Məhkəmə qərarları › İş №1(008)-729/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-729/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-729/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 01:12 dəqiqədə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota-Prius“ markalı, **-OH- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat yolu ilə üzü Zabrat dairəsi istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, yəni hərəkətin instensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanının qarşısında yolun sol hissəsindən sağa keçən piyada X4 avtomobilinin qabaq hissəsilə ehtiyatsızlıqdan vuraraq ona baş- beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə sümüyünün kəllə əsasına keçən açıq sınığı, sağ bazu sümüyünün qapalı qəlpəli sınıqları, başın, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yaraları, hematoma və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. “Toyota-Prius“ markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 06 mart 2023-cü il tarixdə saat 01 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota-Prius“ markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat yolu ilə üzü Zabrat dairəsi istiqamətində hərəkətdə olmuş, həmin vaxt, tanışı Şahid onun avtomobilində sərnişin qismində əyləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat yolu ilə üzü Zabrat dairəsi istiqamətində sağdan ikinci hərəkət zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən anidən bir nəfər qadın yolun hərəkət hissəsinə çıxmış, həmin, piyadanı vurmamağa çalışsa da, aralarında olan məsafə az olduğu üçün hadisənin qarşısını ala bilməmiş, avtomobilin sol qabaq hissəsi ilə həmin piyadanı vurmuş, zərbənin təsirindən həmin qadının başı avtomobilin alın şüşəsinə çırpılmış, həmin qadın bir qədər irəliyə düşmüşdür. O, avtomobilini bir qədər irəlidə saxlayaraq həmin qadına yaxınlaşmış, qadının baş nahiyəsindən qan gəldiyini gördüyü üçün ilk öncə Təcili və X5 xidmətinin 103 çağrı mərkəzinə, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müvafiq protokol tərtib edildikdən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müayinəyə aparılmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, mərhum X8 onun anasıdır. Onun anası X8 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən adını dəqiq xatırlamadığı kafedə işləmiş, iş vaxtı günorta saatlarında başlamış, gecə təxminən saat 12 radələrində bitmişdir. 06 mart 2023-cü il tarixdə, gecə saat 03 radələrində xalası onun mobil telefonuna zəng edərək anası Zeynəb Abbasovanın işdən qayıdarkən avtomobil qəzası keçirdiyini və hadisə yerində öldüyünü bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 06 mart 2023-cü il tarixdə saat 01:10 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı, **-OH-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat yolu ilə üzü Zabrat dairəsi istiqamətində hərəkətdə olarkən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanının qarşısında anası Zeynəb Abbasova yolu keçən zaman vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qismində Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun tanışıdır. 06 mart 2023-cü il tarixdə gecə saat təxminən 01 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, **-OH-*** qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuşdur. Həmin vaxt Ramiz idarə etdiyi avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi ilə üzü Zabrat dairəsi istiqamətində hərəkət etmişdir. Avtomobildə ikisindən başqa heç kəs olmamışdır. Ramiz idarə etdiyi avtomobillə üzü Zabrat dairəsi istiqamətində sağdan ikinci hərəkət zolağı ilə hərəkət etmişdir. Bu vaxt anidən bir nəfər piyada qadın avtomobilin qarşısına çıxmış, həmin vaxt məsafə çox az olduğu üçün Ramiz avtomobili dayandıra bilməmiş və sol qabaq hissəsilə həmin qadını öz hərəkət yolunda vurmuşdur. Zərbədən həmin qadının başı avtomobilin alın şüşəsinə çırpılmış və qadın yerə düşərək yıxılmışdır. Bundan sonra Ramiz bir neçə metr aralıda avtomobili saxlamış və avtomobildən düşüb həmin qadına yaxınlaşmışlar, lakin, piyada qadın artıq can vermiş və başından qan axmışdır. Ramiz dərhal təcili tibbi yardıma və DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. Ramizlə birlikdə hadisə yerində polis əməkdaşlarını gözləmişlər. Müstəntiq hadisə yerinə gəldikdən sonra hadisə yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları Ramizi sərxoşluq müayinəsindən keçirmişlər və hadisə zamanı onun sərxoş olmadığı müəyyən olunmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili təxminən 50-60 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisədən əvvəl Ramiz öz hərəkət yolunda hərəkət edərkən, piyadanı yolun sol hissəsindən sağa keçdiyini görməmiş, piyada anidən avtomaşının qarşısına çıxmış və Ramiz maşının sol qabaq hissəsi ilə onu vurmuşdur. Hadisə anidən baş verdiyi üçün Ramiz piyadanı vurmamaq üçün hər hansı hərəkət edə bilməmişdir. Hadisədən əvvəl Ramizin idarə etdiyi avtomobili saz vəziyyətdə olmuş, avtomobildə yük olmamışdır. Hadisə zamanı yoldan keçən tanımadığı şəxslər hadisə yerinə toplaşmışdır. Cinayət işinin 14-cü vərəqəsində olan 06 mart 2023-cü il tarixli, 1/802 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 36-cı vərəqəsində olan Sabunçu RPİ-nin DYPŞ-nin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AD 224892 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması müəyyən edilməmişdir. Cinayət işinin 37-40-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X7” X12 Sabunçu Rayon Şöbəsinin 05 aprel 2023 il tarixli, 68 saylı ekspert rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə sümüyünün kəllə əsasına keçən açıq sınığı, sağ bazu sümüyünün qapalı qəlpəli sınıqları, başın, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yaraları, hematoma və sıyrıqları; Xəsarətlər həyati olub, Z.Q.Abbasovanın ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb sağ təpə sümüyünün kəllə əsasına keçən açıq sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 50-51-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 24 may 2023-cü il tarixli, 8/1390 saylı rəyindən görünür ki, Toyota-Prius markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 54-59-cu vərəqəsində olan 03 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 85-86-cı vərəqəsində olan 06 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat X3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərinin özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar