn təkidlə onlarla gedəcəyini demişdir. O, avtomobili idarə edib məhlədən uzaqlaşmışdır. Avtomobildə olarkən Aysel arxada əyləşmiş, qucağında isə onun iki aylıq körpəsi olmuşdur. Qucağında uşaq olmasına baxmayaraq Hüseyn avtomobildə olarkən də Ayselin sifətinə zərbə ilə vurmuşdur. Təxminən 200 metr aralaşdıqdan sonra avtomobilin təkəri boşaldığından avtomobili saxlamalı olmuşdur. Avtomobildən aşağı düşdükdə Hüseynlə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, bu zaman Ayselin qucağında olan körpə uşağını Ayseldən götürmüşdür. Mübahisə zamanı Hüseyn Ayselin saçından tutaraq başını aşağı əyərək dizi ilə onun burnundan və sifətindən vurmuşdur. Bu zaman araya keçib onları aralaşdırarkən Hüseynin dirsəyi onun gözündən və sinəsindən dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 1657 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası, sağ qaş və sağ ayaq nahiyələrinin qançırları qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir. Müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i.v.26-27). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1656 saylı, 28 iyul 2022-ci il tarixli rəydən görünür ki, Şahid sol göz yuvasıaltı və sol bazu nahiyyələrinin qançırları müəyyən edilmiş, Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti qərarda göstərilən 25 iyul 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (i.v.28-29). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 avqust 2022-ci il tarixli cavabdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kortatekasında Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı heç bir məlumat yoxdur (i.v. 60). sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs X2 yetirdiyi xəsarətlər qəsdən yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrinin, məhkəmə-tibbi ekspert rəylərinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 64-66); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi yalnız şillə ilə vurduğunu, ona dizi ilə və ya yumruqla xəsarət yetirmədiyini, zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlərin onun yıxılması nəticəsində yaranmasını göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində həmin xüsusatlar zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid qismində dindirilmiş X1 ifadəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 1657 saylı rəyi ilə təkzib olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını (CM-59.2), himayəsində azyaşlı uşağının (xx.xx.2018-ci il təvəllüdlü X4) olmasını (AR CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 300 saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar