Məhkəmə qərarları › İş №1(008)-725/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-725/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-725/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN-liyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 03:10 radələrində X1 icarə əsasında işlətdiyi saxlanc yeri olan ünvan 3 ünvanda yerləşən “Anar“ marketin mühasibatlıq otağının plastik pəncərəsinin kilidini əlindəki dəmir parçası ilə qırıb oraya qanunsuz daxil olub, otaqdakı masanın siyirməsində olan 7560 manat nəğd pulu və 450 manat dəyərində kameranın yaddaş qurğusu olan DVR aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs X3 xeyli miqdarda yəni, 8010 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bu ilin yanvarından mart ayının ortalarına kimi Pirşağı qəsəbəsində yerləşən “Anar“ marketdə kassir işləmişdir. Həmin mağazanı Zərərçəkmiş şəxs adlı şəxs icarə ilə işlədir, mağaza rəhbərliyinin gəkib pulları aparmalı olduğunu və bu zaman onun kassadan pul götürməsinin bəlli olacağını bildirmişdir. Bundan sonra Saməddin ona mağazadan pulları oğurlamağı və yarıya bölməyi təklif etmişdir. Saməddin demişdir ki, pullar oğlurlansa Rubayıl müəllim onun kassasdan daha əvvəl də pul götürməsini bilməyəcək və bütün pulların oğurlandığını düşünəcək. Bu zaman o, Saməddinlə razılaşmışdır. Saməddin ona demişdir ki, 02 may 2022- ci il tarixdə mağazadan gedərkən seyf qapını açıq qoyacaq ki, o rahat mağazaya daxil olub pulları götürə bilsin. 02 may 2022ci il tarixdə Saməddin axşam evə gedərkən mağazanın seyf qapısını açıq qoymuş, 02 maydan 03 may tarixinə keçən gecə o, mağazaya gəlmiş, açıq qapıdan içəri keçərək plastik pəncərənin kilidini sındıraraq kassada olan pulları götürmüşdür. Bundan sonra Saməddinlər əlaqə saxlayaraq pulları götürdüyünü bildirmiş və onlar gecə mağazaya yaxın bir yerdə görüşmək barədə razılığa gəlmişlər. Gecə Saməddinlə görüşərək pulları ona verdikdə Saməddin həmin puldan min manatını ona versə də, qalan məbləği özünə götürmüşdür. Sonra onlar sağollaşaraq ayrılmışlar. Hadisədən bir gün sonra Saməddin ona zəng edərək cinayətinin üstünün açıldığını, polisin onu axtardığını bildirərək qaçmasını məsləhət görmüşdür. O, Quba rayonuna anasının yanına getmişdir. Bundan sonra polis əməkdaşları onun yerini müəyyən edərək bölməyə gətirmişlər. O, bölmədə cinayəti tək törətdiyini bildirsə də, əslində cinayəti tək deyil, Saməddinlə qabaqcadan plan quraraq törətmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə günü Saməddinlə whatsapp vasitəsi ilə əlaqə saxladığını, gecə saatlarında görüşərək pulu Saməddinə verdiyini, mağazanın açarının ancaq Saməddində olduğunu, cəmi bir dəfə o, özü mağazada işləyən zaman Saməddinin açarı ona verdiyini və mağazanı özünün açdığını, lakin həmin vaxt açarın dublikatını çıxarmadığını, istintaq zamanı cinayəti tək törətdiyini bildirdiyini, belə bildirərsə Saməddinin çöldə qalaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini düşündüyünü, lakin Saməddinin heç bir hərəkət etmədiyini gördüyündən hazırda məhkəmə iclasında həqiqətləri söyləmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 bildirmişdir ki, 2022-ci ilin dekabr ayından ünvan 4 ünvanda yerləşən 200 kvadratmetr ölçüsü olan “Anar” marketi icarəylə işlədir. Ora təxminən 50 000 manatlıq ərzaq, yeyinti məhsulları və xırda geyim əşyaları alıb yerləşdirmişdir. Mağazada Saməddin adlı inzibatçı və Təqsirləndirilən şəxs adlı kassir işləyiblər, Saməddini 03 may 2022 tarixdə hadisə baş verəndən sonra o, onu işdən çıxartmışdır. Mağazada gündəlik olaraq 3000-4000 manatlıq alış-veriş olur. 2-3 gündən bir yığılan pul Saməddin və ya özü tərəfindən “Kapitalbank” kartına yüklənir, o, həmin kartdan pul çıxarıb mağaza üçün ərzaq və digər lazımi əmlak alır. Aprelin sonlarında o, həmin mağazada olan pulları karta yükləmişdir.03 may 2022 tarixdə, səhər 08 radələrində Saməddin onunla telefonla danışan zaman mağazadan oğurluq olmasını, 11641 manat pulun mühasibatlıq otağındakı masanın siyirməsindən götürülməsini demişdir. Bundan sonra o, sonra mağazaya getmiş, Saməddindən bu işdə əlinin olub-olmadığını soruşmuş, Saməddin cinayətə aidiyyətinin olmadığını bildirdikdən sonra o, 102 xidmətinə zəng etmişdir. Dərhal bu işdə Eldardan şübhələnmişdir. Sonra Saməddin oradan aralanıb Eldarı axtarmağa getmiş, lakin Eldarı tapa bilməmişlər. Ona dəyən ziyanın 11 641 manat olmasını 15-ci PB-də qeyd etmişdir. Lakin Saməddini polis əməkdaşları dindirdikdən sonra o, mağazaya qayıdaraq həmin puldan 4081 manatın evində olduğunu, pulu təhlükəsiz yerdə qalması üçün evə apardığını, lakin gətirib yerinə qoymağı unutduğunu bildirmişdir. Lakin Samıddin həmin pulu onun icazəsi olmadan götürmüşdür. Sonra Saməddinin atası həmin pulu gətirib ona qaytarmışdır. Əlavə olaraq bildirir ki, mağazadan 450 manat dəyərində kameranın yaddaş qurğusu yəni DVR aparatı da oğurlanmışdır. Ümumilikdə ona 8010 manat maddə ziyan vurulmuşdur. Hazırda ona vurulmuş zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Xahiş edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Eldar bir neçə ay aralığında Anar adlı marketdə kassir işləmişdir. Lakin mart ayında oradan işdən çıxıbdır. Orada onunla Saməddin adlı oğlan da işləyibdir. Onun oğlu cinayəti tək törətməmişdir. Sonradan Eldarın dostları ona demişlər ki, Eldarı cinayəti törətməyə sövq edən, cinayəti təşkil edən məhz Saməddin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayından hadisə baş verən günə kimi Pirşağı qəsəbəsində yerləşən Anar marketdə inzibatçı işləmişdir. Həmin mağazanı Zərərçəkmiş şəxs adlı şəxs icarə ilə işlədir. İşdən çıxmadan öncə Təqsirləndirilən şəxs adlı şəxs isə orada kassir kimi işləmişdir. Onunla normal münasibətləri olmuşdur. 02 may 2022-ci il tarixdə, saat 19 radələrində mağazada işdə olarkən Eldar oraya gəlmiş, onunla mağazanın qarşısında bir qədər söhbət etdikdən sonra çıxıb getmişdir. 03 may 2022 tarixdə isə səhər saatlarında o, mağazaya gəldikdə mağanın mühasibatlıq otağından pulların oğurlanmasını aşkar etmiş, bu barədıə dərhal Rübail kişiyə məlumat vermiş, Rubayıl kişi mağazaya gəldikdən sonra 102 Xidmətinə zəng etmişdir. polisə müraciət etmiş, hər ikisi dərhal Eldardan şübhələnmiş, əvvəlcə oradan 11641 manat nağd pulun oğurlanmasını aşkar etsə də polisə şikayət edəndən sonra bir daha birlikdə hesablayıb,həmçinin onun də borca götürdüyü pulu və onun 4081 manat götürməsini müəyyən etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X5 bildirmişdir ki, o, mağazada adminstrator işləyir. Mağazanı açıb bağlamaq səlahiyyəti ondadır. Ondan başqa heç kəsdə mağazann açarı yoxdur. O, Rubayıl müəllimdən icazə alaraq kassadan 3000 manat bir dəfə, 1081 manat da bir dəfə olmaqla, cəmi 4081 manat pul götürnüşdür. Səhər işə gələndə oğurluq barədə Rubayıl müəllimə dedikdə Rubayıl müəllim onun götürdüyü həmin məbləği çıxaraq mağazadan 7560 manat pul götürüldüyünü bildirmişdir. Sonradan həmin pulu o, Rubayıla qaytarmışdır. Mağazanın açarları yalnız onda olmuşdur, ondan başqa kimsə mağzanı açıb bağlamırdı. Hadisə gecəsindən əvvəlki gün, təxmini saat 23 radələrində mağazanı bağlayaraq evə getmişdir. Mağazanı açıq qoyması mümkün ola bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Pişağı qəsəbəsi, Ağa Əlizadə küçəsi, 1 ünvanında yerləşən iki mərtəbəli obyektin birinci mərtəbəsində yerləşən “Anar” marketdir ( i.v. 12-17). “İfadənin yerində yoxlanılması haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisə ilə bağlı Pişağı qəsəbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs hadisənin harada və hansı şəraitdə baş verməsini soruşduqda təklifə əsasən Təqsirləndirilən şəxs Ağa Əlizadə küçəsi, 1 saylı ünvanda yerləşən, əvvəllər işlədiyi “Anar” marketə daxil olub qanunsuz olaraq oradan 7560 manat nağd pulu oğurladığını, hadisənin 03 may 2022-ci il tarixdə baş verdiyini, hadisəni tək törətdiyini bildirmişdir (i.v.42-44). “Sübutların qiymətləndirilməsi haqqında” 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 115-118); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs cinayəti tək törətmədiyini, cinayətin X5 tərəfindən planlaşdırıldığını, hadisədən sonra gecə saatlarında Saməddinlə görüşərək pulun çox hissəsini Saməddinə verdiyini bildirmiş və cinayətin Saməddinlə birlikdə qabaqcadan əlbir olaraq törədildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən X5 isə Təqsirləndirilən şəxs yalan söylədiyini, onun həmin oğurluq cinayətindən əvvəldən məlumatının olmadığını, cinayətin səhərisi günü işə gələrkən mağazadan oğurluq edildiyini aşkar edərək dərhal bu barədə Rubayıl İbrahimova məlumat verdiyini bildirmişdir. Göstərilən xüsusatla bağlı zərərçəkmiş şəxsə verilmiş suallara cavab olaraq X4 bildirmişdir ki, mağazada hər şeyə məsul şəxs, mağazanın adminstratoru Saməddin idi. Mağazanın seyf qapısının açarı ancaq Saməddində olurdu. Hər gün mağazanı açan da, bağlayan da Saməddin olmuşdur. Qapının açıq olmadığı təqdirdə qapının qıfılı qırılmadan içəri girilməsi qeyri-mümkündür. Bundan savayı mağazada siqnalizasiya var, polis nəzarətindədir. Qapı başqa formada açılmış olsaydı bundan polis əməkdaşlarının xəbəri olardı. Həmçinin, hər gün mağaza açılanda mənə SMS gəlir və Saməddin bunu bilir. Hadisə günü səhər Saməddin mənə zəng edərək mağazaya gəldiyini və oğurluq hadisənin baş verdiyini bildirmişdir. Saməddindən bu işlə bir əlaqəsinin olub-olmamasının, olubsa məsələni öz aralarında həll edə biləcəklərini bildirməsinə baxmayaraq Saməddin oğurluqdan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra o, 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gəlib mağazaya görə məsul şəxsin Saməddin olduğunu öyrəndikdən sonra onu maşına mindirib polis bölməsinə aparmışlar. Polis bölməsindən qayıtdıqdan sonra Saməddin atası demişdir ki, Saməddin kassadan 4081 manat pulu götürüb evə gətirmişdir və onlar həmin pulu ödəməyə hazırdırlar. Həmin pul ona Saməddinin atası tərəfindən qaytarılmışdır. Lakin mağazaya arada gələrək hesab məsələlərinə nəzarət edən şəxs, Şahin ona demişdir ki, Saməddin onunla söhbət zamanı oğurluqda təqsirinin olduğunu etiraf etmişdir. Buna baxmayaraq istintaq orqanı Saməddinlə bağlı məsələni araşdırmadan üstündən keçmişlər. Halbuki, oğurluq günü kassada o qədər pulun olması şübhəlidir. Çünki kassada 3000, 4000 pul yığılan kimi Saməddin aparıb “Milli ön” aparatı vasitəsi ilə ödəmələri keçirməli idi. Lakin nədənsə həmin ərəfədə o, bu ödəmələri də həyata keçirməmişdir. Bundan başqa, Saməddinə tapşırmışdır ki, kassada 1000 manatdan artıq pul olanda onu orada qoymasın, özü ilə aparıb səhər gətirsin. Lakin nədənsə Saməddin həmin gecə pulu da kassada saxlamışdır. O, Saməddinə həmin ərəfədə dəfələrlə pulları banka qoymasını bildirsə də, Saməddin bunu etməmişdir.Saməddinin 4081 manatı kassadan götürməsindən nə onun, nə Şahinin xəbəri olmamışdır. Saməddin onlara bu barədə yalnız polis əməkdaşları onu bölməyə aparandan sonra demişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrində göstərdikləri xüsusatların, şahidin özünün ifadəsində olan ziddiyətlərin dəqiqləşdirilməsi üçün 09 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və X2 istifadəsində olmuş mobil nömrələrin 01 may 2022-ci il tarixdən 05 may 2022-ci il tarixədək olan anten məlumatlarının, həmin zaman aralığında həmin şəxslərin nömrələrinə daxil olan və çıxan zənglərin, SMS mətnlərinin siyahısının "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edilmişdir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş müvafiq məumatlar tədqiq edilərək Təqsirləndirilən şəxs və X2 istifadəsində olmuş mobil nömrələrin hadisə günü anten məlumatları qarşılaşdırılmış, onların cinayət hadisəsi törədilən vaxt və ondan sonra eyni ərazidə olmaları, və yaxud bir-birilərinə zəng etmələri, SMS yazışmaları müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə iclasında göstərilən xüsusatın araşdırılması məqsədi ilə məhkəmə iclası dəfələrlə təxirə salınaraq zərərçəkmiş şəxs yenidən dindirilmiş, yaranmış zərurətlə əlaqədar əlavə şahid qismində Şərifov Şahid Əşrəf oğlu məhkəmə iclasına dəvət olunaraq dindirilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şərifov Şahid Əşrəf oğlu ifadəsində göstərmişdir ki, o, mazağanın mühasibatlıq məsələlərinə nəzarət edir. Arada bir mağazaya gedərək kassadan pulları götürüb ödəmələri həyata keçirir. Əslində kassada çox məbləğdə pulu heç vaxt saxlamırlar. Vaxtlı-vaxtında pul olduqca ya özü, ya da onun tapşırığı ilə Saməddin “Milli ön” aparatı ilə ödəmələri edirdi. Həmin ərəfədə bayram olduğundan pulların yığılması normal idi. Çünki bayramla əlaqədar ödəmələri həyata keçirmək olmurdu. Lakin, o, həmişə Saməddinə demişdir ki, kassada o qədər pul saxlamasın, pulun məbləği çox olduqda pulu özü ilə evə aparıb, səhər qayıdanda gətirsin. Saməddin mağazada adminstrator idi. Onlara Saməddinə güvəndiklərindən mağazanı açıb bağlamaq ixtiyarı da Saməddində idi. Saməddindən başqa heç kimdə mağazanın seyf qapısının açarı olmamışdır. Həmin qapının isə sındırılmadan içəri girilməsi mümkün deyil. İşin hallarından görünən odur ki, həmin qapı hadisə gecəsi açıq olmuşdur. Saməddindən başqa isə heç kimdə açar yox idi. O, hadisədən sonra Saməddindən qapının necə açıq qaldğını, onun qapını bilərəkdən açıq qoymasını bildirdikdə Saməddin başını aşağı salaraq bir kəlmə də söz deməmişdir. Halbuki, hadisədə iştirakı olmayan, qapını planlı şəkildə açıq qoymayan adam dərhal reksiya verər və hadisədə əlinin olmadığnı bildirərdi. Saməddin oğurluq barədə onlara məlumat verdikdən sonra onlar mağazaya gələrək 11000-dən çox pulun yerində olmadığını görmüşlər. Rubayıl Saməddinə hadisədə əli varsa deməsini bildirdikdə o xəbərinin olmadığını demiş, lakin kassadan 4081 manat pul götürməsi barədə heç nə deməmişdir. Rubayıl 102 xidmətinə məlumat verib polis əməkdaşları ilk şübhəli şəxs kimi Saməddini bölməyə apardıqdan sonra o, qayıdaraq 4081 manat pulu özünün apararaq evdə saxladığını bildirmişdir. Ondan niyə həmin pulu evə aparması soruşulduqda o, cavab verə bilməmişdir. Saməddinin hazırki cinayətlə əlaqəsinin olub-olmamasına əmin deyil. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayəti X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair şübhəli məqamlar yaranaraq verilmiş ifadələr arasında da müəyyən diqqətəlayiq məqamlar müəyyən edilsə də, göstərilən xüsusatı təsdiq edən hər hansı konkret fakt və ya sübut əldə edilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmədə Təqsirləndirilən şəxs cinayəti X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə, X2 da cinayətdə təqsirli olmasına dair şübhələrin yaranmasına baxmayaraq bu halın təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna dəlalət etdiyini və qanunvericiliklə bu kimi hallarda təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi əsası ilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün dövlət ittihamçısının və ya zərərçəkmiş şəxsin vəsatətin olması mütləq şərt kimi nəzərdə tutulduğundan məhkəmə ittiham funksiyasını öz üzərinə götürərək göstərilən halın araşdırılması ilə bağlı cinayət işinin btidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq üçün səlahiyyətli deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Hazırki halda məhkəməyə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair dövlət ittihamçısının və ya zərərçəkmiş şəxsin vəsatəti olmadığından məhkəmə işə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxmağa haqlıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə, saat 17:15-də tutulmuşdur (i.v.54). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 4(008)-405/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.95- 98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 107). Zərərçəkmiş şəxs X4 tərəfindən notarial formada təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı 07 ay 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 02 ay 08 gün müddət ona təyin edilmiş 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar