Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-732/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1966-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Abşeron küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,796 qram narkotik vasitə tiryəki və təmiz çəkisi 0,309 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 21 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 42-ci polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Viceroy» siqaretin qutusunun içərisində qırmızı kağıza bir bükümdə bükülmüş içərisində təmiz çəkisi 0,309 qram kustar usulla hazırlanmış psixotrop maddə metamfetamin və gümüşü kağıza bir bükümdə bükülmüş içərisində təmiz çəkisi 0,796 qram kustar usulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, müxtəlif növlü narkotik vasitələrdən istifadə edir, buna görədə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra yenə də narkotik vasitələrin qəbulu ilə məşqul olmağa davam etmişdir. Lakin o narkotik vasitəni hər gün istifadə etmir. 20 iyun 2022-ci il tarixdə o, narkotik vasitə əldə etmək məqsədi ilə Suraxanı qəsəbəsinə getdi, orada avtobus dayanacağında bir nəfər tanımadığı cavan oğlan ona yaxınlaşıb öz köməyini təklif etdi. O da həmin şəxsdən xahiş etdi ki, ona narkotik vasitəni təşkil etsin. Həmin şəxs ondan 30 manatı alıb xahiş etdi ki, heç bir yerə getməsin, gözləsin. Bir neçə dəqiqədən sonra həmin cavan oğlan ona yaxınlaşıb iki bükümdə biri qırmızı kağızda, digəri isə gümüşü kağızda olan narkotik vasitələri ona verib çıxıb getdi. Qırmızı bükümün içərisində psixotrop maddə metamfetamin, gümüşü bükümün içərisində isə narkotik vasitə tiryək olmuşdur. Həmin narkotik vasitələri o üzərində olan «Viceroy» markalı siqaret qutusunun içərisinə qoyub həmin siqaret qutusunu əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub evinə qayıtdı. Səhərisi günü, yəni 21 iyun 2022-ci il tarixdə, saat 10 radələrində o evinin yaxınlığında Abşeron küçəsində gəzişən zamanı ona iki nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi istədilər. Onun üzərində narkotik vasitə olduğu üçün o qorxdu ki, tutula bilər və buna görədə həmin polis əməkdaşlarından qaçmağa istəyəndə polis əməkdaşları onu yaxalayıb 42-ci polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutuldu və orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olundu. Sonra üzərinə videoçəkilişlə keçirilən axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən «Viceroy» markalı siqaret qutusu aşkar olundu. Həmin siqaret qutusunun içərisində o falqaları və bir büküm narkotik vasitə tiryəki, bir büküm isə psixotrop maddə metamfetamini saxlayırdı. Həmin narkotik vasitə və psixotrop maddə ondan aşkar olunaraq götürüldü və ekspertizaya göndərildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir 21 iyun 2022-ci il tarixdə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında göstərilmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəsi ilə məşqul olduğuna görə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Təqsirləndirilən şəxs yenədə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur. Təqsirləndirilən şəxs yaxalanması istiqamətində polis bölməsinin sahə rəisi polis mayoru Şahid2la birlikdə əməliyyat qrupu yaradıldı. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə, saat 10 radələrində Nardaran qəsəbəsi Abşeron küçəsində saxlanılaraq 42-ci polis bölməsinə gətirildi. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən zamanı onlar diqqətlə baxırdılar ki, Təqsirləndirilən şəxs üzərində əgər hər hansı bir qeyri qanuni əşyanı saxlayırsa, həmin əşyanı tullaya bilməsin. 42-ci polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu. Ona huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən «Viceroy» markalı siqaret qutusu içərisində iki büküm, bükümlərin biri gümüşü rəngli, digəri isə qırmızı kağıza bükülmüşdür. Qızmızı rəngli kağızdakı bükümdə ağ kristal formalı psixotrop maddə metamfetaminə bənzər olan maddə, gümüşü rəngli kağızdakı bükümdə isə narkotik vasitə tiryəkə bənzər olan maddə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs həmin maddələrin psixotrop maddənin və narkotik vasitənin olduğunu və öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Aşkar olunmuş əlavə iki ədəd qara rəngli boruşəkilli əşyaların izahını verən Təqsirləndirilən şəxs bildirdi ki, həmin əşyaların vasitəsi ilə o psixotrop maddə metamfetamini qəbul edir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə ildir ki müxtəlif növlü narkotik vasitələrdən istifadə edir. Ondan aşkar olunmuş narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini o öz istifadəsi üçün 20 iyun 2022-ci il tarixdə Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 30 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsini təsdiq edərək istintaq zamanı eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyun may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən “Vikeroy” markalı siqaret qutusunun içərisindən 02 ədəd büküm, 01 ədəd “prima” markalı siqaret və 01 ədəd alışqanı çıxardaraq könüllü təhvil vermiş, bükümlərdən biri gümüşü, digəri isə qırmızı rəngli kazğıza bükülmüşdür. Bükümlərdən birində qara rəngli spesifik iyli narkotik maddə tiryəkə bənzər maddə, digərində isə şəffaf rəngli metamfetaminə bənzər maddə idi. Bu narkotik vasitəni 20 iyun 2022-ci il tarixdə, səhər saatlarında Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (i.v. 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 6/3466 saylı 21 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN- nin Zərflər üçün № 241» dairəvi möhür əksi, «vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,796 qram tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli kristallardan ibarət maddə küstar usulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertizanın tədqiqatından sonra narkotik vasitə tiryəkin qalan təmiz çəkisi 0,696 qrama, psixotrop maddə metamfetamini isə qalan təmiz çəkisi 0,259 qrama bərabərdir. Həmin zərfdə olan iki ədəd qara rəngli boruşəkilli əşyaların içərisində metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün metamfetaminin təmiz çəksini müəyyən etmək mümkün deyildir. İki ədəd gümüşü rəngli kağız parçaların üzərində narkotik və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi (i.v.37-40). “Video yazıya baxış keçirilməsi haqqında” 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan «Təqsirləndirilən şəxs 2022» adlı fayla daxil olduqda müəyyən olunmuşdur ki, faylda 9 dəqiqə 11 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıdan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin baş təhqiqatçısı polis mayoru Bəhram Bəhramov 42-ci PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 42-ci PB-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən «Viceroy» markalı siqaret qutusu içərisində iki büküm, bükümlərin biri gümüşü rəngli digəri isə qırmızı kağıza bükülmüşdür. Qızmızı rəngli kağızdakı bükümdə ağ kristal formalı psixotrop maddə metamfetaminə bənzər olan maddə, gümüşü rəngli kağızdakı bükümdə isə narkotik vasitə tiryəkə bənzər olan maddə və bükümlərdən əlavə iki ədəd qara rəngli boruşəkilli əşyalar, aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddələrin psixotrop maddənin və narkotik vasitənin olduğunu və öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir (i.v.56). Məhkəmə-narkoloji ekspertizasının 3763 saylı xx.xx.2022-ci il tarixli, 3763 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yararan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.80-81). “Maddi sübut kimi tanınma haqqında” 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Ekspertizanın tədqiqatından sonra narkotik vasitə 0,696 qram tiryək və psixotrop maddə 0,259 qram metamfetamin, içərisində metamfetamin izləri olan iki ədəd qara rəngli boruşəkilli əşyalar maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmiş, “şəxsi axtarış və götürmə” protokoluna əlavə edilmiş həmin istintaq hərəkətinin görümtülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.93-94). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,5 qram olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar, 50 qram olduqda isə külli miqdar, «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə, saat 10:00-da tutulmuşdur (i.v.17). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.72-73). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.74-75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2015-ci il tarixli hökmü ilə AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.4 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.83-85). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 1(008)- 204/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v 86-92). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan tiryək, psixotrop maddə olan metamfetamin və içərisində metamfetamin izləri olan iki ədəd qara rəngli boruşəkilli əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,696 qram narkotik vasitə tiryək, 0,259 qram psixotrop maddə metamfetamin və içərisində metamfetamin izləri olan iki ədəd qara rəngli boruşəkilli əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-732/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-732/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver