Məhkəmə qərarları › İş №1(008)-734/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-734/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-734/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olamayan, işləməyən, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 15-ci korpus, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən “Qazi market”in arxa tərəfində olarkən ona salam verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlində olan dəmir çəliklə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq, ona ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarət yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 15-ci korpus, nömrəsiz fərdi yaşayış evində yaşayır. 22 iyun 2023-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi “Mercedes Viano” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə yanacaq almaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən yolunda yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə girmiş, yanacaq doldurma məntəqəsindən çıxarkən Zərərçəkmiş şəxs idarə etdiyi “İsuzu” markalı avtomobil ilə yüksək sürətlə gəldiyini görərək ona salam vermiş, lakin, Ruslan Sərdərovun onun salamını almayaraq hərəkətini davam etdirmişdir. Bir qədər irəlilədikdən sonra su almaq məqsədi ilə avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən “Qazi market”in qarşısında saxlamış, həmin vaxt, Ruslan Sərdərovun orada dayandığını görmüşdür. O, Ruslana yaxınlaşaraq onu marketin arxasına kölgəlik əraziyə çağırmış, ondan salamını almamasının səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs kobud şəkildə onu çoxdandır görmədiyi üçün tanımadığını və bu səbəbdən də, salamını almadığını bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əlində olan dəmir çəliklə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirmişdir. Əməlindən peşmadır. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birgə yaşayır. Təxminən 5 ilə yaxındır ki "xxxx" MMC şirkətində sürücü kimi çalışır. O, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tanısa da, yaxın münasibətləri olmamışdır. 22 iyun 2023-cü il tarixdə, saat 15 radələrində idarə eldiyi “İsuzu” markalı, “**-JZ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən yolu ilə hərəkətdə olarkən yolun kənarında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən “Mercedes Viano” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs çıxdığını görmüş, lakin, yüksək sürətlə hərəkət etdiyi üçün Təqsirləndirilən şəxs salam verə bilməmişdir. Bir qədər irəlilədikdən sonra mağazaya girmək məqsədi ilə avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən “Qazi market”in qarşısında saxlayaraq düşmüş, bir müddət sonra onun arxasınca gələn Təqsirləndirilən şəxs avtomobilini marketin qarşısında saxlayaraq avtomobildən enmiş, ona yaxınlaşaraq söhbət etmək üçün onu “Qazi market”in arxasına çağırmışdır. O, marketin arxasına keçdikdən sonra Rafayıl nalayiq ifadələr işlədərək ondan salamını almamasının səbəbini soruşmuşdur. O, Rafayıla yüksək sürətlə hərəkət etdiyi üçün onu tanımadığını və bu səbəbdən də, salamını almadığını bildirməsinə baxmayaraq, Rafayıl onunla kobud şəkildə danışaraq ünvanına nalayaqi ifadələr işlətmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı Rafayıl anidən əlində olan dəmir çəliklə onun baş nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 24 iyun 2023-cü il tarixli, 1450 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın bir güclü zərbənin təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarının 51-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət təqibinə məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar