Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-737/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Südeyib oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq ərazisində yaşamış, barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,826 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq ərazisində özünü şübhəli apardığından Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofanın içərisindəki qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,826 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir aydır “patı” adlanan psixotrop maddə metamfetamini çəkməklə qəbul edir. 28 aprel 2022-ci il tarixdə, səhər saatlarında psixotrop maddə istifadəçisi olduğu üçün Balaxanı qəsəbəsinə “patı” almaq niyyəti ilə getmiş və orada üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən öz istifadəsi üçün 25 manat müqabilində bir bükümdə metamfetamin alıb cibində saxlamışdır. 30 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq ərazisində yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. O, üzərində metamfetamin gəzdirdiyinə görə narahat olmuş və bu səbəbdən polis əməkdaşlarına dolğun cavab verə bilmədiyindən ondan şübhələnmişlər. Polis əməkdaşlarından yayınmaq istədikdə onu saxlamışlar və 14-cü polis bölməsinə dəvət etmişlər. Burada ona dəvət olunmuş vəkilin iştirakı ilə hüquqlarını izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərində özünün razılığı ilə vəkilin iştirakı olmadan axtarış aparılmışdır. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməsini təklif etmişlər. O da əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən bir bükümdə metamfetamini təqdim etmişdir. Həmçinin üstündə olan «Prima» siqaret qutusu və alışqanı da masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı bir bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu tutulmamışdan iki gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılaraq imzalanmış, möhürlənmiş, bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə, saat 16:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq ərazisində bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlasmışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onlarda şübhə yaratmışdır. Bundan sonra onlar həmin şəxsi 14-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofanın içərisində qara rəngli siqaret kağızma bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki «patı» adlanan psixotrop maddədir, onu tutulmamışdan iki gün əvvəl, 28 aprel 2022-ci il tarixdə Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata almışdır. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Firon İsgəndərov tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Şahid Sabunçu RPİ-nin 14-cü PB-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə 14-cü PB-nin xidməti otağında şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş və ya sübuti əhəmiyyətə malik ola biləcək əşyaları təqdim etməsi təklif olunduqda, o, əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən siqaret sellofanın içərisindəki 01 ədəd qara rəngli siqaret kağızındakı bükülünü təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 28 aprel 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazidsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirmişdir (i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 01 may 2022-ci il tarixli 6/2526 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,826 qram maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 32-35). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyul 2022 -ci il tarixli, 3969 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 116-117). “Sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,826 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış məhkəmə-kimyəvi ekspertizası nəticəsində qalmış 0,776 qram qalığının saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.120-125). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 aprel 2022-ci il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir (i.v. 13). “Həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad olunması haqqında” 02 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilmişdir (i.v.64- 65). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 may 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.66). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Şahbazov X1 Hərbi Məhkəməsinin 14 aprel 2008-ci il tarixli hökmü ilə AR CM-nin 331.3-cü maddəsi ilə şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 29,177.2.1, 29,177.2.2-ci maddələri təqsirli bilinərək AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.70- 71). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2022-ci il tarixli, 1(009)-40/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 oktyabr 2019-cu il tarixdən 04 oktyabr 2019-cu il tarixədək, 12 mart 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək həbsdə saxlandığı 05 ay 04 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 il 01 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır (i.v.75-86). “Axtarışda olan şəxsin tutulması barədə” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saxlanılaraq 14-cü PB-nə gətirilərək Sabnçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.103). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilmişdir (i.v.109-111). “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsinə dair 02 may 2022-ci il tarixli qərar qüvvədə saxlanılmışdır (i.v.112-113). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(008)-737/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 4(003)-459/2022 saylı qərarından görünür ki, AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəlləri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 08 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2022-ci il tarixli, 1(009)-40/2020 saylı hökmü ilə təyin edilmiş cəzadan Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən Dövlət tərəfindən ona güzəşt tətbiq edilməklə azad edilməsinə baxmayaraq yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun istintaq zamanı şübhəli şəxs qismində və tutularaq həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(008)-737/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 4(003)-459/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək tutularaq saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(008)-737/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 4(003)-459/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,776 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-737/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-737/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver