Məhkəmə qərarları › İş №1(008)-742/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-742/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-742/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 4800 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi-0,778 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 26 may 2025-ci il tarixdə saat 14:15-də Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 fərdi nömrəsiz evin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalavarın sağ yan cibindən cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi-0,778 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspertizalarının rəyləri, eləcə də işin birbirini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldığı yer ilə videoçəkiliş olan yer fərqlidir, onu Tramvay küçəsində saxlamamışlar, saxlanılandan bir neçə gün əvvəl marixuana istifadə etmişdir, həmin vaxt gedib “nəşə” alıb gəlmişdir, üzərində metamfetamin olmamışdır, Şahid2 onu saxlamamışdır, onu tanımır, o çəkilişdə də olmamışdır, onu Seyid və Sirac saxlamışdır, ona təsir göstərib məcbur etmişlər ki, psixotrop maddə metamfetamini götürsün, onun bədənində xəsarət olmayıb, ona sözlə təsir göstəriblər, bölmədə “patını” üstünə qoyublar, o, narazılıq bildirsə də narahat olmamasını bildiriblər, o, narkotik vasitəni Rüfət adlı şəxsdən almışdır, kimdən aldığını ifadəsində qeyd etməmişdir, ancaq tanımadığı şəxs deyil, üzərindən çıxan narkotik maddə metamfetamin ona məxsus deyil, onun savadı olmadığına görə heç bir yerə müraciət etməmişdir, bölmədə narkotik vasitəni tərəziyə qoyub zərfin içərisinə yığan zaman miqdarı çox olmuşdur, o etirazını bildirmişdir ki, bununla CM-nin 234.4.3-cü maddəsi ilə gedəcək, o etirazını bildirdikdən sonra narkotik vasitəni azaltmışlar, videoçəkiliş zamanı əvvəldən ifadəsini polis əməkdaşlarının göstərişi əsasında bildirmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, tutularkən ona qarşı hər hansı xəsarət yetirilməmişdir. Sadəcə ona narahat olmamağını demişlər, o da məcbur qalıb etiraf edici ifadələr vermişdir. Onun üzərində nəşə olmuşdur, lakin sənədlərdə patı olaraq qeyd edilmişdir. Buraxıldıqdan sonra heç bir quruma şikayət etməmiş, bədənində xəsarətlər olmamışdır. Məcbur qaldığından video çəkilişdə və ifadələrində psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Məcbur olması döymə və xəsarət yetirmə ilə bağlı deyil, yalnız sözlə olmuşdur. Şahid2 o tutularkən hadisə yerində olmamışdır. İfadələri arasında ziddiyyət olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə olan ifadəsi elan edilmiş, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, onurğa sütununda yırtıq olduğu üçün arada bir “patı” kimi tanıdığı psixotrop maddə istifadə edir. Sonuncu dəfə 26 may 2025-ci il il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün bir bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetmini almış və üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 26 may 2025-ci il tarixdə saat 14:15-də ünvan 2 ünvanında piyada gedən zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərdikdən sonra onun barəsində əməliyyat məlumatları olduqlarını bildirmişlər. Həmin vaxt onun cibində “patı” olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Bundan sonra ona hüquq vəzifələrini izah etdikdən sonra telefon vasitəsi ilə videoçəkiliş edərək üzərində narkotik vasitə olub olmamasını soruşmuşlar. O, da çıxış yolu bilmədiyi üçün özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə olan “patı”nı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri həmin maddənin nə olduğunu və neçəyə aldığını soruşduqda o, da həmin maddənin “patı" olduğunu Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş maddə kağız zərfə qoyularaq möhürlənmiş orada olan iştirakçılarla birlikdə o, da həmin zərfin üzərini imzalamışdır. Bundan sonra o, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 15-ci Polis Bölməsinə getmiş orada inzibatı binadakı otaqların birində həmin polis əməkdaşları və onun hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən açılmış və yenidən qablaşdırılaraq möhürlənmiş və ekspertizya göndəriləcəyi bildirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında bölmənin rəhbərliyinə raportla məruz edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, iş yoldaşları əməliyyat müvəkkili polis leytenantı Şahid3 və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil edilmişdir. Bu istiqamətdə onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 26 may 2025-ci il tarixdə saat 14:15-də ünvan 2 ünvanında fərdi nömrəsiz evin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və həmin şəxsin üzərinə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli olan maddəni təqdim etmişdir. Sorğu zamanı isə həmin maddənin “patı” olduğunu bildirmişdir. Bundan sonra həmin maddə onlar tərəfindən götürülərək kağız zərfə qoyulub qablaşdırılmış, möhürləndikdən sonra polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra onlar həmin şəxslə birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına gəlmiş və xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. X2 zaman yenidən videoçəkiliş keçirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qoyulmuş maddə təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı həmin zərfin tamlığını pozaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofana bükülmüş maddəni orada iştirak edən şəxslərə göstərdikdən sonra Təqsirləndirilən şəxs maddənin ona məxsus olduğunu və üzərindən aşkar edildiyini həmçinin hərdən bir istifadə etdiyini bildirdikdən sonra yenidən təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, saxlanılan zaman şəxs özü narkotik maddə “patı” olduğunu bildirmişdir, Tramvay küçəsində şəxsi saxlamışlar, saxladıqları yerdə videoçəkiliş olmuşdur, saxladıqları ərazi video görüntüdə müəyyən olunur, bölmədə yenidən müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və həmin vaxtda psixotrop maddənin ona məxsus olmasını bildirmişdir, şəxsin bildirdikləri özünü müdafiə xarakterlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Ona verilmiş suallar cavabında qeyd etmişdir ki, əməliyyat məlumatı Şahid1 olmuşdur. Əməliyyatda üç nəfər iştirak etmişlər. Tutularkən maddənin ona məxsus olmasını etiraf etmişdir. Ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Hər hansı sözlə təsir də olmamışdır. Hadisə yerində iştirak etmiş və bu video görüntüdə öz əksini tapmışdır. Video görüntüyə baxdıqda bu aşkar olunacaqdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, Operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılması, sonuncu tutulduqdan sonra, üstü yoxlanılması və baxış keçirilməsi, Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud raitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılması, qrupun tərkibinə Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 daxil edilməsi, qrupa rəhbərlik Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 həvalə olunması qərara alınmışdır(i.v.5-6). “əməliyyat qrupunun təşkil edilməsi barədə” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün yuxarıda göstərilən polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir(i.v.8). “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 26 may 2025-ci il tarixdə, saat 14:15 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf siqaret selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddələr təqdim etmişdir. Sonra həmin büküm qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf siqaret selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddələr olan büküm sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində keçirilmişdir. Üstünü yoxlama və baxış zamanı «Samsung» markalı videokamera vasitəsi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır(i.v.11-12). “baxış və götürmə aparılması haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin apanıdığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərindən aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirən zaman 01 ədəd şəffaf siqaret sellofanına bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddə olan bükümü yenidən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür(i.v. 35-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 may 2025-ci il tarixli 3-16-16/2-6/1983 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161...” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi-0,778 qram ağ rəngli kristallaşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(i.v.45-48). “diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən videogörüntü diskə 02 ədəd fayılda “Video 1” və “Video 2” adı ilə yazılmışdır. “Video 1” baxdıqda 03 dəqiqə 48 saniyədən ibarətdir. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlaması və onun özünün əynində olan qara rəngli cins şalavarın sağ yan cibindən cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə maddəni könüllü çıxararaq polis əməkdaşlarına təqdim etməsi bundan sonra polis əməkdaşları həmin maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu bildirir. Bundan sonra həmin maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənir və üzərində müvafiq qeydlər aparılması və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi və Təqsirləndirilən şəxs 15-ci Polis Bölməsinə dəvət olunacağı bildirildikdən sonra çəkilişin sona çatdırıldığı bildirilir.“Video 2” baxdıqda 02 dəqiqə 35 saniyədən ibarətdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati otaqların birində polis əməkdaşalırı ilə birlikdə Təqsirləndirilən şəxs otağa daxil olurlur. Təhqiqatçı polis kapitanı Yasin Ağayev özünü təqdim etdikdən sonra polis əmkdaşları, Təqsirləndirilən şəxs və onun müdafiəçisi özünü təqdim edir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılaraq götürülmüş və zərfin içərisinə qoyulmuş maddə təhqiqatçıya təqdim edilir. Bundan sonra Təhqiqatçı tərəfindən həmin zərfin tamlığı pozulur və içərisindəki 01 ədəd sellofan bükümdə olan maddə çıxarılaraq orada iştirak edən şəxslərə göstərilir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin maddəni Balaxanı qəsəbəsindən 20 manata əldə etdiyini və hərdən bir istifadə etdiyini bildirir. Bundan sonra həmin maddə yenidən zərfə qoyularaq yenidən qablaşdırılır mühürlənir və ekspertizaya göndəriləcəyi bildirilir. Bununlada çəkiliş sona çatır(i.v.85-86). Maddi sübut kimi tanıma haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi-0,778 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə maddi sübut hesab olunmuş, tədqiqatdan sonra qalıq qalmış 0,728 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.102-103). “diskə baxış keçirilməsi haqqında” 25 avqust 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-475/25 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir(i.v.153). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 avqust 2025-ci il tarixli 5219 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən RNM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.154-155). “Sübutların qiymətləndirilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,778 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq qalmış hissəsinin 28 may 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxsn üzərinə “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs ailə vəziyyətinə görə subay, qeydiyyatda olduğu ünvan isə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 4800 ünvanın tanınması nəzərə alınmış, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2025-ci il tarixli, 6/1983 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 5219 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.181-188). İş materiallarında olan: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır(i.v 1). “Şübhəli şəxsin tutulması haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə, saat 14:15-dən tutulmuş hesab edilmişdir (i.v.17). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.59). Vəsatətə baxılması haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilib tam rədd edilmişdir(i.v.74-75). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.92-94). Qətimkan tədbirinin seçilməsi haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.97-98,100). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə AR CM-nin 93-3 M. 2 His, 241 M. “A” Bən; 38; 42-1 AR 03 il azadlıqdan məhrum edilmiş, hökmün icrası 01 il təxirə salınıb. Moskva şəhəri Kutsevski rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə RF CM-nin 228 M. 2 His 03 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilib. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisin amnistiya qərarının 4-cü bəndi ilə cəzası 06 ay azaldılıb. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilib. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1,69.3 maddələri ilə 01 il 05 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılıb(i.v.114-116). 01 iyul 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v. 138-139). 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.143). “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.147-149). 05 sentyabr 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 160-161). 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.163). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-431/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.170-179). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin dəyişilməsinə və özünü təqsirli bilməməsi hissələrinə qiymət verilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi dəyişdirilmiş ifadəsinə qiymət verərək hesab edir ki, o, psixotrop maddənin ona məxsus olmadığını, təsir altında olduğu üçün belə ifadə verdiyini bildirsə də, məhkəmə baxışınadək dedikləri ilə bağlı bir dəfə də olsun hüquq mühafizə orqanlarına müraciət etməmiş, buna dair etirazını bildirməmişdir. Verilən suallara cavabında təqsirləndirilən şəxs bədənində xəsarətlərin olmadığını, ona yalnız sözlə təsir olunduğu üçün məcbur olub etirafedici ifadə verməsini, ona qarşı təsir olması ilə bağlı nə özü, nə də ki müdafiəçisi tərəfindən hər hansı orqana müraciət etmədiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadəsində(i.v. 41-44), təqsirləndirilən şəxs kimi ifadəsinə(71-73), əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolda(i.v 11-12), bunu özündə əks etdirən video görüntülərkə üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ifadəsində Şahid2 tanımadığını, onu tutarkən hadisə yerində olmadığını bildirsə də, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokol və bunu özündə əks etdirən video görüntülərdə Şahid2 iştirak etməsi müəyyən edilmiş və təqsirləndirilən şəxsin bu dəlili əsassız olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs onu saxlanması yerinin fərqli olmasını qeyd etsə də buna dair öz dəlilini məhkəməyə təqdim etməmiş, dedikləri yalnız ifadələrdən ibarət olmuşdur. Təqsirləndirilən şəxsin ona qarşı hər hansı fiziki təsir olmadan ifadəsini yalnız sözlərin təsirindən məcburiyyət qarşısında verməsi məhkəməyə inandırıcı gəlməmişdir. Çünki təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum edilmiş, onun savadı olmadığına görə heç bir yerə müraciət etməməsi ağlabatan hesab edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin heç bir dəlilə əsaslanmayan ifadəsi, əvvəllər də məhkum olunmasına baxmayaraq məhkəmə istintaqında dedikləri ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim edə bilməməsi, 28 may 2025-ci il tarixdən azad olunmasına baxmayaraq(polisin təsiri altında olmadığı halda) buna dair hər hansı etirazını bildirməməsi onun qeyri səmimi olmasına və ifadəsində göstərilən halların özünü müdafiə xarakterli qiymətləndirilməsinə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi özünü müdafiə xarakterli qiymətləndirilməli və məhkəməyədək icraat dövründə verdiyi ifadələri tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş və xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar(cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni maddə ilə məhkumluğun olmasını, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallların müəyyən edilməməsi, cəzanı ağırlaşdıran halların(cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdiriməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı(CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), 01 ədəd DVD və 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 may 2025-ci il tarixdən 28 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Akbar oğlu məhkəmə iclas zalından həbs edilsin və icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut-Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan qalıq psixotrop maddə 0,728 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut–01 ədəd DVD və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 330 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar