Məhkəmə qərarları › İş №1(008)-727/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-727/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-727/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1,154 qram xeyli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu RPİ-nin və Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 21:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq orada üstünü yoxlama və götürmə hərəkəti aparılarkən əynindəki şalvarının cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,154 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqrdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş itihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində bir büküm narkotik vasitə heroin alıb şalvarının cibinə qoymuşdur ki, imkan tapıb narkotik vasitə heroindən istifadə etsin. xx.xx.2025-ci il tarixdə təxminən saat 21:30-da o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 56 ünvanının yaxınlığında olarkən üç nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb demişlər ki, Sabunçu RPİ-nin əməkdaşlarıdırlar və xidməti vəsiqələrini təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üstünə yoxlanış keçiriləcəyini bildirmişlər. Həmin vaxt əməkdaşlardan biri mobil telefon ilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları onun üzərində qanunla qadağan olunmuş əşya predmet olub olmadığını soruşmuşlar, o, da, əynində olan şalvarının cibindən içərisində narkotik vasitə heroin olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmış, üzərindən başqa qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onu Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 14-cü PŞ-də üzərindən aşkar edilmiş narkotik vasitə heroinə yenidən baxış keçirilmişdir. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin CAŞ-nə məlumat daxil olmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 56 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb dövriyyəsi ilə məşğul olur. Ona görə də Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o rəhbər təyin edilmiş, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 Mais oğlu və həmin PŞ-nin sahə inspektoru Şahid3 əməliyyat qrupuna üzv olaraq daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, Şahid2 Mais oğlu və Şahid3 birlikdə Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 56 ünvanının yaxınlığına getmişlər, orada özlərinə mövqe seçib müşahidə aparmağa başlamışlar. Təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən bir nəfər kişi cinsli şəxsin qeyd edilən ünvanın yaxınlığından keçdiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar həmin şəxsdən adını soruşduqda həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib videoçəkiliş vasitəsilə üstünün yoxlanması hərəkətinin keçiriləcəyini bildirmişlər. Videoçəkilişi polis kapitanı Şahid3 aparmışdır. Onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxardıb təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyulub qablaşdırılmış, zərfin üzərinə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən başqa qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 14-cü PŞ-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddəyə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Həmin proses də, videogörüntüyə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Mais oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 Mais oğlunun ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinn 11-12-ci vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və götürmə keçirilməsinə dair” 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, 16 avqust 2025-ci il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman saxlanılaraq üstü yoxlanılmışdır. Üstünün yoxlanması zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet olduğu halda təqdim edilməsi təklif edilmiş, sonuncu üzərində əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli olan narkotik vasitəyə bənzər maddə təqdim etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin büküm qablaşdırılaraq saxlanılan şəxsdən imzalanmaqla götürülmüşdür. Cinayət işinin 24-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 avqust 2025-ci il tarixdən saat 21:30-dan hesablanmışdır. Cinayət işinin 34-cü vərəqində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14cü PŞ-nin təhqiqatçısı X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 86, 236-cı maddələrinin tələbinə əsasən Sabunçu RPİ-nin baş əməliyyat müvəkkili Şahid1, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 Mais oğlu və 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə təqdim olunan 01 ədəd zərfdə qablaşdırılmış əşyaya baxış keçirilmişdir. Üzərində imzalar olan 01 ədəd zərfin içərisində bükümdə spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1 ədəd DVD əlavə olunmuşdur. Cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2025-ci il tarixli, 6/2791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,154 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 66-67-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Samir Ağayevin icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci il tarixli vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin 68-69-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarətinə altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 71-ci vərəqində olan “Maddi sübutun tanınması haqqında” 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,154 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroinin maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 1,104 qram olan narkotik vasitə heroinin saxlanması üçün Sabunçu RPİ-nin maddi subutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X2 dair xx.xx.2025-ci il tarixli, 5267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının təsdiq edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 99-107-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-450/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) günün ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Payızəli oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,154 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs Payızəli oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-450/2023 nömrəli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşı 60dan yuxarı (63 yaş) olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutuma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşının 60-dan yuxarı (63 yaş) olması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,104 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar