Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-725/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı şəhəri, X1 kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi fərdi nömrəsiz evdə yaşayan və barəsində “polisin nəzarətialtına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 aprel 2025-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən fermanın ərazisinə qanunsuz daxil olmaqla orada olan saxlanc yeri hesab edilən tövlənin içərisində olan birinin dəyəri 300 manat olan 3 baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2023-cü ildən tanıyır. Onun Sahil ilə münasibəti heyvan alış-satışı ilə məşğul olduğuna görə yaranmışdır. 2024-cü ilin yay aylarında o, Sahildən ümumi məbləği 6000 (altı min) manat olmaqla ən azı 20 baş yerli sort quzu almış, lakin bu günə qədər ona olan borcundan 4000 (dörd min) manatını qaytarmış, 2000 (iki min) manatını isə qaytarmamışdır. Ona olan borcunu qaytarmaq üçün əvəzində Sahilin fermasında işləməyə başlamışdır. Onlar arasında söz-söhbət olduğu üçün 19 yanvar 2025-ci il tarixdən Sahilə məxsus olan fermada işləməmiş, Binə sovxoz ərazisində yerləşən heyvan kəsimxanasında işləmişdir. O, 01 aprel 2025-ci il tarixdə saat 19 radələrində qohumu Abışgilin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən evinə getmiş, qohumu ilə birlikdə onların evində oturub yeyib içdikdən təxminən 3 saat sonra Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Dəmir yol vağzalına gəlmiş və həmin yerin yaxınlığında yerləşən “Sevinc” kafesində tək əyləşərək orada ən azı 10 bakal pivə içdikdən sonra həmin kafedən bayıra çıxmış, Bakıxanov qəsəbəsində yerləşən Dəmir yol vağzalından qatara minərək Məmmədli dayanacağında qatardan düşmüşdür. Bundan sonra o, orada yerləşən “Araz” marketdən 02 ədəd “Go” spirtli içkisi alıb içə-içə gedərkən anidən olaraq oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də 01 aprel 2025-ci il tarixdə gecə saat 02 radələrində əvvəllər işlədiyi Sahilə məxsus olan ünvan 2 ünvanında yerləşən fermaya getmiş, həmin fermanın içərisində yerləşən tövlənin qapısının açıq olduğunu görmüş və içəri daxil olaraq oradan 03 baş qoyunu götürüb ayaqlarını iplə bağladıqdan sonra onları bir-bir fermadan 20 metr kənara əli ilə aparıb qoyduqdan sonra Nizami adlı taksi sürücüsünə zəng edərək həmin ünvana gəlməsini bildirmişdir. Təxminən 20 dəqiqə sonra həmin taksi sürücüsü gəlmiş, o, 03 baş qoyunu maşının arxa yük qoyulan hissəsinə qoyduqdan sonra sürücüyə Masazır qəsəbəsinə sürməyini bildirmişdir. O, Masazır qəsəbəsində yolun kənarında yerləşən adı və ünvanı yadında qalmayan ət mağazasına yaxınlaşaraq təcili pul lazım olduğunu bu səbəbdən də özünə məxsus olan 03 baş qoyunu ümumilikdə 300 (üç yüz) manata satdığını bildirmiş, həmin şəxs onunla razılaşdıqdan sonra o, qoyunları ona vermiş və ondan pulu aldıqdan sonra həmin puldan 50 manatını taksi sürcüsünə verərək onu Xəzər rayonu Binə savxoz ünvanında düşürməyini bildirmişdir. O, həmin ünvana çatdıqda isə yerdə qalan 250 manat pulu orada yerləşən adını bilmədiyi kafedə yeyib içərək xərcləmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, uzun müddətdir ki, xırda buynuzlu mal-qara işi ilə məşğul olur. ünvan 2 ünvanında özünə məxsus ferması var. Orada xırda buynuzlu heyvanlar əsasən də qoyun və quzu saxlayır və onları böyüdərək satışı ilə məşğul olur. Fermasında olan qoyun və quzuları Şamaxı rayonundan alıb gətirir. Əvvəllər fermasında çoban işləyən Aqşin adlı şəxsi 5 aydan çoxdur ki, işdən çıxarmışdır. O, vaxtdan indiyə qədər də həmin fermada heç kim işləmir. O, özü hər gün səhər fermaya gəlir heyvanlara qulluq edir. Axşam isə qapısını bağlayıb evinə gedir. O, son 5 ayda fermasından qoyun və quzuların azaldığını aşkar etmiş, lakin həmin qoyun və quzuların otlaq sahəsində itdiyini düşünərək kimsənin oğurluq etdiyini düşünməmişdir. Sonuncu dəfə isə o, 01 aprel 2025-ci il tarixdə səhər saat 08 radələrində fermaya gələn zaman fermada 03 baş qoyunun olmadığını aşkar etmiş, fermada quraşdırdığı videokameraya baxdıqda isə gecə saat 02:30da bir nəfər şəxsin fermadan 03 baş qoyun oğurladığını görmüşdür. Bundan sonra o, son 5 aydan bu vaxta qədər olan müddət ərzində ümumilikdə 20 baş qoyun və quzuların oğurlandığını aşkar etdiyini və baş vermiş hadisə barəsində polisə məlumat verdiyini bildirmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 6000 (altı min) manat maddi ziyan vurulmuşdur. Lakin kimin oğurladığını bilmədiyindən yalnız 03 ədəd qoyunun götürüldüyünü videodan müəyyən etdiyindən həmin hissə ilə razılaşmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs heç vaxt onun fermasında qalmamışdır, Aqşin başqa fermada qalmışdır, hadisə vaxtı Aqşin onun fermasında işləməmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü işləyir və bu səbəbdən də Aqşin adlı şəxsi müştəri kimi tanıyır. Onun Aqşinlə tanışlığı təxminən 7 ay bundan əvvəl olmuşdur. 01 aprel 2025-ci il tarixdə gecə saatlarında Aqşin ona zəng edərək ona təcili pul lazım olduğunu bu səbəbdən də onun işlədiyi fermaya gəlməsini və oradan qoyun götürüb Sabunçu qəsəbəsinə aparıb satacağını bildirmişdir. O, gecə vaxtı olduğu üçün yolların boş olmasını fikirləşib Aqşinin dediyi ünvana getmiş, o, özünə məxsus olan “Nissan” markalı “Sunny” modeli **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilini fermanın qarşısına sürdükdə Aqşininin orada olduğunu və 03 baş qoyunun ayaqlarının bağladığını və saxladığını görmüşdür. Bundan sonra Aqşin həmin qoyunları onun idarə etdiyi avtomobilin yük daşınan hissəsinə qoyduqdan sonra ona Masazır qəsəbəsinə sürməyini bildirmişdir. Onlar Masazıra çatdıqda Aqşin orada olan tanımadığı bir nəfər şəxsə həmin 03 baş qoyunu satmış və ondan pul götürdükdən sonra Aqşinin ona Binə qəsəbəsində kəsim sexində işlədiyi yerə sürməsini bildirmişdir. O, da Aqşinin dedyi kimi onu Binə qəsəbəsinə yadında qalmayan ünvana aparıb düşürdükdən sonra Aqşin ona 40 manat yol pulu vermiş, bundan sonra o, öz evinə qayıtmışdır. O, əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs çağırışı ilə tarixi dəqiq yadında qalmayan təxminən 1 ay bundan əvvəl Aqşinin işlədiyi fermaya gedib oradan 01 baş qoyun apardığını, Təqsirləndirilən şəxs oğurluq etməyindən xəbəri olmadığını, Aqşini həmin fermada çoban işləyən şəxs kimi tanıdığını, Aqşinin 03 baş qoyunu satan zaman qoyunu alan şəxsin yanında başqa bir şəxsin olmadığını bildirmişdir(i.v.94-96); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən fermanın ərazisinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 07-10); Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:45 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur(i.v.37); Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hazırki cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar internet saytlarına baxış keçirilmiş, 2025-ci ilin aprel ayında “Tap.az” və “lalafo “ internet saytlarında 01 baş qoyun və 01 baş quzunun orta bazar qiyməti 270 manatdan 380 manatadək olması müəyyən edilmişdir(i.v.61); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbrii seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.80-82); Qətimkan tədbirinin seçilməsi haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbrii seçilmişdir(i.v.83-84); Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi fermada ifadəsi yerində yoxlanılarkən bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində əvvəllər işlədiyi tanışı Sahilə məxsus olan ünvan 2 ünvanında yerləşən fermaya getmiş, həmin fermanın içərisində yerləşən tövlənin qapısının açıq olduğunu görmüş və içəri daxil olaraq oradan 03 baş qoyunu götürüb taksiyə qoyaraq Masazır qəsəbəsinə aparmış və həmin qoyunları ümumilikdə 300 manata satdığını bildirmişdir(i.v.90); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir(i.v.108); Qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir(i.v.112-113); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.119-120); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin öz ifadəsi, zərərçəkmiş şəxs və şahidin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 06 aprel 2025-ci il tarixdən 08 aprel 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 21 sentyabr 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək tutulduğu 01(bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı(CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2025-ci il tarixdən 08 aprel 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 21 sentyabr 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək tutulduğu 01(bir) gün müddət, ümumilkdə 03(üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 05(beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-725/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-725/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver