Məhkəmə qərarları › İş №1(008)-733/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-733/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-733/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Hüseyn oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Məktəbli küçəsi ev 38də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Hüseyn oğluna ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əhatə dairəsinə malik olan şəxs kimi qələmə verib, onun qardaşı X7 yüngül cəza təyin olunmasına kömək edə biləcək tanışlarının olmasını bildirməklə etibarını qazanıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona 7500 manat müqabilində qardaşı X7 yüngül cəza təyin olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs hissə hissə olmaqla ilk dəfə 24 yanvar 2022-cİ il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanından mobil tətbiqi vasitəsi ilə tanışı cinayətdən məlumatsız Şahid1 adına qeydiyyata alınmış 4169 7377 0139 9707 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdülmüş 1500 manat pulu, 13 mart 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən mağazadan "Ekspresspay" ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən tanışı cinayətdən məlumatsız Şahid1 adına qeydiyyata alınmış 4169 7377 0139 9707 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdülmüş 800 manat pulu, 2022-ci il mart ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanından mobil tətbiqi vasitəsi ilə adına qeydiyyata alınmış 4098 5844 6088 3786 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdülmüş 200 manat pulu və sonuncu dəfə 18 mart 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi şəhər şossesidə yerləşən “Rahat Market” mağazasından “Ekspresspay” ödəmə terminalı vasitəsi ilə adına qeydiyyata alınmış 4098 5844 6088 3786 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdülmüş 5000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 7500 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Hüseyn oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla sinif yoldaşı olmuşlar, 23 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O İlqarla razılaşıb səhəri gün görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs ona qardaşı Azərin narkotikllə tutulduğunu və ona kömək lazım olduğunu bildirmişdir. Belə ki, Azərə istintaq dövründə kömək etmək və məhkəmə prosesində cəzasını yüngülləşdirmək lazım olmuşdur. O İlqarı düşünüb, adam tapıb bu barədə ona məlumat verəcəyini bildirmişdir, həmin gün əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğu vaxtlarda tanış olduğu və özünü ona vəkil kimi təqdim edən Rahim Paşayevə məxsus “Vvhatsapp" sosial şəbəkəsi vasitəsi ilə ona məxsus türk nömrəsinə zəng eləmişdir. Belə ki, onun Azərbaycan nömrəsini bilməmişdir. Rahim adlı şəxsə zəng edərək vəziyyəti ona söyləmişdir. Rahim Paşayev bu işi 7500 manat müqabilində edə biləcəyini ona söz vermişdir. O dərhal saat təxminən 21 radələrində İlqara zəng edərək bildirmişdir ki, Azərin işi ilə bağlı adam tapmışdır, cəzasını yüngülləşdirmək üçün ümumi 7500 manat pul istəyir. İlqar demişdir ki, imkanı yoxdur, hissə-hissə vermək mümkündürsə versin. O yenidən Rahimlə əlaqə saxlayıb İlqarın sözünü ona demişdir. Rahim razılaşıb demişdir ki, bu gün ilk olaraq 1500 manat ödəsin. O İlqara dostu Orxanın bank kartını votsap vasitəsi ilə göndərmişdir ki, İlqar həmin karta 1500 manat köçürsün. İlqar da həmin pulu karta köçürmüşdür. İlqarın köçürdüyü həmin 1500 manatı kartdan çıxarıb səhəri gün, yəni 25 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri, 7-ci mikrorayonda, "Piramida MTK" deyilən yerdə Rahim Paşayevlə görüşüb ona vermişdir. Daha sonra Rahim ona vhatsap vasitəsilə zəng edib yenə pul lazım olduğunu demişdir. O yenə İlqara zəng edib Rahimin sözünü ona çatdırmışdır. İlqar bu dəfə onun “Leobank” kartına 1000 manat köçürtmüş və o yenə həmin 1000 manatı səhəri gün əvvəl görüşdükləri yerdə görüşüb Rahimə vermişdir. Bir neçə müddət sonra Rahim yenə ona zəng edib demişdir ki, iş tamamlanır, yerdə qalan 5000 manatı İlqar versin. O da yenə bunu İlqara demiş və İlqar söz verdiyi kimi 5000 manatı onun "Leobank" katına yükləmişdir. O həmin 5000 manat pulu çıxarıb Rahimə zəng edərək pulun onda olmasını bildirmişdir. Həmin gün dostu Elşənin yanına gedib onunla birlikdə Rahimlə görüşə getməyini istəmişdir. O həmin gün Elşənlə bilrikdə idarə etdiyi maşınla Rahimlə görüşdüyü yerə getmişdir. O Rahimin dediyi yerə çatdıqda 5000 manat qoyduğu konverti götürmüşdür. O maşından düşdükdə Elşən isə həmin vaxt maşında əyləşmişdir. O Rahimlə görüşüb 5000 manat pulu ona vermişdir. Bundan sonra maşına əyləşmiş və geri qayıtmışdır. Geri qayıdan zaman Elşənə həmin şəxsin vəkil olduğunu, dostu İlqarın qardaşının işini düzətlmək üçün pul verdiyini demişdir. Bu müddət ərzində o Rahimlə bir neçə dəfə yemək yemiş, hesabı Rahim vermişdir. Belə ki, o avtomobili ilə onu istədiyi yerlərə aparmışdır. Bir müddət əlaqə saxladıqdan sonra Rahim ona demişdir ki, gözlə, onunla əlaqə saxlayacaqdır, lakin bir müddət keçdikdən sonra isə Rahim onun zənglərinə cavab verməmiş, sonradan da vhatsapını da silmişdir. Son bir ayda Rahimi axtarsa da tapa bilməmişdir. Sonra anlamışdır ki, Rahim həm onu, həm də İlqarı aldatmışdır. Həmin şəxs özünü ona Rahim adlı şəxs olaraq təqdim etmişdir, anket məlumatlarını, yaşadığı ünvanı və əlaqə nömrəsini dəqiq bilməmişdir, Rahim onunla türk nömrəsi İlə vhatsapla əlaqə saxlamışdır. Rahim adlı şəxs ilə İlqar heç bir zaman görüşməmiş və əlaqə saxlamamışdır. O Rahim adlı şəxsin barəsində hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Verilmiş suallara cavab olaraq Rahim adlı şəxsin dəqiq ünvanını bilmədiyini, hazırda telefon nömrəsinə zəng çatmadığını, ona məxsus nömrəni itirdiyindən məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş sinif yoldaşıdır. Əvvələr münasibətləri normal olmuşdur. Onun kiçik qardaşı X12 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə polis tərəfindən tutulmuşdur. Qardaşı tutulandan sonra o hər tərəfdən kömək axtarmışdır ki, onun üçün yaxşı vəkil tapsın. Ağlına Tərlan gəlmişdir, çünki onun əhatə dairəsi geniş olmuş və tanışları çox olmuşdur. Bu səbəblə o, 23 yanvar 2022-ci il tarixdə Tərlana zəng edib ertəsi gün onunla görüşmüşdür. Qardaşı ilə bağlı baş verənləri Tərlana danışmış və ondan məsləhət istəmişdir. Tərlan da ona demişdir ki, o bu barədə maraqlanıb ona axşam zəng edəcəkdir. Həmin gün yəni, 23 yanvar 2022-ci il tarixdə saat təxminən 21 radələrində Tərlan ona zəng edərək bildirmişdir ki, bir nəfər var, 7500 manat müqabilində Azərin cəzasını yüngülləşdirməyi boynuna götürür, amma ilkin mərhələ üçün gərək bu gün 1500 manat pul verilməlidir və həmin vaxtı vəkilin hesab nömrəsi olaraq ona bildirdiyi hesab nömrəsinə pul göndərməsini bildirmişdir. O, Tərlanla razılaşıb, həmin gün gecə saatlarında telefon proqramından istifadə edərək “kart-to kart” əməliyyatı vasitəsilə Tərlanın ona bildirdiyi vəkilin hesab nömrəsi hesab etdiyi tanımadığı Şahid1 məxsus "Kapital Banka” aid 4169 7377 0139 9707 saylı hesab kartına 1500 manat köçürmüşdür. Daha sonra, 2022-ci ilin mart ayının əvvəllərində Tərlan puldan növbəti 1000 manatı istəmişdir. O da həmin tarixdə Balaxanı qəsəbəsindəki marketlərin birində “Exspresspay” ödəniş terminalı vasitəsilə Tərlanın ona bildirdiyi vəkilin hesab nömrəsi hesab etdiyi tanımadığı Şahid1 məxsus “Kapital Banka” aid 4169 7377 0139 9707 saylı hesab kartına 800 manat, bir neçə gün sonra isə Tərlanın ona votsap vasitəsi ilə göndərdiyi onun özünə məxsus “Leo bank’’a aid 4098 5844 6088 3786 saylı hesab nömrəsinə telefon proqramından istifadə edərək 200 manat “kart to kart” vasitəsilə göndərmişdir. 2022-ci ilin martın 18-də Tərlanın vhatsap vasitəsi ilə ondan istədiyi 5000 manatı Zabrat qəsəbəsindəki “Rahat” supermarketdə yerləşən bankomatların birindən “Exspresspay” ödəniş sistemi vasitəsilə Tərlana məxsus “Leo bank"-a aid 4098 5844 6088 3786 saylı hesab nömrəsinə göndərmişdir. Tərlana göndərdiyi pul vasitlərinin qəbzləri, çıxarışlarının surətlərini özündə saxlamışdır. O dəfələrlə Tərlanla əlaqə saxlayıb qardaşının işinə köməklik göstərəcək şəxslə görüşmək və danışmaq istədiyini bildirsə də Tərlan bunun lazım olmadığını bildirib özünün bu işlə birbaşa məşğul olmasını bildirmişdir. Artıq istintaq yekunlaşan vaxtı o Tərlanla əlaqə saxlamış və vəziyyəti soruşmuşdur. Tərlan ona demişdir ki, işi alındıra bilmir. O da bu zaman Tərlana verdiyi 7500 manat pulunu ondan geri tələb etmişdir. Tərlan ona demişdir ki, pulu verdiyi adamla danışıb, yaxın günlərdə pulu geri qaytaracaqdır. Ona həmin vaxtı məlum olmuşdur ki, Tərlanın onun işinə köməklik etmək belə fikri olmamışdır, kiminsə də qardaşının işi ilə məşğul olması Tərlanın növbəti uydurmasından başqa bir şey deyildir. Tərlan danışıqları zamanı heç vaxt Rahim adlı şəxsin bu işi həll etməsi barədə deməmişdir. vədinə əməl etməyərək, hər dəfə bir bəhanə ilə vəziyyətdən çıxmağa çalışaraq onu aldatmışdır.Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, kiçik X5 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə polis tərəfindən tutulmuş, istintaqı yekunlaşmışdır. X5 tutulandan sonra o və böyük oğlu İlqar hər tərəfdən kömək axtarmışlar ki, Azər üçün yaxşı vəkil tapsınlar. Həmin ərəfələrdə oğlu İlqarın yadına keçmiş sinif yoldaşı Tərlan düşmüş və ona bildirmişdir ki, onun əhatə dairəsi genişdir və tanışları çoxdur, O İlqara Tərlanla görüşüb söhbət etməsini bildirmişdir. Bu söhbətlərindən sonra İlqar 23 yanvar 2022-ci il tarixdə Tərlanla zəngləşərək ertəsi gün onunla görüşüb qardaşı ilə bağlı baş verənləri Tərlana danışmış və ondan kömək üçün məsləhət istəmişdir. Həmin vaxtı İlqar Tərlana bildirmişdir ki, fikirləri Azərin məhkəməsinin ədalətli aparılması və məhkəmənin ona yüngül cəza təyin etməsidir. Tərlan da İlqara demişdir ki, o bu barədə maraqlanıb axşam ona zəng edəcəkdir. Həmin günü 23 yanvar 2022-ci il tarixdə saat təxminən 21 radələrində evdə olarkən Tərlan İlqara zəng edərək bildirmişdir ki, bir nəfər var, 7500 manat müqabilində Azərin cəzasını yüngülləşdirməyi boynuna götürür, ilkin mərhələ üçün 1500 manat pulun verilməsini istəyir. İlqar ona bu barədə dedikdən sonra oğlu Azərin işi yaxşı olsun deyə İlqara Tərlanla razılaşmasını bildirmişdir. İlqar da Tərlanla razılaşıb, həmin gün gecə saatlarında telefon proqramından istifadə edərək Tərlanın ona vəkilin hesab nömrəsi olaraq təqdim etdiyi tanımadıqları Şahid1 məxsus “Kapital Banka" aid hesab kartına 1500 manat köçürmüşlər. Həmin pulun verilməsindən sonra o İlqarla birlikdə oğlu Azərin işinin nə yerdə olduğunu öyrənmək üçün Tərlanın validenləri ilə birlikdə yaşadığı Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən mənzilinə getmişlər. Həmin mənzildə olarkən Tərlan onları yenə atasının yanında arxayın edib işin tezliklə həll olunacağını bildirmişdir. O və İlqar artıq dərəcədə Tərlana inanmışlar və işin tezliklə həll olunacağına ümid etmişlər. Bundan sonra Tərlanın sözlərinə inanaraq İlqar Azərin işinin həll olunması üçün 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən mağazadan “Ekspresspay” ödəmə terminalı vasitəsi ilə tanımadıqları Şahid1 adına olan "xxxx" ASC-nə məxsus karta 800 manat pul, 2022-ci il mart ayının ortalarında yaşadıqları ünvan 1 ünvanından mobil tətbiqi vasitəsi ilə Tərlanın adına qeydiyyata alınmış "xxxx" ASC-nə məxsus karta 200 manat pul və sonuncu dəfə 18 mart 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi şəhər şossesidə yerləşən “Rahat Market" mağazasından "Ekspresspay" ödəmə terminalı vasitəsi ilə Tərlanın adına qeydiyyata alınmış "xxxx" ASC-nə məxsus karta 5000 manat pul köçürmüşdür. İlqar dəfələrlə Tərlanla əlaqə saxlayıb qardaşının işinə köməklik göstərəcək şəxslə görüşmək və danışmaq istədiyini bildirsə də Tərlan bunun lazım olmadığını bildirib özünün bu işlə birbaşa məşğul olmasını bildirmişdir. Artıq istintaq yekunlaşan vaxtı ilqar Tərlanla əlaqə saxlayaraq vəziyyəti soruşmuşdur. Tərlan həmin vaxtı İlqara demişdir ki, işi alındıra bilmir. Bundan sonra İlqar Tərlana verdiyi 7500 manat pulunu ondan geri tələb etdikdə Tərlan İlqara demişdir ki, pulu verdiyi adamla danışıb, yaxın günlərdə pulu geri qaytaracaqdır. Ona və İlqara həmin vaxtı məlum olmuşdur ki, Tərlanın Azərin işinə köməklik etmək belə fikri olmamış, kiminsə də oğlunun işi ilə məşğul olması Tərlanın növbəti uydurmasından başqa bir şey deyildir. Buna görə də Tərlan barəsində polisə şikayət etmişlər. Tərlanla görüşdükləri zaman heç vaxt onlara Rahim adlı şəxsdən bəhs etməmişdir. Şahid1 ibtidai istntaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla ailəvi yaxındırlar. O taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir il əvvəl tanıdığı Tərlan adlı şəxs Hövsan qəsəbəsində “PUB" adlı obyekt işlətmişdir. O adətən Tərlanın işlədiyi yerdə düşüb çay içmiş və müştəri olanda çıxıb getmişdir. Təxminən bir il əvvəl tarix dəqiq yadında olmadığı vaxt Tərlan və bir neçə dostları oturub çay içən zaman Tərlan kimin üzərində kart olmasını soruşmuşdur. O Tərlana özünə məxsus kartın üzərində olmasını bildirmişdir. Tərlan ondan kartı götürüb həmin kartın nömrəsini göndərdikdən sonra həmin karta bir nəfər şəxsin pul göndərəcəyini və həmin pulu ona məxsus kartdan çıxartdıqdan sonra kartı axşam və ya səhər tezdən görüşən zaman ona verəcəyini bildirmişdir. O Tərlana heç bir problemin olmadığını bildirib kartı ona vermişdir. Tərlandan karta pulu kimin atacağını və nə üçün alacağını soruşmamışdır. Təxminən bir iki saat sonra Tərlan ona həmin kartı qaytarmışdır. Bundan təxminən iki ay sonra Tərlan onun kartından bir dəfə də istifadə etmişdir(i.v.71- 73); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunun kənarında olan “Rahat” supermarketin içərisində quraşdırılmış “Express Pay” ödəniş terminalı olan hissəyə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.41); Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X6 hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi kimi tanınmış və cinayət prosesində iştirak etməyə buraxılmışdır.(i.v.56); 29 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir(i.v.68- 70); Şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutularaq istintaqa gətirilməsi qərara alınmışdır(i.v.80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə material xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü (CM 73.2) maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v.84-85); Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.86); Baxış keçirilməsi barədə 13 may 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş qəbzlərdən görünür ki, 24 yanvar 2022-ci il tarixdə Şahid1 adına olan “Kapital bank" ASC-nə aid **********399707 nömrəli kartına 1500 manat pulun köçürülməsinə dair, 13 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində Milliön elektron ödəmə sistemi ilə Şahid1 adına olan “Kapital bank" ASC-nə aid **********399707 nömrəli kartına 800 manat pulun köçürülməsinə dair və 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat yolu "Rahat" supermarketində “Expresspay” elektron ödəmə sistemi ilə Təqsirləndirilən şəxs adına olan “Leo bank” 4098 5844 6088 3786 nömrəli kartına 5000 manat pul köçürülmüşdür. Tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.105-110); Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.113-114); Zərərin ödənilməsi üçün maddi vəsaitin təqdim edilməsi barədə 15 may 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi ziyanın ödənilməsi üçün 1000 (min) manat pulu Təqsirləndirilən şəxs atası X1 Məhərrəmova verilməsi üçün təqdim etmişdir. (i.v.131); Zərərin ödənilməsi üçün maddi vəsaitin təqdim edilməsi barədə 15 may 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi ziyanın ödənilməsi üçün 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs qardaşı X2 Məhərrəmova verilməsi üçün təqdim etmişdir(i.v.132); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.136-138); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v. 139-140); Zərərin ödənilməsi üçün maddi vəsaitin təqdim edilməsi barədə 15 may 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs ailə üzvləri tərəfində təqdim olunmuş 3000 (üç min) manat pul Zərərçəkmiş şəxs tərəfindən sayılaraq götürülmüşdür(i.v.142); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, 7500 manat pulu zərərçəkmiş şəxsdən alsa da işin həll edilməsi üçün Rahim adlı şəxsə verməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəkil kimi tanıdığı Rahim adlı şəxsin dəqiq ünvanını bilmədiyini, hazırda telefon nömrəsinə zəng çatmadığını, ona məxsus nömrəni itirdiyindən məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona bu işi həll edən vəkilə məxsus, yəni Şahid1 məxsus "Kapital Banka” aid 4169 7377 0139 9707 saylı hesab kartını göndərərək pulu həmin karta göndərməsini bildirmişdir. Tərlan danışıqları zamanı heç vaxt Rahim adlı şəxsin bu işi həll etməsi barədə deməmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, pulun verilməsindən sonra o İlqarla birlikdə oğlu Azərin işinin nə yerdə olduğunu öyrənmək üçün Tərlanın validenləri ilə birlikdə yaşadığı Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən mənzilinə getmişlər. Həmin mənzildə olarkən Tərlan onları yenə atasının yanında arxayın edib işin tezliklə həll olunacağını bildirmişdir. Tərlanla görüşdükləri zaman heç vaxt onlara Rahim adlı şəxsdən bəhs etməmişdir. Məhkəmə, zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 13 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar