Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-736/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi, ev 1, mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,851 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 04 iyun 2022-ci il tarixdə saat 06:00 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığından Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,851 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5 il olar ki, narkotik vasitə heroini damara vurmaqla və psixotrop maddə metamfetamini çəkməklə qəbul edir. 03 iyun 2022-ci il tarixdə, səhər saatlarında psixotrop maddə istifadəçisi olduğu üçün Bülbülə qəsəbəsinə “patı” adlandırdığı psixotrop maddə metamfetamin almaq niyyəti ilə getmiş və orada üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən istifadəsi üçün 25 manat müqabilində bir bükümdə metamfetamin alıb cibində saxlamışdır. 04 iyun 2022ci il tarixdə, səhər saat 06:00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Üzərində metamfetamin gəzdirdiyinə görə narahat olmuş və bu səbəbdən polis əməkdaşlarına dolğun cavab verə bilmədiyi üçün ondan şübhələnmişlər. Polis əməkdaşlarından yayınmaq istədikdə onu saxlamışlar və 13-cü polis bölməsinə dəvət etmişlər. Bölmədə dəvət olunmuş vəkilin iştirakı ilə hüquqları izah etdikdən sonra ona videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə metamfetamini təqdim etmişdir. Sorğu-sual zamanı bir bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu tutulmamışdan bir gün əvvəl Bülbülə qəsəbəsində tanımadığım şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə, saat 06:00 radələrində 13-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onlarda şübhə yaratmışdır. Bundan sonra onlar həmin şəxsi 13cü polis bölməsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmış, Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki «patı» və «şüşə» adlanan psixotrop maddədir, onu tutulmamışdan bir gün əvvəl, 03 iyun 2022-ci il tarixdə Bül-Bülə qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata almışdır. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİnin 13-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Kənan Əliyev tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddəni çıxarıb təqdim etmiş, həmin maddənin “şüşə” bildiyi narkotik maddə olduğunu, öz istifadəçisi üçün 04 iyun 2022-ci il tarixdə səhər saatlarında Bülbülə qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 25 manata öz istifadəçisi üçün aldığını bildirmişdir (i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 04 iyun 2022-ci il tarixli 6/3145 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 1,851 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.30-32). Məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 4326 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.109-110). “Sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,851 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza nəticəsində qalıq qalmış 1,801 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir (i.v.112-116). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə, saat 06:00-da tutulmuşdur (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.65-67). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.68). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xarkov Şəhəri Dzerjinski Rayon Məhkəməsinin 07 dekabr 2007-ci il tarixli hökmü ilə CM-nin 190 maddəsinin 1-ci hissəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xarkov Şəhəri Dzerjinski Rayon Məhkəməsinin 11 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 186 maddəsinin 2-ci hissəsi, 185-ci maddəsinin 2-ci hissəsi (oğurluq, soyğunçuluq) ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.80-82). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 1(008)- 261/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v 83-87). “Axtarışda olan şəxsin tutulması haqqında” 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə, saat təxminən 00:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir (i.v.97). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilmişdir (i.v.102-104). “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i.v.105-106). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 04 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 1,801 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-736/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-736/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver