Məhkəmə qərarları › İş №1(008)-739/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-739/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-739/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 4 ünvanında qeydiyyatda olan, hal-hazırda digər iş üzrə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmiş, Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 30 iyul 2022-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən yataqxananın qarşısındakı Zərərçəkmiş şəxs məxsus tikilinin taxta qapısının qıfılını dəmir parçası ilə sındıraraq saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olub oradan özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 300 manat olan bir ədəd gümüşü rəngli 7 litrlik köz samovarını, qiyməti 100 manat olan bir ədəd “Bosch” markalı perforatoru, qiyməti 150 manat olan bir ədəd perforatoru, qiyməti 50 manat olan bir ədəd laqondanı və 100 manat dəyərində 10 kiloqram çəkidə olan misi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkir. Ona elan edilmiş ittihamla razılaşmır, belə ki o, hadisə törədilən zaman Biləcəri qəsəbəsi ərazisində olmuşdur və tərəfindən heç bir oğurluq əməli törədilməmişdir. Sadəcə olaraq o, oğurluq hadisəsinin baş verdiyi ərazidə yaşadığından və başqa bir cinayətə görə təqsirləndirildiyindən polis əməkdaşları və zərərçəkmiş şəxs sözügedən cinayətin də onun tərəfindən törədilməsini zənn edərək ondan şübhələnmişlər. Həmçinin, o, başqa bir cinayətə görə tutulduğundan ailə üzvləri onun xəbəri olmadan hazırki cinayət işi üzrə onun təqsirləndirildiyini bilib zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər, halbuki onun tərəfindən ittiham aktında qeyd olunan əşyalar oğurlanmamışdır. İstintaq dövründə verdiyi ifadəsi ilə bağlı o qeyd etmişdir ki, həmin ifadəni psixi və fiziki təzyiq nəticəsində vermişdir. Fiziki təzyiqlə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etməməsinə səbəb, digər iş üzrə həbsdə olduğu üçün ümumiyyətlə ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuroru görməməsi, kimə şikayət etməli olduğunu bilməməsi olmuşdur. Bu iş üzrə istintaq dövründə ona çox səthi yanaşılmış, həbsdə olduğu üçün onunla oğurluğu da o etmiş kimi davranılmışdır. Odur ki, göstərilənlərə əsasən o, barəsində olan cinayət işi üzrə bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penİtensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkir. Həbs olunmamışdan əvvəl rəsmi heç bir yerdə işləməmiş, küçədə atılmış, heç kimə lazım olmayan metal qırıqlarını yığıb metal qəbulu məntəqələrinə təhvil verməklə ailəsini dolandırmışdır. 30 iyul 2022-ci il tarixdə təxminən saat 02 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın qarşısındakı qonşusu Zərərçəkmiş şəxs məxsus tikilinin taxta qapısının qıfılını küçədən tapdığı dəmir parçası İlə sındıraraq tikilinin içərisinə daxil olmuşdur. Bundan sonra oradan bir ədəd gümüşü rəngli köz somovarı, iki ədəd preforator, bir ədəd laqonda və təmiz halda mis götürüb daxil olduğu qaydada küçəyə çıxaraq əvvəlcədən özü ilə götürdüyü parça kisəyə yığmış və oradan uzaqlaşmışdır. Oğurladığı əşyalan səhər satmaq üçün sakit bir yerdə gizlətmək məqsədilə yer axtarmışdır. Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə piyada gedərkən ərazidə xidmət aparan X4 maşınını görmüş, həmin vaxt o, özünü itirib qaçmağa başlamış, polis maşınında xidmət aparan polis əməkdaşları onun qaçdığını görüb arxasınca gəlməyə başlamışlar, oğurladı əşyalar ağır olduğu üçün aparmağa çətinlik çəkmiş, bu səbəbdən də həmin əşyaları Eldar Xəlilov küçəsində yerləşən 9 mərtəbəli binanın sağ tərəfində tullayaraq ərazini tərk edib qaçıb getmişdir. Polis əməkdaşlarıda onu saxlaya bilməmişlər. Səhər tezdən oğurladığı əşyaları tulladığı yerə gəlmişdir ki, götürsün, lakin həmin əşyaları tuladığı yerdə görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı ünvan 1 ünvanında yerləşən yataqxananın qarşısında məişət əşyalarını və öz şəxsi əşyalarını saxlamaq üçün bir otaqlı tikilisi vardır. Həmin tikilidə yaşayış yoxdur, orada yalnız məişət əşyalarını, özünə məxsus əşyaları və usta alətlərini saxlayır. 30 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxaraq həmin tikiliyə yaxınlaşmış, həmin vaxt tikilinin taxta qapısının qıfılının sındırıldığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra tikiliyə daxil olduqda tikilidə saxladığı, özünə məxsus qiyməti 300 manat olan bir ədəd gümüşü rəngli 7 litrlik köz samovarın, qiyməti 100 manat olan bir ədəd “Bosch” markalı perforatorun, qiyməti 150 manat olan bir ədəd markasını bilmədiyi perforatorun, qiyməti 50 manat olan bir ədəd markasını bilmədiyi laqondanın, 100 manat dəyərində 10 kiloqram çəkidə olan təmizlənmiş misin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək tikilidən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 13cü Polis Bölməsinin əməkdaşları gəlmişlər, polis əməkdaşları tərəfindən onun iştirakı ilə tikiliyə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və o, baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 700 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin baş verdiyi gün elə bilmişdir ki, ailə üzvlərinə məxsus qab-qacaqlarda oğurlanıb, sonradan ailə üzvlərindən dəqiqləşdirmiş, qab-qacaqlann oğurlanmadığını bilmişdir. Tikilidən yalnız ittihamda göstərilən əşyalar oğurlanmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxsin qohumları tərəfindən tam olaraq ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bir məhəllədə yaşadıqları üçün tanıyır. 30 iyul 2022-ci il tarixdə oğurluq hadisəsi baş vermişdir. Tikiliyə daxil olanda samovar, laqonda, perforator və sair məişət əşyalarının oğurlandığını görmüşdür. Həmin əşyaların çəkisi ağır olmuşdur və tək insan onu yalnız nəyinsə içinə qoyub çətinliklə apara bilərdi, başqa cür daşınması mümkün deyil. Oğurluq hadisəsini həftənin 6-cı günü aşkar etdikdən sonra polisə məlumat vermişdir. Sözügedən əşyaların doğurdan da Tural tərəfindən götürüldüyünü son 1 ay ərzində öyrənmişdir, lakin qeyd etmişdir ki, 30 iyul 2022-ci il tarixdə izahatı alınarkən ondan sonrakı dövrdə də dəfələrlə istintaq orqanına Turaldan şübhələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs tikilidə olan əşyaları götürməsinə heç kim şahid olmamışdır, lakin o, başqa cinayət əməli törətdiyindən, bundan əlavə onun qonşuluğunda yaşadığından və o ərazidə mənfi xarakterizə olunan şəxs kimi tanındığından ondan şübhələnmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən yataqxananın qarşısındakı tikiliyə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-9); 30 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki – “məhləməzidə yaşayan Tual adlı şəxsdən şübhələnirəm” (i.v. 11); materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və əlavə araşdırmanın aparılması üçün geri qaytarılması haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı İlqar Əsədov tərəfindən qəbul edilmiş “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qəbul edilmiş 09 avqust 2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və əlavə araşdırma aparılması məqsədi ilə 13-cü PB-nə qaytarılmışdır (i.v. 19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33- 34); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 70-71); ifadənin yerində yoxlanılması haqqında 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 84-87); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsinin həll edilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir (i.v. 88-90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 93-94); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-426/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i.v. 95-102); sübutların qiymətləndirilməsi haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmış, hadisə yerinə baxış protokolu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər (i.v. 103-106); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə 30 iyul 2022-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən yataqxananın qarşısındakı Zərərçəkmiş şəxs məxsus tikilinin taxta qapısının qıfılını dəmir parçası ilə sındıraraq saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olub oradan özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 300 manat olan bir ədəd gümüşü rəngli 7 litrlik köz samovarını, qiyməti 100 manat olan bir ədəd “Bosch” markalı perforatoru, qiyməti 150 manat olan bir ədəd perforatoru, qiyməti 50 manat olan bir ədəd laqondanı və 100 manat dəyərində 10 kiloqram çəkidə olan misi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübutu kimi hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında protokollara, həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərərçəkmiş şəxsin ifadəsinə istinad olunmuşdur. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmçinin həmin sübutla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, hadisə törədilən zaman Biləcəri qəsəbəsi ərazisində olmuşdur və tərəfindən heç bir oğurluq əməli törədilməmişdir. Sadəcə olaraq o, oğurluq hadisəsinin baş verdiyi ərazidə yaşadığından və başqa bir cinayətə görə təqsirləndirildiyindən polis əməkdaşları və zərərçəkmiş şəxs sözügedən cinayətin də onun tərəfindən törədilməsini zənn edərək ondan şübhələnmişlər. Həmçinin, o, başqa bir cinayətə görə tutulduğundan ailə üzvləri onun xəbəri olmadan zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər, halbuki onun tərəfindən ittiham aktında qeyd olunan əşyalar oğurlanmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan tikilidən 7 litrlik köz samovarı, 2 ədəd preferator, 1 ədəd laqonda və təmiz halda misi (10 kiloqram) tək, heç kimin köməyi olmadan kisəyə qoyaraq hadisə yerindən çıxıb getmişdir. Bundan əlavə təqsiləndirilən şəxs həmin ifadəsində qeyd etmişdir ki, “Oğurladığım əşyaları səhər satmaq üçün sakit bir yerdə gizlətmək məqsədilə yer axtarırdım, Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsi ilə piyada gedərkən ərazidə xidmət aparan, Pos Patrul Xidmətinin maşınını gördüm, həmin vaxt mən özümü itirib qaçmağa başladım, polis maşınında xidmət aparan polis əməkdaşları mənim qaçdığımı görüb arxamca gəlməyə başladılar, oğurladığım əşyalar ağır olduğu üçün aparmağa çətinlik çəkdim, bu səbəbdən də həmin əşyaları Eldar Xəlilov küçəsində yerləşən 9 mərtəbəli binanın sağ tərəfinə tullayaraq ərazini tərk edib qaçıb getdim”. İlkin olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bədən quruluşu və görünüşünə nəzər yetirdikdə onun tərəfindən yuxarıda adıçəkilən malların götürüb kisəyə yığaraq daşıması və sonradan ifadəsində də qeyd etdiyi kimi əlində içi dolu kisə polislərdən qaçması inandırıcı görünmür. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bu ifadəni verdikdən sonra, həmin dövr üçün əlində sübut növü kimi ancaq zərərçəkmiş şəxsin ifadəsi olan istintaq orqanı tərəfindən hadisə baş verən günü Təqsirləndirilən şəxsı əlində kisə ilə görən və dalınca gedərək onu izləyən Post Patrul Xidmətinin əməkdaşlarının tapılıb dindirilməməsi anlaşılan deyil. Sanki istintaq orqanı da zərərçəkmiş şəxs kimi təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi qiymətləndirərək oğurluq hadisəsinin sırf onun tərəfindən törədilməsini ehtimal etmiş və başqa sübutlar toplamağı lazım bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi olmuşdur. Halbuki, Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o ifadəsində əmlakının oğurlanması faktını göstərərək təsdiq etsə də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini görməmişdir, sadəcə olaraq qonşusu Turaldan, həmin şəxs mənfi xarakterli şəxs olduğu üçün şübhələnir. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxsin cinayəti törətmiş şəxsi görməməsi tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlakından məhrum edilmiş zərərçəkmiş şəxsin mənafeyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onun əmlakını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Məhkəmə yenə də qeyd edir ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs ona məxsus əmlakın oğurlanması ilə bağlı polis orqanına müracət etdiyini təsdiq etsə də, oğurluğun kim tərəfindən törədildiyini bilmədiyini, Turaldan sırf əvvəllər cinayət törətməsi və mənfi xarakterli şəxs olduğu üçün şübhələndiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadə sadəcə ona məxsus əmlakın oğurlanması faktını təsdiq etməklə ifadədə göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. Belə olan halda zərərçəkmiş şəxsin ifadəsini əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edən fakt kimi qəbul edilmsi yolverilməzdir. İstintaq orqanının istinad etdiyi ifadənin yerində yoxlanılması haqqında protokolla bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, məhkəmə təqsirləndirilən şəxsin istintaq dövründə verdiyi ifadəsini inandırıcı hesab etmir, belə olan halda yuxarıda adıçəkilən protokolun sübut kimi qəbul edilməsi qeyri-mümkündür. Eyni zamanda ifadənin yerində yoxlanması haqqında protokolda iştirakçı qismində X2 qeyd edilsə də, həmin şəxsin hansı statusda iştirak etdiyi, həmçinin CPM-nin 262.1.3-cü maddəsinə əsasən şəxsiyyəti, iş yeri, yaşayış yeri və vəzifəsi barədə məlumatlar göstərilməmişdir. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəddir. Hadisə yerinə baxış protokoluna hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bununla yanaşı, hadisə yerinə baxış keçirilməsi ilə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X1 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin ünvan 3 ünvanının həyəti olması müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut aşkar edilməmişdir. Göründüyü kimi heç bir əl-barmaq izi və ya hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən başqa bir maddi sübut, o cümlədən Tural Şıxiyevin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi tikilinin taxta qapısının qıfılını sındırdığı dəmir parçası tapılmadan bu protokolu Təqsirləndirilən şəxs təqsirini sübut edən sənəd kimi qəbul edilməsi qeyri-mümkündür. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş oğurluq cinayətini törətməsi sübuta yetirilməmiş, ona zərərçəkmiş şəxsin və məhkəmə iclasında təkzib olunmuş təqsirləndirilən şəxsin ifadələrinə əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cinayət işinin 19-cu vərəqinə əlavə olunmuş Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən qəbul edillmiş “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və əlavə araşdırmanın aparılması üçün geri qaytarılması haqqında” 28 sentyabr 2022-ci il tarixli qərarda təhqiqatçı tərəfindən hadisə yerinə çox səthi baxış keçirilməsi, zərərçəkmiş şəxsin izahatının ətraflı alınmaması, Tural adlı şəxsin anket məlumatlarının dəqiqləşdirilməməsi, izahatının alınmaması, hadisə baş verən ünvanda və ya ona yaxın ərazidə müşahidə kameralarının olub-olmamasının aydınlaşdırılmaması, müsbət təqdirdə iş üçün əhəmiyyət kəsb edən görüntülərə baxış keçirilməməsi və götürülməməsi, hadisə barədə məlumatlı olan şəxslərin şəxsiyyətlərinin müəyyən edilib izahatlarının alınmaması kimi nöqsanların olması göstərilməklə Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı İlqar Əsədov tərəfindən qəbul edilmiş “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qəbul edilmiş 09 avqust 2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və əlavə araşdırma aparılması məqsədi ilə material 13-cü PB-nə qaytarılmışdır. Lakin “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və əlavə araşdırmanın aparılması üçün geri qaytarılması haqqında” 28 sentyabr 2022-ci il tarixli qərarda qeyd olunan göstərişlər tam olaraq icra olunmadan Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı İlqar Əsədov tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslərin yerləri müəyyən edilənədək cinayət işinin icraatı dayandırılmış, xx.xx.2023-cü il tarixdə isə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-dən daxil xx.xx.2023-cü il tarixli məktuba əsasən dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bundan əlavə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktında göstərilən cinayətin predmetləri olan və Zərərçəkmiş şəxs məxsus qiyməti 300 manat olan bir ədəd gümüşü rəngli 7 litrlik köz samovarın, qiyməti 100 manat olan bir ədəd “Bosch” markalı perforatorun, qiyməti 150 manat olan bir ədəd perforatorun, qiyməti 50 manat olan bir ədəd laqondanın və 100 manat dəyərində 10 kiloqram çəkidə olan misin aşkar edilməsi istiqamətində heç bir əməliyyat-axtarış tədbirləri aparılmadan, həmin əşyalar tapılmadıqlarından orta bazar qiymətlərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilmədən yalnız zərərçəkmiş şəxsin mülahizələrinə əsaslanılmaqla dəymiş ziyanın məbləği 700 manat kimi qeyd edilmiş və törədilmiş əməldə cinayət tərkibinin olması əsas gətirilərək cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə bir daha Zərərçəkmiş şəxs ifadəsinə istinadən qeyd edir ki, məhkəmə iclasında oğurluq cinayətinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə heç kimin şahid olmadığını bir daha vurğulamış, sadəcə olaraq sonuncu başqa cinayət əməli törətdiyindən, bundan əlavə onun qonşuluğunda yaşadığından və o ərazidə mənfi xarakterizə olunan şəxs kimi tanındığından ondan şübhələnmişdir. Bu halda məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanının ehtimallara əsaslanaraq təqsirləndirilən şəxsə ittiham elan etməsi qanunsuzdur, yəni Təqsirləndirilən şəxs oğurluq hadisəsinin baş verdiyi ərazidə yaşaması və ya fərqli tərkibli cinayətə görə məhkum edilməsi faktlarının mövcudluğu onun kriminala meyilli mənfi bir şəxs kimi xarakterizə olunmasına və bundan sonra baş verəcək bütün cinayət hadisələrində ilk olaraq onun şübhəli şəxs kimi çıxış etməsinə əsas vermir. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında protokolların və təqsirəndirilən şəxsin etirafedici ifadəsinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 700 manat məbləğində məişət əşyalarının oğurlanmasına yönəlmiş hər hansı bir əməlin törədilməsi öz təsdiqini tapmamışdır. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin birbirindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X3 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə materiallar hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar