Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-735/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, o, tamah məqsədi ilə 30 mart 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evinin giriş qapısı üzərində olmuş kilidi sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla evdən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat dəyərində su qızdırıcısını, 03 ədəd ümumi dəyəri 200 manat olan səs ucaldan aparatı, 01 ədəd 450 manat dəyərində qaz sobasını, 01 ədəd 350 manat dəyərində hava təmizləyicini (aspirator), 01 ədəd lavaş bişirmək üçün 60 manat dəyərində elektrik aparatı, 02 ədəd hər birinin dəyəri 25 manat ümumi dəyəri 50 manat olan ağ rəngli sintifon yastıqları, 01 ədəd qırmızı rəngli arxa hissəsində «dayısından hədiyyə» sözləri yazılmış 10 manat dəyərində qabı, 01 ədəd üzərində «EM-7531» yazısı olan Almaniya istehsallı çəhrayı qara rəngli 10 manat dəyərində saç fenini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,024 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 20 aprel 2022-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi yaşayış evinin qarşısında şübhəli şəxs kimi saxlanılıb polis şöbəsinə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,024 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 il olar ki, narkotik vasitə heroindən istifadə edir. O, narkotik vasitəni tanımadığı, anket məlumatlarını və adlarını bilmədiyi şəxslərdən alıb istifadə edirdi. 30 mart 2022-ci il tarixdə pula ehtiyacı olduğundan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yaşayış evlərindən oğurluq edib, cinayət yolu ilə ələ keçirəcəyi əmlakı satıb pul əldə etmək qərarına gəlmişdir. Yadına düşmüşdür ki, tanışı Qaya adlı şəxsin evində qonaq olarkən Qayanın qonşuluğunda yaşayan əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs evi daim bağlı olur və evdə heç kim olmur. Bu səbəbdən də Yeganənin evinə daxil olub oradan əmlak oğurlamağı qərara almışdır. Bu barədə heç kimə deməmiş və 30 mart 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişdir. Həyətə hasardan keçərək evin giriş qapısı üzərində olan kilidi özü ilə gətirdiyi su açarı ilə sındırıb, qapını açıb evə daxil olmuşdur. Evdən 01 ədəd su qızdırıcısını, 03 ədəd səs ucaldan aparatı, 01 ədəd qaz sobasını, 01 ədəd hava təmizləyicini (aspirator), 01 ədəd lavaş bişirmək üçün elektrik aparatı, 02 ədəd ağ rəngli sintifon yastıqları, 01 ədəd qırmızı rəngli arxa hissəsində «dayısından hədiyyə» sözləri yazılmış ürək formalı qabı, 01 ədəd çəhrayı qara rəngli saç fenini götürüb evdən çıxıb yodan keçən dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi avtomobilə yığıb Sabunçu bazarı istiqamətində aparıb, orada həmin əşyaları avtomobildən boşaldıb yoldan bir qədər aralıda yığmışdır. Həmin günü 01 ədəd su qızdırıcısını, 03 ədəd səs ucaldan aparatı, 01 ədəd qaz sobasını, 01 ədəd hava təmizləyicini (aspirator), 01 ədəd lavaş bişirmək üçün elektrik aparatı təsadüfən yoldan keçən anket məlumatlarını bilmədiyi şəxslərə ucuz qiymətə satmışdır. 02 ədəd ağ rəngli sintifon yastıqları, 01 ədəd qırmızı rəngli arxa hissəsində «dayısından hədiyyə» sözləri yazılmış ürək formalı qabı və 01 ədəd çəhrayı qara rəngli saç fenini isə qonşuluqda yaşayan Mahir adlı şəxsə 10 manata satmışdır. Yeganənin evindən oğurladığı əşyaları almış Mahir adlı şəxsə və digər tanımadığı şəxslərə əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əşyaları oğurluq yolu ilə əldə etdiyi barədə heç kimə deməmişdir. Əşyaların satışından əldə etdiyi pulları öz ehtiyyaclarına sərf etmişdir. Hazırda əmlakların bəziləri zərərçəkmiş şəxsə qaytarılmış, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Bundan başqa o, 18 aprel 2022-ci il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə anket məlumatlarını və adını bilmədiyi şəxsdən 30 manata bir büküm narkotik vasitə heroin alıb sonradan istəyi yaranarsa istifadə etməkdən ötrü alıb əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibində saxlayıb üzərində daşımışdır. 20 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini 12-ci Polis şöbəsinin əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Üzərində sənəd olmadığından və cibində narkotik vasitə heroin olduğuna görə bir qədər həyəcanlanmış və tez bir zamanda polis əməkdaşlarından yayınıb getməyə çalışmışdır. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib birlikdə 12-ci Polis şöbəsinə getməyi təklif etmişlər. Etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Üzərinə baxış keçirilərkən təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirildikdə, o heroini 18 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə anket məlumatlarını və adlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manata alıb üzərində saxlayıb daşıdığını etiraf etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi heroindən başqa üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilib götürülmüş heroin təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən özünə məxsus nömrəsiz fərdi yaşayış evin yaxınlığında digər evdə kirayədə yaşayır. Öz evində yaşamamasına səbəb mənzildə su problemlərin olmasıdır. Ara- sıra evinə gedib nəzarət etmişdir. 2022-ci ilin təxminən mart ayının 25-i evinə getmiş, həmin vaxtı evdən hər hansı bir əşyanın oğurlanmasını və ya dəyişikliklər aşkar etməmişdir. 31 mart 2022-ci il tarixdə, saat 12 radəldərində evinə gedib nəzarət edərkən mənzildə səliqə-səhmanın pozulduğunu, əşyaların dağınıq vəziyyətdə olduğunu görüb, ətraflı baxış keçirdikdə məlum olmuşdur ki, evindən 01 ədəd markasını xatırlamadığı 200 manat dəyərində su qızdırıcısı, 03 ədəd ümumi dəyəri 200 manat olan səs ucaldan aparat, 01 ədəd 450 manat dəyərində markasını xatırlamadığı qaz sobası, 01 ədəd markasını xatırlamadığı 350 manat dəyərində hava təmizləyici (aspirator), 01 ədəd lavaş bişirmək üçün 60 manat dəyərində elektrik aparat, 02 ədəd hər birinin dəyəri 25 manat ümumi dəyəri 50 manat olan yastıqlar, 01 ədəd ürək şəklində 20 manat dəyərində taxta materialdan hazırlanmış qab, 01 ədəd markasını xatırlamadığı 20 manat dəyərində saç feni oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1350 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalardan 02 ədəd ağ rəngli sintifon yastıqlar, 01 ədəd saç feni, 01 ədəd ürək formalı qab, 01 ədəd su qızdırıcısı və 01 ədəd qaz sobası ona qaytarılmış, qalan zərər isə təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilmişdir. İbtidai istintaq zamanı Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda yerləşən adsız obyektdə dəmir tullantılarının alışı və satışı ilə məşğul olaraq ailəsini dolandırır. 30 mart 2022-ci il tarixdə, saat 18 radələrində işdə olarkən qonşusu Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Abbasağanm əlində 2 ədəd yastıq, 1 ədəd qırmızı rəngli ürək formalı qab və 1 ədəd qadınların istifadəsi üçün nəzərdə tutulan, qırmızı rəngli saç feni olmuşdur. Abbasağa əlindəki əşyalar ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün ümumilikdə 10 manata satdığını bildirmişdir. Razılaşıb Abbasağaya 10 manat verib əşyaları Abbasağadan alıb axşam saatlarında evinə aparmışdır. Bir necə gün sonra polis əməkdaşları onun yanına gələrək həmin əşyaların fotoşəklini mobil telefon vasitəsi ilə göstərib bu barədə nə deyə biləcəyini soruşduqda, həmin əşyaları Abbasağadan aldığını və evində olduğunu bildirib əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq olması barədə heç bir söz deməmişdir. Abbasağa oğurluq əşyalar olduğunu desə idi dərhal bu barədə hüquq mühafizə orqanına məlumat verərdi və həmin əşyaları almazdı. Sonradan polis əməkdaşlarından bilmişdir ki, həmin əşyaları Abbasağa oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-in 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, 20 aprel 2022-ci il tarixdə saat 16:00-da Sabunçu RPİ-in 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evin qarşısında inzibati ərazidə xidmət apararkən əvvəllər tanımadığı, polis şöbəsinə gətirildikdən sonra anket məlumatları ona məlum olan Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlandığını və tez bir zamanda onlardan uzaqlaşmaq istədiyini hiss edib, özünə qarşı şübhə oyatdığından şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ona yaxınlaşmışdırlar. Özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənəd olmadığını bildirdiyi üçün ona birlikdə 12-ci PŞ-yə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada üzərinə baxış keçirilmişdir. Bu zaman təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, olduğu halda təqdim etmək təklif edilmişdir. O, da əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manata alıb üzərində saxlayıb daşıdığını, 2 il olar ki, nakrotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim olunmuş heroindən başqa, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Şahid Sabunçu RPİ-in 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 12-ci PŞ-in əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilmiş, aşkar edilib götürülmüş heroin müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunmuş heroindən başqa, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir ( i.v. 25-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022ci il tarixli, 6/2271 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 159» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,024 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 36-39). “Hadisə yerinə baxış keçirilməsi barədə” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmli küçəsində yerləşən nömrəsiz fərdi ev iki mərtəbədən ibarətdir.Evin yerləşdiyi mərtəbə 2-ci mərtəbədir. Ev iki otaqdan ibarətdir. Mənzilə daxil olan zaman koridor, solda yataq otağı, sağda isə qonaq otağı yerləşir (i.v.89-93). “Götürmə aparılması haqqında” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, 02 ədəd yastıq, 01 ədəd qırmızı rəngli ürək formalı qab və 01 ədəd qadınların istifadəsi üçün nəzərdə tutulan qırmızı rəngli saç feni Şahid3 götürülmüşdür (i.v.101). “Maddi sübutun götürülməsi haqqında” 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 02 ədəd yastıq, 01 ədəd qırmızı rəngli ürək formalı qab və 01 ədəd qadınların istifadəsi üçün nəzərdə tutulan qırmızı rəngli saç feni maddi sübut kimi götürülmüşdür (i.v.102- 104). “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 27 may 2022-ci il tarixli, 9/3058 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 adda (04 ədəd) malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 70 manat müəyyən edilir (i.v.150-153). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.192-193). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 26 iyul 2022-ci il tarixli, 4079 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 197-198). “Sübutların qiymətləndirilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 1,024 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq-0,974 qram heroin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs evindən oğurlanmış 02 ədəd ağ rəngli sintifon yastıqlar, 01 ədəd saç feni, 01 ədəd ürək formalı qab iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v 202-211). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 aprel 2022-ci il tarixdə, saat 16:00-dan tutulmuş hesab edilmişdir (i.v. 14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.73- 75). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.76-77). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 04 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 127). “Axtarışda olan şəxsin tutulması barədə” 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.155). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.179- 181). “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.182- 183). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(008)-735/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsindən 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 074-29690 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. 21 aprel 2022-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi bağlı şübhəli şəxs qismində dindirilərkən təhqiqatçı tərəfindən ona “Bundan başqa hər hansı bir cinayət törətmisinizmi?” sualına cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etdiyini könüllü şəkildə bildirərək təqsirini boynuna almışdır (i.v.34). AR CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilir. Hazırki halda təqsirləndirilən şəxs başqa cinayətlə bağlı dindirilərkən istintaq orqanlarına məlum olmayan oğurluq cinayətini törətməsini könüllü olaraq bildirdiyindən məhkəmə AR Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, həmin hal AR CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi), AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə cinayət nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (AR CM- 59.1.13), könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna almasını (AR CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs evindən oğurlanmış 02 ədəd ağ rəngli sintifon yastıqlar, 01 ədəd saç feni, 01 ədəd ürək formalı qab hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, məhkəmə istintaqı zamanı müəyyən edilmiş 01 ədəd su qızdırıcısının və 01 ədəd qaz sobasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək tutularaq saxlandığı 02 gün müddət, məhkəmə istintaqı zamanı 18 oktyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 01 ay 05 gün müddət, cəmi 01 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 18 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 02 ədəd ağ rəngli sintifon yastıqlar, 01 ədəd saç feni, 01 ədəd ürək formalı qab hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş “01 ədəd su qızdırıcısının və 01 ədəd qaz sobasının Zərərçəkmiş şəxs qaytarılması” nəzərə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,974 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 65 manat və 10 manat olmaqla cəmi 75 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-735/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-735/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver