Məhkəmə qərarları › İş №1(008)-735/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-735/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-735/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Yevlax rayonu, Nemətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 6,31 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 05 iyun 2024-cü il tarixdə saat 10:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci stansionar postdan keçərkən şübhəli olduğuna görə Azərbaycan Respublikası DİN-nin X6 Alayının 8-ci patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 42ci PB-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 2,96 qram, 0,70 qram, 1,49 qram,1,16 qram, 4 ədəd bükümdə olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 6,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət olar ki, narkotik vasitədən istifadə edirmiş. 04 iyun 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Su tropik savxozu, yaşayış massivində olarkən yol kənarında yerdə sellofan bağlamanı və həmin sellofan bağlamanın içini açaraq baxdıqda isə içərisində spesifik iyli bitki kütləsi olan 4 ədəd bükümün və 3 ədəd dərman həbinin olmasını görmüşdür. Həmin bükümlərə diqqətlə baxaraq onların narkotik vasitə qurudulmuş marixuana nəşə olmasını və dərman həblərinin isə uyuşdurucu həb olmasını görüb onlardan gələcəkdə istifadə etmək məqsədi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Yerdən tapmış olduğu qurudulmuş marixuananın bir qismini həmin gecə siqaretə doldurub çəkməklə qəbul etmişdir. 05 iyun 2024-cü il tarixdə saat 10:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə getmək üçün Nardaran qəsəbəsinin girəcəyində olan posta yaxınlaşaraq getmək istədiyi ünvanı dəqiqləşdirmək istədikdə postda xidmətdə olan polis əməkdaşları şəxsiyyətini təsdiq edən sənədi istəyərək, hərəkətlərindən şübhələndikləri üçün onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. PB-də olan zaman ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Həmin vaxt üzərində narkotik vasitə və uyuşdurucu həb olduğundan üzərində şəxsi axtarış aparılan zaman gələcəkdə vəkilinin onu ürəkdən müdafiə etməsi üçün üzərindən narkotik vasitə və uyuşdurucu həbin aşkar olunmasını öz gözü ilə görməsin deyə vəkilin iştirak etməsindən imtina etmişdir. Polis əməkdaşlarının üzərində qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onların təqdim olunması təklif edilmiş və təklifə əsasən şalvarının sağ yan cibində saxladığı 4 ədəd bükümə bükülmüş halda olan narkotik vasitə qurudulmuş marixuananı və 3 ədəd həbi təqdim etmiş və həmin maddələri özünün qəbul etməyi üçün üzərində saxladığını bildirmişdir. Əlavə olaraq qeyd edərək həmin narkotik vasitə qurudulmuş marixuana və güclü təsir edici maddəni kiməsə satmaq niyyəti, məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin 8-ci Patrul bölüyünün X6i serjant Şahid1 ifadəsində göstərmişdir ki , 05 iyun 2024-cü il tarixdə saat 10:50 radələrində həmkarı Sabunçu RPİ-nin 42-ci PB-nin 8-ci Patrul bölüyünün X6 alayının polis nəfəri Şahid2lə bərabər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 8-ci stasionar postda xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onlara yaxınlaşaraq Nardaran qəsəbəsinə getmək istədiyini bildirmişdir. Onlar həmin şəxsdən Nardarana getmək səbəbini soruşduqda şəxs suallardan yayınaraq onlardan uzaqlaşma istəmişdir. Şəxsin olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqlarını, ancaq həmin şəxsin suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməsi səbəbindən onun narkotik təsir altında olmasına dair şübhələri yaranaraq həmin şəxsi ərazi üzrə Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təqdim olunmuşdur. Polis bölməsinə tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ərizə ilə müraciət edərək ona təqdim olunmuş müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmişdir. Təhqiqatçı tərəfindən tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bükümləri, şalvarının sol yan cibindən isə “Samsunq" markalı mobil telefonu təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri açaraq içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd qırmızı rəngli kağıza bükülmüş bükümün, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd şəffaf sellofana bükülmüş bükümün, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan iki ədəd ağ rəngli kağıza bükülmüş bükümün və üç ədəd dərman həbinin olmasını müəyyən edib bu barədə Təqsirləndirilən şəxs sorğu etdikdə Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələri 04 iyun 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində olarkən yolun kənarında yerdə bir ədəd sellofan bağlamanın içərisində tapdığını və həmin bükümlərin içərisində olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana, həblərin isə uyuşdurucu maddə olmasını, həmin maddələri özünün qəbul etməyi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş, ancaq axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi və həblər onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir(i.v.86-88) Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.94-96); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:50 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); “Şəxsi axtarış və götürmə haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd rəngli “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 ədəd qırmızı kağız bükümü, 1 ədəd sellofanda büküm, 2 ədəd ayrı-ayrılıqda ağ kağızda büküm, 3 ədəd üzərində ALYSE yazılan dərman təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin bükülülərdə olan ot kütlələrinin narkotik vasitə olan “Marixuana” olmasını, 3 ədəd dərmanın isə uyuşdurucu dərman olduğunu qeyd etmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu etdiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16-2-7/916 nömrəli 05 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 2,96 qram; 01 (bir) ədəd qırmızı rəngli kağız bükülüdə təmiz çəkisi - 0,70 qram və 02 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,49 qram; 1,16 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumi çəkisi- 6,31 qramdır. (i.v.38-40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/3132 nömrəli 05 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°241” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Alyse 150” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 3 ədəd ağ rəngli kapsulda preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin miqdarı 0,45 qram olduğu müəyyən edilmişdir. Preqabalin isə 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxil edilmişdir.(i.v.34-36) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 iyul 2024-cü il tarixli, 4594 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(102-103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-7/1155 nömrəli 19 iyul 2024-cü il tarixli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 (dörd) ədəd bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər.(104-106) “Sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmi. “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 05 iyun 2024-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokol, iş üzrə təyin edilmiş, məhkəmə-bioloji ekspertizasının 05 iyun 2024-cü il tarixli 3-16-16/2-7/916 saylı rəyi, əlavə məhkəmə-bioloji ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1155 saylı rəyi, məhkəmə-kimyəvi ekspertizasının 05 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3132saylı rəyi və Təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizasının 04 iyul 2024-cü il tarixli 4594 nömrəli rəyi, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı xeyli miqdardan az miqdarda təsir maddəsinin miqdarı 0,45 qram təşkil edən üzərində “Alyse 150” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 3 ədəd ağ rəngli kapsulda preqabalin cinayət tərkibi yaratmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd olunmaqla Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün cinayət işindən material ayrılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə göndərilmişdir.(i.v.119-125) Maddi sübut kimi tanıma haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 6,31 qram qurudulmuş marixuana və təsir maddəsinin miqdarı 0,45 qram təşkil edən üzərində “Alyse 150” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 3 ədəd ağ rəngli kapsulda preqabalin həbləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,03 qram narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd preqabalin kapsulu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.(i.v.129); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.89); Sübutların qiymətləndirilməsi barədə 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (i.v.119-125); İş materiallarına əlavə edilmişbir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyun 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 5 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı həm məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il doğumlu X3 adında yetkinlik yaşına çatmayan övladının olmasını (CM-59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində insulindən asılı şəkər xəstəliyi, İİİ B mərhələ xərçəng xəstəliyi diaqnozu qoyulmuş anası X2 və İ qrup əlilliyi olan bacısı X1 olmasına dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilmişdir. Bu sənədləri nəzərdən keçirərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınarq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza seçilməlidir.. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 05 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 221 (iki yüz iyirmi bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı xeyli miqdardan az miqdarda təsir maddəsinin miqdarı 0,45 qram təşkil edən üzərində “Alyse 150” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 3 ədəd ağ rəngli kapsulda preqabalin cinayət tərkibi yaratmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd olunmaqla Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün cinayət işindən material ayrılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə göndərildiyindən həmin 3 ədəd kapsul şəxsin barəsində AR İXM-nin 206-cı maddəsi ilə qərar qəbul edilənədək saxlama kamerasında saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 0,08 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,03 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən “Alyse 150” göstəricisi olan ir bir ədəd konvalyut kəsiyində 3 ədəd ağ rəngli kapsulda preqabalin şəxsin barəsində AR İXM-nin 206-cı maddəsi ilə qərar qəbul edilənədək Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılsın. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 221 (iki yüz iyirmi bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar