Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-730/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, 24 fevral 2023cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2, 234.1-ci maddəsinə əsasən qəti olaraq 03(üç) il 10(on) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsi ev 51-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə narkotik vasitə olan təmiz çəkisi 4,486 qram kustar üsulla hazırlanmış asetilə edilən tiryəki əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsi nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz oləraq əldə edib üzərində saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 4,486 qram kustar üsulla hazırlanmış asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. 3 ilə yaxındı ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 manata bir büküm narkotik vasitə olan tiryəki alaraq istifadə üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12.00 radələrində o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsi fərdi evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, ondan xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində narkotik vasitə olmasından qorxaraq o, polislərdən yayınmağa çalışmışdır. Lakin polislər ondan şübhələnərək 12-ci Polis Şöbəsinə onu dəvət etmişlər. 12-ci Polis Şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan, ona dövlət hesabına müdafiəçi təqdim ediləndən sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə olan tiryəki təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəki o, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 manata alaraq istifadəsi üçün üzərində saxlamışdır. Ozü istifadə etsə də, satışı ilə məşğul olmur, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 may 2023-cü il tarixdə saat 12 radələrində polis şöbəsinin inzibati ərazisində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində iş yoldaşı Şahid1 ilə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, müşahidə edib görmüş, ona yaxınlaşıb özünü təqdim etmiş, şəxsiyyətini təsdiq edən sənədi istəmiş, adını sonradan bildiyi əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Sabir oğlu adlı şəxs onlardan yayınmaq istədikdə onu saxlayıb Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmışdır. Şöbədə ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmişdir. Daha sonra şəxsin öz xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmışdır. Videoçəkİlişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd bükümdə narkotik vasitə olan tiryəki onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitəni saxlanıldığı gün 50 manata öz istifadəsi üçün almışdır. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdır. Maddi sübutun götürülməsinə dair Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən onlar tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən imza etmişdir. Şəxsin üzərinə yalnız təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Qanunsuz maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin şəxsə heç bir təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Sabunçu rayonu Balaxanı qəsəbəsi üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir(i.v.27-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 6/2762 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,486 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Tiryək xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına(İ siyahı) daxildir(i.v.34-37); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 14 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, MSY-dən dərhal azad edilməsi qərara alınmışdır(i.v.65-67); Qətimkan tədbiri seçilməsi haqqında 14 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.68); Maddi sübut kimi tanınma haqqında 14 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 4,486 qram asetilə edilən tiryək maddi sübut kimi tanınmış, saxlanması üçün Sabunçu RPİ-nə verilməsi qərara alınmışdır(i.v.69); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-167/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona qəti olaraq 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 21 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət, 06 aprel 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 06 ay 16 gün müddət, cəmi 06 ay 17 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır(i.v.78-107); diskə baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, Sabunçu rayonu Balaxanı qəsəbəsi üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir(i.v.112); Maddi sübut kimi tanınma haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir(i.v.113); xx.xx.2023-cü il tarixli, 2964 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.119-120); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-167/2023 saylı, 17 mart 2023-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Bakı şəhər Probasiya İdarəsinin 13 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən qəti olaraq 03 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Azərbaycan Respublikası Medalının İ-22765 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntü şəxsi axtarış və götürmə haqqında 12 may 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz çəkisi 4,486 qram olan narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs, barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 17 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 12 may 2023-cü il tarixdə törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1), 12 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,486 qram olan tədqiqatdan sonra qalıq qalmış 4,436 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalı(CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM- 198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03(üç) il 10(on) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 11 (on bir) ay 13(on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02(iki) gün müddət, ona təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,486 qram olan tədqiqatdan sonra qalıq qalmış 4,436 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-730/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-730/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver